Laçın Cəfərli: "QƏRİB"

QƏRİB
Laçın Cəfərli: "QƏRİB"
Yenə də qəlbimə doldu qəm, kədər,
Bir daha anladım mənəmmiş qərib.
Dastandakı Qərib hədərmiş, hədər,
Sən demə eləcə Sənəmmiş qərib.

Atam xəstələnib, dedilər mənə,
Dəli ağlamağım çağladı yenə.
Övlad nəfəsinə, bala səsinə,
Ömür boyu həsrət qalanmış qərib.

Elimdən, obamdan düşmüşəm uzaq,
Nə Günəş ovudur məni, nə sazaq.
Zalım insanlardan hey qucaq-qucaq,
Əziyyət, iztirab alanmış qərib.

Leysanlar ələyən buluddur gözüm,
Mənə yad görünür hövsələ, dözüm.
Daha dinləyirəm özümü özüm,
Dünyada kimsəsiz olanmış qərib.

Anam qocalıbdı, atam yarımcan,
Çarəm yox onlara vermək üçün can.
Əlim çatmayır ki, çatacaq haçan,
Ey Laçın, bəxtinə calanmış qərib?

Laçın Cəfərli,
Bakı, 09.12.2018.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: