BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI Bafəli Əli oğlu Adıgözəlov - 1959-cu ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Dəllər (indiki Muşevan) kəndində sənətkar ailəsində dünyaya göz açıb. Səkkizillik təhsilini başa vurduqdan sonra aşıqlıq sənəti ilə bağlı atası Aşıq Əliyə qulluq edib.

Bafəli Əli oğlu təkcə saz çalıb oxumaqla kifayətlənməyib. O, Dəllər Kövrək Muraddan və onun qardaşı İmdad Sarıyevdən sazbəndliyin sirlərini də öyrənib. Aşıq Bafəli 1976-cı ildən həm də sərbəst bir sazbənd kimi tanınır. 1979-cu ildən isə daha bir milli musiqi alətimizin - qara zurnanın sirlərini öyrənib.

Hal-hazırda o, Borçalının kəndlərində həm istedadlı aşıq-sazbənd,
həm də mahir bir zurnaçı kimi tanınır.

Aşıq Bafəlinin dövri mətbuatda aşıq üslubunda yazdığı şeirləri də dərc olunub.

Biz də tanınmış aşıq-sazbənd və mahir zurnaçı Bafəli Adıgözəlova uğurlar arzulayır
və aşağıda onun bir şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.



BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI BİR BAHARSAN

Ürəyimdə qəm olsa da,
Sən könlümdə bir baharsan.
Qəm sinəmi çulğasa da,
Sən könlümdə bir baharsan.

Ömür sənsiz puç olsa da,
Pünhan sevdaya dalsa da,
Saçlarıma qar yağsa da,
Sən könlümdə bir baharsan.

Hicran yeli olur zalım,
Dindirmə, çaşır xəyalım.
Sızıldama, dərdin alım,
Sən könlümdə bir baharsan.

Axıtma gözün yaşını,
Sürmələ kirpik-qaşını.
Kəsdim hər bələn başını,
Sən könlümdə bir baharsan.

Nələr düşür gör yadıma,
Yetən yoxdur imdadıma.
Qoysan çatam muradıma,
Sən könlümdə bir baharsan.

A dağlarda gəzən Pəri,
Bafəlinin dil əzbəri,
Kim dərər qönçə gülləri,
Sən könlümdə bir baharsan.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: