Aşıq QUŞÇU İBRAHİM (1895-1945)

Aşıq QUŞÇU İBRAHİM (1895-1945) Quşçu İbrahim 1895-ci ildə ulu Borçalının Muluxsalı (indiki Gürcüstanın Bolnisi rayonundakı Qoşaisə) kəndində dünyaya göz açmışdır. Atası İsmayıl Məhəmməd oğlu toylarda dəf vuran (qara zurnanın dəfçisi) olmuşdur. 1897-ci ildə İsmayıl yaxın qohumu Quşçu kənd sakini Kərim kişinin məsləhəti ilə həyat yoldaşı Gözəl xanım və beş körpə balalarını - oğlanları Murad, Məhəmməd, iki yaşlı İbrahim, qızları Mələk və Fatma ilə birlikdə Muluxsalıdan Quşçu kəndinə köçüblər.

Az müd­dət ərzində Quşçu kənd camaatı­nın hörmətini qazanan ailə burada sad-xürrəm yaşa­mağa başla­yıb. Quşçuda böyüyüb ərsəyə çatan ailə­nin böyük oğlu Muradı ev­ləndiriblər. Muradın Əhməd və Hümbət adlı iki oğlu olub. Ancaq təəssüflər olsun ki, hər iki nər ki­mi oğul ikinci dünya mü­­haribəsinin (1941-1945) qurbanı olub.

Ailənin ikinci oğlu Məhəmməd çox gənc ikən vəfat edib. Ni­şanlı oğlunun ölümünə dözməyən atanın - İsmayılın ürəyi tab gətirməyib, az sonra o da dünyasını dəyişib.
Ailənin böyük qızı Mələk həmin kənddə Qələbə oğlu Musa ilə, Fatma isə Ulaşlı kəndində İsgəndərlə ailə qurublar.

Evdə tək qalan balaca İbrahim körpəlikdən meylini saza-sözə salıb. Körpə İbrahimdəki bu istedadı görən sevimli bacısı Fatma onu Ulaşlı kəndində yaşayan məhşur saz-söz xiridarı Dollu Abuzərin yanına gətirib. Gənc İbrahimi çox diqqətlə din­ləyib yox­layan dövrü­nün çox ünlü ozanı Dollu Abuzər on­dakı fitri istedada heyran olub. İbrahimin gözəl səsini, ləmsini və xüsusi məharətlə saz çalmasını görən Dollu Abuzər onu öz yanına şagird götürüb.
Bir müddət Aşıq Dollu Abuzərə şagird olan İbrahim saz sənətinin bütün incəliklərini ustadından bacarıdığı qədər öyrənə çalışıb.

1912-ci ildə Aşıq İbrahimin ustadı Dollu Abuzər rəhmətə gedib. Abuzərin ölümündən çox az bir müddət sonra Quşçu kəndinə Gümrü nahiyəsinin Qarkilsə kəndindən Ağacan Cabbar oğlu adlı bir şair pənah gətirib.

Dərin ruhani təhsili almış şair Ağacanın Quşçu kəndində ən tez yaxınlıq etdiyi məhz İbrahimgilin - İsmayıl Məhəmmədoğ­lunun ailəsi olub. Ağacan gənc İbrahimdəki istedadı görüb (Do­lu Abuzər öləndən sonra o, ustadsız qalmışdı) onu özünə şagird götürüb. Adı­bəlli söz ustası Ağacanın şan-şöhrəti tez bir za­manda bütün Borçalıya yayılıb. Ağacanla birləşdikdən sonra Borçalının üzdə olan bütün saz-söz xiridarlarının yığıldığı bir yer Aşıq İbrahimin evi olur. Hətta İranlı Qara Qulu ilə də onlar burada tanış olub, səmimi dost olurlar.

1914-cü ildə Qaş Muğanlı (Böyük Muğanlı) kəndindən bu sədaya gələn Söyün Qoca oğlu öz bacısı oğlu Məmməd Gülabı oğlunu (Xındı Məmmədi) bu məhşur el şairi Ağacanın yanına şagird gətirib.
Həmin ildən etibarən Aşıq İbrahim və Xındı Məmməd hər ikisi Ağacana şagird olurlar. Bu gənc aşıqlar tez-tez Aşıq Sa­dıq, Aşıq Məmməd, Əmrah, Oruc, Məhəmməd, Əmirastan kimi tanınmış aşıqlarla ağır məc­lislər keçiririblər.

Vaxt, zaman yetişir, hələ şagird olarkən ailədə tək qalan gənc aşıq İbrahim günlərin birində, elin çox hörmətli ağsaqqalı Qara Qulu­nun (Xançallı Qulunun) qızı ey süd əmmiş xallı Ba­laxanımın sevda­sına düşüb, onunla evlənmək qərarına gəlib.

Bu sevda ordan-burdan gedib Xançallı Qulunun qu­lağına çatıb. İranın Marağa şəhərindən gəlmiş Xançallı Qulu Aşıq İb­rahimi məclislərdən tanısa da, el ağsaq­qalı olduğu üçün hər şeyi yerli-yerində öyrənməyi qərara alıb. Zaman-zaman Qara Qulu Aşıq İbrahimin keçmişi ilə maraqlanıb. Sən demə. Xançallı Qu­lunun da saz-söz sənəti­nə böyük hörməti və məhəbbəti varmış. Buna görə də o, gənc olmasına baxmayaraq, elin bütün məclis­lərində adlı-sanlı aşıq­larla bərabər çalıb-oxuyan İbrahimi daha diqqətlə izləməli olub. Və nəhayət, o, İbrahimin çox samballı bir cavan olmasına tam əmin olduğunu dəqiqləşdirib.

Xallı Balaxanımın anası Gülsənəm xanım Ağməmmədli kən­dində yaşamış və bu obanın yaranmasına ilk bel sancmış Ağ Məm­mədin nəslindəndir.
Yuxarıda dediyimiz kimi, Qara Qulu 1850-ci ildə İranın Ma­­ra­ğa şəhərində doğulmuşdu. Onun İranda ağa övladları olan Və­zir, Vəkil, Cavad, Məmməd və Vəli adlı qardaşları vardı. O, 1872-ci ildə Borçalının Ağməmmədli kəndinə gəlmişdi. Bu kənd­­də qlava işləyən Qara Qulu çox xeyirxah, səxavətli, qonaq­pərvər, kasıblara əl tutan, kimsəsizlərə dayaq duran, nurani bir ağsaqqal olub.
Hətta öz yəhərli-yüyənli kəhər atını dostu Altıbarmaqoğlu Nə­biyə peşkəş verib. Dövrünün adlı-sanlı kişisi Mirioğlu Mür­şüdlə səmimi dost olub, yaxınlıq edib, mükəmməl dini təhsili olub. Qara Qulu aşıq havalarını dəlicəsinə sevərmiş. Deyirlər ki, o, “Dol-hicranı”, “Bəhməni”, “Cəngi”, “Mansırı” və s. hava­larını öz zümzüməsilə düzgün ifa edib, düzəlişlər də verərmiş.
1923-cü ilin payızında bütün Borçalıda və ona yaxın bölgə­lərdə tanınmış gənc aşıq Quşçu İbrahim o elin çox hörmətli ağsaq­­qalları olan Kərim Kattanı və Mirioğlu Mürşüdü Xançallı Qulunun evinə elçi göndərib.
Xançallı Qulu da elçiləri çox ədəb-ərkanla qarşılayıb. Elçi­lərin “Allahın əmri, peyğəmbərin izni ilə qızınız Balaxa­nımı, İbrahimə istəyirik” kəlməsini çox razılıqla qarşılayıb. Hətta Qara Qulu həmin ili toy olmasına da razılıq verib.
Qara Qulunun Gülsənəmdən Bəhram adlı bir oğlu, Bulqar və Balaxanım adlı iki qızı vardı. Bəhram və Bulqar çox erkən yaş­larından vəfat etdikləri üçün onlar tək qalmış Balaxanımı çox se­vərdilər...
Bəli, 1923-cü ildə Borçalı və ətraf mahalların adlı-sanlı ağa və bəylərinin, tanınmış aşıq və şairlərinin iştirakı ilə Aşıq İbra­himlə Blaxanıma toy ediblər.

***
1927-ci ilin mart ayında Lüksemburqda (indiki Bolnisi şəhəri) Borçalı aşıqlarının və el şairlərinin birinci konfransı keçirilib. Bor­çalı aşıqlarının bu ilk və rəsmi konfransında tanın­mış aşıq­lardan Məmməd Sultanov (Aşıq Sadığın qardaşı), Fax­ralı şair Nəbi, Aşıq Şəmil, şair Ağacan, Aşıq Sadıq, Aşıq Söyün (Coruq Qəmərli-vaxtilə Bolnisi rayonunda kənd olub, sonra bu kənd başqa yerə köçürülüb), Aşıq Alı (Dərəçiçək), şair Söyün (Faxralı), Mirzə Həsən Məcruh (Kirəc, Muğanlı), şair Mühəq­qər (Kolayır), şair Əmiraslan (Kolayır) və başqa bir çox ünlü sənətkarların iştirak etdiyi bu konfransda Aşıq İbrahim böyük mükafat alıb. Ona 300 manat pul və İ.V.Stalinin portreti hədiy­yə edilib.
Şan-şöhrətinin artıq bütün türk dünyasına təzə-təzə yayıl­mağa başladığı bir vaxtda Aşıq İbrahimin sazı süngüyə çevrilir. Vətənin azadlığı uğrunda gedən ölüm-dirim müharibəsinə yola düşən Quşçu İbrahim evə dönə bilmir.

***

Aşıq İbrahimin 12-dən artıq şagirdi olmuşdur. Onlardan Aşıq Alxan (Təkəli), Aşıq Əhməd (Hallavar), Aşıq Əhməd (Qoşaisə), Aşıq Hüseyn Saraclı, Aşıq Məmməd (Quşçu, öz bacısı oğlu) və başqaları sonralar Borçalıda ustad aşıqlar kimi tanınıblar.
Hal-hazırda bütün aşıqların dilində əzbər olan “Körpülü” əhva­latı bir dastana dönmüşdür.

Aşıq İbrahim Böyük Vətən müharibəsinə yola düşərkən zəngin bir külliyyat qoyub getmişdir. Müharibəyə yola düşərkən özü kimi evdə qalanların da yazıb-oxumaq bacarığı olmadığı üçün onun şeirlərinin çoxu itib batmışdır.
Aşıqların və ya müasirlərinin yaddaşında qalmış Quşçu İb­ra­hi­min şeirləri onun yaradıcılığının çox cüzi bir hissəsidir.
Allahdan Aşıq Quşu İbrahimə rəhmət diləyir və onun şeirlərdən birini aşağıda oxucularımıza təqdim edirik.

DÜNYA

Könül, nə qəm yeyib, kədər çəkirsən,
Çoxları düşünür talandı dünya,
Özgələrə baxıb nifrin tökürsən,
Ömürlərə qılınc çalandı dünya.

Cahagir cahana səs saldı getdi,
Neçə xəlifələr kor qaldı getdi,
İsgəndər zülmətdən bac aldı getdi,
Hər kəsi bir dərdə salandı dünya.

Neçə qərinələr dolanıb keçib,
Şahlar taxta çıxıb, cəlladlar seçib.
Neçə cavan ölüm şərbətin içib,
Fironu taxtından salandı dünya.

Məcnun məskan etdi dağı, ormanı,
Fərhad qurban etdi külüngə canı.
Dəfn edib gədanı, xanı, sultanı,
Özü öz çərxində qalandı dünya.

Xəqani, Füzuli qəlblər sultanı,
Çingiz, Teymur quran saraylar hanı.
Şah Qacar məhv etdi, qul etdi xanı,
Axırda heyfini alandı dünya.

Nə qədər günahsız qanlar tökülür,
Cavanlar üstündə kəfən biçilir.
Bir yannan tikilən gahdan sökülür,
Demə ki, qeydinə qalandı dünya.

Bir yanda sərt qışdır, bir yanda bahar,
Bir yanda axşamdır, bir yanda səhər.
Dünya kimə baldır, kiməsə zəhər,
Aldadıcı, şirin, yalandı, dünya.

Çox igidlər qılınc çaldı, öc aldı,
Çoxu səfər etdi əli boş qaldı.
İbrahim, bəlkə də el yada saldı,
Düşünmə səninlə öləndi dünya.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: