Azadə Abbasqızı HÜSEYNOVA (1964)

Azadə Abbasqızı HÜSEYNOVA (1964) Hacı Azadə Taleh Abbasqızı (Hüseynova) -
şair, publisist, həkim-jurnalist. Prezident təqaüdçüsü.
Soy kökü Ulu Borçalıya bağlı Azadə xanımın atası Sarvanın Qasımlı, anası Sadaxlı köyünə bağlıdır.
O, 1964-cü il fevralın 26-da Gəncə şəhərində anadan olub.
1 saylı Gəncə şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olub.
1985-1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin üzvü olub.
1988-1989-cı illərdə M.Qədirli adına Hövzə-klinik xəstəxanasında interna keçib.
1989-1992-ci illərdə 13 saylı Bakı Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi kimi çalışıb, eyni zamanda kardiologiya üzrə tam kurs keçib. Qeyd edək ki, 19-21 yanvar 1990-cı il tarixində A.Hüseynova 2 yaşlı oğlu Talehlə növbədə qalıb, terapevt olduğu halda cərrahı əvəz edib.
1992-1994-cı illərdə Ə. Əliyev adına II terapiya kafedrasında klinik-ordinaturanı bitirdikdən sonra baş laborant işləyib.
2002-2005-ci illərdə Kliniki kardiologiya, 2005-ci ildə Allerqologiyanın aktual məsələləri ixtisaslaşdırma və təkmilləşdirmə kursu keçib.
Daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının həkimi - assistenti işləyib. Tibb üzrə fəlsəfə doktorudur.
Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar cəmiyyətinin üzvüdür.
Ədəbi yaradıcılığa erkən başlayan Azadə xanım ilk qələm təcrübələrini 1984-1988-ci illərdə «Tibb kadrları uğrunda» qəzetində çap etdirib. 1984-1988-ci illərdə ATİ-də İctimai İxtisaslar fakültəsində xüsusi jurnalistika kursu keçərək jurnalist ixtisasına da yiyələnib.
1994-cü ildə «Səhər» qəzeti redaksiyasında şöbə müdiri olub.
1996-cı ildən «Borçalı» qəzetinin və eyni adlı jurnalın baş redaktorudur.
2002-ci ildən «Kardiologiya», «Hakimiyyət və zaman» jurnallarının təsisçisi və naşiridir.
2003-cü ildən «Qafqaz Media» Ictimai Birliyinin sədri, «Qafqaz Press» qəzetinin təsisçisi və baş redaktorudur.
2018-ci ildən Xalq TV-nin və QafqazMedia TV-nin direktorudur.
200-dən artıq fəхri fərman və diplomlarla təltif olunub.
Dünyanın 32 ölkəsində olub, 20-yə yaхın хarici dövlətlərdə müхtəlif diplomlara layiq görülüb.
Dünyanın 16-dan çox ədəbiyyat məcmuələrində, o cümlədən "Aşıq Pəri Məclisi" (2004), "Zirvə" (2018) poeziya antologiyalarında şeirləri çap olunub.
Əsərləri rus , ingilis, gürcü, alman, özbək, fars, ərəb dillərinə tərcümə olunub.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən "Prezidentin xüsusi təqaüdünə" layiq görülmüşdür.
Bir patentin, bir səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 60-a yaхın elmi məqalənin, bir dərsliyin müəllifidir.
Növbəti dərslik çapa hazırdır.
1998-ci ildə Yeni Azərbaycan Partiyasının üzvüdür.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyyətinin (1995), Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür.
2014-cü ildən Rusiya, Dağıstan, Dərbəndə fəaliyyət göstərən "Gülüstan" Ədəbiyyatçılar ittifaqının üzvüdür.
Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü. Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin üzvüdür.
2017-cı ildən Avrasiya Sanat Kultur və Bilim Fedarasiyonuna Azərbaycan təmsilçisi seçilib.
Rəhbərlik etdiyi «Qafqaz Media» İctimai Birliyi yarandığı gündən bu günə qədər 450-ə yaхın tədbir keçirib ki, bunun 400-ü хeyriyyə tədbiri olub.



Mən bu yurdun şairiyəm

Mən bu yurdun şairiyəm,
Şerim sözüm müqəddəsdir.
Mən şan şöhrət istəmirəm,
Məni xalqım sevsin müdam
Bu məhəbbət mənə bəsdir.

Doğru sözün aşiqiyəm,
Xoş gündüzün aşiqiyəm.
Rəbbin, Haqqın aşiqiyəm,
Arzularım müqəddəsdir.
Bu məhəbbət mənə bəsdir!

Azadənin könlü dolu,
Dövran keçir,ömür ulu.
Qarşıdadır həyat yolu.
Yaradan gələn yazı,
Unudulmaz müqəddəsdir!


Ata

Əməli,niyyəti örnəkdir bizə
Məsləyin ən uca yoludu,Ata.
Ucalıq bəxş edib ismətimizə,
Bəşərin tarixi qoludu, Ata!

Adəmi yaratdı, Uca Yaradan,
Nəsillər törədi yaratdığından.
Dədə Qorqud andı bizə ərmağan,
Bəşərin tarixi qoludu, Ata!

Azadəyəm hicrin fərağındayam,
Atalı günlərin sorağındayam.
Yaradan qorusun Ata adını,
Bəşərin tarixi qoludu, Ata!


Nağıl tək şirin olsun

Bir ömür istəyirəm,
Mənayla dolu olsun.
Bir ömür istəyirəm
Həqiqət yolu olsun.
Bir ömür istəyirəm
İşıqlı məşəl olsun.
Bir ömür istəyirəm
Min ömrə bədəl olsun.
Bir ömür istəyirəm
Hər anı dəryadan dərin olsun.
Bir ömür istəyirəm
Nağıl tək şirin olsun.


Əzəl məhəbbəti bir dastan Bakı

Görənlər olubdu hüsnünə heyran,
Bir dövran qurmusan azad-firavan.
Doğmasan,əzizsən can sənə qurban.
Sən Cənnət qoxulu Gülüstan Bakı
Əzəl məhəbbəti bir dastan Bakı!

Ellər söhbət açır Qız Qalasından,
Xəzərə boylanan astanasından.
Doya bilməyirəm xoş havasından,
Sən Cənnət qoxulu Gülüstan Bakı
Əzəl məhəbbəti bir dastan Bakı!

Azadə-Talehə sirdaş olmusan,
İçəri Şəhərdə yaddaş olmusan
Hopub varlığıma yurddaş olmusan,
Sən Cənnət qoxulu Gülüstan Bakı
Əzəl məhəbbəti bir dastan Bakı!


Başqa hər şey yalan, oğlum

Bu gün sənin ad günündür,
Mənim igid, aslan oğlum.
Həyat çətin bir sınaqdır,
Allaha arxalan, oğlum.

Mənim qartal gözlü balam,
Nazın çəkəm, qadan alam.
Şöhrətinlə mən ucalam,
Dağlar kimi boylan, oğlum.

Zenfiramın atasısan,
Min arzuna çatasısan.
Başına dolansın anan,
Taleyi gülüstan oğlum.

Talehimsən, taleyimsən,
Sevgi dolu ürəyimsən.
Hər an mənim gərəyimsən,
İnan mənə, inan, oğlum.

Qoy duam dayağın olsun,
Səadət bayrağın olsun.
Bir oğul balan doğulsun,
Adı olsun Cavan, oğlum.

Azadə Talehəm duam
Haqqa çatar, alaram kam.
Allah verib mənə ilham,
Tək onadır güman, oğlum.
Allaha arxalan oğlum.
Başqa hər şey yalan, oğlum.


Ölə bilərəm

Sən mənə əzizsən,doğmasan bacı,
Dərdimi səninlə yarı bölərəm.
Daima sevginə var ehtiyacım,
Ürəkdə ağlaram,üzdə gülərəm.

Sən mənim qürurum,güvənc yerimsən,
Qəlbimdə döyünən ürəyim bacı,
Adını hər yerdə uca tutmuşam,
Hər zaman olmusan gərəyim bacı.

Azadə-Talehəm dosta vəfalı,
Xəyalım dolaşır eli, mahalı.
Nə yaxşı sən varsan, könlümdən halı,
Tək səni düşünüb anıram bacı!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: