ELDAR KİMİ YAŞADIM...

ELDAR KİMİ YAŞADIM... Şair kimi doğulmaq bir fərqli tale biçir sənə həm də...
Tanrı yazan ömrünə sığmırsan.
Sinən əkin yerinə, şum yerinə dönür. Qismətinə düşən qəm-kədəri, sevinci cücərdib böyütməli olursan...
Şair doğulmuşdu Eldar İsmayıl!
Bəlkə də ömür yazısını əfsanəvi Çöyçənin taleyinə qatmaq, Aşıq Alının, Dədə Ələsgərin yurd-yuvasına, od-ocağına işıq salmaq, dastan-qoşmalarına davam etmək, Qərbi Azərbaycanın əsir tarixini, ulu Türkün ölməz adını dünyaya bir daha bəyan etmək üçün doğurmuşdu qisməti Onu!..
Eldar Ələsgər oğlu İsmayılov 10 mart 1942-ci ildə Göyçe mahalının Çemberek rayonunun Ağbulaq kəndində dünyaya göz açıb. Orta məktəbə doğma Ağbulaqda və qonşu Toxluca kəndində gedib. 1967-ci ildə, Bakı Mədəni Maarif texnikumunu bitirdikdən sonra 1972-ci ilin sentyabr ayına kimi Ağbulaq kənd kitabxanasının və Ağbulaq kənd klubunun müdiri vəzifəsində çalışıb. İlk “Kəndimiz” adlı şeiri də 1961-ci ildə “Lenin yolu” qəzetində Eldar Ağbulaqlı imzası ilə çap olunub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirən Eldar müəllim, 1972-ci ilin sentyabr ayında Krasnoseloda çıxan “Dostluq” rayon qəzetinin redaktor müavini vəzifəsinə təyin olunub. 1979-cu ilin yanvar ayından Ağbulaq və Şorca kəndlərini birləşdirən Ağbulaq kənd Soveti İcraiyə Komitəsinin sədri vəzifəsinə seçilib, 1988-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.
1988-ci ildə azərbaycanlıların tarixi Azərbaycan torpaqlarından, Ermənistandan deportasiya olunması ilə əlaqədar Bakı şəhərində məskunlaşaraq, bədii və publisistik yaradıcılığını ardıcıl olaraq davam etdirib. Eldar İsmayılın “Ulu Göyçə” adlı ilk kitabı 1990-cı ildə Bakıda nəşr olunmuşdur. Gözəlliyə, halallığa vurğun Şair, torpaq yarası, yurd-yuva həsrəti daşıyırdı ürəyində. El-obasının hər qarışında - daşında, kəsəyində odlu ürəyini, hərarətli qəlbini qoyub çıxmışdı... Ocaq yerlərində, doğmalarının, ulularının uyuduğu torpaqlarda gizləmişdi nəfəsini, dodaqlarının, qəlbinin dua oxuyan pıçıltılarını... Əbədi olaraq Torpağı uğrunda mübarizəyə, Qisasa, Qələbəyə and içmişdi! İşğalçı ermənilərə qarşı kinini, qəzəbini əks etdirən, onların təcavüzkar məqsədlərini açıqlayan və Ermənistanda baş verən hadisələri dolğunluğu ilə qələmə alaraq “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Ağrı dağı qədər ağrılarm var”, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Şəhid yurdun şəhid övladları” publisistik kitablarını, əsərlərini ardıcıl olaraq çap elətdirmişdir. Ciddi faktlara, canlı şahidlərə, real hadisələrə əsaslanaraq qələmə alınan bu əsərlər qəsbkar ermənilərin, onların uzun illərdən bəri törətdikləri qanlı qətillərin, mənfur siyasi taktikalarının açıqlanmasında dəyərli ədəbiyyatdır.
Eldar İsmayıl Torpaq sevdalısı, Vətən aşiqi idi. Yurdundan didərgin salınan şair yaralı qartal kimi səmalarda qiy vurur; bədii, publisistik yaradıcılığı ilə bərabər ictimai fəaliyyətini də uğurla davam etdiridi. Bakıya köçəndən sonra Eldar İsmayıl Respublika Statistika Komitəsində, 1990-ilin yanvar ayından isə Azərbaycan Qaçqınlar Cəmiyyətində işə başladı. Və bu cəmiyyətdə ideologiya şöbəsinin müdiri işləyərkən “Göyçə”, və “Ulu Göyçə” qəzetlərini təsis eədərk rəhbərlik etdi. Qaçqınlarala daha dərindən ünsiyyətdə olan, ermənilərin cinayətkar əməllərini daha dərindən öyrənmək imkanı ona “Göyçənin qisası qalır”, “Səttar oğlu”, “Zülmətdə parlayan qılınc” və “Bir igidin ömrü” kimi dəyərli, tarixi romanların ərsəyə gətirmək imkanı verdi.
Şairin 1999-cu ildə Azərbaycan radiosunun “tamaşa salonu”nda səsləndirilən “Ələsgər” mənzum pyesi də orijinal süjet xətti, dəyərli ideya və yüksək bədii obrazlılıq cəhətindən dəyərini itirməyən, seçilən və sevilən bir əsərdir.
Ömrünün otuz ilini jurnalistlik fəaliyyətinə həsr edən Eldar İsmayıl 1997-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan “Təbib” qəzetinin baş redaktorudur. Onun son illərdə işıq üzü görən “Zavallı ermənilər, yoxsa zalım ermənilər”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı”(yenidən işlənmiş nəşr) və gənc yazar Gündüz Əhmdli ilə birlikdə qələmə aldığı “Qərbi Azərbaycan, Göyçə - erməni işğalı” adlı əsərləri erməni saxtakarlığına, erməni yalanlarına tutarlı cavabdır.
Eldar müəllim 1990-cı ildən 2016-cı ilə kimi çap elətdirdiyi 45-dən çox şeir kitabının, publisistik əsərlərin və tarixi romanların müəllifidir. Haqqında dörd kitab yazılmışdır. Jurnalist Arif Məmmədli “Bir şair yol gedir” və “Xatırladım şair dostum Eldarı” adlı iki kitab yazmış, Tibb Universitetinin dosenti Məfkurə Hüsüynova “Eldar İsmayıl yaradıcılığının bəzi aspektləri” manoqrafiyasını çap elətdirmiş, jurnalist Mənsur Ələkbərli “Eldar İsmayılın əsərlərinin biblioqrafiyası” kitabını hazırlamışdır. Ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən qiymətləndirilərək Eldar İsmayıla Birləşmiş Millətlərin İctimai Şurası üzrə Beynəlxalq Mükafatlar İttifaqının “Şərəf və ləyaqət” ordeni ilə təltif olunmuş, Azərbaycanın “Əməkdar jurnalisti” adına layiq görülmüşdür. “Həsənbəy Zərdabi”, “Araz” adlı ədəbi, “Qızıl qələm” mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Dəfələrlə Səhiyyə Nazirliyinin və Tibb Universitetinin fəxri fərmanları ilə mükafatlandırılmışdır. Ulu Atatürkün həyat və fəaliyyətindən bəhs edən “Türkün xilaskarı” poeması Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 12 mart 2007-ci il tarixli qərarı ilə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafatına layiq görülmüşdür.
Eldar İsmayıl oxucu sarıdan da xoşbəxt taleli sənət adamıdır. Minlərin, milyonların sevimlisidir! Buna Onun oxucuları ilə keçirilən görüşlərdə, yaradıcılıq gecələrində, kitab təqdimatlarında dəfələrlə əmin olmuşam. Dövrümüz üçün önəmli olan virtual aləmlə izləyənləri, şeirlərinə, paylaşımlarına dəyərli sənət adamlarından başlamış, ölkəmizin hər yerindən dərin maraq göstərən oxucuları ilə sıx təmas da qeyd etdiyim fikirlə eyni mahiyyət daşıyır. Ciddi tarixi romanları, kəskin publisistik əsərləri ilə bərabər qələmə aldığı Vətəninin tərənnümünə, əsrarəngiz təbiətinin, sələflərindən davam edərək gözəllərin vəsfinə, sevginin ucalığına, müqəddəsliyinə həsr olunan şeirləri dillər əzbəridir. Musiqisi də içindədir, şairin şeirlərinin... Saz havalarına yatan misralarının şirinliyi könül oxşayır, ruha qida verir, könülləri yandırıb-yaxır! Şeirlərinə nəğmələr yazılıb. Eldar İsmayıl bu gün də gözəlliyə aşiqdir! Gənclik həvəsi var nəcib ruhunda! Fərqli oxucu qəlbinə yol tapmaq, el-obasının “dili olmaq” hər sənət adamına, şairə nəsib olmur.
Sevilən şeirlərinə, vətənpərvər paylaşımlarına rəğmən Ona olunan “Türkün Böyük Oğlu” müraciəti minlərlə oxucusunun ürəyindən gələn bir sevgi, doğmalıqdır! Bu gün Eldar İsmayıla sevənləri, oxucuları, xalqı tərəfindən yüksək dəyərləndirilərək verilən ad – BöyükTürk təxəllüsü, bu vaxta qədər təsis olunan mükafatların ən yüksəyi, fəxri adların ən gözəli, ən dəyərlisidir! Doğularkən adını bir Ana verən şairin təxəllüsünü xalqı, sevənləri verdi! Eldar kimi - Eldar İsmayıl BöyükTürk kimi davam edir bu gün O:

Keşməkeşli bir ömürə qoşuldum,
Qəmi sovub, sevincimə tuş oldum.
Yaydan ötüb payız oldum, qış oldum,
Qisməti də bahar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!

Ürək verdim ürəyimin oduna,
Əyilmədim vəzifələr adına.
Vələs olub çevrilmədim oduna,
Palıd kimi, çinar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!

Yad daşını sinəm ilə götürdüm,
Öz dərdimi öz içimə ötürdüm.
Vətən adlı cənnətimi itirdim,
Illər boyu ağlar kimi yaşadım,
Nə yaşadım, Eldar kimi yaşadım!

Hər yerişim addım-addım soruldu,
Gülüşümə dar ağacı quruldu,
Türk deyəndə şah damarım vuruldu,
Yenilmədim, sağlar kimi yaşadım,
Nə yaşadım Eldar kimi yaşadım!

Səməndər ömrünüz əbədi olsun, Ustad!

Sevinc MƏMMƏDOVA,
şair-publisist, ZiM.az-ın xüsusi müxbiri
AYB-nin və AJB-ın üzvü


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: