ABİ-DƏRDƏ TÜRBƏSİ

ABİ-DƏRDƏ TÜRBƏSİ Respublikamızın cənub-şərq bölgəsinin tanınmış ziyarətgahlarından biri Abi-Dərdə türbəsidir.

Abi-Dərdə Yardımlı rayonunun Ləzran və Ərsilə kəndləri arasında, Ərsilə kəndinə məxsus açıq ərazidə yerləşir. Türbə Abuzərə, Abudərzə, Abidərzə, Abazərdə, Abuzərə və Abidərdə adları ilə tanınır. Yerli sakinlər isə türbəni daha çox Abi-Dərdə (Abidərdə) adlandırır.Abi-Dərdə türbəsi dairəvi quruluşlu olmaqla bişmiş kərpiclə hörülmüş və günbəzlə örtülmüşdür. Türbənin arxasında hamar sahədə torpaq içərisində itib batmış köhnə qəbiristanlıq da mövcuddur.

Türbənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütöv olmayan ərəb qrafikalı yazı həkk edilmişdir (Mirnağı Nəzərli. Yardımlı rayonunun qədim və orta əsrlər tarixi, I cild. B.,2012, səh.86).

Türbənin kitabəsi olmadığından orada uyuyan şəxsin kimliyi və türbənin tikilmə tarixi haqqında dəqiq fikir söyləmək çətindir. Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində uyuyan şəxsin Məhəmməd peyğəmbərin ən yaxın adamlarından biri olduğunu qeyd etmişdir. O, türbə haqqında məlumat verərkən yazmışdır: “Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin dörd yüz yeddi nəfər olan nəcib və məşhur əshabələrindən biri də Əbudərdə adlı müqəddəs ruhlu bir şəxsdir. Onun dəfn olunduğu məqbərə Ucarud mahalının Ərsilə kəndində (indiki Yardımlı rayonunun ərazisi – İ.Ş.) yerləşir. İndiki dövlətin yüksək rütbəli adamları həmin məkanın adını dəyişib Üçtuği-Sefidəşt adlandırmışdılar (əsər 1869-cu ildə yazılmışdır – İ.Ş.). O, ətrafda yaşayan əhalinin bu müqəddəs məqbərəyə çox böyük inamları var” (“Səidiyyə”. B., 2005, səh.81).Tarix üzrə fəlsəfə doktoru Mirnağı Nəzərlinin qənaətinə görə, türbədə dəfn olunan şəxs Dördüncü rəşidi xəlifəsi və Birinci imamımız Həzrəti Əli ibn Əbu Talibin səhabələrindən biri olan Əbu Dərdaildir (adı qeyd olunan kitab, səh.88). Xalq şairi Sabir Rüstəmxanlı “Ömür kitabı”nda türbəni Abidərzə kimi göstərməklə, mütəxəssislərin onu hürufi müridlərindən (XIV-XV əsrlərdə yayılmış təlim – İ.Ş.) birinə aid etdiklərini yazır” (B., 1989, səh.329). Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə abidənin X-XI əsrlərdə yaşamış Ərdəbilin ən böyük sufi mütəfəkkiri, təriqət şeyxi, Azərbaycan filosof və səyyahı Əbu Zürə Əbdülvahab ibn Mühəmməd ibn-Əyyubiyə məxsus olduğunu söyləmişdir (Bilal Alarlı. Viləşçayı boyunca. C.,2015, səh.39).

Abi-Dərdə türbəsində dəfn olunanaın kimliyi məlum olmasa da, oradakı məzarın ziyarət edildiyinə əsaslanıb onun üləma, kəramət sahibi və ya müqəddəs şəxsə məncub olduğunu söyləmək olar. Azərbaycan Sovet Ensiklopediyasında türbə Abidərdə adı ilə tarixi abidə kimi qeyd olunmuş və XIV-XV əsrlərə aid olduğu ehtimal edilir (I cild. B., 1976, səh.21). 2008-ci ilin yayında Yardımlı rayonu ərazisində arxeoloji tədqiqatlar zamanı ekspedisiya üzvləri Abi-Dərdə türbəsini XIII-XIV əsrlərə aid etmişlər.

Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilmişdir. Abi-Dərdə ən çox ziyarət olunan pirlərimizdən biridir, buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir.

Abi-Dərdə türbəsi 4471 invertar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: