“Müharibəylə bağlı çox xatirələrim var… Amma...”

“Müharibəylə bağlı çox xatirələrim var… Amma...” Mən - Həmidova Səkinə Məhəmməd qızı - 15.11.1974-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşam. 1980-1990-illərdə Dağtumas kənd orta məktəbində orta təhsil almışam.
1990-1992-ci illərdə Sumqayıt tibb məktəbində oxumuşam. 1992-ci ildə könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciyət edib tibb bacısı kimi müharibəyə çağrılmağımı istəmişəm. 1992-ilin dekabr ayında hərbi komissarlığın çağrışıyla Cəbrayıl rayonunda yerləşən N saylı h/h-nin tibb bölüyündə tibb bacısı kimi xidmətə başlamışam.
Hərbi hissənin keçirdi bütün əməliyyatlarda iştirak etmişəm.
1993-cü il avqust ayının 23-də Cəbrayılın işğalı günü ağır yaralandım və müalicə üçün xəsdəxanaya göndərildim.
Müalicəm qurtaran kimi 1994-cü ildə yenidən ön cəbhəyə qayıtdım və N saylı hərbi hissənin səhra hospitalında tibb bacısı vəzifəsində xidmət etdim.
1995-ci il oktyabr ayında ordudan öz xahişimlə təxris olundum.
Eyni zamanda, onu da qeyd edim ki, mən 1993-cü ildə FRTK-nin Açıq universitetinin hüquq fakültəsinə qəbul olmuşdum, aldığım yaralanmalar və müharibənin daha da ağır keçdiyi və qaçqın düşdüyümüz üçün maddi imkanımızın olmadığından 3-cü kursdan universitetdən öz xahişimlə azad olundum.

Hazırda 2-ci qrup Qarabağ Müharibəsi əliliyəm, Sumqayıt şəhərində yaşayıram. İki oğlum var.

***

1993-cü ilin may ayıydı. Hər tərəf gül-çiçəyə bürünmüşdü. Heç deməzdin iki aydan sonra bu yerlər yerlə-yeksan olacaq. Bizə əmr gəldi ki, tam hazırlıqlı vəziyyətdə olaq. Sabahı gün səhərə yaxın Cəbrayılın Sirik kəndindən ermənilərə əks hücum olacaq. Biz tibb bölüyü olaraq əvvəlcədən Sirik kəndinə göndərildik. Kəndə gedən yol dağ aşırımlarından keçirdi. Mən təbiətin gözəlliyinə o qədər vurulmuşdum ki, elə bil hərbi hissənin maşınında hücum əməliyyatına yox, bəzədilmiş gəlin maşınında toya gedirəm. O zaman 19 yaşındaydım. Gedib kazarmaya yerləşdik, səhərə yaxın səngərlərə çıxdıq, öz mövqelərimizi möhkəmləndirdik. Təxminən bir saatdan sonra hücum başladı. Bir neçə saat əvvəl ağzımı açıb baxdığım o aşırımlar, o sakit kənd cəhənnəm alanına dönmüşdü. Yaralılarımızı dərhal ilk tibbi yardım edib rayon mərkəzi xəsdəxanasına göndərirdik. Döyüş üç gün davam etdi. Bir əsgərə yalvardım ki, avtomatını ver ucuyla bir düşmən tuşluyum, yaxından görüm alçaqları. Axı avtomatdan gözünün birini qıyıb baxanda hərşey dəqiq görünür, əsgər avtomatı verdi, amma atəş açmamağımı möhkəm-möhkəm tapşırdı. Mən çox böyük həyəcan və qəhrəmanlıq hissiylə avtomatı sinəmə sıxıb diqqətlə nişangaha baxdım, elə həmin an erməninin siçan kimi bir deşikdən çıxıb başqa bir yerə getdiyini gördüm, hər şeyi unutdum və avtomatın güllə maqazini qurtarana qədər atəş açdım. Amma dığanın aqibəti necə oldu bilmədim. Məni bölüyün komandiri bərk danladı. Amma özümdən çox razı idim, üzünə deyə bilməsəm də içimdən elə hey "yaxşı eləmişəm, yenə fürsət düşən kimi edəcəm" - deyirdim. Üç əsgərimiz ŞƏHİD oldu. Yaralılarımız çox olmadı.

23.08.1993-cü il - heç unutmadığım, heç unutmayacağım tarixdi. Döyüşlər Cəbrayılın mərkəzi uğrunda gedirdi, bizim tibb bölüyümüzlə polkun həyətində qıçlarından ağır mərmi yarası almış bir yaralıya tibb yardım edirdik ki, qıçının kəsilməsinin qarşısını alaq. Hələ yardım qurtarmamış polkun həyətinə bir neçə qrad mərmisi düşdü, düşən mərmilərin biri də bizim bir neçə metrliyimizə düşdü. Düşən mərmiylə bizim aramızda divar və balaca pəncərə varıydı. Mərmilərin gurultusu və dalğası o qədər dəhşətliydiki bizim hərəmizi qaldırıb bir tərəfə çırpdı, bir yandan mərmidən çıxan qəlpələr bir yandan da şüşə qırıntıları bizi al qana boyadı. Heç unutmuram, eyni anda gözlərimdən burnumdan ağzımdan qulaqlarımdan qan gəlirdi. Başım, ayaqlarım qan içində idi… amma heç bir ağrı hiss etmirdim… sanki duyğu orqanlarım donmuşdu… Özümüz özümüzə tibb yardım edirdik. Yanımda kimlər var, kimlər yoxdu, ayrıd edə bilmirdim. Bizi oradan kim necə çıxardığınıda xatırlamıram.
Amma onu bilirəm ki, 9 aydan sonra yenidən ön cəbhəyə səhra hospitalına, Füzuli Horadiz əks hücum əməliyyatında iştirak üçün qayıtdım.
Müharibəylə bağlı çox xatirələrim var… Amma yadıma düşəndə ürəyimi sızladan xatirələrdi… elə güllük gülüsdanlıq xatirələr deyil…

Döyüşlərin qızğın gedən vaxtı səhra hospitalının ilk tibb yardım şöbəsində xidmət edirdim. Gələn yaralıların sayı-hesabı yox idi. Demək olar ki, sutkalarla yata bilmirdik. Sanki yuxumuzda yoxuydu. Həyətdə yan yana düzülmüş yaralıların hamısına yetişə biləcəyimiz umuduyla əl qolumuz üs-başımız qan içində olsa da bir an dayanmırdıq. O yaralıların içində sinif yoldaşlarım, qohumlarım, qonşularım da olurdu...

Bu gün o dəhşətli günləri xatırlayanda ürəyim parçalansa da, özümlə qürur duyuram. Yaşımın az olmağına baxmayaraq böyük düşüncələrim, hünərimin və ən əsası Vətənə olan məhəbbətim ən coşğun bariz zamanını yaşadığım illərimin - gəncliyimin fəxrini, qürurunu həmişə yaşayacağam...

Səkinə xanımın xatirələrini qələmə aldı:
Tahirə Qarabağlı,
şairə-jurnalist,
AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: