AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ GÜLTƏKİN XANIM!..

TƏBRİK EDİRİK!..



AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ GÜLTƏKİN XANIM!.. Canım mənim, doğum günün mübarək!..

Sənə can sağlığı, uzun ömür,
sevinc dolu günlər arzulayıram!

Sənə qəlbimin ən ülvi hisslərini yazmaq istəyirəm, amma fikirlərim o qədər qarışıb ki, hardan başlamağı bilmirəm.

Gözəl qayğıkeş ana, nəvələrin sevimli nənəsi, nəvazişli, mehriban diqqətli bibi-xala,
işində sədaqətli, tələbkar alim, pedaqoq,
hamının sevimlisi!..

Bacım mənim! Səninlə qürur duyuram.
Sən mənim sadəcə bacım deyilsən.
Anam, Atam, sirdaşım, qoruyucu mələyimsəm.
Nə yaxşı ki varsan!.. Səni çox sevirik...


Rəna ƏLİYEVA.



REDAKSİYADAN:
Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından
hörmətli Rəna xanımın səmimi təbrikinə
və xoş arzularına qoşularaq, dəyərli ziyalımız,
elimizin-obamızın fəxri, ədəbiyyatşünas-alim, tanınmış pedaqoq, bütün ömrünü
elinə-obasına, xalqına-millətinə, gənclərimizin savadlanmasına, maariflənməsinə sərf edən
çox hörmətli Gültəkin müəlliməni ad günü münasibətilə ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də
elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Və aşağıda hələ neçə il öncə qələmə aldığımız, Gültəkin müəllimə ilə müsahibəni
bir daha dəyərli oxucularımıza təqdim edirik...

Müşfiq BORÇALI,
ZiM.Az



AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ GÜLTƏKİN XANIM!.. REDAKSİYAMIZIN ARXİVİNDƏN:

"Mən Gürcüstanda atamla çiyin-çiyinə
müəllim işləmişəm. Peşəmin sirlərini
ondan öyrənmişəm"...

- Azərbaycan Dövlət Pedaqoji Kollecin tədris hissə müdiri Gültəkin xanım Əliyeva
belə deyir...

Oxucuları tanınmış şəxsiyyətlər, görkəmli sənətkarlar,şöhrətli elm adamları və digər peşə sahiblərindən olan nəcib insanlarla görüşdürmək,mənim də taleyimə yazılıb.
Bu ənənə xarakterimə, yaradıcılığıma müqabildir. Gültəkin Əliyeva da məhz belə nəcib insanlardandır. Sevdiyi, seçdiyi, şərəfli müəllimlik peşəsinin nə qədər məsuliyyətli olduğunu dərindən bilən ziyalılarımızdan - təhsil fədailərimizdən biridir.

Qısa arayış: Gültəkin Ağacan qızı Əliyeva
1962-ci il dekabr ayının24-də Gürcüstan Respublikasının Qardabani rayonunda ziyalı ailəsində anadan olub. Tblisi Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.
Tələbəlik illərində Tələbə Elmi cəmiyyətinin fəal üzvlərindən olub və Azərbaycan ədəbiyyatına dair araşdırmalar aparıb. "Zaqafqaziya" qəzetində "Azərbaycan ədəbiyyatı məsələləri" (1905-1911-ci illər) mövzusunda diplom işi müdafiə edib. "Tiflisskiy listok" qəzetinin səhifələrində "Azərbaycan ədəbiyyatı məsələləri" mövzusunda Azərbaycan Dillər Universiteti və Slavyan Unversitetində keçirilən elmi-praktik konfranslarda silsilə məruzələr edib. Milli ədəbiyyatımız, eləcə də onun Borçalı qolu ilə bağlı bir sıra elmi araşdırmaların müəllifidir. Hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecində tədris hissə müdiri vəzifəsində çalışır. Gültəkin müəllimə sözə bağlıdır. Onun fikrincə, sözə məhəbbət bəyaz qar altından boylanan incə nərgizgülünün xəfif titrəyişindən, ayaqlarımız altında çiçək bitirən, gülüstana çevrilən torpaqdan, qaranquşun yaz müjdəsindən,xarı bülbülün həsrətli halətindən doğulur, intişar tapır. Onun haqqında yaxşı müəllim və gözəl ziyalı kimi xeyli məlumata malikik. O,təmsil etdiyi nəcib nəslin davamçılarından biridir.

Söyləyir ki: "Mən müəllimliyin nə qədər məsuliyyətli bir peşə olmasının sirlərini ilk əvvəl atamdan öyrənmişəm, Gürcüstanda orta məktəbdə bir növ atamın köməkçisi kimi onunla çiyin-çiyinə müəllim işləmişəm. Birlikdə əməkdaşlıq etmişik, yeri gəldikdə bir-birimizdən öyrənmişik."

Atası Ağacan Qulu oğlu Əliyev Gürcüstanın Qardabani (Qarayazı) rayonunun ilk ziyalı nəslinin davamçılarından biridir. Əmisi Qəhrəman Əliyev, dayısı Hüseyn Gözəlov rayonun ilk müəllimlərindən olublar. Müqqədəs müəllimlik peşəsi onlara soyköklərindən keçib. Ağacan müəllim ömrü boyu Gürcüstanda müəllim işləyib, bir neçə orta məktəbdə ayrı-ayrı illərdə tədris hissəsinə rəhbərlik edib. Onun tədrisə xüsusi yanaşma tərzi, öyrətmə metodu olubdur. İşlədiyi illər ərzində ədəbiyyatçı, dilçi kimi o,hər zaman öz mövqeyini bilərək, təkcə şagirdlərin deyil, eyni zamanda savadlı müəllim ordusunun yetişməsində də böyük xidmətlər göstəribdir. Ağacan müəllim tədrisə rəhbərlik etdiyi illərdə müasir Azərbaycan dilinə, onun üslubuna,nitq mədəniyyətimizin inkişafına daim fikir vermişdir. Qeyri millətlərin içərisində milli dəyərlərimizin, adət-ənənələrimizin, mədəni irsimizin qorunmasına, gözlənilməsinə çalışmışdır. Həyatı boyu elinin-obasının,millətinin qədir-qiymətini bilmişdir. Əvəzsiz müəllim, tərbiyəçi, nümunəvi və zəhmətkeş ziyalı, təhsil fədaisi Ağacan Əliyev 1996-cı ildə dünyasını dəyişmişdir. Allah ona qəni-qəni rəhmət eləsin... Bəli. Sağlığında özünə əbədiyaşarlıq qazanan insanlar öz böyük, şərəfli əməlləri ilə minlərlə insanın ürəyində yuva qurub, ləyaqət və insanlıq simvoluna çevrilirlər. Atam qeyri-adi insan,əsl müəllim idi... Lap kiçik yaşlarımızdan hamımıza tanış arzudur: Müəllimimizi qeyri-adi saymaq, ona bənzəmək. Özümüzü, ətrafımızı hələ dərk etməmişdən çoxumuz bu istəklə qanadlanmışıq. Müəllimlik hər zaman gözümüzdə ülvi sənətə çevrilib. Bir çoxumuz bu arzu və istəklə müəllimlik peşəsinə yiyələnmişik, onunla ucalmışıq da... Gültəkin müəllimə isə müəllim ailəsində dünyaya göz açıb. Atasının hər sözünü, kəlməsini atdığı addımını izləyib. Paklığın, halallığın, ziyalılığın, müdrikliyin, necə şaxələndiyini hər an təhlil edib, özü üçün nəticə çıxarıb.-
Onun söylədiklərindən:
-"Atam qeyri-adi insan, əsl müəllim idi!.. Müəllimliyə həvəsi də məndə məhz atam oyadıb və bu yolu tutandan bütün fəaliyyətim boyu ona bənzəməyə çalışmışam. Siz soruşun ki,ondan, nələri öyrənməmişəm? İnsani dəyərlərdən tutmuş pedaqoq ustalığınadək hər şeyi. İlk öncə isə şagirdlərə, tələbələrə, sənətimizə, məhəbbəti, fədakarlığı. Hətta atamın həyata baxışı, hərəkətləri, danışıq tərzi, hadisələrə obyektiv qiymət verməyi, mərhəmətli münasibətləri belə bizim üçün əsl tərbiyə məktəbi olub. Ailəmizdə dörd uşaq olmuşuq. Atamla, anam - Güləfərim xanım bizi birlikdə böyüdüb, yaxşı tərbiyə, ali təhsil veriblər. Yaxşı yadımdadır: Atam həmişə bizimlə mülayim rəftar edərdi. Ancaq biz atamızın razı qalmasını və yaxud da narazı olmasını baxışlarından oxuya bilirdik. Çalışardıq ki,o, bizdən hər zaman razı qalsın. Mənim müəllim kimi formalaşmağımda,bu günkü uğurlarımda valideynlərimin nəsihətlərinin böyük rolu olubdur.
Atam elinə-obasına bağlı insan idi. Onu Gürcüstan Respublikasının Borçalı bölgəsindən olan ziyalılardan professor Yusif Seyidov, Bakı Dövlət Univerisitetinin coğrafiya kafedrasının müdiri, yaxın dostu Tapdıq Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, yaxın qohumu Vəli Musayev, onun özünə Tblisi Pedaqoji İnstitutunda dərs deyən, institut illərindən yaxşı tanıdığı, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışan professor Afat Qurbanov və başqa ziyalılarımız işləmək üçün Bakıya dəvət edirdilər. Ancaq, atam Bakıya gəlmək istəmirdi, söyləyirdi ki, bizə burada daha çox ehtiyac var.

Atam ixtisasca, filoloq-tarixçi idi. O, dostları ilə müntəzəm olaraq məktublaşar, özünün pedaqoji mülahizələrini bölüşər, onların vasitəsi ilə yeni metodik vəsaitləri əldə edib gənc müəllimlərə çatdırardı.

Mənim və bacım Rəna Əliyevanın ədəbiyyatı sevməyimiz, seçməyimiz, hətta onun təhsil aldığı alııi məktəbdə ali təhsil almağımız da atamızla bağlıdır.
Atam əsl pedaqoq olmağı ilə yanaşı fenomen şəxsiyyət idi.Müəllim işlədiyi illərdə savadlı uşaqların ali təhsil almaları üçün çox çalışar, yeri gələndə maddi köməklik göstərərərək, onlarla birgə Bakıya gələr, ali məktəbə sənəd verməkləri üçün əlindən gələni əsirgəməzdi. Gürcüstanda ədəbiyyatın, dərsliyin tapılmadığı vaxtlarda şəhərə gələr,dərs vəsaitləri alıb aparar,şagirdlərə və müəllimlərə paylayardı. Mənə elə gəlir ki, Borçalıdan pərvazlanan çoxsaylı ziyalıların yetişməsində atamın uzun illər müəllim işlədiyi məktəbin də rolu əvəzsizdir. Bizim elə ziyalılarımız var ki, rayonumuzda təhsilin inkişafında onların böyük xidmətləri var. Azərbaycan məktəblərinin yaşayıb-fəaliyyət göstərməsində misilsiz zəhmətləri olubdur. Belə ziyalılarımızdan Abdulla Mustafayevin, Şahvələd Musayevin "Sovet Gürcüstanı" qəzetinin (indiki "Gürcüstan" qəzetinin) redaktoru Süleyman Süleymanovun, tanınmış dilçi-alim Mədəd Çobanovun və başqalarının adlarını iftixarla çəkmək olar. Gürcüstanda təhsil aldığım illərdə bütün tələbə yoldaşlarım kimi mən də fikirləşirdim ki, millətimi,Azərbaycanlıları təmsil edirəm. Elə bunun üçün də İnstitutun ictimai həyatında fəal iştirak edir, əla qiymətlərlə oxuyurdum.Həm də tələbə elmi cəmiyyətinin daim fəal üzvlərindən idim. Əziz müəllimlərimdən, hörmətli professorlardan Əziz Musaqulovun, Adil Mişiyevin, Mədəd Çobanovun, Əlixan Səmədovun, Valeh Hacıyevin,Telman Quliyevin mühazirələri bu gün də qülağımda səslənir. Düşünürəm ki,elə böyük şəxsiyyətlərdən öyrəndiklərim mənim müəllimlik fəaliyyətimə bu gün də bələdçilik edir. Görkəmli dilçi-alim Mədəd Çobanov bizə ali məktəbdə qədim türk abidələrinin dili fənnindən dərs deyib.Bizim bir dilçi kimi yetişməyimizdə,dilçillik elminin tarixini dərindən öyrənməyimizdə onun böyük xidmətləri olub. Mən həmişə ənənəvi təlim metodlarına yeni ruh gətirmək,müasir yanaşmalara can atmaq, pedaqoji elmlərin sirlərinə yiyələnmək təşəbbüsündə olmuşam. Mənim yenilikçi, işgüzar, məhsuldar olmağımda hörmətli müəllimim, hazırda respublikamızda görkəmli pedaqoqlardan olan Əmrulla Paşayevin rolu böyükdür. Bu gün də respublikamızda təhsillə bağlı böyük layihələr çərçivəsində həyata keçirilən konfrans,seminar, treyninqlərin iştirakçısı kimi Əmrulla Paşayevlə görüşür, onunla metodiki mülahizələrimi bölüşür və bundan qürur duyuram. Hətta bir dəfə seminarların birində Əmrulla müəllim söylədi ki, mən keçmişdə tələbəm olmuş, müəllimənin fikrini dəstəkləyirəm. Müəllimimin bu kəlməsi məni daha da ruhlandırdı, düşündüm ki, müəllimimin fikri mənim üçün çoxlarının fikrindən daha üstün və əsaslıdır.Deyirlər,sənət,peşə qısqanc olur. O,tələb edir ki,insan özünü bütünlüklə yazmağa, yaratmağa, öyrənməyə axtarışa həsr etsin. Gültəkin müəllimə də ömrünü başdan-başa peşəsinə həsr edərək, həm elmi, həm də bədii yaradıcılıqla məşqul olub. Onun 2006-cı ildə "Gürcüstan mətbuatında Azərbaycan ədəbiyyatı məsələsi" adlı elmi monoqrafiyası işıq üzü görüb. Monoqrafiya (1950-2000 ci illər) ayrı-ayrı araşdırıcılar tərəfindən bu vaxta qədər aparılmış analoji tədqiqat işlərindən əsaslı şəkildə fərqlənir. Əgər indiyə qədər Gürcüstanda ayrıca götürülmüş bir dildə-Azərbaycan,gürcü və rus dilində nəşr olunan mətbuat orqanında Azərbaycan ədəbiyyatı məsələləri tədbiq olunmuşdursa, oxuculara tədqim olunan bu monoqrafiyada problemə daha kompleks şəkildə yanaşılmış, son yarım əsr ərzində üç dildə çap olunan ədəbi-bədii məcmuə, toplu,qəzet və jurnallardakı müvafiq materiallar araşdırılmışdır. Monoqrafiyada həmçinin Gürcüstan mətbuatının milli ədəbiyyatımızın Borçalı qoluna,soydaşlarımızın min illərdən bəri formalaşdırıb, nəsillərdən-nəsillərə ötürdüyü folklor nümunələrinə,el şairləri və aşıq yaradıcılığına münasibəti məsələsi öz əksini tapmışdır.Bununla bərabər 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru, filologiya elmləri doktoru Nurlana Əliyevanın və kollecdə tədris hissə müdiri Gültəkin Əliyevanın birgə müəllifliyi ilə "Zəmanəmizin böyük Azərbaycanlısı" adlı kitabı da çapdan çıxmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirləri haqqında" əmrinə müvafiq olaraq çap olunmuş bu kitabda Azərbaycan Dövlət Pedaqoji Kollecdə Ulu Öndərin zəngin və gənclərə örnək olan irsinin işıqlandırılması istiqamətində müəllim və tələbə heyətinin həyata keçirdiyi tədbirlər, tədris metodiki materiallar, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələr, "Heydər Əliyev məktəbi"ndə dinlənilmiş mühazirələr toplanmışdır.
Kitabda Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimlərinin yazdıqları məqalə, məruzə və ssenariləri mütaliə etdikcə Ulu Öndərin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deyimini bir daha təsdiqləyirsən, tələbə yaradıcılığı ilə əlaqədar kitaba daxil edilən materiallar dahi rəhbərin irsinə və ideyalarına gənclərimizin sədaqətinin meyarı kimi dəyərləndərilə bilər. Zənnimcə kitabla tanışlıqda Nurlana Əliyevanın (müəlif) Ulu Öndərimiz haqqındakı çox saylı mühazirələri, oxucularımızın daha çox diqqətini çəkir. Gültəkin Əliyevanın "Heydər Əliyev və elm" mövzusunda məruzəsi, "Bir ömür ki, vüqarı dağa bənzər" ədəbi-bədii kompozisiyası, "Nəsillərin əqidə yolu" mövzusunda keçirdiyi dəyirmi masa, "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" adlı mühazirəsi də mütaliə etmək üçün dəyərli materiallardır.

- Gültəkin müəllimə, istəyirik ki, bəzi məqamlara daha səmimi aydınlıq gətirəsiniz...
Yaradıcılıq və qadın. Bu anlamlar bir-birini necə tamamlayır?

- Mənim fikrimcə, yaradıcılıq çətin sahədir, qadın üçün ikiqat çətindir. Yalnız sənətini dəlicəsinə sevənlər, onun ilahi vurğunu olanlar yaradıcılıqda uğur qazana bilərlər. Hər bir sahənin adamına aid etsək, yaradıcılıq əziyyətli olsa da, insanın araya-ərsəyə gətirdiyinin şirinliyi də var.

- Qələm əhlinin içərisi həm həlim, həm də tufanlı olur. Sizi belə insanlardan hesab etmək olarmı?
- Doğrudur. Haqsızlıqla üzləşəndə susa bilmirəm. Özünü müdafiə etməyi bacarmayan insanlara acıyıram, bəzən də dəstək oluram. Mənə deyirlər ki, zəhimliyəm. Zəhmim ağır olsa da, ürəyim yumşaqdır.

- Bildiyimizə görə elmi yaradıcılıqla da məşğulsunuz...

- Elmi yaradıcılıqla hələ tələbəlik illərimdən məşqulam. 2007-ci ilin oktyabr ayında "Gürcüstan mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adını almışam.

-Valideynlərinizdən nələr öyrəndiniz? Onların hansı nəsihətləri həyatınızda yanar çıraq olub?
- Babalarımızın-Atalarımızın irsidir qəlbimizdə axan qan, Atam, bizimlə dost və sirdaş olubdur. Biz atamızdan insanpərvərliyi, xeyirxahlığı, ziyalılığı, əsl müəllimliyin sirlərini, anamdan xanımlığı, ailəmizə, övladlarımıza məhəbbət hissini, böyüyün-kiçiyin yerini bilməyi, ismətli olmağı öyrənmişik. Onların nəsihətləri bu gün də həyatımızda yanar bir çıraqdır. Müdriklərimizin kəlamıdır: "Ata -ana şöhrətinin şöləsi övladların da üzünə düşər "...

- İndiki şəraitdə sizi hansı qlobal problemlər narahat edir?
- Bu gün təhsildə, tədrisdə savadsız adamların olması, gənclərimizin diplom xatirinə ali məktəblərə üz tutması, ali məktəbləri biliksiz bitirmələri məni narahat edir. Biliksiz müəllim, həkim, iqtisadçı və digər ixtisaslara yiyələnməkdə biz özümüzə ziyan gətiririk.

- Əsl müəllim hansı müsbət dəyərlərə malik olmalıdır?
- Yaxşı müəllim ilk növbədə məsuliyyətli olmalı, fasiləsiz öz üzərində çalışmalı, obyektiv, humanist və demokratik ənənələrə malik şəxsiyyət olmalıdır. Müəllimin söylədikləri doğru, göstərdiyi yol haqq yolu olmalıdır.Alman filosofu Nitssenin bir kəlamı var: "Sevgi yaşamağın yeganə və axırıncı şansıdır". Bizi ən ümüdsiz anlarımızda, ən çıxılmaz vaxtlarımızda xilas edən yalnız sevgidir...Mən realist insanam, ədəbiyyatçı olsam belə, romantikadan bir qədər uzağam. Anama, bacı- qardaşlarıma, ailəmə olan sevgim ən çıxılmaz vaxtlarımda mənim də xilaskarım olur.

-Azərbaycan Dövlət Pedoqoji Kolleci müdrik şəxsiyyət Nurlana xanımın simasında hamımıza doğma olan təhsil ocağıdır. Kollecdə çalışdığınız illər ərzində bu dahi insandan nələri öyrəndiniz?
- Mən Nurlana xanıma müəllifi olduğum kitabımı bağışlayarkən, ona olan hörmət və ehtiramımı qəlbimdən gələn ifadəmdə belə əks etdirdim: "İnsani keyfiyyətlərindən bəhrələndiyim, çox hörmətli Nurlana xanıma xoş arzularla"... Bu nəcib insan, minlərlə insanlara örnək ola biləcək alimdir, pedaqoqdur, ziyalıdır. Elmi və pedaqoji fəaliyyətimdə bu böyük şəxsiyyətdən daim bəhrələnmişəm.

-Deyirlər ki, insanın sərvəti özünün şəxsiyyəti olmalıdır?
- İnsanın sərvəti ən adi və ali hisslərə malik olmaq - böyüyə hörmət etmək, kiçiyin qayğısına qalmaqdır. Mənim yanaşmamda bu çox mühüm məqamdır. Müdriklərin kəlamlarından birini xatırlatmaq istəyirəm: "İnsan dünyaya ovucu sıxılmış halda gəlir və sanki, " bütün dünya mənimdir"- deyir. Amma həyatdan əlləri açıq gedir- sanki, "baxın, özümlə heç nə aparmıram"- bildirir. Doğrudur.İnsanın sərvəti özünün şəxsiyyəti olmalıdır.

- Ən varlı insan aza qane olan adamdır, bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir...
- Bu zəmanədə varlanmaq asandır. Mənim aləmimdə mənəviyyatı zəngin olanlar varlıdır. Filosofların kəlamlarıını misal gətirək: "Xöşbəxt, var- dövləti olan deyil, dövlətə ehtiyacı olmayandır".

- Sizə elə gəlirmi ki, həyatda yalnız yaşamaq şərt deyil, yaşatmaq da vacibdir...
- Doğrudur. Mən əsasən atamın pedaqoji ənənələrini, xeyirxah, nəcib əməllərini yaşatmağa çalışıram və nəticəsindən qürur duyuram. Ə. Xaqani demişdir ki: "İnsan şah və yaxud hakim kimi yaşaya bilər, lakin o, insan kimi ölməlidir" Yaxşıları yaşatmağı da bacarmalıyıq.

- İnsan istədiklərinin hamısını reallaşdıra bilərmi?
- Əlbəttə yox... Lakin buna cəhd etmək lazımdır. Bütün amallara çatmaq üçün mübarizə aparmaq, inam göstərmək lazımdır. İnsan yalnız öz qüvvəsinə inandığı vaxt istədiyinə nail olur.Özünə inamı olmayan adamın nailiyyəti olmaz. Çünki həyat özü mübarizədir.

- İnsan elmin köməyi ilə çətinlikləri dəf edir. Elm sizin hansı xüsusiyyətlərinizi cilalayıb?
- Məhəmməd Peyğəmbərin (ə) kəlamlarından birini yada salmaq istəyirəm: "Elm köməksizlikdə yoldaşımız, xoşbəxtliyə tərəf yol göstərənimiz, dostlar arasında zinətimiz və düşmənlər arasında isə silahımızdır"... Elmin sirlərinə yiyələnərək, bir mütəxəssis kimi yetişmiş, filoloq kimi bilgilərimi dərinləşdirmiş, elm adamlarının əhatəsində yüksək dəyərlərə malik olmuşam.

- Deyirlər ki, insanın etdikləri özünün qarşısına çıxır...
- Bəzən belə də olur... Yaddan çıxartmayaq ki, yaxşılar və pis xislətli adamların hamısı Ulu Tanrının xəlq etdiyi bəndələridir. Mərhəmətli Allah bütün bəndələrinin arzusunu yerinə yetirir. Bəzən yaxşılar da yamanlardan çəkməli olur. Şükürlər olsun Tanrıya ki, hələ mənim yaxşı əməllərim qarşıma çıxıb.

- Hər kəsin insan və peşə taleyi var. Hansı daha çox gülüb üzünüzə? Sizcə insanın taleyini özü yazır, yoxsa Tanrı?
-Mənim həm insan həm də peşə taleyim var. İnsanın taleyini Tanrı yazır özü isə istiqamətləndirir.

- Həyat sizə nələri verdi, nələri aldı?
- Həyat mənə bacı-qardaş sevinci, xöşbəxt ailə səadəti, gözəl övladlar, yaxşı dostlar bəxş etdi. Çox təəssüf ki, atamı vaxtsız itirdim. Taleyimin ən çətin anları bununla başladı və bu gün də davam edir. Onun şirin, dəyərli sözünə, mərhəmətli gözünə, ən vacibi özünə böyük ehtiyacım var.

- Tutduğunuz yer necə, sizi qane edirmi?
- Bəli. Məni qane edir. Vəzifə hamı üçün müvəqqətidir. Müdrik o insandır ki, vəzifədə işlədiyi bütün zamanlarda dəyişməyib, eyni xarakterdə qalıb, insanlara mərhəmət hissi ilə yanaşıb, əhalinin sadə və kasıb təbəqəsinə köməklik göstərib, ən başlıcası özünə hörmət, məhəbbət qazanıb. M.Ş. Vazeh yazır ki: "Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər, lakin vəzifəli şəxslər müdrik adamlara möhtacdırlar" Müqəddəs bildiyim, sevdiyim, müəllimlik peşəmi daima qoruyub saxlayacağıma bütün varlığımla zəmanət verə bilərəm.

-Yanan, yalan, yaman, sirli-sehirli dünya... Bu dünya ilə dil tapa bilirsinizmi?
-Şikayətim yoxdur. Aciz olmağı sevmirəm.

-Ömrünüzün bu çağında həyata baxışınız necədir? Sizə elə gəlirmi ki, zaman uçur?
- Əksinə. Mən buna yaxşı baxıram. Özüm təbiətən tələsən insanam. Onun üçün də zamanın uçmasını təbii qarşılayıram. Hər keçən gün bizi arzulardan doğan, pöhrə arzularımıza bir addım da yaxınlaşdırır.

- Həyatı dərindən dərk edib, çətinliklərindən keçənlərin fikrincə, xoş güzəran içərisində böyüyən insanlardan dahi şəxsiyyətlər yetişə bilməz...
- Bu fikir zamanla səsləşmir. Belə ki, bu gün maddi çətinliklərin girdabında əziyyət çəkən insanlar çoxdur.

- Eşitdiyimizə görə jurnalistikaya böyük həvəsiniz olub, hansı səbəbdən gerçəkləşməyib?
- Doğrudur. Mənim bu peşəyə böyük marağım olub. Orta məktəb illərində "Azərbaycan Pioneri", "Samqori" qəzetlərində məqalələrlə çıxış edirdim. Yeddinci sinifdə oxuyarkən, bu arzumu atama bildirdim. cavabında belə dedi: " Qızım bu zəmanədə yaxşı jurnalist olmaq çətindir. Gərək, professional jurnalist Azərbaycanın ilan mələyən düzlərində qəhrəman axtarışında ola"... Sən isə yaxşı müəllimə olacaqsan...

- Ailənizdə gələcəkdə, sizi əvəz edəcək kimlər yetişir?
- Mənim həyat yoldaşım Vaqif müəllim ixtisasca pedaqoqdur. Müəllim işləməsə də maraqlı pedaqoji mülahizələri ilə daim köməyimə çatır. Üç övladımız var. Hər üçü özlərinə məhz mənim arzumla peşə seçiblər. Böyük qızım həkimdir, oğlum gömrük işçisidir, kiçik qızım isə hüquq ixtisasını seçib. Biz övladlarımızla fəxr edirik.

- Müdriklərimiz söyləyiblər ki: "Xalqın sözü haqqın sözüdür"...
- Mənə elə gəlir ki, bəzən xalqın içərisindən gələn sözlərin də təhlilə ehtiyacı olur.

- Son dərəcə qayğılı müəllimlik həyatınızda hansı sahələrlə razılaşmırsınız?
- Müəllimin nüfuzunun qiymətdən düşməsinə ürəyim ağrıyır.

- Hazırda "Müasir Azərbaycan qadını" ifadəsini tez-tez işlədirik. Fikrinizcə, müasir Azərbaycan qadını necə olmalıdır?
- " Müasir Azərbaycan qadını" ifadəsi leksikonumuza yeni daxil olan ifadələrdən biridir. Fikrimcə, bu ifadə "Əsl Azərbaycan qadınını necə olmalıdır" kimi səslənsə daha yaxşı olardı. Əsl Azərbaycan qadını sadə, səmimi, vəfalı, vətənini, dinini, millətini sevən, övladlarını vətənə məhəbbət hislləri ilə böyüdən, ailəsini sevməklə bərabər, savadlı, geniş dünyagörüşünə malik bir insan, ana kimi təsəvvür edirəm. Qadınlarımızı həyatda ismətli görmək istəyirəm.

- İslam dininə münasibətiniz necədir?
- Xalq şairimiz Bəxtiyar Vahabzadə yazıb ki:
Günahdır illəri bir ana satmaq,
Özündən küsürsən məndən küsəndə.
Din-Allah yoludur, Allaha çatmaq,
Özün de, mümkünmü, dindən küsəndə?
- La ilahə illəllah! - Allahdan başqa Allah yoxdur! Biz Tanrının dinimizə, dilimizə, mənsubiyyətimizə sadiq bəndələriyik. Alahu Əkbər - səslənərkən, azan səsi hamımızın vücudumuzu lərzəyə gətirir. Bütün dünya Azərbaycanlıları İslam dini ətrafında sıx birləşərək dinimizə sadiq olmalıdırlar.

- Hörmətli oxucular! Yazı boyu oxuduqlarınızdan məlumdur ki, ömrünü-gününü maarifimizə həsr edən bir ziyalının, pedaqoqun, səriştəli mütəxəssisin başlıca amalı - yalnız, gənclərimizi təhsilli, savadlı, insanları isə mərhəmətli, imanlı, inamlı, ədalətli, mübariz görməkdir.
Düşünürük ki, müsahibimiz ünvanladığımız suallarıma məntiqli cavablar verdi. Bu gün onun işığından ziyalanan minlərlə gənclər, ulduzlar kimi səpələnərək, hərəsi bir peşə sahəsində bərq vururlar. Allah özü yardımcı olsun, Günəş timsallı təhsil fədailərimizə!..


Müşfiq BORÇALI,
Xanım BİLALQIZI.

"ŞƏRQİN SƏSİ" qəzeti,
N: 03-04 (207-208), Mart 2008-ci il
.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"

"Ot kökü üstə bitər" - hüquq müdafiəçisi Samirə Məmmədzadə

"Şərqin səsi", Müsabiqə, Hüquq
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

Regionlar, Məktəblər, "Elm və Təhsil"
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....

"Dekan olmaq böyük məsuliyyət tələb edir..."

"SALDO"
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

Məktəblər, "Elm və Təhsil"
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Onda peşəsinə məhəbbət çox güclüdür

Onda peşəsinə məhəbbət çox güclüdür

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

Regionlar, Məktəblər
MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR

MÜƏLLİMLİK GÖZƏL PEŞƏDİR

Naxçıvan, Təbriklər
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA  MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA MÜƏLLİMƏ!..

Kolleclər, Təbriklər
ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

"Şərqin səsi"
Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA

Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA

TDPİ-nin Azərbaycan bölməsi, Kolleclər, "Şərqin səsi", Qarayazı
DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ GÜLTƏKİN XANIM!..

DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ GÜLTƏKİN XANIM!..

---
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Rəy yazın: