Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar Heç vaxt “son”ları sevməmişəm. Hər zaman bu “son”lara birmənalı sonsuz nifrət etmişəm. Çünki düşünürəm ki, əlimizdən nələrisə alır. Bəlkə də, daha yaxşısı olacaq, amma qəbul etmək çətin gəlir.

Əslində nəyinsə bitməsi son demək deyil. Bu son dediyimiz anları sonsuzluğa çevirən bir qüvvə istəyirəm. Sonlar daim səndən bir zəhmət, əmək tələb edir və bunun qarşılığında sənə yeni bir şey verir. Məsələn, məktəbli günlərimiz bitir. Onun yerini universitet həyatımız əvəz edir. Universitetdə tələbəlik illəri bitir və onun yerini ya magistr, ya da yeni bir mərhələyə atdığımız addım alır və ömrümüz bunun kimi əvəzetmələrlə davam edir.

Qısaca desək, “hər son yeni bir başlanğıcdır”. Başlanğıc və son bir-birinə əks sözlərdir. Həmçinin hislər də bir-birinə əks olur. Sona gəldiyimiz üçün üzülürük, ancaq yeni bir başlanğıcın da verdiyi sevinc hisləri də bir yandan bizi sevindirir. Çünki insan uzun müddət sahib olduğu şeyi bir anda itirməkdən qorxur və öncədən bunun sonunu görür. Bilirik ki, heçnə daimi deyil. Hər şey əvvəl-axır bitmə nöqtəsinə gəlib çatır. Kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin dediyi kimi, "Bir sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə." Ta ki həyatımızın sonuna qədər. Məncə “son” demək budur. Həyatımızın sonu, yəni artıq gözlərimizin işıqlı həyata yumaraq əlvida deməsidir. Nə qədər desək də, əvvəlki günlərə sahib olmaq çox çətin olur. Bəlkə də ona görə bunları bir son kimi qəbul edirik. Bir daha keçmişə qayıtmayacağımıza əmin olurmuş kimi bu adı veririk. Amma yaşanmış bütün hadisələrə son deyib ötüb keçməyək. Acısıyla, şiriniylə bizlə birlikdə gələcəyə addımlayır. Yəni keçmişi də özümüzlə birlikdə gələcəyə aparırıq. Və keçmişdə bütün son dediyimiz xatirələrlə birlikdə...

Bizləri həyatımızdakı hadisələrin, yaşadığımız hislərin necə bir sonluqla bitməsi daha çox düşündürür, maraqlandırır. Bunun xoşbəxt, yaxud bədbəxt bir sonluq olması. Hər kəsin çox tez-tez eşitdiyi, istifadə etdiyi, oxuduğu belə bir məfhum var: “xoşbəxt sonluq”. Biz bunu daha çox nağıllarda, romanlarda, hekayələrdə görürük. Əsərin xoşbəxt sonluqla bitməsi bizi daha çox sevindirir. Çünki insan bir növ oxuduğu əsərin qəhrəmanına çevrilir və ondan gözəl bir sonluq gözləyir. Eynən həyatımızda da olduğu kimi. Mənim fikrimcə, sonlar bitmir, tam əksinə qaldığı yerdən davam edir...

Çox tez-tez istifadə etdiyimiz belə bir məfhum da vardır. “Bu işi başlamadan bitirmək lazımdır” situasiyasına qapılırıq. Bir işi sona qədər gətirmədən hardan bilə bilərik ki, sonu bizi nələrə gətirib çıxardacaq deyə? Axı nəyəsə başlamadan nəticəni necə bilərik? Bu sanki işin asan tərəfinə qaçmaqdır. Həmçinin, insanın özündən qaçmasıdır. Qeyri-müəyyənlik insanı heç bir nəticəyə gətirib çıxarmır. Ağlında yüzlərlə fikir yoğrulur, müxtəlif çeşidli suallar səni yorur. Fyodor Dostoyevskinin bir sözü vardır: “Qeyri-müəyyənlik, ən pis ehtimaldan daha acı verici idi..” Nəticə nə olur-olsun yaşamalıdır insan. Başlamadan bitirdiyimiz, yarımçıq qoyduğumuz işlər bəlkə də, ömrümüzə yeniliklər, xoşbəxtliklər, yeni işlər və insanlar gətirəcəkdi. Həyatın bizlərə nələri gətirəcəyini bilmədən ömür sürürük.. Nazim Hikmət aşağıdakı misralarında son sözü həyatın deməsini çox gözəl təsvir edib..

Daha son sözü söyləmədi həyat,
Bəlkə sabahlar, xoşbəxt sonlar var.
Yenidən başlamaq yorar insanı amma,
Sonunda qovuşmaq xoşbəxt olmaq var.



Günay Məmmədova

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: