Ürəyimə dəyməyin...

Ürəyimə dəyməyin...
Ürəyimə dəyməyin...
Ürəyimə dəyməyin...
Sədi Yaradanqulu

GƏZDİYİM YERLƏR

Dönüb mənim üçün inciyə, lələ,
Bir vaxtlar inciyib, bezdiyim yerlər.
Oxşayıb - əzizlər qoynunda hələ,
Qoruyur izimi, gəzdiyim yerlər.

Gözləri yoldadı hər yaz, hər bahar,
Getsəm el - obalar min busat qurar.
Bulaqlar, gözündə qalmasın qubar!
Gələcəm: - Özümü üzdüyüm yerlər.

O kövrək nəğmələr səslənə, dinə,
Məni də gətirə imana - dinə,
Ətrlı çəmənlər, şehli çəmənlər,
Məni öz qoynuna alsaydı yenə,
Görən xatırlarmı, güldən, çiçəkdən,
Yarımın telinə düzdüyüm yerlər!?

Göynəyib tökülür köksümün başı,
Ey könlüm həmdəmi, könlüm sirdaşı!
Gələcəm, çökərək mən dizim üstə,
Əyilib öpməyə torpağı - daşı,
Ey, quş tək qoynunda süzdüyüm yerlər!

Gələcəm, həsrətin daşını atıb,
Gecəmi gündüzə calayıb, qatıb,
Sədiyəm, çəmənin şehinə batıb,
Gələcəm, əlimə düşərsə, bir gün,
Sənin möhnətinə dözdüyüm yerlər.


BU DAĞLARIN QUCAĞINDA

Köklü bir ağac olaydım,
Bu dağların qucağında.
Qayalara tac olaydım,
Bu dağların qucağında.

Çeşmələrin saf suyundan
Içib bir az güc alaydım,
Bu dağların qucağında.
Yenə ülfət bağlayaydım,
Həsrətimi dağlayaydım,
Bir qayanın dibindəcə
Çeşmə olub çağlayaydım,
Bu dağların qucağında.

Köhlənimlə yal aşaydım,
Dumanlarda yol çaşaydım,
Qarış-qarış, yaylaqları,
Binələri dolaşaydım,
Bu dağların qucağında.

Sədi deyir, ömür sürüb,
Azad, sərbəst yaşayaydım,
Hər bir kəsi xoşbəxt görüb,
Yaşa dolub yaşlaşaydım,
Sonra... - Vətən torpağına,
Torpaq olub qarışaydım,
Bu dağların qucağında.

ÜRƏYİMƏ DƏYMƏYİN

Gördüyümdən gözüm, könlüm bulanar,
Gəlin mənim ürəyimə dəyməyin!
Yaralarım göz-göz olub sulanar,
Gəlin mənim ürəyimə dəyməyin!
***************************
Toxunsanız, ilmə-ilmə sökülləm,
Söküldükcə yumaq olub bükülləm,
Büküldükcə piltə kimi tökülləm,
Gəlin mənim ürəyimə dəyməyin!
***************************
Olmayıbdı dərd böləni, həmdəmi,
Dağ çəkənməz, o çəkdiyi dərd, qəmi,
Mən dəryada tənha üzən bir gəmi,
Gəlin mənim ürəyimə dəyməyin!
***************************
Əl dəysəniz, yaralarım ağrıyar,
Sızıldayıb uşaq kimi ağlayar,
Ağladıqca yeri-göyü dağlayar,
Gəlin mənim ürəyimə dəyməyin!
***************************
Yaralayıb bir vəfasız əzəldən,
Gənc ömrümə don biçmişəm xəzəldən,
Siz soruşun o bivəfa gözəldən,
Gəlin mənim ürəyimə dəyməyin!
***************************
Ötüb keçən həftədəyəm, aydayam,
Gan yerdəyəm, gah göydəki Aydayam,
İndi isə heç bilmirəm, hardayam?
Gəlin mənim ürəyimə dəyməyin!
***************************
Sədi deyir: - Nə haraydı, nə səsdi?
Bu gen dünya bizə bir dar qəfəsdi.
İnsan ömrü bir udumluq nəfəsdi,
Gəlin mənim ürəyimə dəyməyin!

GÜL ƏTRİ QATMISAN ŞEİRMƏ MƏNİM

Gündə neçə dəfə: - aşkar-gizlincə,
Səni görmək üçün göz, əlləşibdi.
Bu geniş aləm də, səni görüncə,
Gözlərim önendə gözəlləşibdi.

Gətirib ilhama, gətirib təbə,
Hicranlar əlindən qopardın məni.
Hər gün pillə-pillə, neçə mərtəbə,
Sevgilim, Göylərə qaldırdın məni!

Gül ətri qatmısan şeirmə mənim,
Sözlərim bal kimi şirinləşibdi.
Adın dodağımda, dilimdə mənim,
Elə gündən-günə şeirləşibdi.

Nəğmələr qoşqcam adına hər gün,
Car çəkib aləmlə bir eyləyəcəm.
Səni sevdiyimi,
Sevgilim!
Hər gün,
Nəğməylə, şeirlə mən söyləyəcəm...

* * *
Sənə məhəbbətim dünyalar qədər,
Sənsiz keçirdiyim günlərim hədər,
Gəncliyi saxlamaq mümkünmü, məgər?
Bəlkə, günahı var yaşın da, gülüm!
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: