ETİBAR VƏLİYEV: SƏN MƏNİ BAĞIŞLAMA...

ETİBAR VƏLİYEV: SƏN MƏNİ BAĞIŞLAMA...Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2007) və Azərbaycan Yazıçılar birliyinin üzvü (2008) -
Etibar Babali oğlu Vəliyev

- 1963-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur.
Burada səkkizillik kənd məktəbini bitirdikdən sonra Bakı Plan-Uçot texnikumunda təhsil almışdır (1978-1981).
Lənkəran rayonunun “Lənkəran çay” sovxozunda fəhlə işləmişdir (1981).
Hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983).
Tərxis ediləndən sonra yenə sovxozda fəhləlik etmişdir (1984-1985).
Lənkəran rayonunun “Puşkin” adına sovxoxda iqtisadçı işləmişdir.
Rayonun “Oktyabrın 60 illiyi” sovxozunda iqtisadçı işləmişdir (1986-1988).
Lənkəran “5 №-li çay fabriki”ndə baş mühasib işləmişdir (1988-1998).
Bu müddət ərzində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi təhsil almışdır (1986-1992).
Hazırda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi - baş əmək müfəttişi işləyir (1998-ci ildən).
Ədəbi fəaliiyətlə XX əsrin 70-ci illərindən başlamışdır.
Dövri mətbuatda və almanaxlarda şeirləri vaxtaşırı dərc edilir.
İlk şeiri indiki “Lənkəran” qazetində çap olunmuşdur.
“Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibidir.
“Qızıl Qələm” və Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” fəxri media mükafatlarına layiq görülmüşdür.
“Görüşə gəl” (şeirlər), ”Baxmağa dəyər” (şeirlər), “Mənum Duyğum” (şeirlər) adlı kitabların müəllifidir.


APREL DÖYÜŞLƏRİ

Vaxt yetib, cənab Ali Baş Komandan!
Bir daha orduya komanda verin.
Vətən torpağını azad etməyə,
Zəfər yürüşünə icazə verin.

Sizin qurduğunuz nizami ordu,
Qadirdi almağa torpağı, yurdu.
Ordunun başında əsıl sərkərdə,
Salıb o general, düşməni dərdə.

Aprel döyüşləri uğurlu addım,
Qələbə yolunda ilk addım idi.
Aprel döyüşləri zəfər ümudi,
Aprel döyüşləri muradım idi.

Aprel döyüşləri cəbhə xəttində,
Xalq ilə ordunun birliyi idi.
Aprel döyüşləri yenilməz xalqın,
Torpağa müqəddəs bir andı idi.

Aprel döyüşləri ordunun gücü,
Məkirli düşmənə göz dağı idi.
Aprel döyüşləri düşmən bağrına,
Əbədi sancılan köz dağı idi.

Aprel döyüşləri qızıl qələmlə,
Tarixə yazılan qururumuzdu.
Aprel döyüşləri danışıq vaxtı,
Masaya çırpılan yumruğumuzdu.

Yetər ki, orduya irəli deyin,
Tam azad olunar ana yurdumuz,
Lələ təpəsində asan bayrağı,
Şuşa qalasında asar ordumuz.
25.06.2016


MƏN ƏSGƏR ANDINI İÇİB GƏLMİŞƏM
(İxtisarla)


Çəkil yağı düşmən, Qarabağımdan.
Şuşa qalasından, uca dağımdan.
Çəkil qabağımdan, keç qabağımdan,
Mən əsgər andını içib gəlmişəm.

Sülh deyib, sizlərə zaman vermişik.
Sən demə zalıma aman vermişik.
Apreldə cavabın yaman vermişik,
Mən əsgər andını içib gəlmişəm.

Xocalı, Xocavənd, Xankəndi mənim,
Zəngilan, Cəbrayıl başımda çənim,
Ağdərə, Qubadlı yuxuma qənim,
Mən əsgər andını içib gəlmişəm.

Ağdam, Fizulidən keçib gələrəm,
Kəlbəcər, Laçına səcdə edərəm,
Mən cavan Heydərəm, baba Heydərəm,
Mən əsgər andını içib gəlmişəm.

İtə hörmət etdik, yəsinə görə
Yəsi adət edib, tərsinə görə,
Qoy düşmən, mən təki tər-sinə görə,
Mən əsgər andını içib gəlmişəm.

Qələbə müjdəsi, sorağı məndə,
Canım Azərbaycan, bayrağı məndə,
Çəkiçi məndədi, orağı məndə,
Mən əsgər andını içib gəlmişəm.

Xəstədi, düşmənin vardı mərəzi,
Anamla etmişəm razi-niyazi,
"Ya şəhid olaram, ya da ki qazi,"
Mən əsgər andını içib gəlmişəm.
18.10.2016


BU GÜN SON ZƏNG ÇALINACAQ

Bu gün son zəng çalınacaq,
Biz məktəbə dəyək gedək.
Sevimli müəllimlərin,
Önündə baş əyək gedək.

Birincılər, bir dediniz,
Şirin, şəkərdi diliniz,
Bu birinci dərs iliniz,
Mübarəkdi, deyək gedək.

Azərbaycan elinə biz,
Çiçəyinə, gülünə biz,
Ömrün on bir ilinə biz,
Gəlin əl eyləyək gedək.

Elmə hörmət edənlərə,
Arzu, niyyət edənlərə,
İnsituta gedənlərə,
Uğurlar söyləyək gedək.

Çıxaq zəfər yürüşünə,
Baş əyək öndər büstünə,
Bayrağı köynək üstünə,
Fəxarətlə geyək gedək.
31.05.2016


QURBAN OLUM

Ana deyib dil açan,
Dilinə qurban olum.
Ad günümdə doğulan,
İlinə qurban olum.

Mənə baba dediyin,
Dizin-dizin gəldiyin,
Gəl deyib, yellətdiyin,
Əlinə qurban olum.

Alıb yerə sərdiyin,
Ver deyəndə verdiyin,
Ad günündə dərdiyin,
Gülünə qurban olum.

Oynayıb, əl çaldığın,
Darağı aradığın,
Arada daradığın,
Telinə qurban olum.

Sevincimə qarışan,
Ürəyimə sığışan,
Ad gününə yığışan,
Elinə qurban olum.
16.05.2016.


SƏN MƏNİ BAĞIŞLAMA

Qayida bilsən qayıt,
Gəl səni bağışlayım.
Bu ömrümü səninlə,
Mən yenidən başlayım.

Can alan gözlərinlə,
Məni saldın kəməndə,
Günah tək səndə deyil,
Günahın çoxu məndə.

Mən səni sevə-sevə,
Özümü aldatmışam.
Siqaret əvəzinə,
Sevgilimi atmışam.

Bir vaxt uşaq olanda,
Ayağım sürüşərdi.
Yıxılardım qar üstə,
Şəklim qara düşərdi.

Sürüşmək günah deyil,
Yerimiz səf düşməsə,
Qisməti zəncirləyib,
Bəxtimiz dəyişməsə.

Bax yerimiz səf düşüb,
Sən müttəhim yerində.
Mənim kürsüm sürüşüb,
Mən hakim kürsüsündə.

Bu gün bir qərar versəm,
Nə gül, nə də ağlama,
Səni bağışlasama,
Sən məni bağışlama.
21.05.2016
14-16.06.20

SƏN DEYƏN KİMİ
(ATAMIN RUHU ŞAD OLSUN)


Atacan, qururum polad kimidi,
Özüm də dəmirəm, sən deyən kimi.
Çətinə düşəndə namərd önündə,
Qəddimi əymirəm, sən deyən kimi.

Aşiqi olmuşam qara gözlümün,
Şəkəri olmuşam şirin sözlümün.
Nə bir kimsəsizin, nə bir məzlumun,
Qəlbinə dəymirəm, sən deyən kimi.

Özümü dost üçün atardım oda,
Əlimi bal etdim gəlmədi dada.
Nə yaxın dostuma, nə də ki yada,
Sirrimi vermirəm, sən deyən kimi.

Vaxt olub namərdə qor göstərmişəm.
Başına dərd açan tor göstərmişəm,
Bəzən, həyasıza zor göstərmişəm,
Üzünə gülmürəm sən deyən kimi.

Lənət söyləmişəm şeytan, iblisə,
Meylimi salmışam qoşma, təcnisə.
Nə bir xanimanə, nə bir məclisə,
Dəvətsiz getmirəm, sən deyən kimi.

Girib, söz bağında bəzən azıram.
Qələmlə, varaqla qəbir qazıram.
Baxma ki şairəm, şeir yazıram.
Söz deyə bilmirəm sən deyən kimi.
29.09.2016


BAĞIŞLAMARAM

Sənə məktub yazmışam,
Gəl onu özün apar.
Sinəm üstə döyünən.
Ürəyinmi çək, qopar.

İstəyirsən qopar, at,
İstəsən dənizə at.
İstəsən bir imkansız,
Kimsəsiz donura sat.

Sonra məktubu cır, at,
Nə saxla, nə qoxuma.
Sən Allah daha girmə,
Girmə mənim yuxuma.

Yazıb, günahlarını,
O yan, bu yana yozma.
Onsuz da oxumaram,
Mənə cavab da yazma.

Başımı, ağartdığın,
Dənə bağışlamaram.
Sənin günahlarını,
Sənə bağışlamaram.
26.07.2016


ÖLÜM SƏNİN YERİNƏ

Dərd gəldi, mərd ilə görüşdü, qardaş.
Bir az taleyimiz sürüşdü, qardaş.
Hər dərdin dərmanı gülüşdü, qardaş.
İstəyirsən gülüm sənin yerinə.

Çox sevərdin insanların mərdini,
Gözləyərdin o dostluğun şərtini.
Sevincini tən bölərdin, dərdini
İstəyirsən bölüm sənin yerinə.

Dərd dil açıb haqsızlığı danaydı,
Mərd olaydı, anlayaydı, qanaydı,
Kaş eləcə dərd odunda yanaydı,
İçim mənim, çölüm sənin yerinə.

Bu dünyanın nəşəsindən doymazdın.
Dərd gələndə mənə yaxın qoymazdın,
Sinə verib, sən də mənə qıymazdın,
İstəyirəm ölüm sənin yerinə.
01.08.2016


BURDA GÜLMƏLİ NƏ VAR

İndi zaman dəyişib,
Qızlar paltar toxumur.
Bu dövrün cavanları,
Daha kitab oxumur.
Burda gülməli nə var?

Ata evdə uşaqdan,
Soruşmur hara gedir.
Oğul diskotekaya,
Qız da ki, bara gedir.
Burda gülməli nə var?

Kişi xumarlanıbdı,
Arvadı xaş-xaş əkir.
Qızı dərsə getməyir,
Oğul siqaret çəkir.
Burda gülməli nə var?

Öz ərindən qorxmayan,
Arvad xəyanət edir,
Sonra da qeyrət gəlir,
Kişi cinayət edir.
Burda gülməli nə var?

Bir qonşum bəxtəvərdi,
Axşamdan içib yatır,
Biri üzümə gülür,
Daldan mənə daş atır.
Burda gülməli nə var?

Deyirlər ki haqq itir,
Düz yolunu azan var.
Günün günorta çağı,
Ayaq altın qazan var.
Burda gülməli nə var?

Nə ək, nə də ki becər,
Yol ticarət yoludu.
Qonşuya borcumuz yox,
Hamı banka borcludu.
Burda gülməli nə var?

Efirə bax, sən Allah,
Can-canadı, can-cana.
Göydəki ulduzlardı,
Düşüb Azərbaycana.
Burda gülməli nə var?

Bu toydu, bəy toyudu,
Gözlərə bax qaynayır.
Azərbaycan qadını,
Göbəy rəqsi oynayır.
Burda gülməli nə var?

Meşə çaqqalsız olmaz,
Meşənin ayısı var.
Təzə xəbər deyil ki,
Nadanın dayısı var.
Burda gülməli nə var?

Qudurub, harın olub,
Dovşan nəri eşitmir.
Azadlıqdı, azadlıq,
Arvad əri eşitmir.
Burda gülməli nə var?

Kasıb dinib, danışmır,
Pulu olan danışır.
De kim düz danışır ki?
Çoxu yalan danışır.
Burda gülməli nə var?

Tülku deyir mən təkəm,
Nə sumukəm, nə ətəm.
Kim işdən çıxarılır,
Deyir müxalifətəm.
Burda gülməli nə var?
21.09.2016


GÖZƏL

Gözələ baxmaq savabdı,
Baxıb savab qazanıram.
Arada sual verirəm,
Sonra cavab qazanıram,

Bir gözələ gül göndərdim,
Yazdım, güldən gözəlsiniz.
Hələ yaza bilmədiyim,
Şeirsiniz, qəzəlsiniz.

Gözəlliyi vəsf etməyə,
Qələm aciz, söz acizdi.
Can yandıran o atəşdə,
Ocaq aciz, köz acizdi.

Bir gözəlin önündə mən,
Donub qaldım, buz kimiyiəm.
İxtiyarım gedib əldən,
Elə bil məhbus kimiyəm.

Deyirlər ki bu dünyanı,
Gözəllik xilas edəcək.
Belə olsa cənnətə də,
Ancaq qadınlar gedəcək.

Azad edib bu dünyanı,
Bir az mat qoy, təzad elə.
Ey dünyanın xilaskarı,
Gəl məni də azad elə.
07.10.2016


AĞLAMAYIN

Bir gün gələr olmayacam,
Tanrı mənə qərar verər.
Bəlkə sənin son zənginə,
Elə oğlum cavab verər.
Deyər atam...
Deyər atam...
Sonra,
Hönkür-hönkür ağlayacaq.
Onda sənin ürəyini,
Öz oğlumun,
Göz yaşları dağlayacaq.
Özü boyda bir dərd ilə,
Səni xətdə saxlayacaq.
Biləndə ki ağlayırsan,
Telefonu bağlayacaq.
Ağlayanda səs qırılır,
Söz qırılır,
Göz yaşı gözdən qırılır.
Ağıamayın!
12.10.2016


APAR

Qara gözlüm, yenə nədir gileyin,
İstəyirsən ürəyimi, al apar.
Mən şəklini alıb sıxdım sinəmə,
İstəyirsən çək əlimi, al apar.

Gəl gözəlim, ğəlişinə baxım mən,
Naz qəmzəli yerişinə baxım mən,
Gül üzünə, gülüşünə baxım mən,
İstəyirsən şəkər gətir, bal apar.

Sən gələndə gülüm açır elə bil,
Bu gözlərim işiq saçır elə bil,
Səni görcək nitqim qaçır elə bil,
İstəyirsən danışdırma, lal apar.

Apar məni, apar sənə yar olum.
Bağçanızda bəhər olum, bar olum.
İstəyirsən kaman olum, tar olum,
Bir məhəbbət nəğməsini çal, apar.
26.10.2016.


QƏZƏL

Könlüm quşu səndən uçub, əğyarə də getməz.
Üst-üstə dəyən köksünə, ol yarə də getməz.

Məhbəsdə olan bülbülü incitmə a zalım,
Kimsə gələ biçarəyə yalvarə də getməz.

Yalvarmasa, dil tökməsə, ta bağidə güllər,
Bülbül də fəqan etsə, o dildarə də getməz.

Elə bildi Mələksən, imanına sığındı,
Zalım, səni kafir bilib, dindarə də getməz.

Köksümdə olan sözləri dəftərə yazırdım,
Ağ bəxtimə xal saldığın, o qarə də getməz.

Etibaram, məhbus olub ruhum bədənimdə,
Tərk eyləyəcəksə məni, bidarə də getməz.
15.10.2016


QƏZƏL

İlahi, böylə dərd olmaz, bir az güldür məni, güldür,
Ya dərdi üstümdən götür, ya da öldür məni, öldür.

Dərd işində qaynadım ki. buxarlanım göy üzünə,
Ya bir bulud tək boşalım, ya da doldur məni, doldur.

İlahi, sən izin versən, daş üstündə gül də bitər,
Ya dül olum, çiçək açım, ya da soldur məni, soldur.

Yaman yerdə yıxılmışam, üzüm torpağa sarıdı,
Ya torpağı çək üstümə, ya da qaldır məni, qaldır.

Günahım varsa qoy çəkim, ver məni zalım əlinə,
Ya dərimi soydurginən, ya da yoldur məni, yoldur.

Etibarı itirginən, sözü dəyərdən düşübsə,
Ya unvanım tapılmasın, ya da buldur məni, buldur.
25.10.2016


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: