Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM... Rəşad Abid oğlu Əsgərzadə - 1992-ci ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.
Orta təhsilini doğma kənd məktəbində aldıqdan sonra 2011-ci ildə hərbi xidmətə yollanıb.
Xidməti borcunu yerinə yetirikdən sonra ADPK-ya daxil olmuş və qiyabi təhsil almışdır.
Şeir yaradıcılığına ora məktəbdə oxuduğu müddətlə başlamışdır.
Şeirləri Məsimov imzası ilə dövri mətbuatda, qəzet və jurnallarda və internet saytlarında dərc olunub.
Yaxın zamanlarda o, şeirlərindən ibarət kitab çap etdirməyə hazırlaşır.
Hal-hazırda subaydır və ADY QSC-nın MK–nın Keşlə Mühafizə Komandasında çalışır.


ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Axan göz yaşımı qurudub bu gün,
Ruhumu bir təhər ovudub bu gün.
Bütün olanları unudub bu gün,
Çıx Qatar yoluna sənə gəlirəm.

Yüküm beynimdəki qəm bazarımdır,
Tək səndən savayı hər şey varımdır.
Sevgilim bu mənim son qərarımdır,
Çıx Qatar yoluna sənə gəlirəm.

Tükənib taqətim gəzə bilmirəm,
Sənli bir həyatdan bezə bilmirəm.
Daha ayrılığa düzə bilmirəm,
Çıx Qatar yoluna sənə gəlirəm.

Dilimdə adın var hər zaman hər dəm,
Mənim tək alışıb yanmayıb Kərəm,
Sənsiz bu dünyada yetim kimiyəm,
Çıx Qatar yoluna sənə gəlirəm


Qəlbimdə sızlayan simim var mınim,
Eşq adlı müqəddəs pirim var mənim.
Axı səndən başqa kimim var mənim?
Çıx qatar yoluna sənə gəlirəm.


Ağır bir hava çal, dünya


Ağarıbdır başım daha,
Yoxdur yol yoldaşım daha.
O yaş deyil yaşım daha,
Ağır bir hava çal, dünya.

İnamım qalmayıb sənə,
Bax saçıma düşən dənə.
Al sazımı bas sinənə,
Ağır bir hava çal, dünya.

Ruhum bir az məzələnər,
Kədər gözümdən ələnər.
Bəlkə ömrüm təzələnər,
Ağır bir hava çal, dünya.

Dərdim dərslərin xasıdır,
Qəlbim qüssə yuvasıdır.
Ölən sevginin yasıdır,
Ağır bir hava çal, dünya.

Sevincib güdə bilmirəm,
Könül incidə bilmirəm.
Şalaxo gedə bilmirəm,
Ağır bir hava çal dünya.


PAYIZ GÜNÜ

Ayrıldıq onunla bir payız günü,
Gübahkar olsa da, qayıt demədi.
Mənim ürəyimdə yaram görən,
Sağ olsun düzünü əsirgəmədi.

Qəlbim elə bil ki, dolaşıq yoldur,
Yalançı sevgilər bu yolda azıb.
Könlümə qəm dolu sevgi şeirini,
Kədər qələmiylə sevgilim yazıb.

Qəmli bir şairin qəmli notunu,
Əlləşib vuruşdum, silə bilmədim,
Bu gecə yuxuma sevgilim gəldi,
Ayıldım, özümə gələ bilmədim.

Xəyallar can verdi göz qabağında,
Təbiblər dərdimə çarə bilmədi.
Ölsə də ümidlər, narahat olma
Rəşad hələ yaşayır, sağdır, ölmədi!


Yetirən olmadı dərdimi yara

Həsrəti qəlbimi viran etsə də
Eşqin səmasını duman etsə də.
Ürəyim ah çəkib fəğan etsə də,
Yetirən olmadı dərdimi yara.

Adım hər gecə sayıqlasam da,
Onu küləklərdən soraqlasam da,
Alışıb yansam da, qan ağlasam da.
Yetişən olmadı dərdimi yara.

Gecəni gözümdə səhər eylədim,
İçdiyim şərabı zəhər eylədim.
Yar deyib göylərə xəbər eylədin,
Yetirən olmadı dərdimi yara.

Öldü yaşamağa öldü həvəsim,
İndi kimə qaçım, kimə tələsim?
Hicran boğdu məni tutuldu səsim,
Yetirən olmadı dərdimi yara.

Eşqinlə alışıb dillərə düşdüm,
Qanadım qırıldı yerlərə düşdü.
Başım havalandı çöllərə düşdüm,
Yetirən olmadı dərdimi yara.


Soyuq hava

Belə soyuq olma hava,
Sarılacaq bir kimsəm yox.
Məhəbbətsiz yaşayıram,
Ürəyim var, qəlbim yox.

Belə soyuq olma, hava
İsinəcək nəfəs yoxdur.
Yaşamağa gücüm yetmir,
Ölməyə də həvəs yoxdur.

Belə soyuq olma ,hava
Gəl soyutma ürəyimi.
Qoca dünya yorub məni,
Sən də kəsmə kələyimi.

Belə soyuq olma ,hava
Dona bilər arzularım.
Axı donmuş arzuları,
Özümlə hara aparım.

Belə soyuq olma, hava
Uzaqlarda yar üşüyər.
Bir ah çəksəm üzü göyə,
Göydə buludlar üşüyər.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: