Rəna Abdullayeva: "DİQQƏT!.. İLK DAYANACAQ ŞƏHİDLƏR XİYABANI, İLK GÖRÜŞ ATA MƏZARI..." (Hekayə)

Rəna Abdullayeva: "DİQQƏT!.. İLK DAYANACAQ ŞƏHİDLƏR XİYABANI, İLK GÖRÜŞ ATA MƏZARI..." (Hekayə) Rəna Abdullayeva - 1960-cı il iyunun 29-da
Yev­lax rayo­nun­da dünyaya göz açıb.
1981-ci ildə APİ-nin (in­di­ki ADPU-nun) filologi­ya fakültə­sini bitirib.
Elə o vaxtdan bu gü­nə kimi məzunu olduğu Yev­­lax şə­hə­rin­dəki
Nizami Gəncəvi adına tam orta məktəbdə müəllim iş­lə­yir,
Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir.
Hələ orta məktəbdə təhsil alarkən o, riyaziyyat, biologiya və coğrafiya tən­lə­rini çox yaxşı oxuyardı. Həmin fənləri tədris edən müəllimləri onun məhz bu ixtisaslardan birini seçəcəyini gözləyirdi.
Rəna müəllimə isə uşaqlıqdan ədəbiyyata, mütaliəyə böyük ma­raq göstərmiş, nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatı korifeylərinin ana dilinə tərcümə olunmuş bütün şedevr əsər­lə­­ri­ni oxumuşdur. Məhz mütaliəyə olan bu marağı onun həyat yo­lu­nu müəyyənləşdirmiş və o, jurnalist olmaq istəsə də müəyyən üzürlü səbəblərdən daha yaxın ixtisas olan Azərbaycan dili və ədə­biyyatı müəllimi olmuşdur.
Son illərdə bədii yaradıcılıqla da məşğul olur.
Yazıb başa çatdırmaqda olduğu "Qizilgül tikansız olmur...", şəhid general Polad Həşimova haqqında yazdığı "Könül dəftə­rinə yazılan adlar" adlı romanları və "Yağışların yuyub apara bilmədiyi izlər" povesti, "Qisas", "Sarı bülbülün nağılı", "Diq­qət!.. İlk dayanacaq Şəhidlər Xiyabanı, ilk görüş yeri ata məza­rı" və s. adlı hekayələri vardır.
Əsərləri "Canım Azərbaycanım", "Buta" ədəbi məcmuələrində, "Yurd" juranında, "Bütöv Azərbaycan", “Şərqin sə­si”, “Elm və Təhsil” qəzetlərində çap olunur.

Biz də Rəna xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşa­ğıda onun bir hekayəsini dəyərli oxucularımıza təqdim edi­rik.

ZiM.Az



"DİQQƏT!.. İLK DAYANACAQ ŞƏHİDLƏR XİYABANI, İLK GÖRÜŞ ATA MƏZARI..."
(Hekayə)


Süleyman səhərin alatoranında yola çıxmaq üçün erkən oyandı.
Həmişə olduğu kimi bacısı Zibanı bivaxt oyatmağa qıymadı.
Onun axşamdan hazırladığı süfrəyə yaxınlaşıb məcməyinin üstündəki dəsmalı götürdü.
Bacısının nimçələrdə qoyduğu pendir, qatıq, bal-qaymağa baxıb ürəyi kövrəldi.
Ziba tək yaşayırdı. Əri birinci Qarabağ müharibəsinin başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə getmişdi.
Bu kənddən müharibəyə ilk yollanan da, ilk qara tabutu gələn də elə Zibanın rəhmətlik əri oldu. Bir üzü qız, bir üzü gəlin qaldı Ziba.
Qayınanası Sərxanın qara kağızı gələndən sonra qara geyindi, yemədi, içmədi, yumağa dönüb yatağa düşdü.
Az keçmədi köçüb getdi bu fani dünyadan.


Altı il birlikdə yaşasalar da övladları olmadı Zibayla Sərxanın. Ziba çox iztirab çəkirdi. Başını qaldırıb ərinin üzünə baxa bilmirdi. Elə bilirdi ki, Sərxan onun bu evdə olmasından bezib,ancaq abrından səs çıxarıb ona, "get artıq, mən yenidən evlənmək, oğul- uşaq sahibi olmaq istəyirəm."- deməyə utanır.
Sərxansa inadla susurdu.
Çox düşünüb - daşındıqdan sonra özü söhbəti açmaq qərarına gəldi Ziba.
Ürəyi yana- yana dilə gəldi;
-Sərxan, çoxdan sənə demək istədiyim bir söz var. Neçə vaxtdır utanıram söyləməyə, - bunu deyib susdu Ziba. Sərxan anladı ki, Ziba ürəyində deyəcəyi sözləri samballayır. Hansından başlasın görəsən?
O, başını qaldırıb gözaltı Zibaya baxdı.Gəlinin dodaqları səyriyir, həyəcandan titrəyən əllərini qoymağa yer axtarırdı.
Sərxan bu qədər ağır bir söhbətin mövzusunun nə olacağını təxmin etsə də səs çıxarmadı. Birdən yanılsa? Yox, Zibanın dünyası yıxılardı. Ona görə səbrini basdı.
Ziba gecdən - gec boğunuq səslə dilləndi;
--- Bu altı ildə səndən bir gül qədər incimədim...- deyəsən o Sərxan deyə müraciət etmək istəyirdi, amma, onun adını çəksə ağlayacağını bildiyi üçün öz- özüylə danışırmış kimi pıçıltıyla davam etdi; hər kəs ailə qurarkən düşünür ki, bir oğul övladı olsun, onun çırağını yandırsın. Mən sənə heç olmasa bir qız da verə bilmədim...
Susdu Ziba. Söz axtarırmış kimi evin tavanına baxdı, sonra baxışlarını endirib döşəməyə zillədi. Taxtaları sanamağa başladı. Elə bil sözü hansısa iki döşəmə taxtasının arasında gizlətmişdi, indi unutduğu yeri xatırlamağa çalışırdı.
Sərxan qalxıb Zibaya yaxınlaşdı. Onun titrək əllərindən tutaraq, başını sinəsinə sıxıb uşaq kimi sığalladı. Ziba hıçqırdı. Qara qıvrım tellərində gəzən əlin təması onu daha da kövrəltdi.
Zibanın sözləri Sərxana güllə kimi dəydi;
-Susss, Ziba, danışma. Sən olmasan mən oğlu, qızı neyləyirəm. Belə şeylər heç ağlıma da gəlmir. Qismət Allahdan. Olsa, olacaq, olmasa da heç. Allah verəndə daş üstə verir. Məsləhətinə şükür.Onun işinə biz əl apara bilmərik. Bir də bu evdə belə söhbət eşıtməyim, oldumu?
Bu söhbətdən bir il keçmədi ki, müharibə başladı.
Sərxanın qara tabutu gələndə Zibanın bir gözü Sərxanı ağladı, bir gözü qara taleyini. Bu dünyada onu tək qoyub gedən ərinə səsləndi hər bayatı çəkib ağlayanda;
-Məni niyə aparmadın, ay Qara taleyim?- deyə nalə çəkdi.
Oğul dərdini çəkə bilməyən qaynanası da bu dünyadan gedəndən sonra Ziba lap tək qaldı damın altında.
Süleyman bacısını çox istəyirdi. Ona görə onun qayınanası rəhmətə gedəndən sonra düz 40 gün bacısının evindən ayağını çəkmədi. Hər gecə gəlib bacısının yanında qaldı. Həyat yoldaşı Sara da günaşırı böyük oğlu ilə kiçiyi
anasıgildə qoyar, ortancılı özüylə götürüb baldızıgilə gələr, ona dərd ortağı olardı.
Atası dünyasını dəyişəndə Ziba səkkizinci sinifdə , Süleyman isə inistitutda oxuyurdu.
Ziba doqquzuncu sinfə kimi oxudu. Sonra qardaşı onu şəhərə yanına apardı.Ziba da orada oxuyub tibb bacısı oıdu. Təyinatını da öz rayonlarına aldı. Hər gün avtobusla rayon mərkəzində yerləşən uşaq xəstəxanasına işə gedib- gəlirdi.Sərxan da onu avtobusda görmüşdü. Bacısıgil Zibagilin kəndində yaşayırdı . O ,avtobusda gördüyü xoş simalı,orta boylu, qaragözlü, ağbəniz qızdan gözünü çəkə bilmədi. Sonralar Sərxan yolunu tez- tez bacısıgildən saldı. Zibanın haqqında soruşub öyrəndikdən sonra ona yaxınlaşıb qəlbini açdı. Bir həftə sonra artıq Sərxanın elçiləri Zibagilin qapısını döydü. Elçilərə "yox" demək istəyən Süleymana Sara him- cimlə başa saldı ki, elçilər Zibanın razılığı ilə gəlib.
Süleyman qəti cavab vermək üçün oğlan evindən bir həftə vaxt istədi.
O, tanış - bilişdən Sərxanın canlara dəyən oğlan olduğunu öyrənəndən sonra razılığını verdi
Hər iki tərəfin rizası ilə toyu çox yubatmadılar.
Süleyman bacısına atasızlığını hiss elətdirmədi. Ləyaqətlə gəlin köçürdü onu. Yaxşı toy elədi, cehiz verdi.
Çox xoşbəxt idi Ziba. Ancaq illər keçdi, bircə şad xəbərlə nəvə arzulayan qaynanasını sevindirə bilmədi.
Yazıq arvad dinib -danışmadı. Zibaya bir söz deməyə qıymadı. Bu neçə ildə bir dəfə də ondan incimədi . Doğma qızından artıq olmuşdu gəlini ona. Axırı da belə...
Bacısının nakam taleyi Süleymanın içini parça- parça etdi. Neçə dəfə gəlib ondan xahiş etdi;
--- Daşı ətəyindən tök,- dedi, yalvardı,-sən sahibsiz deyilsən axı, gedək bizimlə yaşa. Gözümün qabağında ol. Biz də daha hər gün gəlib qala bilmirik yanında.
Ziba qəti cavabını verdi;
---Sərxanın evinin çırağını söndürə bilmərəm, qardaş. Camaat mənə nə deyər? Sağ olsun Gülü xala söz verib hər gecə gəlib yanımda qalacaq. Məndən incimə, çox düşünmüşəm, burdan çıxsa-çıxsa mənim meyidim çıxacaq.
Süleymanı dərd götürdü. Bacısı cavanca gəlin, onu bu qəriblikdə necə tək qoysun? El- oba adama nə deyər?
Süleyman anladı ki, Zibaya söz deməyin bir mənası yoxdu.
Çox düşünəndən sonra arvadıyla məsləhətləşmək qərarına gəldi.
Ürəyindəki niyyətini tərəddüd etmədən Saraya açıb dedi;
-Sara, sənin necə rəhimli, gözəl insan olduğunu bilirəm. Bu neçə ildə sənin mərhəmətinə bir gün də şübhə etmədim. Bilirəm ki, Zibanı da bacın kimi çox istəyirsən. Səndən çox böyük bir xahişim var...
Sara zəndlə ərinin üzünə baxdı. Onun bu qədər narahatlığına təəccüb edərək soyuqqanlı cavab verdi; -Süleyman,bura Zibanın da atası evidir. Mən də istəmərəm ki, Ziba qərib yerdə tək yaşasın...
Bu dəfə Süleyman onun sözünü kəsdi;
-Yox , Sara, sən məni düzgün anlamadın, söhbət onun gəlib burada bizimlə yaşamasından getmir, o, Sərxanın evini sahibsiz qoyub gəlmək istəmir. Ona ağır gəlir, evinin çırağını söndürmək.
Sara söhbətin hara gedəcəyini düşünmədən kədərlə dilləndi;
-Bədbəxt Sərxanın çırağı çoxdan sönüb artıq, ay Süleyman. Allahdan bir züryəti olsaydı, Ziba qaragün də tək- tənha damın altında qalmazdı. Amma, Ziba kimi nə qədər gəlinlər başsız qaldı. Allah ermənilərə lənət eləsin! Gör nə qədər çavanlarımız güdaza getdi o kafirlərin xainliyi üzündən?
Süleyman hiss etdi ki, Sara hələ də ərinin niyyətini anlamayıb. Ona görə tələsmədən,xasiyyətinə xas bir təmkinlə mətləbə keçdi;
-Sara, bax, məsələ burasındadır ki, mən səndən başqa bir xahiş etmək istəyirəm. Gəl ,uşaqlardan birini Zibaya verək. Savabdır,Allaha da xoş gedər. Sənin də qəlbin...
Saranın avazıyan rəngi,titrəyən dodaqları , hədəqəsindən çıxan gözləri Süleymanı qorxutdu. Qalxıb bir əli ilə gəlinin əlindən tutdu, digər əlini onun tər basmış alnına qoydu. Saranın halı özündə deyildi. O dərhal bir stəkan su gətirib ona içirtdi. Sara bir az toxtadı. Süleymana könlünü qıracaq bir söz deyəcəyindən ehtiyat etdiyi üçün susdu.
Süleyman Saranın əhvalından anladı ki, alacağı cavab sərt olacaq. Ona görə bütün günü onun ətrafında hərlənərək nəvaziş göstərdi, qulluğunda dayandı. Axşama kimi Saranın qaşqabağı açılmadı. Onun bu səssizliyi Süleymanı qorxutdu.
O gün Sara heç kimlə bir kəlmə də kəsmədi .
Gecə isə gözünə yuxu getmədi səhərə kimi. Dağı arana, aranı da dağa daşıdı. Ərindən eşitdiyi sözlər beynində aydınlaşdiqca ürəyindəki buzlar da əriyirdi Saranın. Çox götür -qoy edəndən sonra ərinə haqq verdi, baldızına isə acıdı .
Ancaq qərarını vermək üçün tələsmədi. Qoy bir neçə gün də keçsin, tam əmin olandan sonra uşaqlardan hansı razılıq versə onu əlimizlə aparıb Zibaya təhvil verərik. Amma uşaqlar heç biri razılıq verməsə günah məndən getdi. Kiminsə xətrinə övladımın xiffət çəkməsinə əsla razı olmaram. Hətta , bu onların dost- doğma bibisi olsa belə.
Bir neçə gün keçdi. Saranın gizli verdiyi qərardan xəbərdar olmayan Süleyman evdə oturub fikirli - fikirli yemək yeyirdi. Bu zaman kiçik oğlu gəlib ortancıl qardaşı Zahidin evdən qaçdığını söylədi. Tikəsi yazıq Süleymanın boğazında qaldı. Bir qurtum su içib təlaşla soruşdu;
-Hara, ay bala?
-Ata, sən anama bizim birimizi Ziba bibiyə verək deyəndə, Zahid eşidib. Anam razı olmadığına görə özü onun yanına gedib.
Süleymanın başına elə bil bir qaynar qazan su tökdülər. Əlini dizinə vurub stola çökdü və başını tutaraq dedi;
- Bu nə vaxt olub? Siz haradan bildiniz? Bəs ananız, bilirmi, o da?
Yazıq uşaq atasının verdiyi sullardan qorxuya düşüb gözlərini döydü.
Süleyman həyəcanlandı, Zahid ki, hələ uşaqdır. Cəmi səkkiz yaşı var. O ,evdən təkbaşına çıxmayıb heç vaxt. Yalnız məktəb yolunu tanıyir. O da evlərinə çox yaxın olduğu üçün.
Süleyman başı alovlu Saranın yanına gedəndə onun titrəyən əlində tutduğu məktubu oxuduğunu gördü. Sara məktubu oxuyub bitirdi deyəsən. Çünki, onu əlindən dizinin üstünə salanda gözlərini bir nöqtəyə zilləyib dayanmışdı. Ağappaq olmuş sifətində donuq bir ifadə əks olunmuşdu.
Süleyman onun qarşısında diz çökdü,çiyinlərindən tutub silkələdi. Sonra bir damcı da qan qalmamış sifətinə bir sillə çəkdi. Sillə Saranı ayıltdı. O, hönkür- hönkür ağlamağa başladı, sonra zarıya- zarıya dedi;
-Bütün günahlar məndədir, elə həmin gecə qərar vermişdim ki, uşaqlardan hansı istəsə onu aparıb verək Zibaya.
Allah məni cəzalandırdı, Süleyman. Mən gərək həmin an sənə yox deməyəydim. Zibanın sınıq qəlbini sevindirmək nə qədər savab iş olacaqdı!
Allahım balamı Zibaya bağışla. Sağ-salamat aparım əlini onun əlinə verim, - deyə Sara əllərini göyə uzatdı.
Süleyman məktubu götürüb oxudu. Zahid aydın xətlə yazdığı məktubu anasına ünvanlamışdı. "Ana, atamla etdiyiniz söhbəti eşitdim. Mən Ziba bibimin yanına gedirəm. Onu tək qoymaram. Sərxan əmi cəbhədə bizi qoruyub. Mən də bibimi qoruyacam. Məni qaytarmaq üçün gəlmə. Onsuz da qayıtmayacam."
Süleyman heyrətdə idi. Təəccüblə dedi;
-Səkkiz yaşlı bir uşaq belə bir məktubu necə yaza bilər, axı?
Kiçik oğlu Zahir barmağını böyük qardaşına tuşlayıb dedi;
-O, kömək elədi. Birlikdə fikirləşib yazdılar.
Bayaqdan başını yerə dikib susan Zakir irəli yeriyib dedi;
-Kömək elədim. Çünki özüm getmək istəyirdim. Amma gördüm ki, Zahid Ziba bibimi məndən çox istəyir...
Riqqətdən gözləri yaşarmış Süleyman Zakiri qucaqlayıb dedi;
-Mənim düşüncəli balalarım, siz ikiniz də bibinizi məndən də çox istəyirsiniz!
Sara günahkar gözlərlə onlara baxıb dedi;
-İndi bunları danışmağın yeri deyil! Onu tapmaq lazımdır.
Süleyman elə bil indi ayıldı. Otağın yuxarı başındakı telefona tərəf qaçdı. Amma əlini telefona atan anda zəng gəldi. O, dəstəyi qaldırdı. Telefonda Zibanın ağlar səsini eşidəndə başına hava gəldi. Həyəcanla;
-Ziba, -dedi,- niyə ağlayırsan? Zahid sizə gəlibmi?
-Süleyman,onu milis idarəsinə gətiriblər,mənim oğlum olduğunu söyləyib. Amma, mənim əlimdə onun metirkası olmalıdır. Öz pasportumla..
Süleyman onun sözünü kəsdi;
-Aydındır, Ziba, mən indi gəlirəm.
Süleyman sənədləri götürmək üçün paltar dolabının üst gözündəki kiçik qutunu endirdi.
Sara həyəcanla o birisi otaqdan ona səsləndi;
-Məni də gözlə, əynimi dəyişib gəlirəm.
Sara tələsik Zahidin paltarlarından bir neçəsini və məktəbli çantasını yığdı. Onlar yola çıxanda Zakirlə Zahiri anasıgilə qoymağı belə unutdular. Uşaqlar evdə tək qaldıqları üçün qətiyyən qorxmadılar. Onlar ikisi də qapıya söykənib qardaşlarının arxasınca dedən valideynlərinə qürurla baxırdılar.
Süleymangil milis idarəsinə çatıb Zahidi yeni ünvanına apardılar.
Ziba çox sevinirdi. İndi o tək deyildi. Onun oğlu var idi!
Ziba ilə Zahid bir- birinə tez isinişdi. Ziba onu oğulluğa götürdü.
Zahid ll Qarabağ müharibəsinə könüllü gedəndə artıq onun beş yaşında bir oğlu var idi. Ziba çox yalvardı;
-Getmə, oğlum, -dedi, -atan da könüllü getdi, amma qayıtmadı. Sənə bir şey olsa mən neyləyərəm?
Zahid dedi;
-Qorxma, ana, mənə bir şey olmaz ,atamın yerində Sərxan var. Mənə bir şey olsa əgər, Zahid gələcək yerimə. İkinci nəvən!
Ziba başını qaldırıb gəlinin üzünə baxdı. Və onun allanmış yanaqlarına azca ləkə düşdüyünü indi gördü. İrəli yeriyib Zahidin boynunu qucaqladı . Gözlərindən axan yaş oğlunun yaxasını islatdı. İçini çəkə- çəkə dedi;
-Elə demə, anan qurban, sənə bir şey olsa, ölərəm mən. Sənə gələn mənə gəlsin,oğlum!
Allah ermənilərə lənət eləsin!
Allahım, bütün balalar evinə sağ-salamat gəlsin, mənimki də içində.
Zahid getdi. Zibanın da, gəlininin də ürəyini özüylə apardı. Onlar hər gün televezorun qarşısında oturub cəbhə xəbərlərini izləyirdilər. Zahid də evdəkiləri xəbərsiz buraxmırdı. İki- üç gündən bir zəng vurub şad xəbərlərlə onları sevindirirdi.
Zahid elə danışırdı ki, elə bil müharibədə deyil toy- bayramda idi.
Ancaq onların olduğu döyüş bölgələrində vəziyyət ağır idi. Çətinliklə irəliləyirdilər. Dağlıq ərazilərin çoxusunda yüksəkliklər düşmənlərin əlində idi. 27- 28 illik işgal müddətində düşmən güclü istehkamlar qurmuşdu. Onları çox çıtinliklə ələ keçirirdi ordumuz.
Zahid bir dəfə yaralandı. Yarası ağır olmadığı üçün bir neçə gün müalicə alıb təkrar səngərə qayıtdı.
Havalar soyumağa başlamışdı. Gecələr, hətta ,şaxta düşürdü.
Müharibənin həm son, həm də ən ağır günləri idi. Döyüşün ən qızğın vaxtında Zahid ağır yara aldı. Ancaq o, səsini çıxarmadı. Yoldaşlarına mane olmamaq üçün yaralandığını hiss elətdirmədi. Cəsur əsgərlərimiz çətinliklə də olsa irəliləyirdilər.
Zahid yarasından axan qanı dayandırmağı bacarmadı. Ağrı ona imkan vermədi. Keçdiyi döyüş yolunu gözləri önünə gətirdi. Nə qədər düşmən əsgər və zabitini öldürmüşdü. Neçəsini hətta əlləriylə boğmüşdu. Döyüş yoldaşlarının heç birində qorxu hissi yox idi. Elə bil öldürməkdən, qisas almaqdan başqa gözlərinə heç nə görünmürdü hücüm əmri alanda. O zamanlarda hərə bir qəhrəman idi. Hamı aslan kimi vuruşurdu. Az qalmışdı, lap az. Tezliklə ordumuzun zəfər çalacağına inanırdı Zahid. Onun həm də ətrini duyurdu. Xarı bülbül qoxuyurdu hər tərəf.
Zahid düz iki gün ölümlə çarpışdı. Artıq gözləri qaralır, nəfəs alması çətinləşirdi. Bircə şey düşünürdü;" Yaxşı oldu, atamın, atam kimi minlərlə oğulların qisasını almaqda mənim də payım oldu.
Ziba anama verdiyim sözü yerinə yetirdim. Dilbərə tapşırmışam ki, oğlumuz olsa adını Zahid qoysun. Sərxan və Zahid! Yeni əsgərlər yetişəcək . Neçə ki, düşmən var, ayıq olmalıyıq..."
Zahid artıq ağrı hiss eləmirdi. Get - gedə şüuru da onu tərk edirdi...
Bir həftə sonra əsgərlər onu tapanda artıq Zahidi tanımaq çətin idi.
Zibanın qara taleyi yenə onun yaxasından yapışdı. Yalnız bir gün ah- nalə elədi. O da oğlunun qara tabutunu görəndə. İki gün şok vəziyyətində oldu. Yalnız bircə şey düşünürdü. Qara da olsa taleyinin onunla bu qədər amansız rətar eləməyə gücü çatmaz!
Amma, atalar yaxşı deyib, sən saydığını say, gör fələk nə sayır!

Müharibə bitəndən dörd ay sonra Ziba işləyən xəstəxananın qarşısı qələbəlik idi. Balaca Zahidi xəstəxanadan çıxarmağa onlarla maşın gəlmişdi.
Gəlini qucağında körpə pillələrdə görünəndə Ziba onların qarşısına çıxdı. Nəvəsini bağrına basdı, amma içinə oğlunun ətrini çəkdi.
Maşın karvanı Şəhidlər Xiyabanına üz tutdu.
Şəhidlər Xiyabanında ata ilə oğulun görüşünü seyr edən hər kəs ağlayırdı...


Rəna Abdullayeva
24.04.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: