Sözünü tutan oğru

Sözünü tutan oğru Bütün dövrlərdə dünyanın keçmişi gələcək zamanla müqayisə edilib, o ki var şəninə təriflər yağdırılıb. İndi bizim bəyənmədiyimiz, içində yaşadığımız zamanəmizi də nə zamansa gələcək nəsillər öz dövrləri ilə müqayisə edib ya şirin-şirin tərifləyəcək. ya da ki yana-yana lənətləyəcək. Tarixən belə yaşanıb, belə də davam edəcək. Nədən ki, elə nəql edəcəyimiz olay da ötmüş bir neçə on illiklər dövründə baş vermişdi. İndi həmin olayı xatırlayıb, keçmiş oğruların belə necə mərd olduqlarını tərifləyib, haqq qazandırırıq.

Sərdarın işi vardı deyə, bir günlük təcili şəhərə getmişdi. O, vaxt itirmədən işlərini həll edib, geri – kəndinə döndü. Xoruz banından azacıq keçmişdi ki, evinə çatdı və elə həmin anda Xallı inəyinə baş çəkmək üçün tövləyə getdi. Qapını açmaq istədikdə, bir kağız parçasının qapıya yapışdırıldığını gördü. Kağızı qoparıb o üzünə bu üzünə baxdıqda, əyri-üyrü bir xəttlə nə isə yazıldığını gördü. Tələsik yazının sonuna nəzər saldı və Hümbət adı gözünə sataşan kimi kişinin ele bil başına bir qazan qaynar su əndərdin. Sərdar havalanmış kimi cəld bir hərəkətlə tövlənin qapısını zərblə açıb içəri boylandı. Xallı inək yerində idi və başı təzə tər otu yeməyə qarışmışdı. Sərdar azacıq özünə gəlsə də, ona ünvanlanan məktubu alacalanmış gözlərinin qaçaraq gilələri ilə tələm-tələsik axıracan oxudu. Onu elə bir həyacan bürüdü ki, özündən asılı olmayaraq var boğazı ilə, - Səməngül!!! Səməngül!!! – deyə bağırmağa başladı.
- Bıy, başıma xeyir, gəlib çıxıb?! Səhərin gözü açılmamış, başı batmış necə bağırır ey! Axır qonum-qonşu bunun çığırtısından zinhara gəlib, bir gün kənddən köcəcək! - deyə Səməngül yuxudan hövlnak oyanıb deyinməyə başladı.
- Az səninlə deyiləm?!
- A kişi nə olub?! Səhərin gözü açılmamış səsini başına niyə atmısan?
- Belə canına dərd olub! Belə boğma olub! Tez ol bura gəl! İnəyi aparacaqlardılar ey! Qırılasınız sizi elə! Yatanda ölü kimi yatırsınız!
- Nə sərsəmləyirsən, ay başı batmış! – deyə Səməngül özünü yüyürək tövləyə saldı. – Ay kişi, inək tövlədədir ki! Bu boyda inəyi görmürsən? Vallah, bu kişinin qocaldıqca ağlı qaçır deyəsən.
- Sərsəmləmə, arvad! Yox, bu qurumsaq gec-tez inəyi oğurlayacaq!
- Kim, ay bəd xəbər? Ə, bir yavaş danışsana. Qonşular oyandıki. İndi bu saat kəndə xəbər yayılacaq ki, deməyəsən Sərdarın inəyini oğurlayıblar. Biabır olduq bu camaatın içində! Bəsdir də!
- Arvad bilmədiyin şeyi danışma! Bax hələ! Mənə bir sicilləmə məktub da yazıb, yapışdırıblar tövlənin qapısına.
- Allah sən saxla! Nə məktub, ay kişi?!
- Məktub də! Bilmirsən məktub nədir?
- Ver bəri görüm, nə məktubdur, nə yazıblar!-deyə Səməngül məktubu dartıb ərinin əlindən aldı və hıqqana-hıqqana oxumağa başladı. – “Gecən xeyir, Sərdar. Necəsən? Yəqin kefin sazdı. Amma mənim bu məktubumu oxuyandan sonra, kefinə göz çıxardan bir acı soğan doğranacağına əminəm. Hə qardaş, gəlmişdim Xınalını aparam. Aparacaydım da! Amma baxdım ki, özün evdə yoxsan, arvad-uşaq da ki div yuxusuna gedib. Fikirləşdim ki, bu heç kişilikdən deyil. Adımı bədnam eyləyə bilmərəm. Sonra kənd əhli ağız-ağıza verib deyəcək ki, bəs deməzsənmi evin kişisi evdə yox, Hümbət qağa da arvad-uşaq yatdığı yerdə Sərdarın inəyini oğurlayıb. Ağlın indiki zamanın cılız-mılız oğrularına getməsin. Dədə-baba oğruları şərəflərini həmişə qoruyub, qağa! Əsil oğru, başı yaylıqlıdan, uşaq-muşaqdan oğurluq etməz. Sən özün evdə olsaydın, bax bu başqa məsələ idi. İndə qağa, şərtimiz şərtdir. İnəyini möhkəm qoru. Hə, bir də nə deyəcəm sənə, inəyin qabağında nə otu var, nə də suyu. Bir az ot, bir vedrə də su qoydum ki, birdən inəyin gecə susaması gələr. Xallıya yaxşı baxın ki, ətini tökməsin. Qabırğaları sananan inək kara gəlməz, qağa. Hələlik salamat qal. Hörmətlə Hümbət.”
Məktubu oxuyub bitirən Səməngül ayaqları əsə-əsə tövlənin qarşısındakı kötüyün üstündə güclə əyləşə bildi. Əllərini dizlərinə dirəyib altdan yuxarı ərinə tərs-tərs baxıb, hikkə ilə soruşdu:
- Nə şərt kəsmisən ə, bu oğru Hümbərlə?
Hələ də toxtamayan Sərdarın nitqi qurumuşdu. Oğru Hümbət inəyi aparsaydı, bəlkə də ona bu qədər təsir etməzdi ki, amma yazdığı məktub onun közdə qızardılmış ət kimi damla-damla cızdağını çıxarırdı.
- Sənnənəm ey! Cavab versənə!
- Arvad dinmə! Dilimin bəlasına düşmüşəm.
- Sənin dilin elə həmişə başına bəla açıb. Nə şərti bağlamısan onunla, ay dili qurumuş?
- Qarğış eləmə mənə! Heç bir günahım yoxdur. Bir günahım oldu ki, bu qurumsaqla zarafat elədim. Nə biləydim ki, dilim başıma bəla açacaq? Çayxanada oturmuşduq. Söz inək oğurluğundan düşdü. Oğru Hümmet köpək oğlu dedi ki, gözüm bir inəyə düşdüsə, mənimdir. Yerin deşiyindən də olsa, onu tapıb apararam. Mən dili yanmış da dedim ki, sən ancaq əfəllərin inəyini oğurlaya bilərsən. Mənim inəyimi aparanın yeddi başı olmalıdır. O da dedi ki, çox da sinənə döymə. O allı inəyini elə apararam ki, heç ruhun da xəbər tutmaz. İstəyirsən mərc gələk.
- Dedim ki, gəl gələk. Əgər apara bilməsən, bir quzu alacam səndən. O da dedi ki, mən razı, amma əgər aparsam inəyin mənə halaldır. Söz? Dedim. – Söz! Camaat da şahiddir.
- Ay sənin kişi başın batsın, Sərdar!
- Arvad ağzını dağıtma! Alaram indi səni ayağımın altına!
- Əlindən bundan başqa nə gəlir ki, ay sənin gözün çıxsın. Bir inəyin ümidinə qalmışdıq, onu da bağışlayarsan oğru Hümbətə?!
- Hümbətin canı üçün. Ay apardı ha!

Sərdar bu sözü desə də, ürəyində bir xof vardı. “ Bu elə fırıldaq köpək oğludu ki, aparacam deyibsə, yəqin aparacaq. Mən gərək işimi ehtiyatlı tutam”
- Arvad, aparmağına apara bilməyəcək. Amma gərək biz gözümüz dörd açaq. İnəyi başsız qoymayaq. Eşitdin nə dedim?
İçindən qovrulan Səməngül yana- yana, -– bilsəydim, samovarı da qaynadıb hazır qoyardım tövlədə. Hümbət bəy gələndə mürəbbəli bir çay içib gedərdi. -deyib, yerindən fırlananaraq qalxdı və əsəbi halda evə keçib, soyumuş yatağına uzandı. Ərinin hoqqalarından zinhara gəldiyinə dodaqlarının altında deyindi, - Başına özün boyda daş düşsün. Sərdar! Canımızı boğazımıza yığmısan! Bu sözləri Sərdar eşitmədi. Eşitsəydi, mütləq bir dava-dalaş salacaqdı.
Sərdar inəyini necə qoruyacağı ətrafında çox götür-qoy etdi. Axırda belə qərara gəldi ki, inəyi naxıra qatmasın. “Hümbət elə vələduznadır ki. çobanın gözünü yayındırıb, inəyi oğurlaya bilər. Ən yaxşısı Xallını zəncirləmək və tövlədən çölə buraxmamaq lazımdır. Hərdən hava alması üçün, həyət – bacada gəzintiyə çıxarılsa yetər”. Sərdar belə də etdi. İnəyin ayaqlarını qalın zəncirlə sarıyıb, qıfıla bənd etdi.
Bu minvalla altı ay idi ki, əsir edilmiş yazıq inək zəncir altında yemlənib, suyunu içirdi. Sərdar da hər dəfə tövlənin qapısını açanda özündən biixtiyar bərk təlaş keçirirdi. İnəyini bağlı halda yerində gördükdən sonra isə arxayınlaşır, dərindən nəfəs alaraq sakitləşirdi.
Amma bir gün... Səməngül demişkən: - Qara gələydi həmin gün! Adəti üzrə Sərdar səhər obaşdan tövlənin qapısını açanda min voltluq cərəyan vurmuş kimi yerindəcə donub qaldı. Zəncirə möhkəm - möhkəm bənd olmuş Xallı yeni doğulmuş balası ilə birlikdə, elə zəncirli-zaddı yox olmuşdu. Bu dəfə Sərdar bərkdən bağırıb Səməngülü çağıra bilmədi. Çünki, ayaqüstə dayanmağa taqəti qalmadı. Tövlənin qapısı ağzındaca torpağa çöküb, ayaqlarını uzatdı. Bir xeyli keçdikdən sonra, özünə gəldi, - İnək necə yox ola bilər? Mümkün deyil, - deyə fikir onu apardı: - Yaxşı qapı bayırdan qıfılla bağlı. Heç açan olmayıb. Bəs bu inək hara uçdu? Zəncirlər də yox. Güc bəla ilə yerdən qalxan Sərdar tövlənin içini o baş-bu başa gəzdi. Nə dörd divar arasında, nə də ki tavanda bir siçan dəliyi belə tapa bilmədi. Sərdar lap başını itirdi. – Bu nə sirdir, Allahım?
Kişidən səs-səmir çıxmadığını görən Səməngül tövləyə gəldikdə Xınalını görmədi. Matdım-matdım ərinin üzünə boylandıqda gördü ki, Sərdarın rəngi bəmbəyazdır. Məsələnin nə yerdə olduğunu anladı. – Niyə gözlərini döyüb qalıbsan? Kim aparacaq? O canı yanmış, o anası vayına oturmiş oğru Hümbət! – deyib inəyin bağlandığı yerə tərəf gəlmişdi ki, qəfldən arvad qeyb oldu. Sərdar tez irəli cumanda tövlənin ortasında yekə bir oyuq açıldığını gördü.. Səməngüldə otla üstü basdırılmış həmin oyuğun içinə düşmüşdü. Sərdar bir təhər arvadı dartıb ordan çıxartdıqdan sonra, özü yenidən oyuğa düşüb ərtafa göz gəzdirdi. İçəri qaranlıq olduğundan əvvəl bir şey anlamadı. Oyuğun kənarlarınıı əliylə yoxlayanda bir də gördü ki. ey dili qafil, yerin altı ilə əməlli-başlı qazıntı işi aparılıb, böyük bir lağım açılıb. Sərdar bu gizli yolla öskürəkdən boğula-boğula nə az, nə çox bir saatdan artıq yol getdi. Nəhayət lağımın sonuna çatanda başını ehtiyatla bayıra çıxardı və kiminsə həyətəinə gəlib çatdığını anladı. Bir az da ətrafa göz gəzdirib, - görəsən kimin həyətidir? – deyə düşünürdü ki, birdən gözünə ağaca bağlanmış Xınalı sataşdı. Danası da böyründə atılıb düşürdü. Elə bu zaman hələ də key kimi gözlərini döyən Sərdar ona tərəf bir əlin uzandığını gördü:
- Belə səni xoş gəlmisən, Sərdar qağa. Ver əlini, kişi, çıxardım səni. Biliriəm çox yol gəlmisən. Yəqin yorulmusan,
Hümbətin səsini eşidən Sərdarın ağlı tamamən başından uçdu. Hirsindən bütün bədəni lərzəyə gəldi. Elə istəyirdi ki ağzını açıb, Hümbətin abrını ətəyinə büksün, bu vaxt Hümbət onu anlayıb, dava-dalaşın düşməməsi üçün tələsik dedi:
- Sərdar qağa. şərtimiz vardı axı, unutma! Kişi sözü danışmışıq. Sözümüz sözdür! Ver əlini çıxardım səni.
Əlacsız qalan Sərdar dişinin dibindəkiləri özünə zor gələrək sıxıb uddu və əlini Hümbətə sarı uzatdı. Hümbət onun qolundan tutub baxçada qoyulmuş masaya sarı apardı.
- Gəl səhər-səhər bir pürrəngi çay içək. Belə şeylər olur. Fikir vermə. Amma öz aramızdı, Xallını yaxşı saxlamısan. Maşallah! Hələ bir yanında danası da var.
Sərdar Hümbətin istehzalı sözlərindən için-için alovlansa da, işin işdən keçdiyini anlamışdı. Amma yenə özünü saxlaya bilməyib dedi:
- Səninlə dana danışmamışıq!
- Bəs neyləyəydim, qağa? Südəmər dananı da gətirməliydim də. Deyirsən, yəni balası acından ölsün?
Nümbətin arvadı dodaqaltı qımışa-qımışa xoruz quyruğu çayları gətirib masanın üstünə düzüb, uzaqlaşdı. Elə bu vaxt Hümbət yerindən qalxıb qonşusu Eyvazı səslədi.:
- Eyvaz, keç bizə. Səhər-səhər kəkotulu, ətirli çayla aran necədir?
Heç beş dəqiqə keçməmiş Eyvaz da gəldi. Sərdar anladı kı, Hümbət Eyvazı boş yerə çağırmır. Sözünün üstündə necə durduğunun aləmə car çəkilməsi üçün, ona şahid lazımdır. Hümbət hey gülürdü. Kefi çox kök idi.
- Sərdar qağa, vallah. heç incimə. Nə yolla olur-olsun inəyini aparmalıydım. Eşitdim ki, inəyi zəncirləyib qıfıllamısan, açarını da cibində gəzdirirsən. Sözümü tutmaq üçün bir çarə tapmalıydım. Ya yox? Sözünü tutmayan kişi adam deyil ki?! Axır ki, çarəsini tapdım. Ölənlərimizin goru haqqı. düz beş aydır, həyətimdən sənin tövlənin içinə lağım atıram. Demək olar ki, kəndin bu başından, o biri başına. Balaca iş deyil ey. Belimin, kürəklərimin ağrısından hələ də düzələ bilmirəm. İndi Xallı mənimdir, ya yox? Halal eyləyirsənmi?
Sərdara elə gəldi ki, ona elə bir divan tutublar, innən sonra çətin özünə gələ. Daha çox fikirləşməyin yeri olmadığını görüb, başını bulayaraq dedi:
- Daha nə sözüm olacaq, Hümbət?! Şərt kəsmişik. İnək sənindir. Halalın olsun!
- Ay sənin qadan alım, qağa. Mən ölüm ki, kişi adamsan! Bir kişi ki sözünü tutmadı, inan ondan adamlıq gözləmə. Kim olursan ol ey, adam ol, mərd ol. Sözünü tut! Düzdür camaat mənə oğru deyir. Bilirəm, yaxşı iş deyil. Amma mənim heç bir zaman kasıb-kusubun malıyla işim olmayıb. Bəlkə düz demirəm, qağa? Nə isə... Bu öz yerində. İndi ki, sən də kişi kimi sözünü tutdun, halal malını, Xallını deyirəm ey, apar bağla tövlənə. Əsas məsələ, hər ikimizin bir kişi kimi sözümüzün üstündə durmağımız idi. Onu da camaatımıza sübut etdik. Daha həm sən, həm də mən başımızı dik tutub el içinə çıxa bilərik!

Esmira ŞÜKÜROVA


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr

"HEYRANAM" - iki dost şairin MƏKTUBLAŞMASI

Poeziya, Başkeçid, Qabal, Diaspora
Hümbət Məmməd oğlu: MARALLAR (Novella)

Hümbət Məmməd oğlu: MARALLAR (Novella)

"Ümid", Bolus
Tanış olun: SƏRDAR QABALLI

Tanış olun: SƏRDAR QABALLI

Qabal
Meyxoş Abdullah:

Meyxoş Abdullah: "Gecə qapısı döyülən qadın..." (hekayə)

Nəsr, Müsabiqə
SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİ

SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİ

Qabal, Mədəd Çobanov, Müşfiq Borçalı, Rusiya
İmam CƏMİLLİ: SƏDAQƏT  (Hekayə)

İmam CƏMİLLİ: SƏDAQƏT (Hekayə)

Nəsr
ALLAH RƏHMƏT ELƏSİN, SƏRDAR QABALLI!..

ALLAH RƏHMƏT ELƏSİN, SƏRDAR QABALLI!..

Qabal, Nekroloqlar
Ziyadxan Sərdar:

Ziyadxan Sərdar: "Taleyi yüz qollu dastan..."

"Ümid", Poeziya, Bolus
Xəyyam NƏBİYEV:

Xəyyam NƏBİYEV: "Sözün qurtardığı yer... və yaxud: Allah bəndələrini sevir ...

Nəsr, Müsabiqə, Köşə yazılar
Aynur Nəbili - Urus dili (Hekayə)

Aynur Nəbili - Urus dili (Hekayə)

"Şərqin səsi", Nəsr, Müsabiqə
Rəna Abdullayeva:

Rəna Abdullayeva: "DİQQƏT!.. İLK DAYANACAQ ŞƏHİDLƏR XİYABANI, İLK GÖRÜŞ AT ...

Nəsr, Müsabiqə
Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Nəsr, Müsabiqə
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Dərya Qılıc:

Dərya Qılıc: "SÖNMÜŞ OCAQ" (Hekayə)

Nəsr, Müsabiqə
Rəna Qurbanlı Qılıcova:

Rəna Qurbanlı Qılıcova: "TOVUZUM!"

Müsabiqə
Nailə MİRZƏYEVA:

Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)

AzTU, Nəsr
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğ ...

Ədəbi tənqid, UNUTSAQ, UNUDULARIQ!....
Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI”   (Tarixi hekayə)

Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI” (Tarixi hekayə)

Bədii Tərcümə, Müsabiqə
İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

Dramaturgiya
Rəy yazın: