İLDIRIM ƏLİŞOĞLU (1950)

İLDIRIM ƏLİŞOĞLU (1950)İldiriım Əliş oğlu Qəhrəmanov - 1950-ci il aprelin 1-də
Ağdam rayonunda dünyaya göz açıb.
1984-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(indiki ADPU-nun) tarix fakültəsində təhsil alıb.
Uzun müddət Yevlax rayonunun Aran qəsəbəsindəki
1 saylı orta məktəbdə müəllim işləyib.
Hələ gənclik illərindən poeziya aşiqidir.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.
Bir neçə dəfə Fəxri fərman, mükafat və diplomlarla təltif olunub.


Biz də İldırım müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Firəngiz İBADOVA,
"Borçalı" nəşriyyatının redaktoru
ZiM.Az



Bağışla məni, AĞDAMIM...

Dağılmış evlərinin
altında qalıb gənclyim.
Qanla yuyulub
Sevgim hopub qalan görüş yerim...
Çətin
bu yad təpiyiylə
murdarlanmış küçələrə
hesabat verim...
Üşüyə-üşüyə şütüyən Qarqar belə
üzümə baxmır,
Bu çay
Fredimin, Allahverdi bəyimin
Xəyallarını daşıyır, axmır...
Bu adlarını unutmuş,
yolları pozulmuş küçələr
daşlarını
başıma çalır,
Mənə-mən fərsiz oğula
göz yaşlarını
Bu yaralı,
Bu qolları kəsilmış şəhərə
tökmək qalır...
7.01.2021.


Bizəmi bənzəyir bu külək?..

Bu külək nə gündüz, nə gecə bilir,
Bunun dincəlməyə yaytağımı yox?
Elə qapı güdür, pəncərə döyür,
Başıni soxmağa otağımı yox?

Baxmır nə əkmisən,atır mitilin,
Üzür boğazını fağır şitilin,
Tanrım nədən qoyub ğücün, fitilin,
Buna "dur" deyəsi hodağımı yox?

Yoxsa,biz insanlar kəsib ətini,
Seçmir nə yaxşını, nə də kütünü.
Hirslə,çığırtıyla çalır fitini,
Həzin nəğmələrə dodağımı yox?

Sudan bezənlərə yağış ötürür,
Xeyirli buludu qovub ititir,
Sevən ağaclara vüsal gətirir,
Dualar eşidən qulağımı yox?

Haqqını tapdayıb yeyəni də var,
Hərdənbir öyəni,söyəni də var,
"Adla külək gəlsin" deyəni də var,
Tükü tükdən seçən dalağımı yox?

Dənizdən,qurudan tutur yükünü,
Bircə uca dağlar çəkir ipini,
Bölgəni bəyənmir, seçir Bakını,
"Qəlbi kürsülərə" yolağımı var?
09.06.2021.

***

Sevinc özgə meşəsinə,
Qəm mənim talama gəldi.
Ümidim elə doğrandı,
Göz yaşım salama gəldi...

Taleyimi biçən kimdi?
Sevgi verib, vüsal kəmdi,
Bir də gördüm,ömür təndi,
Qalan yol dolama gəldi.

İldırım, bu nə qəhətlik?
Ceyran belindədir mərdlik,
Məndən yan keçir xoşəxtlik,
Bəlkə, o, balama gəldi?


Digah

Dağları qayasız, meşəsizdilər,
Quşları "avara", "peşəsizdilər,
Demə, sakinləri nəşəsizdilər,
Dodaqlarındakı fiti "Segah"dı-
Bura Digahdı.

Yolunun bəzəyi şamdı,çinardı,
Zeytunun yazmasam,məni qınardı,
Xəzrisi buz kimi,dağı Yanardı ,
Nəslimiz daş qoyan yerdi-gorgahdı-
Bura Digahdı.

Evləri baş-başa, çiyin-çiyinə,
Küçələr darısqal,düşür düyünə,
Tərs çixıb şəhərin boş hay-küyünə,
Əzəldən dincliyə, nura qonaxdı-
Bura Digahdı.

Nə yaxşılıq əksən burda bitəndi,
Pisliyə sipərdi, dərdə çətəndi,
Oğulları bilir, öncə Vətəndi,
Hərb vaxtı hər evi bir ordugahdı-
Bura Digahdı.

Kəsib düşmən əlin,nə vaxt uzandı,
Şəhidi xalqına tarix yazandı,
Ən gözəl,ən uca səsi azandı,
Tanrıya sevgisi bizə agahdı-
Bura Digahdı !
Bura... Digahdı!!!
16.04.2021.


YOXDU Kİ...

Dağlarım qəmlisə orda,
Gəzməyə üzüm yoxdu ki...
Dərdə dərman bir otun da
Əzməyə üzüm yoxdu ki...

Utannam
Arazdan, Kürdən,
Keçirlər keçilməz yerdən,
Nakam ŞƏHİDİN qəbrindən,
Yazmağa üzüm yoxdu ki...

Günahlar içimi yeyir,
Şər dinir, kiriyir xeyir.
Əzrail günümü sayır,.
Pozmsğa üzüm yoxdu ki...

Talandı, yurdum talandı,
Gorum odlara qalandı.
Yolumun sonu dalandı,
Yozmağa üzüm yoxdu ki...

İndi balam silahdadı,
Bilir çox işim saxtadı.
Yaxşı ki ÜMİD taxtdadı
Üzməyə... üzüm, yoxdu ki !
Üzməyə... üzüm yoxdu ki...
23.05. 2016.


"Son zəng"

Bu zəngdə qəlbimin kədər yükləri,
Sevincli notları ilişıb qalıb.
Bu səsin iziylə on bir il öncə,
Ürəyim bu evə bir cığır salıb.

İllərim dolaşmış ilmələr kimi,
Dağılıb otaqlar,siniflər boyu.
Könlü səksəkəli kiçik bir uşaq,
Böyüyüb buğdalar, iynələr boyu.

Sığal da görmüşəm, danlaq da burda,
Olub ki,yolumu azmışam hərdən.
Özüm elədiyim dəcəllikləri,
Özgənin adına yazmışam hərdən.

Divlə "vuruşmuşam" cırtdanlar kimi,
"Qırmızıpapaqlar" saçımı yolub.
Bir "Ağ atlı oğlan" olmağım üçün,
Ağsaçlı müəllimlər ustadım olub.

***

Bir ovuc darıtək səpildik bura,
Hər küncdə, bucaqda dəcəllik bitdi.
Əlimiz gəncliyə salam verməmiş,
Bilmədik, uşaqlıq hayana getdi...

Bir az asta çalın bu zəngi hələ,
Şəhid məzunların ruhu yatmayır.
Onsuz da eşitmir dərdli Kəlbəcər,
Onsuz da Laçına bu səs çatmayır.

Divlər xorna çəkir quyu dibində,
Orda Qarabağın alması qalıb.
Son zəngin yerinə bir cəngi çalın,
Hamnın Koroğlu olması qalıb.

Görürəm anamın gözləri dolub,
Qoy gedim başımı əyim önündə.
Son zəngi çaldıran müəllimlərin də,
Səcdəsinə durum, öpüm əlindən!
22.05.2001.


Qoşma...

Ömrümün üstündən saldığın yolda,
Deyəsən, mənim bir izim qalmayıb.
Baxışın yönünü dəyişdirəndən,
Qəlbimi oxşayan yazım qalmayıb.

Səndə duyğuların ayarımı yox,
Daşdırmı ürəyin,duyarımı yox,
İnssfa çağıran uyarımı yox,
Cəlladsan,danmağa lüzum qalmayıb.

Özün yönəltmişdin əlini mənə,
Dərdirdin sevginin gülünü mənə,
Göstər ayrılığın yolunu mənə,
Məndə axtarmağa dözüm qalmayıb.

Hara çevrilirəm,gözün üstümdə,
Bayğın ədaların ,nazın üstümdə,
Ətrin,istiliyin,izin üstümdə,
Ocaqdım,söndürdün, közüm qalmayıb.

Ağrının,acınının özəli məndə,
Yığılıb dərdlərin gözəli məndə,
Bu sevda alındı məzəli məndə,
Yazmağa, İldırım, sözüm qalmayıb...
27.04.2021.


QƏZƏL

Sevirəm, bil, səni mən canımın öz canı kimi,
Axırsan damarımda,qəlbimin al qanı kimi.


De haradan almış idin,boylə gücün sevdanın ,
Dağıdır bu köksümü nəhr burulğanı kimi.

Nə vaxt ki,al yanağın üstə toxunur dodağım,
Dinir o, məhəbbətin kamanı, arqanı kimi...

Eşitdim,qorxudursan, eşqinə düçar olanı,
Olublar dünyanın ən fərqli qırılqanı kimi.

Bəlkə, bir "qatil" imiş,hər baxışın canlar alıb,
Köksünün altı olub,sevənlər kurqanı kimi.

İnciməz, qəmzən oxu min yol dələ İldırımı,
Biləcəklər ki, gedib, məhəbbət qurbanı kimi!..


Borçalılara...

Sənəmi, Tellisi, Butası varsa,
Bitməz Borçalının sədası, Vallah!
Bassan qapı zəngin, "Sarıtel" çalar,
Yurd deyil, "Ozanlar odası", Vallah!

Ordan ərənlərin xəyalı baxır,
Alazan, Dəli Kür içimə axır.
Kimdi bu Darvazlı, ürəklər yaxır
Dolur gözlərimin didəsi, Vallah.

Sözdən biçilibdi, bu elin donu,
Bir mizrab vurulsa, coşacaq qanı,
Vaxtsız koç eyləyən Zəlimxan hanı?
Ölüb şerimizin Dədəsi, Vallah.

Qəlbimdə taxt qurub Saraclı Hüseyn,
Məni ağlatmasın, Dursuna deyin.
Adını çəkməsəm, Qəzənfər bəyin,
Olar İldırımın xatası, Vallah!
16.06.2018.

İLDIRIM ƏLİŞOĞLU (1950)Şair dostum Qəzənfər Məsimoğluna...

Bu nə səfər idi Borçalı səmtə,
Səni ələ verən iz qoymamısan.
Getdin bu havalar yaman qarışdı,
Bəlkə, addımını düz qoymamısan?

Adam var, gözündən oxundu şübhə,
Adam var,dönmüşdü çəkilməz tipə.
Adam var,yuxusu qalmışdı sübhə,
Kiminsə kefinə duz qoymamısan?

Bilirəm,odlayır səni tər sinə,
Hələ ortasında bir az tər sinə,
Orada küləklər əsir tərsinə,
Uman ürəklərə buz qoymamısan?

Bağrına basdımı səni o ellər?
Nağıl söylədimi sevdiyin güllər?
Dolub boşaldımı yenə o dilbər?
Arxanca ağlayan göz qoymamısan?

İldırım aşiqdi dağlarda yaza,
Zirvəyə söykənə,meşədə aza,
Bir möhür vurmusan şeirə,saza,
Bizə əsir düşən söz qoymamısan!..
05.08.2017.


Qəzənfər Məsimoğlunun cavabı:

Ş E İ R İ N

Şair dostum İldırım Qəhrəmanova...

Ay özü İldırım, sözü ildırım,
Gücünü Tanrıdan aldı şeirin.
Xəbərin yoxdursa deyim, bildirim,
Pətəkdən süzülən baldı şeirin.

Bəmdə sızlayırdım, zilə gətirdi,
Təşnə arıları gülə gətirdi,
Mənimtək dinməzi dilə gətirdi,
Sən elə bilmə ki, laldı şeirin.

İncə sığalını çəkib öz əlin,
Beyti axırındı, bəndi əzəlin.
Dodaqları püstə olan gözəlin
Yanağında qara xaldı şeirin.

Bu nə ucalıqdı, bu nə boy-biçim?
Misra- misra coşub qaynadı içim.
İstədim ötəri oxuyum, keçim,
Qəlbimdə ömürlük qaldı şeirin.

Ucalar ulduzlar çıxan yerədək,
Şimşək gürüldayıb çaxan yerədək.
Şair İldırımdan Qəzənfərədək
Möhtəşəm bir körpü saldı şeirin.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: