Fərqanə MƏHYƏDDİNQIZInın ŞEİRLƏRİ

Fərqanə MƏHYƏDDİNQIZInın ŞEİRLƏRİ Əhmədova Fərqanə Məhyəd­din qı­zı - 1979-cu il iyulun 5-də Go­ran­boy rayonunda ziyalı ailəsində ana­dan olub. Orta təhsilini Go­ran­boyda al­dıqdan sonra, M.F.Axun­dov adına Azərbaycan Dövlət Pedo­qoji Rus dili və Ədəbiyyatı İnsti­tu­tu­nun rus dili və ədəbiyyatı ixtisasına da­xil olub və hə­min institutun tam kur­su­nu bitirib.
3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işlə­yib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu ye­ni­dən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.
4 il vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnsti­tu­tun­da (indiki Bakı Slavyan Universi­tetində) işlədikdən sonra, əmək fəa­liy­­yətini AzMIU-nun əvvəl­cə Azərbaycan və rus dili kafed­ra­sın­da davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir.
Eyni za­manda “F-5” kanalının təsisçisi və rəhbəridir.
Bir övladı var.
Şeirləri, elmi və publisistik məqalə­lə­ri müxtəlif mətbuat or­qanlarında və ədəbi-bədii, elmi-pub­li­sis­tik məcmuələrdə dərc olu­­nub.

Biz də Fərqanə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda də­yərli oxucularımıza böyük məmnuniyyətlə onun bir neçə şeirini təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



AY ANA

Sənsiz bahar ömrüm yaman solubdur,
Gözlərim həsrətdən yaşla dolubdur,
Səninçün ürəyim qübar olubdur,
Hardasan, ay ana, de harda?

Hə vaxtdır çəkmirsən sığal telimə,
Xar qonub çəməndə qönçə gülümə,
Yaman həsrət qalıb bəmim zilimə,
Hardasan, ay ana, de harda?

Səni soruşuram ötən illərdən,
Soruram keçən aydan gündən,
Ətrini alıram əkdiyin güllərdən,
Hardasan, ay ana, de harda?

Sənə yetişməyə həvəsdəyəm mən,
Ağıyla köklənmiş bir bəstəyəm mən,
Karvanın yüklənib, yol üstəyəm mən,
Hardasan, ay ana, de harda?

Tapmıram, iz düşüb izin üstə,
Torpaq pərdə çəkib, izin üstə,
Qoy gəlim, baş qoyum dizinin üstə,
Hardasan, ay ana, de hazırda?


ŞAGİRD YOLDAŞLARIMA!

Qaytarın şagirdlik illərimi siz,
O, ötən illəri qaytarın bir də.
Bir də o çağlari, görsəm biliniz,
Ölmərəm yaşaram neçə əsir də.

Arzu da, istək də o illərdədi,
Gənçliyin hökmü də bağlanmış ona.
Yadigar ürəkdə söz dillərdədi,
Ömür hey düşsə də gündə bir dona.

Şagird yoldaşlarım! Gəlin yığışın,
Uşaqlıq illərindən bir söhbət açaq.
Birgə keçdiyimiz hər yayın, qışın,
Adına söz deyək, bir mahnı qoşaq.

Gəlin xatırlayaq ötən günləri,
Şirin xatirədi hər şadlıq, hər qəm.
Bax sizsiz gəzirəm o şən günləri,
Gəzirəm həsrətlə əlimdə qələm.


SON GÖRÜŞ

Ayrılırsan ala gözlü dilbərim,
Qoy dillənsin danışmayan dil, barı!
Yaralıdı dağ çəkilmiş ürəyim,
Qoy süzülsün ala gözdən sel, barı!

Qoy doyunca baxım alma üzünə,
Qəlbimi fəth edən ala gözünə,
Qulaq asım qəlb odlayan sözünə,
Külək vursun, qoy oynasin tel, barı!

Ürəyimi didir keçir baxışlar,
Həsrətliyə yolmu açır baxışlar?
Qüssə, kədər odu saçır baxışlar,
Dərd içində yandım axı, gül, barı!

Həsrətinə dözə bilmir ürəyim,
Sənsiz hec həyat da olmaz gərəyim.
Ümidsizəm baş tutmadı diləyim,
Gözlə bir az başa catsin il, barı!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: