DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PƏRVANƏ XANIM ZALAMLI!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PƏRVANƏ XANIM ZALAMLI!.. TƏBRİK EDİRİK!..

Bu gün - mayın 13-ü "ZiM.Az" və "Zirve.info" saytlarının, eləcə də, "Borçalı" nəşriyyatının və "Şərqin səsi" qəzetinin Qəbələ rayonu üzrə xüsusi nümayəndəsi, Qəbələ rayonundakı Zalam kənd tam orta məktəbinin qabaqcıl müəllimi, istedadlı qələm sahibi, tanınmış şairə-jurnalist, "Qızıl Qələm" Media mükafatı laureatı Pərvanə xanım Ağayevanın doğum günüdür.

Çox hörmətli Pərvanə xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, pedaqoji və ictimai fəaliyyətində, həmçinin, ədəbi-bədii yaradıclığında yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



Pərvanə İsmət qızı Ağayeva (Zalamlı) -
1977-ci il mayın 13-də Qəbələ rayonunun Zalam kəndində anadan olub.
1994-cü ildə həmin kənddəki orta məktəbin on birinci sinfini müvəffəqiyyətlə bitirib və Bakı Mədəni Maairif Texnikumuna daxil olub. Həmin texnikumun kitabxanaçılıq fakültəsini bitirdikdən sonra isə müəllimlik peşəsinə hədsiz marağı olduğundan təhsilini davam etdirmək üçün Ağdaş Pedoqoji Texnikumunun ibtidai metodika fakültəsinə daxil olub. 2000-ci ildə həmin fakültəni əla qiymətlərlə başa vurub və Zalam kənd tam orta məktəbində pedoqoji fəaliyyətə başlayıb. Hazırda da elə həmin məktəbdə pedaqoji fəaliyyətini şərəflə davam etdirir.
Pərvanə xanım həm də bədii yaradıcılıqla da məşqul olur.
Poeziyaya həvəs onun qəlbində elə uşaq yaşlarından baş qaldırıb, gənclik illərində isə daha da pərvazlanıb. Yaradıcılığında vətənpərvər mövzular daha çox üstünlük təşkil edir.
Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı", "Ləlvər dağı", "Şah dağı" poeziya antologiyalarında, həmçinin, "Poeziya çələngi", "Rəvan" "Buta" ədəbi məcmuələrdə, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, eləcə də, "ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında dərc olunub.

"Sayrışan ulduzlar" adlı ilk şeirlər kitabı isə 2020-ci ildə “Borçalı” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.
2021-ci ildə "Qızıl qələm" Media Mükafatı laureatı adına layiq görülüb.

Pərvanə xanlmın on beşə qədər şeirinə musiqilər bəstələnib. “Poladım”, “Qələbə bizimdir”, “Gizlicə ağlayan qadın” və s. mahnıları hazırda dillər əzbəridir.
Ailəlidir. 2 övladı – bir oğlu, bir qızı var.
Onu da qeyd edək ki, Pərvanə xanımın yaradıcılığına həyat yoldaşı hörmətli Cavid Hacıyev və anası Nazimə xanım həmişə mənəvi dəstək olub.
Biz də bir daha Pərvanə xanıma yeni-yeni uğurlar arzulayırıq
və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

TALEYİM DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PƏRVANƏ XANIM ZALAMLI!..

Şeş qoşa tuşladım, dönüb yek oldu,
Badəmi qaldırdım zəhərlə doldu.
Bir meh arzuladım saçımı yoldu,
Gül olub qönçədə soldu taleyim.

Uzaq, quzeylərdə bitdi bənövşəm,
Bükərək boynunu itdi bənövşəm.
Görəsən bəs hara getdi bənövşəm?
Ətirsiz bənövşə oldi taleyim.

Dağların başını duman, çən aldı,
Kədərim dil açdı, sevinc qocaldı.
Kamına yetərək həsrət ucaldı,
Acı göz yaşıyla boldu taleyim.

Zər ziba dilədim əlim qaldı boş,
Çöhrəmə iz saldı gözdən axan yaş.
Ömür, gün də keçir hey yavaş- yavaş,
Qəmdən naxışını saldı taleyim.

Tutmuşdum əlindən gedirdim qoşa,
Nədən addımlarım toxundu daşa?
Onsuz necə vurum mən ömrü başa?
Niyə onu məndən aldı taleyim?
16.01.2021.

BƏNÖVŞƏM DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PƏRVANƏ XANIM ZALAMLI!..

Açıldın çöllərdə tək-tənha yalqız,
De səni küsdürdü hansı insafsız?
Dərdin nədir sənin, bilim bənövşəm,
Mənim boynubükük gülüm bənövşəm.

Sənə yaraşırdı sıldırım dağlar,
Yamyaşıl çəmənlər, yamyaşıl bağlar.
Nədən kol dibində səssizcə ağlar?
Sənə nəğmə qoşar dilim bənövşəm,
Mənim boynubükük gülüm bənövşəm.

Ətrin çox gözəldi güllərdən sənin,
Səsin, sədan gəlir ellərdən sənin.
Gözəl adın düşmür dillərdən sənin,
Sənsiz qəmgin keçər ilim bənövşəm,
Mənim boynubükük gülüm bənövşəm.

Qaldır bükük boynunu gülümsə mənə,
Xoş ətrin yayılsın çölə, çəmənə.
Sevindir , şadlandır qəlbimi yenə,
Gözünün yaşını silim bənövşəm,
Mənim boynubükük gülüm bənövşəm.

Yüz çiçək açsa da səni araram,
Mehrimi tək sənə, sənə salaram.
Sevinib ürəkdən mehman olaram,
Dərməyə qıymaz səni əlim bənövşəm
Mənim boynubükük gülüm bənövşəm.

De hansı həsrətdən boynun bükülüb?
Niyə qəmli gözün yerə dikilib?
Söylə qəlbin başı nədən sökülüb?
Çağır, məni çağır gəlim bənövşəm,
Mənim boynubükük gülüm bənövşəm.
26.02.2021.


SƏN BİZİMSƏN

Qarabağım,
Sinədağım,
Qəm ocağım,
Sən bizimsən.

Qov. namərdi,
Qalsın mərdi.
Vətən dərdi,
Sən bizimsən.

Xarı bülbül,
Qəm yeyir dil.
Keçsə də il,
Sən bizimsən.

Gələr bahar,
Bitər qəhər.
Nurlu səhər,
Sən bizimsən.
29.10.2020.


HARA GETMİSƏN?

Yuxulardamı qaldın?
Xəyallarınmı oldun?
Ya güllər kimi soldun?
Gülüm, hara getmisən?

Ya buluda qoşuldun?
Gözlərimdə yaş oldun,
Qəməmi sirdaş oldun?
Gülüm hara getmisən?

Bəlkə batan ay oldun,
Dönüksüzə tay oldun,
Qəlbimdə haray oldun.
Gülüm, hara getmisən?

Vəfalı sirdaş idin,
Ömürə yoldaş idin.
Gözüm üstə qaş idin,
Gülüm, hara getmisən?.

Unutmaz səni qəlbim,
Səndin mənim təsəllim.
Hardasan söylə gəlim,
Gülüm hara getmisən?
8.02.2021.


DUYMAĞIM GƏLİR

Bir günahsız körpə olub təzədən,
Anamın ətrindən doymağım gəlir.
Alnımı söykəyib isti köksünə,
Başımı çiyninə qoymağım gəlir.

Çəkib ciyərimə ana nəfəsin,
Eşidib hənirin, o can kəlməsin.
Hərdən danlamağın, sözün, tənəsin,
Şirin xəyal kimi duymağım gəlir.

Çalardı laylasın həzin, ahəstə,
Necə hikmət vardı bu doğma səsdə.
Ağlayıb kiriyib qolları üstə,
Sehrli nağıla uymağım gəlir.

Hərdən əllərimə tikan batanda,
Hərdən ağlayardım gecə yatanda.
Anamın ömrünə kədər qatanda,
Özüm öz gözümü oymağım gəlir.

Bəlkə duman idi qəfil çəkildi?
Bəlkə xoş dünyama leysan töküldü?
Analı sarayım nədən söküldü?
O xoşbəxt günləri saymağım gəlir.
22.02.2021.


QALMIŞAM SƏNSİZ

Axtardım tapmadım səni dünyada,
Gəl yuxulara gəl, görüm röyada.
Ürəyim əsirdi bu doğma ada,
De dağlar qalarmı dumansız, çənsiz,
Hara getdin gülüm, qalmışam sənsiz!

Geniş dünya mənə dar bir qəfəsdi,
Getdin həsrətin də səbrimi kəsdi.
Qəlbimdə səslənən o doğma səsdi,
Gül necə yaşasın çölsüz-çəmənsiz?
Hara getdin gülüm, qalmışam sənsiz!

Əksini köçürdüm ulduza, aya,
Keçir günlər sənsiz hey saya-saya.
Gəl gülüm, gəl ömrüm yetiş haraya,
De çöllər olarmı nəğməsiz, səssiz,
Hara getdin gülüm, qalmışam sənsiz.!
25.02.2021


DAĞ VÜQARLI SƏNƏTKAR

Alixan Yahyaoğluna

Dəyərli dost tanımışam cahanda,
Nur təki parlayıb bu asimanda.
Düzgün yol göstərər sisdə, dumanda,
Uca zirvələrtək başı qarlıdı,
Alixan Yahyaoğlu dağ vüqarlıdı.

Sinəsi çeşmətək qaynayıb, daşan,
Adı ölkələri gəzib, dolaşan,
Yazdığı əsərlər sərhədlər aşan,
Sözləri bəhrəli, xoş nübarlıdı,
Alixan Yahyaoğlu dağ vüqarlıdı.

Halal zəhmətiylə ömür eyləyən,
Dilində dualar, alqış söyləyən,
Kimsəni qırmayan, xətrə dəyməyən,
Zəhmətkeş insandı, əl qabarlıdı,
Alixan Yahyaoğlu dağ vüqarlıdı.

Şeirdən, qəzəldən xəzinəsi var,
Sözləri dəryatək çağlayar daşar,
Nə dövlət arzular, nə yolun çaşar,
Sinəsi söhbətli, kaman, tarlıdı,
Alixan Yahyaoğlu dağ vüqarlıdı.
10.03.2021.


KİMİSƏN

Etibarım yoxdu sənə,
Əsən küləklər kimisən.
Dəyişən ruzigar misal,
Dolu ələklər kimisən.

Məhv eylədin arzuları,
Yağdırdın leysanı, qarı,
Unutdun əhdi, ilqarı,
Hiylə - kələklər kimisən.

Nərgizmisən, ya qızılgül,
Nədən ötməz bağda bülbül?
Küsüb səndən qəmli könül,
Sınmış dirəklər kimisən.

Vəfa, inam deyil sənlik,
Qalmadı qəlbimdə şənlik.
Eşqin oldu bircə günlük,
Lap kəpənəklər kimisən.

Ey bivəfa, söylə nədən,
Sevmədin məni binədən,
Həsrətindən ölüb bədən,
Solmuş çiçəklər kimisən.

Kül eylədin közlərimi,
Yolda qoydun gözlərimi.
Qar örtübdü izlərini,
Zülfi ipəklər kimisən.
6.03.2021.


OLARMIŞ

Dəli kimi sevən qəlbim,
Birdən-birə daş olarmış.
Oxu sınmış kaman kimi,
Kədərə yoldaş olarmış.

Dönüb nifrət ocağına,.
Lənət deyib hər çağına.
Gülü solmuş qəm bağına,
Ömürlük sirdaş olarmış.

Vəfasızın nəzərində,
Qəm libası üzərində.
Mərhəmətsiz bazarında,
Çıxan gözə qaş olarmış.

Güldürməyib ağladanda,
Dərddən sinə dağladanda,
Qəm buketi bağladanda,
Gözlərində yaş olarmış.

Bəxt bildiyin sayanacan,
Ürəyini oyanacan.
Qəmdən yeyib doyanacan,
Düyüsüz bir aş olarmış.

Ömrüm, günüm, amanatım,
Sevincim, toyum, büsatım.
Kədərsiz, xoşbəxt həyatım,
Deyirəm ki kaş olarmış.
40.3.2021.


OĞLUM

Yaxşı ol kişilər içində seçil,
Hər yerə çömçə tək soxulma oğlum.
Aldanma dövlətə, şana, şöhrətə,
Nəfsin girdabında boğulma oğlum.

Başını uca tut aldanma heç vaxt,
Əlindən çıxacaq sərvət, tacu_taxt.
Harama meylini yadından çıxart,
Namərd kölgəsində sıxılma oğlum.

Satqınlıq eyləmə, mərdlik yolu seç,
Dedyin hər sözü yüz dəfə ölç, biç.
İçdiyin suyu da üfürübən iç,
Naxələf zərbiylə yıxılma oğlum.

Ağıldan kamil ol bir insan kimi,
Dəyişmə hər dəfə bu dövran kimi.
Şux dayan əyilmə bir kaman kimi,
Nizə tək qəlblərə taxılma oğlum.

İnsan unutmasın nəslini gərək,
Nakəsdən gözləmə nəbadə kömək.
Zəhərə dönəcək verdiyi çörək,
Alışıb, odlara yaxılma oğlum.

Dinlə Pərvanənin nəsihətini,
İtirmə can oğul əziyyətini.
Kimsə bilməsə də xasiyyətini,
Qapaz tək başıma çaxılma oğlum.

Pərvanə ZALAMLI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: