HÜQUQŞÜNAS-ŞAİR ƏDALƏT ƏROĞLU (1966)

HÜQUQŞÜNAS-ŞAİR ƏDALƏT ƏROĞLU (1966) Ədalət Əroğlu (Ədalət İzzət oğlu Qafarov) - 16 aprel 1966-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub.
1973-1983-cü illərdə doğulduğu kənd orta məktəbində təhsil alıb. Sonra Sumqayıt şəhərindəki 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olub. 1984-cü ildə Hərbi xidmətə çağrılıb.
1986-cı il mayın 10-da Hərbi xidməti bitirərək Sumqayıt şəhərində 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlayıb. Fəhlə işləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib.
02 sentyabr 1994-cü ildən Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlayıb.
1998-ci ildən Məhkəmə İclas katibi (Hakim köməkçisi) vəzifəsində çalışıb. 01 dekabr 2000-ci ildən həmin vəzifədən öz xahişi ilə azad olunub.
10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib.
14 noyabr 2007-ci ildən “İZZƏT” MMC-nin təsisçisidir.
Hazırda “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktor vəzifəsində çalışır.
Ailəlidir 3 övlad atasıdır. Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı Hüquqşünas olaraq hər kəsə-özündən böyüklərə və öz yaşıdlarına hörmət, kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.
Milli Məclis və Bələdiyyə seçkilərində qeydiyyatdan keçərək namizəd olmuşdur.
“Qızıl Qələm” Media Mükafatı Laureatıdır.
AJB-nin üzvü, “Yurd” jurnalının və “XX ƏSR, Ədalətli iş, düzgün söz” qəzetinin redaktorudur.
“İçimizdə yurd adlı yaramız var” şeirlər kitabının müəllifidir.
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Birliyin Rəhbəridir.
“Mənim Vətənim”, “Dünya yalan dünyadı”, “Zirvəyə doğru”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşaldı dünya”, “Qeyrətdən gələn haray” poeziya antologiyalarında və dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar çap olunmuş “Göyərçin əllər” poetik toplusunda, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı çap olunmuş “CAHANA SIĞMARAM” almanaxının I və II hissəsində, “Yurd” Jurnalında, “Ədalət yolu”, “Sabaha İnamla” qəzetlərində bir neçə şeirləri, “Azərbaycan Gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “İdeal Market” “Gündəm xəbər”, “Sabaha inamla” qəzetlərində məqalələri işıqüzü görüb.
Bir çox internet portallarda - “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, "ZiM.Az", "Zirve-info", “Qərib.az”, “Manevr.az” “Pressaz.az” “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az” və s. saytlarda onlarla şeirləri və kiçik məqalələri dərc olunub.
“XX-XXI Əsrin Yaradıcı İnsanları və Ziyalıları”, “Xan Çinarın Yetirmələri” kitablarının yaradıcı heyətinin üzvüdür.
Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxış edib.

Biz də Ədalət Əroğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Tahirə QARABAĞLI,
ZiM.Az


AL-QAN İÇİNDƏDİR TORPAĞIM, DAŞIM

İşğal olub yurdum, zəhərdir aşım,
Şəhid olubdular, qohum, qardaşım,
Axır gözlərimdən acı göz yaşım.
Al-qan içindədir, torpağım, daşım.

Döyüşür əsgərlər, oyanır Vətən,
Şəhid qanı ilə boyanır Vətən,
Poladlar çiynində dayanır, Vətən,
Al-qan içindədir, torpağım, daşım.

Dilbilməz cahildir, düşməndir yağı.
Dağıdıb yurdumu, o cənnət bağı,
Unuda bilmərik, biz Qarabağı,
Al-qan içindədir, torpağım, daşım.

Faciələr gördük, dözdük, qardaşlar,
Şəhidlərim yurda olub sirdaşlar,
Düşmən quduzlaşıb, kəsmir savaşlar,
Al-qan içindədir, torpağım, daşım.

Əsgərim əyilməz, güclüdür Ordum,
Əsir qala bilməz, mənim o yurdum.
Ürəyimdə nifrət, döyüşə durdum.
Al-qan içindədir, torpağım, daşım.

Dözmək olmur, bu alova, bu közə,
Baxa da bilmirəm ağlayan gözə,
Əroğlu ağrıya, de necə dözə?
Al-qan içindədir, torpağım, daşım.


NƏ İDİ

Qarabağ əsirdir, dözürəm, qağa,
Yollar bağlanıbdı, dönübdür dağa,
Düşmənin başına göydən daş yağa,
Bilməzdim bu acı, qəhər nə idi.

Bülbüllər oxuyub, dövrə vurardı,
Cəh-cəh nəğmələri qəlbə dolardı,
Elimdə hər zaman toylar olardı,
Bilməzdim bu acı, qəhər nə idi.

Bir zaman öz elim, obam var idi,
Anam da, Xalam da, hamı sağ idi,
Əmim də, dayım da bir dayaq idi,
Bilməzdim bu acı, qəhər nə idi.

Ədalət, yaşayıb gəldin bu çağa,
Qocalıb dönmüsən körpə uşağa,
Gözümün yaşı da quruyub daha
Bilməzdim bu acı, qəhər nə idi.


ƏDALƏTİN HARAYI

Ədalətəm, səsləyirəm sizləri,
Ruhum gəzir, o dağları, düzləri,
Arxa olun, bükülməsin dizləri,
Gülsün yenə xalqımızın üzləri.

Qarabağım haraylayır bizləri,
Dəyişibdir yurdumuzun izləri,
Dağıdıblar imarəti, küzləri,
Təmizləyək, o murdar ilbizləri.

Məzarlarım soraqlayır bizləri,
Su verilmir, quruyub nərgizləri,
Yatmayaq biz, axtaraq evsizləri,
Sevinsin ruhları, gülsün üzləri.

Yurda köçək, ömür keçsin yüzləri,
Dağ başına qaldıracam sizləri,
Dostlar bulaq üstə vursun “yüzləri”,
Xoşa gəlsin Ədalətin sözləri.


NƏ XOŞDUR...

(Millət Vəkillərinə ithaf edirəm)


Nə xoşdur seçilə, Millət Vəkili!
Sevilib xalqına bir yoldaş ola.
Millətin arzusun, istək diləyin,
Çiynində gəzdirən bir sirdaş ola.

Nə xoşdur seçilə, Millət Vəkili!
Vətənə layiqli vətəndaş ola.
Millətin yolunda çıxa haqq yola
Vətənin yolunda torpaq, daş ola,

Nə xoşdur seçilə, Millət Vəkili!
Düşünə həmişə vətən, torpağı,
Sevə ölkəsini, ola dayağı,
Ucalda göylərə, haqqı, bayrağı.

Nə xoşdur seçilə, Millət Vəkili!
Hifz edə, qoruya, dərdli kəsini,
Tanrıya çatdıra o haqq səsini,
Verə töhfəsini, öz müjdəsini.

Nə xoşdur seçilə, Millət Vəkili!
Dünyaya baxışı ədalət ola,
Ürəyində insaf, səxavət ola,
Sözünü deməyə cəsarət ola.

Nə xoşdur seçilə, Millət Vəkili!
Başını əyməyə özgə bir xalqa,
Rəbbimdən güc ala, o qalxa-qalxa.
Hər kəs onu sevə, ucala, qalxa.

Nə xoşdur seçilə, Millət Vəkili!
Kənardan bir anlıq özünə baxa,
Dərdilinin üzünə, gözünə baxa,
Dinləyə oduna, közünə baxa.

Nə xoşdur seçilə, Millət Vəkili!
İsidə qəlbləri söz ocağıyla,
Aləmə nur saça öz qucağıyla.
Bəhrəsini verə bar ağacıyla.

Nə xoşdur seçilə, Millət Vəkili!
Ədalət aynası ola şəkili.
Milləti verməyə yola, Vəkili,
Gücünü millətdən ala Vəkili.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: