Gülarə Fazilqızı (1975): "GENERAL SEVGİLƏR"

Gülarə Fazilqızı (1975): "GENERAL SEVGİLƏR" Gülarə Fazil qızı Hacıyeva - 1975- ci ildə
Lənkəran rayonunun Xolmili kəndində
anadan olub.
İlk təhsilini Xolmili kənd orta məktəbində alıb.
1992-ci ildə orta məktəbi bitirib və ADPU-nun
filologiya (dil-ədəbiyyat) fakültəsinə (qiyabi) daxil olub.
1993-cü ildə Lənkəran şəhər Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində 8 saylı məktəbdə dərnək müəllimi, 1994-cü ildən isə Lənkəran rayon Şürük kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir.
Eyni zamanda, Lənkəran şəhərində fəaliyyət göstərən Elm Tədris Akademiyasında dil-ədəbiyyat fənnlərini tədris edir.
Abituriyent hazırlığı fəaliyyətini davam etdirir və bədii qiraətlə də məşğul olur.
Ailəlidir. Üç övladı var.

Gülarə xanım bədii yaradıcılığa orta məktəb illərindən başlayıb.
İlk şeiri 20 Yanvar şəhidlərinə həsr etdiyi kiçik bir bayatı olub:

Əzizim, gül ələndi,
Göylərdən gül ələndi.
Mərd oğullar meydanda,
Günahsız güllələndi.


2000-ci ildə Lənkəran şəhərində gözəl şair İltifat Salehin rəhbərlik etdiyi şairlər məclisində iştirak edib.
"ŞƏFƏQ" jurnalında ara-sıra şeirləri dərc olunub.

Gülarə Fazilqızı (1975): "GENERAL SEVGİLƏR" Biz də Gülarə xanıma
şəxsi həyatında,
pedoqoji fəaliyyətində və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayır
və aşağıda onun
bir neçə şeirini
dəyərli izləyicilərimizə
təqdim edirik!..


ZiM.Az



General sevgilər

General sevgilər silahlanaraq,
Vətən harayına döyüşə gedir.
Bürünüb qeyrətin al bayrağına
Şuşa həsrətinə görüşə gedir.

General sevgilər çiçəklənərək,
Azadlıq eşqinə ətirlər saçır
General sevgilər qanadlanaraq
General eşqinə döyüşə qaçır.

General sevgilər bayrağa dönüb
Vətən göylərinə imzalar cızır.
Hopub buludların göz yaşlarına,
Vətən torpağına həsrətlə sızır.

General baxışlar gülümsəyərək
Qələbə sorağın ümüdlə gözlər.
General ümidlər nigaran qalıb,
Silaha çevrilsin dildəki sözlər.
16.09.2020


O məndə ölüm

Salam, nurüzlüm, salam əzizim.
Qəlbini aç çıxım gedim, üzülmə.
Gəldim ki, götürüm xatirələri
Yada salıb xoş anları üzülmə.

Mən o mən deyiləm, sıxılma daha.
Ümidlə addımla gələn sabaha.
Gəldim ki, qəlbini ovudam bir az
Sızlayan yaralar səngisin bir az.

Danışaq o şirin xatirələrdən,
Yenə də şeirlər yazaq,əzizim
Uzaq olaq qəmdən, kədərdən
Üşüsün qoy həsrət, yox olsun hicran.

Mən o mən deyiləm, biləsən bunu,
Sənsizlik böyütdü, dəyişdi məni.
Anladım, özümü, tanıdım səni,
Bitməz bir nağılın yoxuymuş sonu.

Gəldim ki, götürüm səni bu yerdən,
Üşümə təklikdən, solma, ay gülüm.
Ha gəzim, dolanım, bu dünyanı mən,
Yenə sən deyəcək yalançı dilim.

Getməyim bəhanə, gəlmişəm ki, mən,
O gözəl gözündə özümü görüm.
Görüm öz şəklimi, öz imzamı mən,
O mənə çevrilim, o məndə ölüm.
16.09.2020.


Bir ovuc Qarabağ

Bir ovuc Qarabağ almaq istədim,
Qələm coşa gəldi, döyüşə cumdu.
Misralar düzüldü, əsgərlər kimi,
Vuruşa yollandı mənim söz ordum.

Bir kəlmə Qarabağ çıxdı dilimdən,
Şuşam qollarını boynuma saldı.
Bir ümid boylandı doğma elimdən,
Xocalım ahını yoluma saldı.

Bir içim Qarabağ keçdi qəlbimdən,
Bulaqlar yaş süzdü ala gözündən.
Bülbüllər cəh-cəhlə oxudu Vətən!
Poladlar can qoydu, heç oldu bədən.

Bir çimdik Qarabağ düşsə ovcumdan,
Əyilər dünyanın haqq tərəzisi.
Bir içim Qarabağ şərbətin içsəm,
Sanaram bir ömür qələbəyəm mən.
11.09.2020.


Sən nə gözəl qorxumsan

Yoxluğumda var olan,
Varlığımda yox olan.
Getdiyində qəlbimi
Sarar cəhənnəm ətri.
Gəlişinlə gül açar
Şeirimin incə sətri.
Sən nə gözəl qorxumsan.

Mentalında atdığım,
Günahımda tutduğum,
Baxışında batdığım,
Ürəyimdə tutduğum,
Ən şirin bir arzumsan
Sən nə gözəl qorxumsan.

Eşq bağımda gül açan,
Qorxa- qorxa dil açan,
Xəyalıma yol açan,
Ümidlərə qol açan,
Qovuşduğum qorxumsan.
Sən nə gözəl qorxumsan.

Məni özümdən alan
Kamanın qəm simisən.
Sinəmi al qan edən
Şümşad qılınc kimisən,
Sən nə gözəl qorxumsan.

Ovcumdan uçub gedən
Qanadlı mələyimsən.
Başıma oyun açan
Tərsanə fələyimsən.
Könlümə tələ quran
Çarəsiz kələyimsən,
Sən nə gözəl qorxumsan.

Atəşinə yandığım
Odumsan, alovumsan.
Çıxıb getsən inan ki,
Başa bəla lovumsan.
Nişan alıb çaldığım
Həsrət,hiran ovumsan
Sən nə gözəl qorxumsan.

Köksüm altda gizlənən
Xəlvəti eşq dastanım,
Dilımdə cəh-cəh vuran
Nəğməli gülüstanım,
Sənə bağlı hər anım,
Dodağıma qonanım,
Sən nə gözəl qorxumsan.

Bəzən uzaq bir nağıl,
Yaxın bir söz kimisən.
Köksümü büryan edən
Alovlu köz kimisən.
Bəzən də qəm yağdıran
Həsrətli göz kimisən
Sən nə gözəl qorxumsan.

Gözümdə çiçək açıb
Xumar-xumar gülənim
Əl açıb dərgahına
Bircə kəlmə dilənim.
Gəl dərdimə əlac et
Ay dərdimi bilənim,
Sən nə gözəl qorxumsan.

Qorxuram ki,sağalar
İz açdığın yaralar.
Çilə hərdən göz yaşı
Təzələnsin yaralar.
Sənsiz gülməz günəşim,
Lalələrim saralar.
Sən nə gözəl qorxumsan.

Oğrayıb məni məndən,
Aşgarca çıxıb gedən.
Cinayətə baş əyib,
Səninlə gedən məndən
Əl üzdüyüm qorxumsan,
Sən nə gözəl qorxumsan,
Sən nə gözəl qorxumsan...
/25. 08.2020/

Vətən qızı

Ayağa dur, Vətən qızı.
Dilə gətir, telli sazı.
Vətənimə nəfəs gətir
Qoy güllənsin qışı, yazı.

Düşmən üstə coşan dəniz
Qala kimi silinməz iz,
Al əlinə silahını
Döyüşlərdə ol Mübariz!

Hicabını bayraq elə
Üzümüzü sən ağ elə
Ürəyini alışdırıb
Vətəninə çıraq elə.

Sərhəd tarı

Vətənimin köksündə
İnildəyən tarı var.
Nəğmə çalan simində
Qızılgülün xarı var.

İki qəlbin naləsi
Çalır bu qəmli tarı.
Qara xallı laləsi
Silir bu qəmli tarı.

Köklənib yurd qəlbinə
Qan ağlayır hər simi.
Kin bəslər sahibinə
Qıfıllı bir qul kimi.

Bu tar sərhəd tarıdır
Məftilləri qəm simi.
Ara pozan qarıdır
Bir gün sınar tilsimi.

Şəhid Sevgi

Kirpiyiylə ümidinə yol cızan,
Həsrətindən gözlərinə qan sızan,
Nəğməsi göylərdə oxunan azan,
Bir şəhid sevginin şahidiyəm mən.

Hicran zirvəsindən asılı qalan,
Xəyalda, nağılda dolaşıb qalan,
Ahlarıyla sevgisinə layla çalan,
Bir şəhid sevginin şahidiyəm mən.

Sevərək qisməti ayrılıq olan,
Gül kimi açılıb, gül kimi solan,
Həsrətdən qəlbinin telini yolan,
Bir şəhid sevginin şahidiyəm mən.

Ulduztək alışıb, ulduztək sönən,
Sevərək əbədi günəşə dönən,
Şəhidtək doğulub, şəhidtək ölən,
Bir şəhid sevginin şahidiyəm mən.

Məzarı ürəkdə, qəlbdə qazılan,
Laylası dillərdə ah dan sızılan,
Kəbini göylərdə qanla yazılan,
Bir şəhid sevginin şahidiyəm mən.

Durnalarsız gəldi bahar

Qoyub bizi intizarda
Durnalarsız gəldi bahar.
Bu dərd yazılıb harda?
Durnalarsız gəldi bahar.

Çiçəklidir dağı, daşı
Yurd salıbdı düdə yağı
Kim götürsün bəs bu dağı?
Durnalarsız gəldi bahar.

Oxşamayir heç bahara
Hey bürünür soyuq qara
Qarabağım geyib qara
Durnalarsız gəldi bahar.

Bahar eldən xəcalətli
Düşmən bizdən cəsarətli
Könül yolda,göz həsrətli,
Durnalarsız gəldi bahar.

Gülarədir haray çəkən
Bagçamızı kimdir əkən
Yuvaları bizdə ikən
Durnalarsız gəldi bahar.
/14.05.2001/

Gülarə FAZİLQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: