Hacan Hacısoy: "BORÇALI" (“Yurdum-yuvam...” poemasından bir parça)

Hacan Hacısoy: "BORÇALI" (“Yurdum-yuvam...” poemasından bir parça) Hacan Hacısoy (Hacan Qulu oğlu Hacıyev) -
1946-cı il martın 19-da qədim Qaraçöp mahalında -
indiki Gürcüstanın Kaxeti bölgəsindəki Saqareco rayonundakı
Keşəli kəndində dünyaya göz açıb.
1964-cü ildə Yor-Muğanlı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) Neft-Mədən fakultəsinə daxil olub.
1969-cu ildə ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra “Qaradağneft” Neft və Qazçıxarma İdarəsində operator, mühəndis kimi çalışıb.
1971-ci ildən əmək fəaliyyətini Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə Neft İnstitutunda davam etdirib.
1978-ci ildə qiyabi aspiranturaya daxil olub.

1979-1993-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

1982-ci ildə görkəmli alim, akademik A.Mirzəcanzadənin rəhbərliyi altında yazdığı dissertasiyanı uğurla müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

Hacan müəllim uzun müddət doğma Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) pedaqoji fəaliyyətlə məşğul olub, elmi seminarlarda mühazirələr oxuyub, elmi-tədqiqat işləri aparıb. Onun bir sıra tədqiqatlarının nəticələri neft sənayesində tətbiq olunub.

H.Hacıyev 1993-1996-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə neft və qazçıxarma İstehsalat Birliyin Dənizdə neft-qaz quyularının tədqiqi şöbəsində aparıcı mütəxəssis işləyib, müstəqilliyə qovuşmuş respublikamızın neft sənayesinin inkişafında qüvvə və bacarığını əsirgəməyib.

H.Hacıyev fəal ictimai xadim kimi də böyük nüfuz qazanıb. O, övladı olduğu torpağın Qaraçöpün sosial-iqtisadi və mədəni qayğılarına kömək məqsədilə 1989-cu ildə bu qrup həmfikri ilə birlikdə «Qaraçöp» Xeyriyyə Cəmiyyətini yaradıb və onun idarə heyətinin sədri seçilib.

H.Hacıyev 1996-2004-cü illərdə Azərbaycan Respublikasının Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri olub.

2002-ci ildən yenidən doğma ADNA-da (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) çalışır.
Evlidir – iki övladı var.

O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi və beynəlxalq nüfüzlu təşkilat olan Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professorudur.
Fövqəladə və Səlahiyyətli səfir rütbəsi var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib.

Hacan Hacısoy Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Beynəlxalq AtatürkYunus Əmrə mükafatları laureatıdır.
100-dən çox elmi məqalənin və 5 ədəbi-bədii kitabın və bir çox publisistik yazıların müəllifidir.
Elmi və publisist məqalələri Türkiyədə, İranda, Rusiya Federasiyasında, Almaniyada, Avstriyada da çap olunub.

"Yurdum-yuvam..." (şeirlər və poemlar, Bakı: Pedaqogika, 2011. 196 səh.), "Var ilə yoxun arası" (Şeirlər, Bakı: "Naksuana”nəşriyyatı, 2016, 160 səh.) və "Üçleme" (İstanbul, Azerbaycan Kültür Evi Yayınları, 2017, 343 səh.) adlı kitabları poeziya sevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Hacan Hacısoyun şeirləri bir çox ədəbi məmuələrdə və poeziya antologiyalarında, o cümlədən, Müşfiq Borçalının 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) kitabında, 5 cildlik "Zirvə" Poeziya antologiyasında (2017,2018), "Canım Azərbaycanım" ədəbi məcmuəsində (2020), "525-ci qəzet", "Ziya", "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "ZiM.Az", "Zirve.info" saytlarında da dərc olunub.

Biz də Hacan müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun “Yurdum-yuvam...” poemasından bir parçanı ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



BORÇALI
(“Yurdum-yuvam...” poemasından bir parça)


Borçalıya gedən yolda,
Bir keçid var – Sınıq körpü,
Əsrlərin yadigarı!
Onun altdan axıb gedir,
Xram çayı Kürə sarı.
Ərazimin ortasından keçən bu yol –
Milyonların ümid yolu, dilək yolu.
Ta qədimdən babalarım gedib-gələn,
Qitələri birləşdirən “İpək yolu”!
Sınıq körpü!..
Yerindəcə darmadağın edəm gərək
Mən bir mifi;
Guya onun məlum deyil,
Ya da başqa birisidir
İnşaçısı, müəllifi...

...On ikinci, on üçüncü yüzilliklər,
Tariximin “qızıl dövrü”!
Minnətdaram mən o dövrə!
O dövrdə qoyulubdur,
Neçə-neçə təməl daşı,
Möhkəm özül, daş bünövrə!
Azərbaycan dəf edirdi,
Hər çətini, hər müşkülü.
O dövrdə çox yüksəyə qalxmışdı,
Vətənimin intibahı,
Millətimin təşəkkülü!
Yurdumun hər guşəsində,
Nələr-nələr yaranırdı.
Ağla-beynə sığışmayan,
Xarüqələr yaranırdı!..
Ədəbiyyat, elm-sənət,
Təsərrüfat, mədəniyyət,
O dövrkü inkişafın zirvəsiydi.
Qoca şərqin hər yerində eşidilən,
Xaqaninin, Nizaminin gur səsiydi!
Vətənimin hüdudundan kənarda da,
Yüksək qiymət verilirdi
Əcəminin sənətinə.
Yaxın, uzaq baş əyirdi,
Bəhmənyarın şöhrətinə!
Yetişmişdi öz dövrünün,
Neçə alim filosofu, münəccimi.
Elm-sənət yollarında,
Parlayırdı
Hərəsi bir ulduz kimi!
Əməlləri yol açmışdı,
Ucalmışdı asimana.
Kainatın sirlərini öyrənirdi,
Marağada
Dahi Tusi yaratdığı Rəsədxana!
Qürur hissi keçirirəm,
Düşündükcə mən bunları.
Ölkəmdə kəşf olunurdu,
Yerin, göyün qanunları!..

Bütün bunlar,
Axırıncı hədd deyildi.
Hər sahədə sənətkarlıq,
Çeşid-çeşid, növ-növ idi.
Onda həiə Azərbaycan,
Güclü idi, bütöv idi!
Xram adlanan bu çay da,
Hələ sərhədd – sədd deyildi!..
Onda hələ,
Qoşulurdum öz köçümə
Yol gedirdim.
Onda hələ,
Öz içimdən öz içimə
Yol gedirdim.
Elm-sənət sahəsində,
Çox zirvələr fəth edilib alınmışdı.
Sınıq körpü bax o zaman salınmışdı!

Sahil dayaqlarındakı,
Yerləşgələr, gen otaqlar,
Üslubuma uyğun gələn,
Aşırımlar, çatma tağlar,
Görün nədən xəbər verir.
Mənim ulu keçmişimdən,
Tariximdən xəbər verir!
Memar babam öz əliylə,
Tikib onu, qurub onu.
Sənətimin tarixinə,
Möhür kimi vurub onu!
Bu bir böyük sənətkarın,
İnci işi, ləl işidi.
Adi gözlə baxsan belə görərsənki,
Bu iş mənim öz babamın əl işidi!
Sınıq körpü –
Həm körpüdür,
Həm memarlıq abidəsi.
Varlığımın
Qərinələr arxasından gələn səsi!
Bu abidə, o illərdən,
Bu günümə baxışımdı.
Sənətimin şöhrətini,
Təsdiq edən naxışımdı!
Tariximə nəzər salsan,
Bircə-bircə düşər yada;
Onun tayı Ərdəbildə,
Qaflanguhda, Marağada!
Onun tayı,
İki vətən arasında Xudafərin!
Daha mənim sözüm yoxdur,
Ona sahib çıxanlara səd afərin!
Sınıq körpü!..
O tay, bu tay – iki övlad,
Atası bir, anası bir.
Sınıq körpü!..
Sənin adın, mənim könlüm,
İkisinin mənası bir!

Qəm oxuyan qəm neyidi,
Bir millətin gileyidi!
Bir ölkənin taleyidi,
Sənin adın – mənim könlüm!

Dərd içində qəm yeməkdi,
Ayrılıq, həsrət deməkdi.
İki yerə bölünməkdi,
Sənin adın – mənim könlüm!

Sərt qayalar çapılarmı,
Dərdə dərman tapılarmı,
Görən bir gün yapılarmı?
Sınıq könül – mənim könlüm!..

* * *

Borçalım – anam mənim,
Qoy açım qollarımı,
Bağrıma basım səni!
Kimliyimi bildirən,
Tanınma nişanıtək,
Sinəmdən asım səni!
Köksümün altındakı,
Hənirti yeri sənsən.
Burnumun ucundakı,
Göynərti yeri sənsən.

Sən bir tamın paralanmış,
Ayrı düşmüş hissəsi.
Boğur məni bu həsrətin,
Bu möhnətın qüssəsi.
Bir nisgil var ürəyimdə –
Mən sinəsi dağlıyam.
Soruşurlar, min bir tellə,
Neçün sənə bağlıyam?!
Bu sualın cavabını,
Təkcə özüm bilirəm.
Cavab birdir: – çünki səni,
Cismimdə nəfəsim, canım,
Damarımda axan qanım,
Görən gözüm bilirəm!
Bu bağlılıq bir müqəddəs,
Ana mehrindən gəlir!
Bu bağlılıq göy üzündən,
Tanrı sehrindən gəlir!
Bu ülfəti dərk eləyib
Başa düşməz hər nadan.
Bu hisslərdir məni belə,
İçin-için ağladan.

Sərt rüzgarlar içində,
Qara günlər yaşayıb
Üz ağardan mahalım!
Şahtək məğrur dayanıb,
Şahanə duruşuyla,
Göz çıxardan mahalım!
Dil içində dilimi,
Din içində dinimi,
Qoruyub saxlayanım!
Yaşı min-min illəri,
Arxada qoyub – gəlib,
Bu günü haqlayanım!
Zaman qarışıq oldu,
Gözünlə od götürdün.
Məşəqqətlər içində,
Dözülməz həyat sürdün.
Tarixin təkərini,
İrəli aparanlar,
Nə məqsədlər güddülər?
Səni ortaya qoyub,
Hər tərəfdən diddilər!
Təkləndin tənha qaldın,
Elə hər zaman təkdin.
Şahla çar düz gəlmədi,
Ağrısını sən çəkdin.
Aralandın kökündən,
Can ürəkdən ayrıldı.
Sanki körpə bir uşaq,
Ömürlük yetim qaldı.
Aralandın kökündən,
Yolun niyə tək düşdü?
İşə bax ki sonradan,
Sənin də taleyinə,
Yarı bölünmək düşdü!
Ey aran, dağ Borçalı,
Yaxın, uzaq Borçalı!

Orda kişilər yaşar, –
Borçalı kişiləri,
El qeyrəti çəkənlər!
Cəsarəti, hünəri,
Düşmən gözü tökənlər!
O təmiz, alnıaçıq,
O üzüağ kişilər!
Elin arxalandığı,
Cüssəsi dağ kişilər!
Qarapapaq əsilli,
Qarapapaq kişilər!
Dalğatək şahə qalxıb,
Dəniztək çağlayanlar.
Mənim ulu xalqımın,
Milli dəyərlərini,
Qoruyub saxlayanlar!

Orda məktəblərim var, –
Borçalı məktəbləri.
Xalqıma xidmət edir,
Neçə illərdən bəri!
Döşündən verdiyi süd,
Halal ana südümüz.
Həm milli tərbiyəmiz,
Həm ata öyüdümüz!
Neçə-neçə dahilər,
Ordan ayaq açıblar.
Sonra bütün dünyaya,
Yanıb şölə saçıblar.
O müqəddəs məbədlər –
Əsl həyat məktəbi.
Mənəvi dünyamızın,
Mənəviyyat məktəbi!
Heç zaman soyumayan,
İsti ocaq daşıdır.
Yurdun şamı, çırağı,
Elin qan yaddaşıdır!

Borçalı məktəbləri –
Şirin ana laylası,
Ömrün ilk əlifbası.
“A” hərfiylə körpəmin,
Həyatında ilk dəfə,
“Ana” sözü yazması!

Borçalı məktəbləri –
Yurdda yurddaş səsidir,
Yurdun öz nəfəsidir.
Doğma ana dilimin,
Başqa dillər içində,
Varlıq ifadəsidir!

Borçalı məktəbləri –
Elin ağıl hikməti,
Xalqın bilik sərvəti.
Mənim övladlarımın,
Vətəndən kənarda da,
Vətənə məhəbbəti!

Borçalı məktəbləri –
Yurdun gülşən bağıdır,
Düşmənə göz dağıdır!
Vətənimdən başlayıb,
Vətənimə uzanan,
Yolların qovşağıdır!

* * *

Yağı qoyub kənarda,
Ucuz şor axtaranlar,
Odu, közü söndürüb,
Küldə qor axtaranlar,
Ey gedib Borçalıda,
Diaspor axtaranlar,
Bilərək, bilməyərək,
Çox böyük səhv edirsiz!
Tarixin düz yolunu,
Bir dəfə tərs getməklə,
Hər tarixı məqamda,
Bircə yol səhv etməklə,
Vətənin əl-qolunu ,
Sındırıb məhv edirsiz!
Siz ey yad sinələrdən,
Asılıb, yad döşündə
Bəzək olan xaltalar.
Ey sapı özümüzdən,
Özümüzü doğrayıb,
Kəsib çapan baltalar!
Həlledici anda siz,
Düşmənə kömək edib,
Qələbə çaldırdınız.
Düşmənlə cəbhələşib,
Savaşa girməkdənsə,
Ağ bayraq qaldırdınız.
Siz düşmənin önündə,
Əyilib diz çökdünüz.
Düşmən dəyirmanına,
Həmişə su tökdünüz.
Siz hər zaman varsınız,
Həmişəyaşarsınız!
Siz Babəklər yanında,
Səhl Sumbatlarsınız.
Koroğlular, Nəbilər,
Sizdən nələr çəkiblər...
Onların ətrafında,
Keçəl Həmzələrsiniz,
Bığlı Koxalarsınız.
Dərmanı yox bu dərdin,
Məqam yetişən kimi,
Artıb çoxalarsınız.

Bu dərdin tarixi qədimdən qədim,
Bu dərd odsuz-közsüz yandırar məni.
Yolunu siz deyin, necə dəf edim,
Özümdən özümə dəyən zərbəni?!..

– Nə qədər doğmadır bu yurd, bu məkan,
Bəs niyə boş qalıb bu ocaq yeri?
– Öz əlim olubdur, çünki o zaman,
Düşmən silahının tutacaq yeri!

Namərdin özü yox, dəyişər donu,
Onun libası çox, geyimi qat-qat.
Satqını içində olan ordunu,
Ağır məğlubiyyət gözləyir heyhat!..

Kim tarixi məqamda,
Səhv edib yanılacaq;
Onun adı tarixdə,
Nifrətlə anılacaq!..

* * *

Borçalım – anam mənim,
Hüsnündən gözüm doymaz,
Sevgindən də ürəyim.
Könlüm tel-tel ötən saz,
Baş pərdəsi, simi – sən!
Sən də könül sazınla,
Füsunkar ecazınla,
Talen, alın yazınla,
Azərbaycan kimisən!

Sənə bəzək vurubdur,
Yaradanın fırçası.
Təbiətin qoynunda,
Sən bir zümrüd parçası.
Ləli-mərcan kimisən!
Səbrləri daşdıran,
Ağılları çaşdıran,
Gözləri qamaşdıran,
Azərbaycan kimisən!

Hansı gündə yarandın,
Donun hansı biçimdə?
Özün kiçik olsan da,
Sən bu cahan içində,
Böyük cahan kimisən!
Qovğası sovuşmayan,
Kamına qovuşmayan,
Cahana sığışmayan,
Azərbaycan kimisən!

Bir qapısan beləcə,
Həm açıq, həm kilidli.
Olsan da gözdən uzaq,
Bir az vüsal ümidli,
Bir az hicran kimisən.
Ögey gözlə baxılan,
Nahaq oda yaxılan,
Qəlbi şişə taxılan,
Azərbaycan kimisən!

Sənsən mənim ovqatım,
Sənsən mənim təhərim.
Səninlə aydınlaşır,
Açılır hər səhərim.
Üfüqdə dan kimisən!
Sifəti, üzü nurlu,
Düşüncəli, şüurlu,
Çılğın, məğrur, qürurlu,
Azərbaycan kimisən!

Sərt küləklər əssə də,
Nə əyilir, sınırsan.
Özün öz fırtınanda,
Döyünür, çırpınırsan!
Qəfəsdə can kimisən!
Kin-küdurət bilməyən,
Səsi eşidilməyən,
Son ümidi ölməyən,
Azərbaycan kimisən!

Gözümün qarası, ağı,
Vətənimin bir budağı.
Başımın qeyrət papağı,
Ömrümün tacı Borçalı!

Haqqı-sayı itirməyən,
Şahdan da söz götürməyən.
İqbalı düz gətirməyən,
Taleyi acı Borçalı!

Sərhəddimin o yanısan,
Ancaq canımın canısan!
Sən bir səhvin qurbanısan,
Baxtı qıyqacı Borçalı!

Hər zaman parla, alış, yan,
Öz yerində möhkəm dayan.
Heç kəsdən qayğı ummayan,
Qayğı möhtacı Borçalı!

Hərə versin bir cür qərar,
Axı, kimdən sənə nə var.
Özün öz içində axtar,
Dərdə əlacı Borçalı!

Gözümün qarası, ağı,
Vətənimin şah budağı.
Başımın qeyrət papağı,
Baxtımın tacı Borçalı!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: