RƏFİQƏ QASIMQIZI (1954)

RƏFİQƏ QASIMQIZI (1954) Rəfiqə Qasım qızı Abbasova ixtisasca həkimdir.
6 may 1954-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. O,1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1978-ci ildə təhsilini yüksək qiymətlərlə başa vuraraq həkimlik ixtisasına yiyələnib və hal-hazırda həkimlik fəaliyyətini davam etdirir.
"Yaşanan ömrümdə yeni ömürsən" "Payız dodağında oxunan nəğməm" adlı şeirlər kitabları nəşr olunub.
Şeirləri həmçinin "Zirvə", "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı", "Ləlvər dağı", "Şah dağı", "Poeziya çələngi", "Buta" və s. poeziya antologiyalarında, ədəbi məcmuələrdə, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, eləcə də, ZiM.Az, Zirve.info, Borcali.org saytlarında dərc olunub.
Ailəlidir. 3 övladı, 6 nəvəsi var.
Biz də Rəfiqə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşa¬ğıda onun bir neşə şeirini dəyərli oxuculrımıza təqdim edirik.

ZiM.Az


AZƏRBAYCAN, SEVDIM SƏNİ

Azadlığın qoxusu var,
Vətənin hər qarışında.
Millətimin, bayrağımın,
Baş əyirəm qarşısında.

İndi azad vətəndaşam,
Sonu çatdı zillətimin.
Adı yaşar tarixlərdə,
Öz qəhrəman millətimin.

Əsrlərcə bu ad yaşar,
Arzu kimi dünənimdə.
Həqiqəti car eyləyər,
Sevinc ilə bu günümdə.

Düşmən hərdən azar yolun,
Əl uzadar torpağıma.
Qıymaram ki, əli dəysin,
Bir saralmış yarpağıma.

Mən adicə vətəndaşam,
Belə sadə görmə məni.
Tarixlərdə bir yaddaşam,
Azərbaycan, sevdim səni.


Səssiz gəlişinə qurbanam, ANA

Gecələr yuxuma qonaq olursan,
Səssiz gəlişinə qurbanam,ana.
Boyuna "qurban" deyib - dilindən axan,
Bal dadan sözünə qurbanam, ana.

Ətrimi çiçək tək köksünə çəkən,
Ayrılıq dəmində göz yaşı tökən.
Gün-gündən şam təki əriyib çökən,
Heysiz dizlərinə qurbanam, ana.

Gözünə baxanda gözüm gülərdi,
Ürəyim gülərdi, üzüm gülərdi.
Sənə addımlayan izim gülərdi,
İtmiş izlərinə qurbanam, ana.

Yaşadıq bir ömrü həm sənli, mənli,
Arxa-dayaq idin, bu mənə bəlli,
Çətin müşküllərin asanca həlli,
Dürlü sözlərinə qurbanam, ana.

Dünyaya gələndən duyduml ətrini,
Öyrətdin laylanın hər bir sətrini.
Mən uca tutmuşam əziz xətrini,
Qəmli gözlərinə qurbanam, ana.

HƏR İGİD ÜRƏYİ ÖZÜ BİR VƏTƏN

Vətənin bu günki haqq savaşında,
Əsgərim vurulub düz ürəyindən.
Vətən oğulları gözün qırpmadan,
Keçib arzusundan, yüz diləyindən.

Bir söz ürəklərə hakim kəsilib,
Vətəni qorumaq, Vətən dardadır.
Hər igid ürəyi özü bir vətən,
Erməni nə bilir vətən hardadır.

Şəhidlik adlanan uca zirvəyə,
Vətən sevdalısı ucala bilər.
Başını dik tutan bu ana Vətən,
Oğul biləyindən güc ala bilər.

Gül-çiçək içində yatan oğullar,
Şad olsun ruhunuz qələbə bizim.
Qızıl gül ətrinə batan oğullar,
Qələbə naminə zirvələr sizin.

Qələbə sevinci yaşadan oğul,
Qazanıb zəfəri can bahasına.
Düşmən sinəsinə çökən igidlər,
Bayrağı qaldırıb qan bahasına.

BƏNÖVŞƏ

Əssə də ruzigar,olsa qar-boran,
Ala gözü gülər, tər bənövşənin.
Həyadan başını əysə köksünə,
Artar gözəlliyi hər bənövşənin.

Bəd əsən yellərdən qorunmaq üçün,
Qısılıb kollara bitib bənövşə.
Hər yetən əllərə düşməmək üçün,
Kolların içində itib, bənövşə.

Bəlkə bəyaz qardan seçilmək üçün,
Bənövşəyi rəngi seçib,bənövşə.
Baharla qol-boyun yaşamaq üçün,
Şaxtadan, borandan keçib bənövşə.

Gözəl qamətinə yaraşıq verən,
Boynunu həsrətdən əyib,bənövşə.
Yol çəkən gözlərin yaman dolubdur,
Yollarmı xətrinə dəyib, bənövşə.

DEYƏN AŞİQ OLUB RƏFİQƏ QASIMQIZI (1954)

Dərdim buludlarla qol-boyun olub,
Tökülür aramsız hər an başıma.
Deyən,aşiq olub dərd buludlara,
Çoxdan şahidiyəm, baxma yaşıma.

Yuyulan dərdlərin rəngi qarışar,
Buludun leysan tək göz yaşlarından.
Dərdlərim özünə qurubdur qala,
Bəxtim itirdiyi daş-qaşlarından.

Əl atdım bir ölçəm dərdin boyunu,
Öyrəndim, dərd elə dözüm boydaymış.
Qurmadım dərdimə mizan-tərəzi,
Sən demə dərdim də özüm boydaymış.

Nə gözəl söyləyib Füzuli babam,
Dərdimi götürüb dağlara çıxdım.
Dedilər bəxtəvər durub kefindən,
Səfa sürmək üçün yaylağa çıxdı.


PAYIZ

Payız sığallayır, yenə saçımı,
Həzin laylasıyla könlümü alır.
Dərdli təbəssümlər, həzin laylalar,
Qəmli zümzümələr payızdan qalır.

Bu gələn payızın kədəri, qəmi,
Yatanda yuxuma dolur hər gecə.
Havası çiskinli, dumanlı, çənli,
Yaş tökür buludun gözləri necə.

Elə bil, həyatda sən son ümidsən,
Sapsarl rəngin də yadigar qalır.
Sadəcə öyünmə, sevinmə çox da
Həyatın sonunda qış zəfər çalır.


SƏNSİZ QOYMA MƏNİ YUXULARIMDA


Yenə də bu gecə gəldin yuxuma,
Pəncərə döymədən, qapı döymədən.
Çox qəmli dəyirdin, yenə gözümə,
Səssiz çıxıb getdin, heç nə demədən.

Bilmirəm məqsədin, amalın nədir,
Gözümdən yuxumu alıb qaçırsan.
Gah dilin dolaşır, ürəyin əsir,
Çah da ürəyimi çalıb qaçırsan.

İstəmirəm,ancaq bir xəyal kimi,
Axtarım mən səni yuxularımda.
Hardansa hər gecə gəl gir yuxuma
Sənsiz qoyma, məni yuxularımda.


NEYLƏYİM

Hərdənbir keçmişi seyr eliyəndə,
Dünəni bu günə qatım, neyləyim.
Sinəmdə dərdlərim qövr eliyəndə,
Silib,birdəfəlik atım, neyləyim.

Hərdən sızıldayır, ağrıyır solum,
Dərdimin boynuna dolanır qolum,
Dərgahına qədər uzanır yolum,
Baş atıb dərdlərə yatım, neyləyim.

Gecələr gündüzdən pay da umuram,
Yatacağam deyə gözü yumuram,
Ürəyim,"keşik"də özüm dururam
Gecəni gündüzə qatım,neyləyim.


EYLƏMİŞƏM

Qırx çiçək dərmişəm, ömür bağından,
Dəstə bağlamışam, tağ eyləmişəm.
Acılı-şirinli xatirələri,
Bir-birinə qoşub, çağ eyləmişəm.

İllərim sürüşüb, gənclik çağından,
Görünür zirvəsi qarlı dağından,
Bizi keçiribdir, öz sınağından,
Dərdi, intizarı yox eyləmişəm.

Soyuqda, istidə əsən yelləri,
Dağları oynadıb, axan selləri,
Ay ötən illərim, qara telləri,
Hər günə dəyişib, ağ eyləmişəm.

Deməyin, dostlarım ömrü talaylb,
Ocağı ömrümdə çatıb, qalayıb,
Gecəylə gündüzü qatıb, calayıb,
Hər tingdən, fidandan bağ eyləmişəm.

Qlrx illik görüşdə ürəklər coşa,
Bir ömür yaşadıq, sənətlə qoşa,
Çox şükür illəri vermədik boşa,
Sevgini böyüdüb, dağ eyləmişəm.

Yaşayıb bir ömür, sürmüşük səfa,
Çəksək də bu yolda əziyyət, cəfa
Neçə xəstələrə vermişik, şəfa
Yolun solunu da sağ eyləmişəm.


QONAQ GƏL DEYİR

Yurdumun dağları məni çağırır,
Qonaq gəl, bizi də yada sal deyir.
Çiçəkli yaylağı, yamacları gəz,
Cənnətin qoynunda bir az qal deyir.

Sinəmdə çox sirli xatirələr var,
Gəlim, xatirələr oyatsın məni.
Buzlu bulaqlardan doyunca içim,
Əynimə geyinim dumanı, çəni.

Gəlim, ürəyim də ovunsun bir az,
Ruhumu oxşasın, dağın nəfəsi.
Ötən günlərimi yada salım, mən,
Dağları bəzəsin könlümün səsi.


İNTİZAR

Kirpiyimdən qopan bir damla yaşda,
Alışıb odlanan közüm intizar.
Başımda yaranan sirli dünyanı,
Damlaya döndərən gözüm intizar.

Sevinc, gülüş qalıb, qapıdan dalda,
Arzular pərişan, yarımcan halda,
Can qalıb, həyatla lap qeylü-qalda,
Yarımçıq cümləmdə sözüm, intizar.

Qalmayıb ürəyin təpər, dözümü,
Pozulub, saçlmın qara düzümü,
İllər sığallayıb, nəmli üzümü,
Bir isti əllərə üzüm, intizar.

Tökdüyüm yaşıma, çəkdiyim aha,
Günümə qaralıb demərəm daha,
İllər səbri satıb, mənə çox baha,
Səbrimdə hövsələm, dözüm intizar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: