Pərixanım Mikayılqlzı: "Qaçıb gözlərimin yuxusu sənsiz..."

Pərixanım Mikayılqlzı: "Qaçıb gözlərimin yuxusu sənsiz..." TƏBRİK EDİRİK!..

Tanış olun:
Pərixanım Mikayıl qlzı Muradova

14 sentyabr 1960-cı ildə
Bakı şəhərində anadan olub.
İlk təhsilini Bakıdakı 173 saylı orta məktəbdə alıb, sonra 30 nömrəli məktəbdə davam etdirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Ədəbiyyata olan həvəsi onu BDU-nin jurnalistika fakultəsinə gətirib və o, Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan, görkəmli ədəbiyyatşünas, əvəzolunmaz pedaqoq, tənqidçi, publisist və folklorşünas Firidin bəy Köçərlinin həyat və yaradıcılığının tədqiqatına başlayıb.
5 kitab müəllifidir.
Kitablarının ikisi jurnalistika və ədəbiyyat fakültəsi tələbələri üçün dərs vəsaiti hesab edilir, hər bir kitab 500 - səhifəlik bir əsərdir.
Bir kitabı Firidun bəy Köçərlinin uşaq nağılları və hekayələrindən ibarətdir, daha iki kitabı isə şeirlərdən ibarətdir.
Müxtəlif qəzet, kitab və jurnallarda 70-dən çox elmi və publisist məqalələri dərc olunub. 15-dən çox şeirlərinə musiqi bəstələnib.
Hazırda yeni iki kitab üzərində işləyir. Uzun illər cənab Prezidentin adını daşıyan SİYASI SƏNƏDLƏR ARXİVİNDƏ şöbə müdiri və Dövlət qulluğunun baş müşaviri vəzifəsində çalışıb. Hazırda isə “Elm və Təhsil” qəzetinin baş redaktorudur,
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir. 3 övladı və 7 nəvəsi var. Övladları ali təhsilli alim və ziyalı təbəqənin nümayəndələridir, nəvələri isə məktəblidirlər; hamısı Bakıda yaşayır.


Fürsətdən istifadə edərək, onu da qeyd edək ki, bu gün - sentyabrın 14-ü həm də
dəyərli həmkarımız, "Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları laureatı, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "ZİRVƏ" mükafatıçısı Fəxri Diplomçusu, çox hörmətli
Pərixanım Mikayılqızının ad günüdür.
Biz də çox hörmətli Pərixanımı ad günü münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni-yeni yaradıcılığq uğurları arzulayırıq!..

Və aşağıda onun şeirlərindən bir neçəsini dəyərli oxucularımıza ərmağan edirik.

Müşfiq BORÇALI,
ZiM.Az


OLUBDUR


Azərbaycan tacım, həm də ürəyim,
Naxçıvan bəbəyim, gözüm olubdur.
Zəngəzurla Göyçə nəfəsim, qəlbim,
İrəvan əzəldən elim olubdur.

Laçın mənim sevgim, Şuşa sevgilim,
Ağdam, Füzulisiz mən necə gülüm?
Cəbrayıl, Zəngilan dərdli bülbülüm,
Kəlbəcər ən gözəl yerim olubdur.

Qubadlı, Xankəndi damarda qanım,
Xocalı, Xocavənd canımdır, canım.
Bilmirəm nə deyim, necə anladım?
Qarabağ döyünən qəlbim olubdur.

Borçalı sözünü saz ilə deyir,
Baxır vətəninə sevinir, gülür.
Hər yerə hay salır, haray eyləyir,
Bu yerlər bizimdir, bizim olubdur.

Dərbəndim o yandan həsrətlə baxır,
İçinə gözünün leysanı axır.
Bu ayrılıq məni yandırır, yaxır,
Vətən neçə yerə bölüm olubdur.

Nə cənub, nə şimal birdir vətənim,
Təbriz, Urmiya da, Bakı da mənim.
O qərib, günahsız Xudafərinim,
Deyir ki, bu yerlər çölüm olubdur.

Gözəl məkanımın bağrı oyulub,
Hər qarış torpağım talan olunub.
İgidlərim Nəsimi tək soyulub,
Deyib Azərbaycan elim olubdur!
Dünyada gözəl dil dilim olubdur!


AĞLAYIR

Soruşma halımı niyə qəmliyəm?
Niyə gözlərimdə bulaq çağlayır?
Niyə bu torpağı belə nəmliyəm,
Niyə qayalarım, daşım ağlayır.

Soruşma halımı, soruşma mənim,
Yoxdur dərd bilənim, dərd anlayanım.
Gözümün önündə qaçqın, köçkünüm,
Həsrət fərağından yanır, ağlayır.

Əsir balaları od tutub yanan,
Hər gün ümidlərlə yola boylanan,
Vətən sorağını küləkdən alan,
Gəraylım ağlayır, qoşmam ağlayır.

Soruşma kövrəyəm, soruşma aman,
Başı bəlalıyam əzəl yaşımdan.
Didərgin düşmüşəm, üzgünəm yaman,
Yetim qalan evim, çölüm ağlayır.

Soruşma halımı, soruşma gəl bax,
Vətənin yarası ağırdan ağır.
O cənnət məkanım gözəl Qarabağ,
Yağı caynağında pünhan ağlayır.

Soruşma halımı, soruşma qardaş,
Dərdim o qədərdir, sözü dağlayır.
Pəri söyləyir ki, gün gələr qardaş,
Görərik düşmənin özü ağlayır.


QAYTAR SƏNLİ GÜNLƏRİ

Qaçıb gözlərimin yuxusu sənsiz,
İtib çiçəklərin qoxusu sənsiz,
Solub güllərimin çoxusu sənsiz,
Qaytar ver özümə sənli günləri.

Sən elə günlərin qədrin bilmədin,
Bir çiçək ömrüycən ömür vermədin,
Sənsizəm söylədim sənsə dinmədin,
Qaytar ver özümə sənli günləri.

Sən elə bilmə ki, sənsiz ağlaram,
Çoşaram sel kimi daşıb, çağlaram.
Sənsiz ürəyimə mən daş bağlaram,
Qaytar ver özümə sənli günləri.

Eylədin ömrümü, günümü qara,
Dərdimi söylədim buz divarlara.
Bilmirəm mən indi üz tutum hara,
Qaytar ver özümə sənli günləri.


SƏNİ

Ləpirini qoy çiçəklər üstünə,
Qoyma yerə, yerlər incidər, səni.
Küləklər də əsir sanki qəsd ilə,
Qorxuram ki, yellər incidər, səni.

Qızılgülün tellərinə toxunma,
Tikanı var gülüm, incidər səni.
Qoy mən dərim sənə dəstə bağlayım,
Əl vurarsan güllər incidər, səni.

Vallah bizə möhnət, hicran yaraşmır,
Hey deyirəm sözlərimdən kar aşmır.
Ürəyimdə sellər coşur, çağlayır,
Birdən daşan sellər incidər, səni.

Bu sözləri yaxın qoyma sən, Pəri,
Sənə qalıb el-obanın dərd-səri?
Sən deyirsən göndər acı sözləri,
Birdən acı sözlər incidər, səni.


ÖMRÜN AKKORDLARI

Gələcək elə vaxt, elə bir zaman,
Qara saçlarıma qarlar yağacaq.
İtəcək şuxluğum, gedəcək tamam,
Üzümdə qırışlar izlər salacaq.

Gündə neçə dəfə o yollarla mən,
Qayıdıb gəncliyə boylanacağam.
O zaman kimlərsə anacaq məni,
Bəlkə də onda mən olmayacağam.

Bilmirəm nə üçün, nədəndir belə,
Bu qədər ürəyi kövrək olmuşam.
Elə bil dünyanın yükün çiynində,
Daşıyan olmuşam, çəkən olmuşam.

Nə tez bitdi bizim getdiyimiz yol,
Deyəsən ayrı yol olmayacaqdır.
Bizi neçə illik birləşdirən yol,
Deyəsən ömürlük ayıracaqdır.


MƏN OLMAYANDA

Dünya yəqin həmən dünya olacaq,
Nə vaxtsa həyatda mən olmayanda.
Sevənlər murada, kama çatacaq,
Nə vaxtsa həyatda mən olmayanda.

Gözəllər sevəcək, seviləcəkdir,
Kimə dərd, kiməsə toy gələcəkdir.
Bilirəm çox şeylər dəyişəcəkdir,
Nə vaxtsa həyatda mən olmayanda.

Dağlar həmən dağlar, düzənlər həmən,
Qaranlıqlar həmən, gündüzlər həmən.
Açacaq lalələr, nərgizlər həmən,
Nə vaxtsa həyatda mən olmayanda.

Kimi könül verib yetəcək yara,
Kimi eşq dalınca gedəcək hara.
Kimi bu dövrandan gələcək zara,
Nə vaxtsa həyatda mən olmayanda.

Dünyanın qəribə işləri vardır,
Kimə gen, kiməsə bu dünya dardır.
Məhəbbət yaşayıb, yaşayacaqdır,
Nə vaxtsa həyatda mən olmayanda.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: