SEVİNDIK NƏSİBOĞLU (2008)

SEVİNDIK NƏSİBOĞLU (2008) Sevindik Nəsiboğlu (Əliyev Sevindik Nəsib oğlu) - 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olmuşdur. Hazırda Xocavənrd rayon Nərimanlı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi, dərs əlaçısıdır.
Onun şeirləri hələ 2015-ci ildən müxtəlif qəzet və jurnallarda dərc olunmuş, milli radio və televiziyanın, eləcə də digər televiziya kanallarının efirində yayımlanan verilişlərdə dəfələrlə səsləndirilmişdir. Sevindik ictimai fəallığına görə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” (2017), “Afia.az” İnformasiya Agentliyinin “Ən yaxşı yazar”və “İlin şagirdi”, eləcə də “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomlarına layiq görülmüşdür.

Kitabları:
1.“Dünyamsan Azərbaycan” (Bakı, “Ozan”, 2018, 48 səh.) - istedadlı şair Sevindik Nəsiboğlunun ilk şeirlər kitabıdır. Burada gənc şairin Azərbaycana, onun əsrarəngiz təbiətinə, dağlarına, bölgələrinə, Qarabağ ağrılarına həsr etdiyi şeirləri toplanmışdır. Hər beytdə, hər misrada Sevindiyin sevgisini, həssas, səmimi duyğusunu, ürək çırpıntılarını eşitmək mümkündür.
2. “Hərdən uçmaq istəyirəm” (Bakı, Mütərcim,2018.-228səh.) - Kitabda yer almış 200-dən çox şeirin əsas mövzusu vətən, torpaq həsrəti, işğal olunmuş ərazilərimiz, vətənin müstəqilliyi və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş vətən oğulları və qızları, istiqlal, müstəqillik yolunda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz və yazıçılarımız təşkil etmişdir.
3. “Ulu Naxçıvanım” (“3 saylı Bakı Mətbəəsi” ASC, 2020. - 240 səh.) - Məktəbli şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Naxçıvanım kitabına vətənimizin Naxçıvan diyarına həsr olunmuş səfər təəssüratları, bu qədim məkanın tarixi yerləri və görkəmli şəxsiyyətləri haqqında araşdırmaları daxil edilmişdir.
4. “Könüllərə yol gəzirəm” (şeirlər-poemalar, 3 saylı Bakı Mətbəəsi” ASC. Bakı-2020, 320 səh.) - Kitabda yer almış şeirlərində vətən tarixindən qaynaqlanma, xalqımızın qəhrəmanlıq keçmişindən təsirlənmə daha güclüdür. Onun süjetli şeirləri epik-lirik növə xüsusilə meyilli olduğunu göstərir.Yaradıcılığında Vətən sevgisi və milli qürur hissləri qabarıq duyulur.
5. “Möhtəşəm Zəfərin nişanəsi”- (“Bakı Mətbəəsi” ASC. Bakı-2021, 708 səh.) - “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, kədər içərisində qürur və sevinclə qələmə alınmış, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, məqalə-şeirlər, şeirlər, düşmən tapdağından azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə, şanlı ordumuza, türkçülüyə, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, anım tədbirlərində çıxışlar, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir. Ümumilikdə, 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 Vikipediya səhifəsi yer almışdır.Kitabı 400-dən çox Vətən oğulları — şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları haqqında ensklopedik toplu kimi də qəbul etmək olar.
6. “Zəfəri nurlandıran Nurlan” (“Bakı Mətbəəsi” ASC. Bakı-2023, 140 səh.) - Kitab Vətən müharibəsi şəhidi, şəhid leytenant Nurlan Nadir oğlu Həsənovun əziz xatirəsinə həsr olunmuşdur.
7. “Ulu Öndərin işığında” (“Bakı Mətbəəsi” ASC. Bakı-2023, 204 səh.) - Kitab Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.
Kitablarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Azərbaycan Milli Kitabxanasında, Naxçıvan Dövlət Universitetində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Musiqili Dram Teatrında, Xocavənd rayon Mədəniyyət Evində və başqa dövlət qurumlarında təqdimat keçirilmişdir.

Müəllifi olduğu kitabların pdf və onlayn oxuma variantı Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda yer almışdır.

Sevindik Əliyevin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olduğu “Kredo” qəzetində çoxsaylı məqalələri, araşdırmaları və şeirləri mütəmadi dərc olunmuş, “Afia.az”, “XeberTime.az”, “Versus.az” və digər xəbər saytları vasitəsi ilə yayımlanmışdır. Vətən müharibəsi başlanan günün ilk anlarından Sevindik qələmini mənfur düşmənin sinəsinə sancılan süngüyə çevirərək Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən azad edilmiş torpaqlarımıza, qəhrəman əsgər və zabitlərimizə şeirlər və publisistik yazılar həsr etmişdir. Onun günbəgün yaxınlaşdığımız müqəddəs Zəfərimizə həsr etdiyi “Zəfərin nişanəsi” adlı şeiri Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ədəbiyyat müsabiqəsinin qalibi olmaqla Nazirliyin Fəxri Fərmanına layiq görülmüş, bu mövzuda qələmə alınmış “Dirçələn Xarıbülbül” adlı kitabın materialları isə nəşr olunması üçün Mədəniyyət Nazirliyinin müvafiq komissiyasına təqdim edilmişdir.
“Milli Mənəvi Dəyərlərin Qorunması” İB-in, “İstedadları Tanıyaq və Tanıdaq” İB-in və "Zəfər Yolu" Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Fəxri üzvüdür. 2019-cu ildən “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiridir, həmçinin “Xebertime.az” saytının ictimai müxbiridir.
Ədəbi-bədii yazıları “Kredo” qəzetində ardıcıl dərc olunur.

Sevindik Nəsiboğlu 2021-ci ilin iyun ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2023-cü ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-in Gənclər təşkilatının sədr müavinidir.
2024-cü ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Regional nümayəndəliyinin Xocavənd rayonu üzrə nümayəndəsidir.

Sevindik Nəsiboğlu bu günlərdə “Zirvə” İnformasiya Mərkəzinin “ZİRVƏ” mükafatına layiq görülüb və redaksiya heyətinin üzvü seçilib.
Biz də Sevindik Nəsiboğlunu ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



AZƏRBAYCANIM

Ana Vətənimiz olan Azərbaycanımızın müstəqilliyinə qovuşmasının
105-ci ildönümünə həsr edirəm.


İgidlər yetirən qəhrəman anam,
Nə həddim üstümdə haqqını danam!?
Min illər oduna qovrulam, yanam,
Bu yenə də azdır, Azərbaycanım!

Daim zirvələrdən duyulsun səsin,
Anamtək doğmadır isti nəfəsin,
Elə çiçəklən ki, görənlər desin,
Bir bahardır, yazdır Azərbaycanım.

Gözəl bir yaz günü nurtək doğuldun,
Şəhidlərin qanı ilə yoğruldun,
Ancaq bir gün beşikdəcə boğuldun,
Böyük tariximsən, Azərbaycanım!

Səni quran əllər təkrar qurdular,
Heydərlər yorulmadılar, yordular,
Sənlə birgə zirvələrdə durdular,
Qürurum, fəxrimsən, Azərbaycanım!

Qalib bir ölkəsən, bunla fəxr elə,
Çəkdiyin əziyyət getməyib yelə,
Qüdrətin qürurdur Türk ellərinə,
Şanım, şöhrətimsən, Azərbaycanım!

Yenilməz qüdrətin əzizdir mənə,
Bu gücün, qüvvətin əzizdir mənə,
Namusun, qeyrətin əzizdir mənə,
Namus, qeyrətimsən, Azərbaycanım!

Sevindik söyləyər bu sözü hər an,
Damarımda sənlə çağlayır bu qan,
Durduqca, durduqca bu bədəndə can,
Həmişə bizimsən, Azərbaycanım!
Ana Vətənimsən, Azərbaycanım!
26.05.2023


NƏ YAXŞI Kİ VARSAN!

Qardaş Türkiyə Respublikasının qurulmasının
99-cu illiyinə həsr edirəm


Göy üzündə Ay təkdir, ulduzlar min-min dənə,
Onlardan biri mənəm, könül vermişəm sənə,
Gəl sən Ay ol, mən ulduz, dalğalanaq göylərdə,
Bu dəyişən dünyada sən hər fəsil baharsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

Uğurlu olsun sənin yepyeni yüzilliyin,
Tərəqqidir amalın, yüksəlməkdir hədəfin,
Heç olmayacaq səhvin, var qüsursuz liderin,
Hər gecənin sonutək qaranlığı yararsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

Zalımlar dünyasında məzlumlara hayansan,
Ən sərt, ağır günlərdə yenə dimdik duransan,
Sən gələcəyimizsən, Qızıl alma, Turansan,
Turanı hədəf bilib sən hey ucalacaqsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

Fatehin varisitək şad etmisən ruhunu,
100 il əvvəl silmisən qəlbindəki qorxunu,
Hələ çin etməkdəsən çin olacaq yuxunu,
Uyğur türkləri üçün sən nicat olacaqsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

Yüz illərin sağalmaz yarasıdır Boraltan,
O yaranı sağaltdı Əliyevlə Ərdoğan,
Səsləri-sədaları gəlibdir Türküstandan,
Sən onlarla türklərin birliyin quracaqsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

Gözümüzü yaşardır qardaşlıq təntənəsi,
Ululardan mirasdır igidlik ənənəsi,
Sənin ürəyində var yatmış şirin nərəsi,
Vaxtında, zamanında onu oyadacaqsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

Səni saxlamaq üçün qurduq sağlam sütunlar,
Səni yaşatmaq üçün qurban getdi oğullar,
Bir ölüb min dirilib yenə yaşayacaqlar,
Onlar ilə dünyada əbədi qalacaqsan,
Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!
29.10.2022


MÜBARƏKDİR ZƏFƏRİN,
RƏCƏB TAYYİB ƏRDOĞAN!


Türk və İslam dünyası sənin ilə ucaldı,
Xəbislərin arzusu ürəklərində qaldı,
Qazandığın bu zəfər hər bir yerdə ad saldı,
Milyon-milyon ürəklər sənlə döyünür hər an,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

Oğul nəvazişiylə dirçəltmisən yurdunu,
Daim gücləndirmisən zəfər çalan ordunu,
Açmısan qələbəyə müsəlmanın yolunu,
Haqqın düşmənlərini məğlub edən qəhrəman,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

28 mayda şanlı tarixi yazdın,
Quyu qazan düşmənə dərin bir quyu qazdın,
Sən həmişə Həkəri, Köndələnçay, Arazdın,
Bayramının sədası yüksəlir Qarabağdan,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

Düşmənlərə vurmusan öldürücü zərbəni,
Sən ey türkün Bozqurdu, yenilməz bir ərəni,
Haqqın tərəfdarları bir an unutmaz səni,
Səninlə qurulacaq Türkün birliyi – Turan,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

Sənə səs vermək üçün haqqsevənlər tələsdi,
Bu millətin qərarı düşmən səsini kəsdi,
Səmalarda nəhayət Qızılalmamız əsdi,
Səninlədir oğul, qız, həm qoca, həm də cavan,
Mübarəkdir Zəfərin, Rəcəb Tayyib Ərdoğan!

İstanbulun fəthinin yeni ildönümündə,
Anam Azərbaycanın Müstəqillik günündə,
Zəfər çaldın Turanın düşmənləri önündə,
Həmişə qürur duyur səninlə Azərbaycan,
Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!
29.05.2023


QARDAŞLIQ ÇƏLƏNGİ!

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin qardaş Özbəkistana səfəri
və prezident Şövkət Mirziyayevlə
görüşündən ilhamlanaraq qələmə alınmışdır...


Ey yurdumun yurddaşları,
Türk elində bayram olsun.
Xoşbəxt günlər davam etsin,
Pis günlərdə aram olsun.
Şənlik etsin Türk elinin,
Cavan, igid oğulları,
Daim Altay dağlarının,
Yox olsun dumanı, qarı.
Dədəm Qorqud qopuz çalsın,
Qoç Koroğlu səda salsın,
Qoy bizim qardaşlığımız,
Bu dünya durduqca qalsın.
Qoy ucalsın qopuz səsi,
Ərənləri haraylasın.
Bu elin başbilənləri,
Türklük ocağı qalasın.
Yaxsın bütün düşmənləri,
Yandırmasın ürəkləri.
Birliyimiz nəsillərə
İndimizdən miras qalsın.
Bayram havası yaşadaq,
Bildirək bütün cahana.
Türklük bağıran ellərə,
Düşmən qalsın yana-yana.
Gözün aydın olsun, ey Türk,
İstədiklərin olacaq.
Bütün türklər birləşəcək,
Türk dünyası qurulacaq.
Bu günlərdən doğan gündüz,
Neçə qaranlıq yaracaq.
Düşmənlərin gündüzləri,
Dönüb qaranlıq olacaq.
Qardaşlıq möhkəmlənəcək,
Türk dünyası güclənəcək,
Bu güc ilə yeni-yeni,
Zəfərləri gətirəcək.
Ərtoğrulun nəvələri,
Dünyaları titrədəcək!
Görəcəksən sən o günü,
Onda məzlumlar güləcək.
Qurumayacaq Xəzərim,
Quruyacaqdır göz yaşım.
Xaqanların nəvələri,
Gətirəcək dirilişi,
Budur türkün planları,
Budur türkün əsas işi.
Haqqa sığınandı türküm,
Haqqa tapınandı türküm,
Haqq yolunda nərə çəkib,
Ulu türküm edəcəkdir,
Bu dünyada çevrilişi.
Ey bacım, sil göz yaşını,
Gör igid türk qardaşını,
Sən məğrur göstər özünü,
Heç bir vaxt əymə başını.
Ataq başdan dərdi-səri,
Birlik olmaq zamanıdır!
Damarımızda hey axan,
Türk qanıdır, türk qanıdır.
Necə ki qırmızı ordu,
Türküstanı işğal etdi.
Ləğv etdi Türküstan adın,
Mərkəzi Asiya etdi.
Türk sözün lüğətdən sildi,
Qırğız, qazax, özbək, türkmən,
Torpaqları bölüşdürdü,
Ayrı saldı o, türkləri.
Azadlıq istəyənlərə,
“Basmaçı” adını dedi.
Türkü yurdundan edərək,
Onlara boş vədlər verdi.
O, onlara nələr etdi?
“Türküstan proletarı,
Tez birləşməlidir” - dedi.
Onda yox, indi deyirik,
Tarixən bir olmuş türkü,
Bir olmağa səsləyirik.
O talançı xainləri,
Cinayətkar caniləri,
O vəhşi qaniçənləri,
Taxtdan endirib əzirik.
Budur bizim diləyimiz,
Ulu türkün oyanması.
Bundan sonra quracağıq,
Türk dünyası – Haqq dünyası!
Birləşərək türk qəhrəman,
Olacaq dünya nəhəngi.
Qəlbimdən gələn bu dastan,
Olsun qardaşlıq çələngi!
22.06.2022


QARDAŞLIQ ÇAĞIRIŞI

6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş vermiş
zəlzələnin görüntülərinə televiziyada baxdıqdan sonra
dəhşətli dərəcədə təsirlənərək qələmə almışam.
Allah zəlzələ nəticəsində vəfat edənlərə rəhmət eləsin,
yaralılara şəfa versin! Allah bütün dünya müsəlmanlarının
ümid yeri olan Türkiyəmizi qorusun! Amin!

Müəllif.


Dözümlü ol, Türkiyə!
Ümidini itirmə!
“Hər şey yaxşı olacaq”,
Deyib ancaq səbr elə.

İmdadına çatırıq,
Sən gözlə yolumuzu.
Duman-çən bürüsə də,
İndi sağ-solumuzu.

Bizi dayandırmadı,
Güclü qar, güclü külək.
Birliyimizin gücü,
Oldu hamıya örnək.

Canımızdan can qopdu,
Titrədi neçə ürək.
Dağıntılar altında,
Qalana edək kömək.

Məzlumların harayı,
Yeri-göyü titrətdi.
Neçə çarəsiz insan,
Bu gün cənnətə getdi.

Dərin kədərimiz var,
Allah olsun Türkə yar,
Qan donduran faciə,
Qəlblərə yağdırır qar.

Səninlədir duamız,
Acın bizim acımız,
Qardaş ölkəm, Türkiyəm,
Bitəcəkdir yasımız.

Qismətdir Yaradandan,
Bu böyük bir imtahan,
İnanırıq, sən bundan,
Üzüağ çıxacaqsan!

Gələcəyə sən inan,
Ərşə səslənsin duan,
Qaranlığa aydınlıq,
Gətirəcək Ərdoğan!

Qoy bilsin bütün dünya,
Hamı eşitsin bunu.
7 günlük matəmin,
Tezliklə gələr sonu.

Tale bu günü yazdı,
Qan ağlayır gözümüz,
Pis günün ömrü azdı,
Gecənin sonu gündüz.

Bu dövlət zəlzələdən,
Enən, yıxılan deyil!
Bizim qardaşlığımız,
Bitən, sonlanan deyil!

Hamımız səninləyik,
Gəl birgə addımlayaq!
Bu yurdu xoş sabaha,
Biz gəl birgə aparaq!

Ay-ulduzlu al bayraq,
Hey qalxdıqca qalxacaq,
İnşAllah Türkiyəmdə,
Toy-bayram da olacaq!

Sənə dözüm verəcək,
İnan, Ulu Yaradan,
Bil ki, yalnız deyilsən,
Sənlədir Azərbaycan!

Axsa da, gözümüzdən,
Qəmin, kədərin yaşı.
Düşməsin dilimizdən,
Qardaşlıq çağırışı,
Qardaşlıq çağırışı!
06.02.2023


HİLALLANMIŞ ARZULAR

Gecə gözüm sataşdı,
Bu sonsuz göy üzünə.
Ürəyim ilhamlanıb,
Tez başladı sözünə.

Nöqtə kimi ulduzlar,
Heç də gəlmirdi saya.
Birdən gözüm sataşdı,
Yanlarındakı Aya.

Əhatə etdi Ayı
Bu dəm bütün ulduzlar.
Bu gecə gözəlinə,
Zilləndi bütün gözlər.

Həmin gecə ulduzlar,
Heyrət etdi gözələ.
Ay çox balaca idi,
Sığışmırdı heç ələ.

Ulduzlar da gülüşdü,
Sanki, Ay gözdən düşdü.
Keçən gecə tam olan,
Ay hilala dönmüşdü.

Mən o Ayın gözündə,
Arzularımı gördüm.
Könlümdən keçənləri,
Vərəqimə köçürdüm.

Arzular ay kimidir,
Hilal şəklində bitir.
Sonra çatıb vüsala,
Ay kimi bədrlənir.

Təbii ki, bütün bu iş,
Bir anda olub-bitmir.
Bu iş insandan zəhmət,
Həm hünər tələb edir.

İnsan amalı üçün,
Durmadan çalışmalı,
Zəfərə çatan yolda,
Hər əngəli aşmalı.

Bu yolda görəcəksən,
Daş qəlbli insanları,
İnsanın qarasınca,
Danışıb yazanları.

Onlar rişxənd edəcək,
Topa tutacaq Səni.
Eynən ulduzun aya,
Paxıl baxdığı kimi.

Ancaq, günün birində,
Arzuna yetəcəksən.
Parlaq, təmiz Ay kimi,
Sən bədirlənəcəksən.

Həmin gün də yanında,
Çox “ulduzlar” olacaq.
Amma bu dəfə səni,
Təriflərə tutacaq.

Tərifləri eşitmə,
Yalanı qəbul etmə.
Nə lovğa ol, nə paxıl,
Hər gün çalış, öyünmə!

Hədəfləri vuran gün,
Yenidən doğularlar,
Yaşarlar ömür boyu,
Hilallanmış arzular,
Bədirlənmiş arzular!
27.10.2022


DUMAN

Yenə də duman gəlir,
Örtür göyün üzünü.
Göy üzü deyə bilmir,
Dumana öz sözünü.

Hava birdən tutulub,
Dumana olur əsir.
Duman isə səmanı,
Fəth etməyə tələsir.

Tez gözdən itir evlər,
Yalqız qalan küçələr.
Təslim olur səhərlər,
Təslim olur gecələr.

Yerin, göyün sədası,
Kəsilir birdən-birə.
İşğalçı duman bu gün,
Hakimdir bütün göyə.

Səhər gün işıldardı,
Aləmə nur yayardı.
Lakin duman gələndə,
Son qoydu bu şənliyə.

Bu dumanın getməyi,
Bilmirəm, nə vaxt olar.
Amma mənim dumana,
Səmimi xitabım var.

Ey duman, sən gələndə,
Günəşin gözün ovma.
Qışı gətirmə göyə,
Könüldən yazı qovma.

Bu ülvi hərarətin,
Qənimi olanda sən,
Danış, de, nədir fikrin?
Söylə, nə istəyirsən?

Gətirmə çovğun, soyuq,
Bu qəlbimdən istəkdir.
Hər çətinin açarı,
Doğma, isti ürəkdir.

Soruşacaqsan ki, sən:
“Onda bəs nə edim mən?
Gizliliyə qərq etmək,
Vəzifəmdir, vəzifəm.”

Çək, götür cəmiyyətdən,
Bu dünyanın qəlbindən,
Bütün pis insanları,
Şeytandan şeytanları.

Gedəndə sənlə getsin,
Bu dünyada dərd, vərəm.
Onda tez-tez gəlməyin,
Mən Allahdan dilərəm.

Sev qəlbdən gələnləri,
Sevgini, ülviyyəti.
Yayma bəd fikirləri,
Hər an saç xoşbəxtliyi.

Ruhu bəd olanları,
Nə olar, sən onları,
Məhv et burulğanında,
İtir dumanlığında.

Sən özünə çək, apar,
Qoy bunlar sənin olsun.
Gözəl olsun dünyamız,
Yaxşılıq daim olsun,
Pisliyin ömrü solsun!
14.02.2024.


ŞƏKİ, ŞİRVAN, QARABAĞ...

Qarabağ Şikəstəsi:
“Şəki, Şirvan, Qarabağ...”
Görən kimin bəstəsi?!
“Şəki, Şirvan, Qarabağ...”

Tarixə bir baxışdı,
Düşüncəmə naxışdı,
Birliyə çağırışdı:
“Şəki, Şirvan, Qarabağ...”

Bəxtiyar nəğməsidi,
Sabir zəlzələsidi,
Üzeyir nəfəsidi,
“Şəki, Şirvan, Qarabağ...”

Sacayaqdı – bu doğru,
Dostluq – məsləki, yolu,
Bir atanın üç oğlu,
“Şəki, Şirvan, Qarabağ...”
08.03.2015


XOCALIM

Bu gün Xocalı rayonunun Qarabulaq
və Moşxmaat kəndinin azad olunduğu gündən
2 il ötür! Həmin gün Cənab Prezidentin tvitində
“Xocalı” sözünü oxuyanda ürəyim dağa döndü
və könlümdən süzülən “Xocalım” adlı şeir kağıza hopdu.
Keçən hər gün bizi Şuşaya yaxın edirdi!
Ertəsi gün isə nəfəs qədər yaxın olan
Şuşanın saf havasını içimizə çəkəcəkdik...

Xocalının 2 kəndinin işğaldan azad olunmasının sevinc hissi ilə


Dünyanın bəlasın çəkmişdir başın,
Bir Turşsu olmuşdu sənin göz yaşın,
Paytaxt da olmuşdu Şuşa qardaşın,
Yaxındadır həmin zəfər, Xocalım!

Oğulların güllələrlə öldülər,
Tofiq, Adil yad əllərdə söndülər,
Cənnətdə qisası çox gözlədilər,
Yaxındadır həmin zəfər, Xocalım!

Qızının erməni dərisin soydu,
Bir müddət gözlədi, gözlərin oydu,
Zövq aldı bu işdən, “qəhrəman” oldu,
Ondan yoxdur xəbər-ətər, Xocalım!

O, cəlladlar dərs alacaq bilirəm,
Cəhənnəmdə odlanacaq, bilirəm,
Yağı evi hey yanacaq, bilirəm,
“yanlar” yanar, zaman gələr, Xocalım!

Bax düşməninin namərd serjiklərinə,
Tüpür onun sən gülən gözlərinə,
Hamısının oy gözün, xıncım elə,
Heç qalmasın bircə nəfər, Xocalım!

Bax indi yandırırıq biz “yan”ları,
Onlar qovmuşdular Xocalıları,
“İti qovan” tək qovuruq onları,
Düşmənin bayrağı enər, Xocalım!
Yaxındadır həmin zəfər, Xocalım!
07.11.2020


EY XOCALI

Bu gün Xocalı Faciəsinin 31-ci ildönümüdür.


30 ildir sağalmayan yaran var,
Əskilməyən əziyyətin, qadan var,
Hələ qurumayıb, ortada qan var,
Bu millət illərdir səndən yaralı,
Yaddan çıxmaz faciən, ey Xocalı!

Düşmən sinəsinə dağ olacaqsan,
Yaran sağalacaq, sağ olacaqsan,
Bizim üçün daim pirsən,ocaqsan,
Budur vətənimin arzu-amalı
Yaddan çıxmaz faciən, ey Xocalı!
25.02.2022.

Biz Xocalı Soyqırımını təkcə bu gün deyil demək olar ki, hər gün xatırlayırıq. Əsrin faciəsi olan bu faciə bizim yaddaşımıza elə həkk olub ki, onu heç vaxt UNUTMAYACAĞIQ VƏ UNUTDURMAYACAĞIQ!
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! AMİN!



QARABAĞ AZƏRBAYCANDIR!

ŞUŞA ULU TÜRK YURDUDUR,
HƏR VAXT ELƏ QALACAQDIR!
ORANIN HƏR QARIŞINDA,
TƏKBİRLƏR UCALACAQDIR!

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Heç nəyi unutmuruq və unutdurmuruq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə şəfa versin!
Müzəffər ordumuzu və cənab Ali baş komandanımız İlham Əliyevi qorusun! Amin!
Dəstur! Şuşada bozqurd var!


Kükrə Bozqurd, cövl et, qartal,
Ədalətinlə sən səs sal!
Şuşada sənin taxtın var,
Dünya durduqca orda qal!
Şuşa ulu Türk yurdudur,
Hər vaxt elə qalacaqdır!

Oranın hər qarışında,
Təkbirlər ucalacaqdır!
Kim deyir ki, xarı bülbül,
Daha çox saralacaqdır?
Onunçün can verənlərdən,
Həyat gücü alacaqdır!

Türk qardaşım, həm yurddaşım,
Şuşada məktəb tikəcək.
Şuşada mif, əfsanə yox,
Tarixim öyrəniləcək!
Qazi olan gənc müəllim,
Zəfərimdən dərs deyəcək!

Orda inkişaf edəcək,
Parlaq zəfərli gələcək!
Oranın hər qarışında,
Qürurla baş əyəcəyik.
“Bu torpağa şəhid qanı
Tökülübdür” deyəcəyik!

Neçə igid verdi canın,
Qurban verdi xanimanın.
Şuşada can verənlərlə,
Biz hər an fəxr edəcəyik!

Şuşaya göz dikənlərə,
Dardır o Türk dünyası, dar!
Siz ey qudurmuş şeytanlar,
Siz ey axmaqlar, nadanlar.

Dəstur! Şuşada bozqurd var,
Öz yurdunu əziz tutar,
Əgər yurduna göz diksəz,
Sizi didib parçalayar!

Bunu ulu fateh deyir,
Qoy eşitsin bütün cahan,
Bu söz zəfərli bir himndir:
“Qarabağdır Azərbaycan!”
“Qarabağdır Azərbaycan!”
11.02.2021


POLAD

Azərbaycanın Milli Qəhrəmanı
Şəhid general-mayor Polad Həşimovun
əziz xatirəsinə həsr edirəm.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!Amin!


Qədim odlar yurdunun odu, közüsən, Polad,
Qələbə dastanının bir ön sözüsən, Polad,
Uğrunda can verdiyin ulu Vətən içində,
Sən o qədim Vətənin elə özüsən, Polad.

Dastanlarla böyüdün, sonda dastana döndün,
Şəhidliyə yüksəldin gözümüzün önündə.
Sən Zəfər Yolu üçün istiqamətdin, yöndün,
Ruhunla Fateh oldun Şanlı Zəfər günündə.

Qisasının eşqiylə neçə igidlər getdi,
Onların sayəsində Vətən arzuya yetdi,
Şəhidim, oğlun yaşda olan igid Qəhrəman,
Sənin qisasın aldı, Murovu azad etdi!

1 il başladı qəmlə, davam etdi Zəfərlə,
Sənsiz keçən o 1 il davam etdi nələrlə,
Qəbrin üstə deyirik: “Pis gün geridə qaldı,
Ey Səngər Generalı, Əsgərin Zəfər çaldı!”

Sənin qızıldan taxtın ürəyimdə var bu gün,
Hünərinə Atsızdan qalıbdır şüar bu gün:
İnsan büyür beşikdə məzarda yatmaq üçün,
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün.

Xatirəni edirik, edəcəyik daim yad,
Şuşamız oldu azad, rahat uyu, uyu şad,
Sən Hünər Tarixində yeni bir iz, yeni ad,
Yaşa, bizləri yaşat, Şəhid Həşimov Polad!
12.07.2021


QARŞILA MƏNİ, ANA!

Uşaq yaşlarında anadan yetim qalan,
19 yaşında şəhidlik zirvəsinə yüksələn əsgərimiz
Cavid Cavanşir oğlu Zülfüqarovun dilindən.


Cənnətinə gəlmişəm,
Qarşıla məni, ana!
Deyəsən, tez gəlmişəm,
Bağışla məni, ana!

Məni danlayacaqsan,
Tək qoymuşam atamı.
Mənə anasızlığı,
Bildirməyən adamı.

Sən köç etdikdən sonra,
Gülmədi heç üzümüz.
Dilimizdə əzbərdir,
Qəm-kədərdir sözümüz.

Sən qəbrə qoyulanda,
Uşaq idim o zaman.
Çoxu təskinlik verdi,
Dedi ki, sağdır anan!

Bu ümidli sözlərə,
Mən aldana bilmədim.
Sənə öz cənnətində,
Qovuşmağı istədim.

Qismət beləymiş, ana,
Sonda gəldim yanına.
Vətən üçün al qana,
Mən boyana-boyana.

Çox arzularınızı,
Ürəkdə qoyub gəldim.
Əsas odur, igidtək,
Şəhidliyə yüksəldim!

De atama göylərdən,
Mənim ölməyim yalan.
Mən ki şəhid olmuşam,
Sən de ki, sağdır balan!

Xankəndinə sancmışam,
O üçrəngli bayrağı.
Canımla qaytarmışam,
Mən gözəl Qarabağı.

Məni böyütdün, ana,
Yetişdirdin igidtək.
İndi mən cənnətinə,
Qədəm qoydum şəhidtək.

Vətən şəhidiyəm mən,
Heç zaman ölmərəm mən,
Bilirəm, xatirəmi,
Yaşadar ana Vətən!

Cənnətinə gəlmişəm,
Qarşıla məni, ana!
Deyəsən, tez gəlmişəm,
Bağışla məni, ana!
Bağışla məni, ana!

ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: