Rafiq BAYRAMOV (1972)

Rafiq BAYRAMOV (1972) Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Fəxri mədəniyyət işçisi.

Bayramov Rafiq Yasin oğlu - 10 noyabr 1972-ci ildə anadan olub. 1989-cu ildə Bakı şəhərindəki 10 saylı orta ümumtəhsil məktəbini Fərqlənmə Medalı ilə bitirib. 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil alıb, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirib. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995-1997-ci illər ərzində ordu sıralarında – Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub.

1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla Mədəniyyət nazirinin müavini təyin olunub.

Rafiq Bayramov 1993-1998-ci illər ərzində qeyri-hökumət gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında fəaliyyət göstərib, yerli və beynəlxalq tədbirlərin, ümumrespublika və regional layihələrin həyata keçirilməsində fəal iştirak edib, bir sıra fəxri fərmandiplomlara layiq görülüb.

O, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

Biz də gənc və bacarıqlı dövlət qulluqçusu, Fəxri mədəniyyət işçisi Bayramov Rafiq Yasin oğluna yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: