ATA

ATA Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun
əziz xatirəsinə ithaf edirəm


Dünya – Həyatdır.
Həyat – Taleyimizdir.
Ana! – dedik, bizi dünyaya gətirən mələyə!
Ana! – dedik, bir ömür boyunca qida mənbəyimiz olan torpağa.
Ana! – dedik, bizi ibtidai şüur aləmindən işıqlığa çıxarıb ziyalılaşdıran məktəbə.
Ana! – dedik, bizi sinəsi üstə əziz-əziz böyüdüb ərköyün edən Vətənə.
Alim! – dedik, Ustad! – dedik, təfəkkürümüzü, beynimizi, daxili tərbiyəmizi, sadə düşüncələrimizi öz elmi ziyası ilə nurlandıran şəxsiyyətə.
Peyğəmbərimiz də buyurdu ki, cənnət anaların ayağının altındadır. Biz bu fikri qəbul etdik, amma Atamıza cənnətin özü dedik.
Ana - evinin işığıdır, - deyirlər.
O işığı, o evin içinə çəkdirib aktivləşdirən – Atadır.
Ana, evin qızıl dirəyidir, - deyirlər.
O, qızıl dirəkli evin monolit dayağı – Atadır.
Ana, evin yaraşığıdır, - deyirlər.
Bəli, o evin yaraşığını yaraşıqlı edən də Atadır, Ata!


Ana! – sevgisi hər hansı bir məfhumla bölünməyən bir eşqdir.
Ana – müqəddəsdir, Ana əzizdir – desək də, ürəyimizdə Atamızı daha çox sevdik və bunu hamıdan gizli saxladıq.
Anamızı – şirin dilimizlə, köməyimizlə, dəstəyimizlə sevdik.
Atamızı – gözümüzlə, qəlbimizlə, baxışlarımızla, sükutumuzla sevdik.
Çünki Atamız olan yerdə danışmağa utanmışıq, yanlarında böyüklükdən söz açmağa ehtiyat etmişik.
Ana - övladın şən həyatı olsa da, mən Atamı daha çox istəmişəm. Mənə elə gəlir ki, bütün qızların, oğulların əksəriyyəti belədir. Analar bunu bilir, duyur, amma xətrinə dəymir. Övladının Ataya olan övlad məhəbbətini alqışlayır. Ağıllı, xanım-xatun analar, övladlarına Atasını sevdirər. Düşünər ki, biz Anaları Günəş bilsək də, Günəş aydın səhərlərin Günəşidir. Amma Ay... Yerin peyki olan Ay isə qaranlıqların işığı, zülmətlərin nurudur.
Müdrik Analar övladına sevə-sevə aşılayır ki, Ata - ailənin də, övladın da, Ananın da maddi-mənəvi qoruyucusu, Peykidir. Atanızı sevin, sevindirin.

Bu yaxınlarda zəkəsına, ziyasına, təmkininə, elmi biliklərinə, daxili mədəniyyətinə bir çoxlarının həsəd apardığı bir elm xadimi, Azərbaycan alimi, dünya şöhrətli akademik, professor, tanınmış dilçi, türkoloq, ləyaqətli bir insan köçdü dünyadan.
Adını həmişə böyük fəxirlə çəkdiyim alim - Çobanov Mədəd Namaz oğlu! Ağır elli Borçalının dağdan ağır, insan kimi qiymətli, Ata kimi hörmətli, müəllim kimi şərəfli, el-obasının sayılıb-seçilən ağsaqqalı, elm adamlarının saf dostu, tələbələrinin ustadı Mədəd müəllim haqqın dərgahına qovuşdu. Nurlar içində uyusun.


Mədəd müəllim həqiqətən Eloğlu idi.
Elmi bilgiləri ilə canlı universitet idi.
Elinin-obasının foklor nümunəsi idi.
Yüzlərlə elmi məqalələrin, kitabların müəllifi idi, insan var özündən sonrakı əmlakı yalnız öz varisinə qalır.
İnsan var cənnətə evindən gedir, insan da var evindən + elindən + xalqının qəlbindən keçib gedir, Mədəd müəllim kimi.
Alimin yazdığı elmi əsərlər, fəlsəfi düşüncələr gənclərimizə bağışladığı gərəkli mülkdür.
Mədəd müəllimin ləyaqətini qoruyan ailəsi və şərəfli missiyasını davam etdirən Müşfiq kimi oğlu var. Rəbbim ona sağlıqlı, bərəkətli ömür versin.
Valideyn itirən övladlara həmişə belə bir təsəlli vermişəm. Demişəm ki, oğul çiynində, övlad urvatıyla, böyük izdihamla son mənzilə yola salınmağın özü də bir xoşbəxtlikdir.
Mən bilirəm ki, əziz itkisi ağır olur. Ata itirən övladlar azyaşlı olanda bu itkinin acısını, ağırlığını olduğu kimi dərk edə bilmir, bəlkə də...
Mehriban bir səsin həsrətinin...
Doğma isti bir əlin tumarının...
Hansısa bir yaxşı geyim-gecimin...
Gözəl gəzintinin...
vacib maddiyyatın intizarını çəkir, bəlkə də...
Amma övlad böyük, yaşlı olanda Atasının yoxluq acısı daha həcmli, daha ağırlıqlı olur. Çünki övlad böyük mənada dərk edir ki, KİMİ itirib.
Qəlbindəki ən əziz və ən kövrək...
Ən böyük güvəncini...
Ən etibarlı arxa-dayağını...
Başını sinəsinə söykədiyi zaman icazə istəmədi...
Əlini fəxirlə çiyinlərinə toxundurduğu...
Hər halında ərk-naz edə bildiyi...
Onu görəndə ani olaraq körpələşdiyi, gəncləşdiyi bir varlığı...
Evdən çıxanda övlad arxasınca qürurla, böyük sevgi ilə baxan bir insan!

Adına ATA deyirik onun.
A – adlanan Allahımız.
T – taleyimiz.
A – arzumuz.


ATA... ANA yoxluğundan sarsılanlara bəzən belə deyirlər “torpağın üzü soyuqdur, acıları tez unutdurur”. Amma bu belə deyil, dərdi torpaq deyil, insan çəkir. İsti-isti paylaşılan dərdi sonradan bölüşmək olmur. İnsan əzizinin dərdini ürəyinə çəkib özəlləşdirir və tək özünə məxsus edir. Başqaları onun qəlbin dərinliyindəki yanğını görə bilmir deyə, torpağı misal çəkir.

Müşfiq - əziz qardaşım,
Xanım-xatın - Hüsniyyə bacım.
Mədəd müəllimin digər yaxın, əziz, can-ciyərləri...
Rəbbim sizə səbr versin... keçmiş olsun.


BAXMAQ İSTƏMİRƏM ÜZÜNƏ DÜNYA

Bir qibləyə sarı neçə yolun var,
Neçə sifətin var, neçə donun var,
Əvəvl-axır sənin də bir sonun var,
Gəl çox da güvənmə özünə dünya.

Gözəl məkanları bulandırırsan,
Ocaqlar söndürüb könül qırırsan.
Uca başlar əyib boyun burursan,
Keçmək istəmirəm izinə dünya.

Göyərdib çox zaman haqqın sözümü,
Seçib oxşayırsan mindən yüzünü,
Bir dəfəlik çevir bizdən üzünü,
Baxmaq istəmirəm üzünə dünya.

Verdiyin dərdləri çəkməmək üçün,
Səpdiyin qəmlərdən ölməmək üçün,
Yıxdığın evləri görməmək üçün,
Qara eynək keçir gözünə dünya.

Kainat bezikib savaşlarından,
Talelər ağırdır duz daşlarından,
Sən ki, zövq alırsan göz yaşlarından,
Baxmaq istəmirəm üzünə dünya.

Yalandan o qədər and içibsən ki...
Haqqa göz yumubsan... Yan keçibsən ki...
O qədər can yeyib... Qan içibsən ki...
Baxmaq istəmirəm üzünə, dünya.

Ayrılıq cüt oldu, qopdu qiyamət,
Nə insaf varmış səndə, nə kəramət.
Mən Ata itirdim, sənsə əzəmət,
Baxmaq istəmirəm üzünə, dünya.

Azərbaycan xalqına məxsus olan bir xüsusiyyət var ki, adam – qardaşını özündən, qardaşının balasını – qardaşından daha çox istəyir. Odur ki, qısa bir zaman dönəmində Darvaz elinin böyük nəslindən, ziyalı ocağından iki böyük acının, qardaşı pəhləvan, ziyalı, elin ağsaqqalı Yəhya Namaz oğlunun və qardaşı oğlu doktor Səməd Nəbioğlunun vaxtsız vəfatına dözmədi, qubarladı Mədəd müəllim.
Rəbbim hər birinə cənnət bağışlasın Amin.


ATA

Sevgül SƏFƏRLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: