ELŞƏN QURBANOV (1982)

ELŞƏN QURBANOV (1982) Elşən Öylət oğlu Qurbanov - 1982-ci ildə qədim Borçalı mahalının Başkeçid bölgəsindəki (indiki Gürcüstanın Dmanisi rayonundakı) Səfərli kəndində dünyaya gəlmişdir.
O, Azərbaycan tarixinin ən ağır illərindən biri olan 1993-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür.
Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı məktəbdə orta təhsilini davam etdirmişdir.
Uşaq vaxtından Azərbaycanın hərbi diktoru Şəmistan Əlizamanlının səsini, mahnılarını heyranlıqla dinləyə-dinləyə böyüyən Elşən Qurbanov vətənpərvər bir gənc kimi 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur.
2004-cü ildə Ali Hərbi Məktəbin 4-cü buraxılış məzunu olmuşdur.
İlk hərbi qulluğuna o zaman işğal altında inləyən, Qarabağın ən qaynar bölgəsi sayılan Ağdamdan başlamlşdır.
22 illik hərbi xidməti ərzində demək olar ki, cəbhə bölgələrini addım-addım, top atəşləri, güllə səsləri altında yaşamışdır.
Lələ təpənin alınmasında iştirak etmişdir.
2-ci Qarabağ müharibəsi başlayanda Qarabağın azadlığı naminə savaş meydanına Füzuli rayonundan daxil olmuşdur.

Hərbi hissələrdə tağım komandiri, batareya komandiri, N saylı hərbi hissənin tərbiyəvi iş üzrə komandir müavini, artilleriya birqadasının komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini kimi müxtəlif məsul vəzifələr daşıyan Elşən Qurbanov topladığı hərbi təcrübə və taktikasını döyüş bölgələrində uğurla həyata keçirmişdir. İxtisasca topçu olduğu üçün komandirin göstərişinə əsasən cəbhə boyu döyüşçü qəhrəmanlarımızı ruhlandırmaq üçün hər zaman onların yanında olmuşdur.

ELŞƏN QURBANOV (1982) Aprel döyüşlərinə kapitan kimi girib, mayor kimi çıxan Elşən Qurbanov 2-ci Qarabağ müharibəsi zamanı savaşa mayor kimi başlamış, Zəfər gününü polkovnik-leytenant kimi qarşılamışdır.
44 günlük Zəfər tariximizdə qəhrəmanlıq təltifləri ilə qiymətləndirilmiş: “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qüsursuz xidmətlərinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Elşən Qurbanov dünyaya gəldiyi Səfərli kəndində “Hərbçilər” kimi tanınan və xalqımıza 7 nəfər zabit bəxş etmiş Qurbanovlar nəslin nümayəndəsidir, elinin, obasının, xalqının qəhrəmanıdır. Bu nəsil 2-ci dünya müharibəsinin qəhrəmanı, 2 dəfə “Şöhrət” ordenli kapitan Həsənpaşa Qurbanov, kapitan Aydın Qurbanov, mayor Elmdar Qurbanov, mayor. Şöhrət Qurbanov, polkovnik-leytenant Fərman Qurbanov, baş leytenant Mübariz Qurbanov və polkovnik-leytenant Elşən Qurbanovla həmişə fəxr edir və qürur duyur.

Elşən Qurbanov ailəlidir. Elgün adlı oğlu, Fatimə adlı bir qızı var. Allah xoşbəxt eləsin.

Elə biz də 2-ci Qarabağ savaşının qəhrəmanı, polkovnik-leytenant Elşən Qurbanovla fəxr edir, qürur duyur və ona yeni-yeni uğurlar arzulayırıq!..

Sevgül SƏFƏRLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: