İncə qəlbli insan, ixtisasca geoloq, şair Fərhad Qoşqarlının yeni şeirləri

İncə qəlbli insan, ixtisasca geoloq, şair Fərhad Qoşqarlının yeni şeirləri İncə qəlbli insan, ixtisasca geoloq, şeir-söz ustası Fərhad Alıyev Qoşqarlının şeirləri mütəmadi olaraq saytımızda və qəzetimizdə çap olunur və yeni yazdığı iki şeiri - “Zeynəb” və “Adəm” şeirləri ilk dəfə olaraq qəzetimizdə və saytımızda dərc edilir.

Şair-geoloq Fərhad Qoşqarlı hazırda Daşkəsən rayonunda yaşayır; həm öz geoloq peşəsiylə, həm də yaradıcılıqla məşğuldur.


Biz də Fərhad Qoşqarlıya yeni-yeni uğurlar arzulayırıq!..

Günel MƏMMƏDOVA,
ZiM.Az



Molla Nəsrəddin

Molla Nəsrəddin öz davranışında,
Acı sözlərini hədəfə atdı.
Pulunu gizlədib ağac başında,
Inək peyinindən gülüş yaratdı.

Orda yatanları oyatmaq üçün,
Öküzü üfürdü fil qulağına.
Hər şeyin yerini seçərək düzgün,
Eşşəyi bağladı at ayağına.

Göstərib dünyanın üçdə birini,
Yerin mərkəzini kəndini seçdi.
Elə düzüb, qoşdu kəlmələrini,
Dəvələr iynənin gözündən keçdi.

Çox kəlamlar qoyub getdi dünyada,
Bütün əməlinə bəşər gülüşdü.
Ağılda, kamalda dahi olsa da,
Eşşəyin belində tarixə düşdü.


Yaşlı adamlar

Küsəyən olurlar yaşlı adamlar,
Kövrəlirlər qəmi olanlar kimi.
Yaşlı olduğunu unudub onlar,
Hərdən davranırlar uşaqlar kimi.

Ehtiyatlı ol ki, söhbətində sən,
Sözün acısından tez inciyirlər.
Yaşlının qəlbini gərək biləsən,
Gəldidən, getdidən gileylənirlər.

Onlar vərəqləyib yaddaşlarını,
Nəyinsə dərdindən məyus olurlar.
Biz görə bilmirik göz yaşlarını,
İçdən ağlayırlar, içdən yanırlar.

El arasında çox belə deyirlər,
“Yaşlı adam düşür uşaq fəhminə”.
Yerinə yetirin nə istəyirlər,
Heç vaxt toxunmayın ürəklərinə.

Daşlar

(Akademik M.Qaşqayın əziz xatirəsinə)


Yer kürəsindən çıxan qiymətli daşlar ecazkar gözəlliklərinə və rənglərinə görə bir-birlərindən fərqlənirlər. Qədim insanlar onların xassələrinə uyğun təbabətdə işlətmiş və qoruyucu vasitə, xoşbəxtlik, qələbə, sadiqlik rəmzləri kimi istifadə etmişlər. Heç nə səbəbsiz yaranmamışdır. Allah lut tayfasını günahlarına görə daşlarla (meteoritlərlə) məhv etmişdir. Şərq inanclarına görə hər bir insanın daşı (həmaili) var.


Daşlardan hər kəsin həmaili var,
Maqma püskürəndə yaranıb onlar.
Doğulduğun günü, bürcünü yoxla,
Inancla üstündə həmail saxla.
Kimyanın atası Sabir ibn Xəyyam,
Daşları öyrənib əllərində cam.
Onların insana köməyi varmış,
Ona görə ağac da daşlaşırmış.
Isgəndər hematit qaşlı üzüklə,
Döyüşlərdən dönüb qələbə ilə,
Piriti gəzdirsən ruhun şad olar,
Zümrüdün təsiri gözləri dağlar.
Əqiqlə kəhrəba xoşbəxtlik verər,
Opal, qranat fərəh, sevinc gətirər.
Yəşəmin varlığı ömrü uzadır,
Daxili orqanı qaydaya salır.
Sapfir sülh, azadlıq, sabitlik sevir,
Ametist əhdinə sadiq eləyir.
Cəsarətli, güclü olmaq istəsən,
Yaqutlu üzük tax barmağına sən.
Lazurit xeyirdir göz ağrısına,
Istəsən məlhəmi özün də sına.
Kalsit qızdırmanı aşağı salır,
Serdolik işlətsən yara sağalır.
Çalış mərgümüşdən uzaq gəzəsən,
Namərdin əliylə zəhərlənərsən.
Daşları axtarın daşlar içində,
Daşlar yaşayırlar qaşlar içində.
Daşların dünyası muzeylərdədir,
Onların tərkibi sirlər öyrədir.


Zeynəb

(Nəvəm Zeynəbə həsr edirəm)

Yazın əvvəlində çəmən qoynunda,
Təzəcə açılmış çiçəkdir Zeynəb.
Tanrı camalına gözəllik verib,
Xədicə, Ayşə tək göyçəkdir Zeynəb.

Şair babasının gül nəvəsidir,
Nənəsinin fəxri, həm nəfəsidir,
Onun qığıltısı haqq nəğməsidir,
Köksümdə döyünən ürəkdir Zeynəb.

O ala gözləri saf incidəndir,
Heç kimi küsdürməz, nə incidəndir,
Xətrinə dəyməyin tez inciyəndir,
Yaz yağışı kimi kövrəkdir, Zeynəb.

Fərhad, çox incədir qəlbimin simi,
Gələcək nəvələr göylər hakimi.
Talada dolanan bir maral kimi,
Bir məsum baxışlı, hürkədir Zeynəb.


Adəm

(Nəvəm Adəmə həsr edirəm)

Allahın sevgisi qanına hopub,
Elə bil Vasifin özüdür Adəm.
Baxışında göylər nura qərq olur,
Dünyanın işıqlı üzüdür Adəm.

Adını qoymuşuq peyğəmbər adı,
Bir dəfə ağladı qəlbim qanadı,
Qoca nənəsinin qolu-qanadı,
Ürəyinin görən gözüdür, Adəm.

O, babası kimi şair olacaq,
Bir gözəl mələyə şeir yazacaq,
Məzarım üstünə əklil qoyacaq,
Dilimin ən şirin sözüdür Adəm.

Onun gələcəyi parlaq olacaq,
Binalar tikəcək, yollar salacaq,
Babası Fərhadı yada salacaq,
Anasının vuran nəbzidir Adəm.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: