EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSENARİLƏRİ VƏ TƏRCÜMƏLƏRİ (I hissə)

EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSENARİLƏRİ VƏ TƏRCÜMƏLƏRİ  (I hissə)
GİRİŞ

Şair, tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvazov Ayvaz Məhəmməd oğlu) 5 may 1938-ci il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. M.F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olunmuş, Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsinə keçirilmişdir.
Eyvaz Borçalı yalnız şairlik və tərcüməçiliklə məşğul olmamış, xalqın ictimai-sosial həyatında da yaxından iştirak etmişdir. Bakı şəhər keçmiş Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. Respublika Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Azərnəşrdə redaktor (1964), “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), “Mozalan” satirik kino-jurnalının baş redaktoru (1971-1984), “Kirpi” jurnalının baş redaktoru (1986-1993), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (1984-1986) vəzifələrində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan (1968) Eyvaz Borçalı “Üfüq yananda” (1964), “Sevgi radiusu” (1967), “Qızıl anlar” (1970), “İnsan, zaman, izlər” (1974), “İllər... Pillələr...” (1975), “Dünya, məni tərkinə al” (1983), “Dünyanın tərkində” (1986), “Durnalı göylər” (1991), “Boylandığım pəncərə” (2019) və digər kitabların müəllifidir.
Şair, tərcüməçi Eyvaz Borçalı (Ayvazov Ayvaz Məhəmməd oğlu (Eyvaz Borçalı) fəaliyyəti yüksək dəyərləndirilmiş, “Əmək Rəşadətinə Görə” medalı (1979), Şərəf nişanı ordeni (1980), Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1978, 1988), “Tərəqqi” (2005) medalı ilə təltif edilmiş, “Əməkdar incəsənət xadimi” (1981) fəxri adına layiq görülmüşdür.

I. EYVAZ BORÇALI POEZİYASININ PROBLEMATİKASI, KOMPOZİSİYASI, JANR MÜXTƏLİFLİYİ, MƏNBƏLƏRİ VƏ BƏDİİ DİLİ

Eyvaz Borçalı poeziyasının problematikası

Eyvaz Borçalı yaradıcılığında anaya məhəbbət, Vətənə sevgi, ailəyə, el-obaya bağlılıq özünü qabarıq şəkildə göstərməkdədir. İctimai-sosial problemlərə də öz münasibətini bildirməkdən vaz keçməyən müəllifin təbiətin qorunmasına çağırışının, Аna yurdu tərk etməməyə səsləyişinin və s. şahidi olmaq mümkündür.
Müəllifin lirik yaradıcılığında anaya məhəbbət, sevgi ilə yanaşı ana itkisinin ağırlığı da əksini tapmışdır. Müəllif ananın müqəddəsliyini nəzərə çarpdırmaqla yanaşı, ana itkisini “Anama layla” poemasında açıqlaya bilmişdir:
Bir qəfil möcüzə gəzir gümanım,
Bir tabut yanında dayana bilmir.
Ata ölümünə inanan canım,
Ana ölümünə inana bilmir. [5, 136]
Müəllif ata ölümü ilə barışa bildiyi halda, ana itkisi ilə barışa bilmədiyini səsləndirmişdir. Azərbaycan ədəbiyyatında anaya həsr edilmiş əsərlər zənginliyi ilə diqqəti cəlb edir. Bu baxımdan, ana haqqında, anaya olan sevgi və ehtiramı tərənnüm etmək cəsarət tələb edir. E. Borçalı anaların ölmədiyini, Vətən timsalında yaşadıqlarını, ananın böyüklüyünü və müqəddəsliyini ustalıqla tərənnüm edir:
Ana müqəddəsdir, analar ölmür,
Nur olub ürəyə, gözə dolurlar.
Ölüm yalan sözdür, analar ölmür,
Torpağa qovuşub Vətən olurlar! [5, 141]
Şairin Vətən sevgisi yaradıcılığının leytmotivinə çevrilmişdir. Ədibin “Anam, ana Vətənim!”, “Sev bu torpağı”, “Borçalı”, “Baş vuraq Başkeçidə”, “Borçalı torpağı” və s. şeirlərində vətənə olan sevgi əksini tapa bilmişdir. Müəllif, “Anam, ana Vətənim!” şeirində Vətənə olan sevgi və ehtiramını əks etdirə bilir:
Anam, ana Vətənim!
Hər misramda bitənim;
Əlborcunam, gərək mən,
Ömrüm ilə ödənim! [5, 83]
Müəllif şeirdə insan ömrünün Vətən qarşısında daim borclu olmasını vurğulayaraq, onun borcundan əsil vətəndaş kimi çıxmağa səsləyiş edir.
Eyvaz Borçalı Vətən sevgisi ilə yanaşı ailəyə, el-obaya bağlılığı da tərənnüm edə bilmişdir. Müəllifin “Cavanları köçən kənd” şeirində el-obaya bağlı olmadıqda törənən fəsadlar əks etdirilmişdir. Müəllif el-obaya bağlılığın olmamasının nəticəsi kimi doğma el-obaların boşalmasını göstərə bilir. Eyvaz Borçalı bu amilin ağır olmasını ürək ağrısı ilə qələmə almışdır:
Göylərə kövrəkcə sütunlar çəkən
Ümiddi, dayaqdı, nüsrətdi evlər.
Di gəl, gecələri əyirib sökən
Körpə səslərinə həsrətdi evlər. [5, 121]
Müəllif bu şeirdə Ana yurdu tərk etməməyə çağırışını səsləndirir. Ana yurdu tərk edənlərə nəzmlə müraciət edir:
Hanı cavanları, hanı bu kəndin?
Bu kənd bir azca da kövrələ bilər.
Heç kəs deməsin ki, vətən vətəndi,
Vətən də beləcə seyrələ bilər... [5, 121]
Yazıçı Nəriman Əbdülrəhmanlının şairin yaradıcılığının problematikası haqqında fikirləri maraq kəsb edir: “Onun poeziyası təbiətə, ilkinliyə, saflığa köklənib qanı-canıyla bağlı olduğu, şəhərin tünlüyündə darıxdığı, görüşünə can atdığı doğma yerləri, təkrarsız məqamları, unuda bilmədiyi çalarları axtarır. Ömrünün ahıl çağlarında belə yaddaşını tərpədən o duyğular Eyvaz Borçalının şeirlərindən qırmızı xətt kimi keçir.” [18]
Eyvaz Borçalı yaradıcılığında özündə canlı və cansızları birləşdirən vahid sistem olan təbiətin qorunmasına çağırış özünü göstərməkdədir. Müəllif bəşəriyyətin ixtiyarında olan resurslardan insanların məntiqlə istifadə etməmələrini vurğulamışdır. Şairin “Payız notları” şeirində bunun şahidi oluruq:
Yerdəki əməldən göyün üzündə,
Azon qatları da deşik-deşikdi;
İndi həyatımız mənim gözümdə
Havası çatmayan ağlar beşikdi. [5, 41]
Müəllif elmin, texnikanın sürətli inkişafından insanların düzgün yararlanmadıqlarına toxunmuş, düzgün yararlanmamağın təbii qanunauyğunluqların bu və ya digər dərəcədə pozulmasına səbəb olmasını açıqlamışdır.
Eyvaz Borçalı yaradıcılığında insanın ikiləşməsini göstərə bilmişdir. Müəllif bunu xeyirlə-şərin mübarizəsi kimi əks etdirmişdir. Müəllif ikiləşməni müəllif obrazı vasitəsi ilə çatdırır. Şairin “İki mən” şeirində ikiləşməni müşahidə etmək mümkündür:
Özümün özümdən yoxmuş xəbərim –
İki “Mən” yaşayır mənim içimdə.
İki “Mən” yaşayır... lakin hər biri
Bir özgə xislətdə, özgə biçimdə. [8]
Tədqiqatçılar sairin yaradıcılığındakı ikiləşmənin insanlar arasındakı toqquşma ilə əlaqələndirmişdilər: “Eyvaz Borçalı təbiətinə görə yaradıcı adam olduğuna görə, bəzən daxilindəki ikiləşmədən, şair-məmur toqquşmasından əziyyət çəkib, bəlkə də bu misraları elə həmin məqamların birində qələmə alıb”. [18] Eyvaz Borçalı bir insan kimi mübarizəni nəyinsə xətrinə qurban verməsini də qabartmağa nail ola bilmişdir. Bu məğlubiyyəti özünün məğlubiyyəti kimi deyil, onu əhatə edən ictimaiyyətin məğlubiyyəti kimi verməyə nail ola bilmişdir:
Bir heçə dönürəm ikiliyimlə,
İki “Mən”dən biri yıxılmalıdır!
Vuruşur “Mən”, mənim mütiliyimlə,
Mütilik hər yanda yox olmalıdır!!! [8]
Şairin “Köklü qaya” poemasında el-obaların boşaldılması probleminə nəzər salınmışdır:
Adamlar dəyişib, dünənki deyil,
Ürəkdə bir sözdü, ağızda başqa.
Gedənlər gedibdi, dönən ki, deyil,
Bəs niyə qalanlar olubdu qaşqa. [5, 168]


Eyvaz Borçalı poeziyasının kompozisiyası

Ədibin nəzm yaradıcılığında kompozisiya ünsürlərinə müraciət etməsi maraq doğurur. Kompozisiyanın epiqraf, proloq, lirik haşiyə kimi ünsürlərindən istifadə etməklə müəllif oxucunun diqqətini qələmə almış olduğu əsərə yönəldə bilir.
Eyvaz Borçalının şeirlərində epiqrafdan istifadə etməsi maraq kəsb edir. Məsələn, müəllif “Məni məndən qoruma” şeirində şeirin məzmunu ilə səsləşən epiqrafdan istifadə etmişdir. Şairin istifadə etdiyi epiqraf müəllifsiz verilmiş, bu da ona əsas verir ki, epiqraf müəllifə məxsusdur. Bədii əsərlərdə epiqraflar həmin əsərin müəllifinin özünə və ya da digər müəllifə aid ola bilər. “Məni məndən qoruma” şeirində müəllif şeirin ümumi məzmun və ideyasına oxucunun diqqətini yönəltmək üçün özünün nəzmlə qələmə aldığı şeiri epiqraf kimi təqdim etmişdir:
Dildən gödək, başdan iri
Yad meyilli yadın biri
Bir şeirimi hüdüllədi.
Çəkdi sağa, yoxdu sola;
Söymə dedi bu milləti,
Millət mənim ola-ola. [5, 35]
Eyvaz Borçalı “Anama layla” poemasının “Ana yaşı” bölməsində Məmməd Arazın “Ana itirmişəm ana yaşında” misrasından epiqraf kimi istifadə etmişdir.
E. Borçalının “Kök” şeirində istifadə etdiyi epiqraf tarixi köklərə nəzər salmağa vadar etdiyi kimi, şairin qələmə almış olduğu şeirin mənasını dərk etməyə yardımçı olur. Müəllifin təqdim etdiyi epiqraf məhz oxucunu şeirə hansı aspektdən yanaşmasını açıqlayır: “Qədimlərdə dilimizdə qara sözü – böyük, yazı sözü – torpaq, düz mənasında işlədilirdi”. [5, 129] Şairin epiqrafı işlətmək məqamını anlamaq üçün şeirin bir bəndinə nəzər salaq:
Qara dəniz, Qarayazı, Qarabağ,
Qohumluğu, oxşarlığı kökündə...
Tarixçi dost, tarix gəzmə, bura bax,
Bir məna gəz üç kəlmənin köksündə. [5, 129]
Eyvaz Borçalı şeirlərində istifadə etdiyi əksər epiqrafların müəllifi özüdür. Məsələn, “Sarısöyünoğlu” şeirində öz qələminə məxsus bəndi epiqraf kimi təqdim etmişdir. Epiqraf ifadə etdiyi məna baxımdan, şeirin ümumi məzmun və ideyası haqqında təsəvvür yaratmağa qadir olur:
Tülküdurmazdan durub,
Kefinə məclic qurub;
Əllidən-yüzdən vurub
Susub baxan Vaqifə. [5, 18]
Eyvaz Borçalının istifadə etdiyi epiqraflar qələmə almış olduğu şeirlərinin mövzusu ilə səsləşə bilən hikmətli nümunələrdir.
Eyvaz Borçalı “Ovqat poeması” əsərini proloqla başlamışdı. Proloq bədii əsərin əvvəlində təqdim edilmişdir. Müəllif təqdim etdiyi proloqla oxucusuna yığcam şəkildə poemada bəhs edəcək hadisələri çatdıra bilmişdir:
Fitrətindən bilir hərə:
Torpaq candı, torpaq – ürək.
Əsməyir ki, əbəs yerə,
Torpaq üstə yarpaq ürək.

Qədimlərdən üzü bəri,
Bu torpağın boz çölləri –
Əkinçinin əkin yeri,
Əkinçinin səpin yeri! [5, 141]
Maraqlı məqamlardan biri də şairin lirik haşiyəyə müraciət etməsidir. Lirik haşiyə vasitəsilə müəllif hər hansı bir məsələ ilə bağlı öz hissini, həyəcanını, münasibətini bildirə bilir. Eyvaz Borçalı Merac Bağırova ithaf etdiyi “İşıq” səpkili şeirinin sonunda lirik haşiyə çıxmışdır. Səpkili şeirin sonunda müəllif “P.S.” qeydini edərək qələmə almışdır: “P.S. Bu şeir yazılandan düz əlli il sonra Araz-hesin tikinti rəhbərlərindən biri – Merac Bağırovla tanış oldum. Çox işıqlı adamdı. Ona görə də 50 ildən sonra bu şeiri ona ithaf edirəm”. [5, 104]


Eyvaz Borçalı yaradıcılığında kiçik nəzm formaları

Eyvaz Borçalı yaradıcılığında nəzmə aid olan ahəng, ölçü, qafiyə, rədif, bölgü kimi əlamətlərdən sənətkarlıqla istifadə edə bilmişdir. Müəllif nəzmin müəyyən əlamətləri ilə qələmə aldığı nəzm əsərlərində sözləri nizamla, müəyyən ölçü daxilində verməyə qadir ola bilir.
Eyvaz Borçalının qələmə almış olduğu şeirlərdə ahəng yaradan ölçü, yəni şeirin vəzni özlərini heca vəznində və sərbəst şeir səpkisində göstərmişdilər.
Şair ölçünün tələbinə uyğun olaraq, müxtəlif misradaxili bölgülərə müraciət etmişdir. Eyvaz Borçalının yaradıcılığında 5, 7, 8, 11, 12.15 hecalı şeirlərə rast gəlinir. Şairin “Anama deyin” şeiri 5 hecadan, “Ay ümid”, “Aşıqvari nəsihət”, “İçində” şeirləri 7 hecadan, “Olmaya”, “Məni məndən qoruma” şeirləri 8 hecadan, “Mənzərə”, “Heyif ki”, “Payız notları” şeirləri 11 hecadan, “Dağlar bizi tanımasa...” şeiri 12 hecadan, “Ağlamalı çağındı” şeiri 15 hecadan ibarətdir.
Eyvaz Borçalının “Anama deyin” şeirinin 5 hecadan ibarət olması diqqətdən yayınmır:
Anama deyin, (5 heca)
Balası gələr (5 heca)
Dağları dələr, (5 heca)
Gözləri gülər… (5 heca)
Şairin “Yanında” şeiri isə 7 hecadan ibarətdir:
Bal qatıb söz içinə, (7 heca)
Düz baxsan göz içinə, (7 heca)
Çəkilər öz içinə(7 heca)
Tamah insaf yolunda. (7 heca) [5, 20]
Eyvaz Borçalının qələmə aldığı “Yoxdu” şeiri 8 hecalıdır:
Evlər tikib ev yıxanın, (8 heca)
Gözü üstə qaşı yoxdu; (8 heca)
Çörəyi daşdan çıxanın (8 heca)
Ev tikməyə daşı yoxdu. (8 heca) [5, 69]
“Baş vuraq Başkeçidə” şeirini şair 11 hecada qələmə almışdır:
Sərin bulaqlıdı, çaylıdı dağlar, (11 heca)
Gecəsi ulduzlu, aylıdı dağlar; (11 heca)
Qonaq-qarasına paylıdı dağlar, (11 heca)
Gedək Başkeçidə baş vuraq gələk. (11 heca) [5, 53]
“Ağlamalı çağındı” şeiri 15 hecadan ibarət olması ilə diqqəti cəlb edir:
İşimizi düz qurmadıq, düz tutmadıq əzəldən, (15 heca)
Çox doğmalar, çox yaxınlar gedib yada sığındı. (15 heca)
Aralıqda ara vurur aramızı düzəldən, (15 heca)
Ağla canım, ağla gözüm, ağlamalı çağındı. (15 heca) [5, 15]
Eyvaz Borçalının şeirlərində qafiyə müxtəlifliyi diqqəti cəlb edir. Şair yaradıcılığında həm zəngin yəni tam qafiyəyə, həmçinin yoxsul qafiyəyə və ya natamam qafiyəyə, qulaq qafiyəsinə, daxili qafiyəyə, çarpaz qafiyəyə və ya aşma qafiyəyə müraciət etmişdir.
“Olmaya” şeirinin bəndlərindəki bir neçə hecası bir-biri ilə səsləşən sözlərlə qafiyələşir ki, bu qafiyələr də tam qafiyələr adlanır:
Dar dalanda at çapana,
Kündəmizi küt yapana,
Dözmək olur, ay zamana,
Təkcə yalanın olmaya. [5, 57]
Eyvaz Borçalının qələmə aldığı “Olmaya” şeirinin bu bəndində həmqafiyə olan “çapana”, “yapana”, “zamana” sözlərindəki bütün hecalar bir-biri ilə səsləşirlər. Məhz bu xüsusiyyətə görə də həmin sözlər zəngin və ya tam qafiyə hesab edilir.
Eyvaz Borçalının “Haqq Tanrıdan ucadır” şeirində isə qafiyə təşkil edən sözlərin yalnız bir qisminin bir-biri ilə səsləşməsini müşahidə edirik. Sözlərin bu cür səsləşməsi özünü yoxsul, yəni natamam qafiyə kimi göstərir:
Bədahətən deyilib,
Bir qəzeti bəzədi;
Möcüzə olmasa da,
Tarixçəsi məzədi. [5, 22]
Bənddəki “bəzədi”, “məzədi” sözləri arasında bir-biri ilə uyğun gəlmə natamamdır. Buna görə də bu bənddəki qafiyə yarımçıq və yoxsul qafiyə kimi özünü göstərir.
“Al! - dedi, çal! - dedi...” şeirində şair abab şəklində qafiyələnmədən istifadə edərək, qafiyənin çarpaz qafiyə və ya aşma qafiyəsində nümunə qələmə almışdır:
Hara ayaq basam ora dirçələr, – a
Gül-gülü çağırar, çiçək çiçəyi, – b
Dönüb bülbül olar göydə sərçələr, – a
Quş quşu səsləyər, böcək böcəyi... [5, 43] – b
Nümunədə “dirçələr”, “sərçələr” sözləri aralarında eyni, “çiçəyi”, “böcəyi” sözləri isə öz aralarında eyni cür qafiyələnmişdilər. Çarpaz qafiyəli şeir nümunələrində misralar bəndlər üzrə abab, cçcç, dede və s. şəklində qafiyələnir. Bu şeir şəklində qələmə alınmış nəzm nümunəsi uyğun olaraq dörd misralı bəndlərə ayrılır, istənilən uzunluqlu misra üzərində qurula bilir. Həm heca, həm də əruz vəznin nümunələri mövcuddur. Eyvaz Borçalının Mustay Kərimin ruhuna ithaf etdiyi “Gəl çıxıb gedək” şeiri çarpaz qafiyə nümunəsi kimi diqqəti cəlb edir:
Canım, bu şəhərdən gəl çıxıb gedək, - a
Bir ayrı məkanda yuva bağlayaq; - b
Tünlükdə sıxılıb çırpınır ürək, - a
Barı bu yazığa bir gün ağlayaq. -b

Canım, bu şəhərdən gəl çıxıb gedək, - c
Hər düşən axşamı hüzün gətirir; - ç
Hər doğan səhəri - əlində kötək - c
Bizə dərd gətirir, dözüm gətirir. [5, 54] - ç
Eyvaz Borçalının “Dünya bizsiz” şeirində təkrar olunan sözlərə rast gəlinir ki, nəzm də bu rədif kimi qəbul edilir. Qeyd etməliyik ki, nəzm nümunəsində hər təkrar olunan sözlər rədif adlanmır. Rədif şeirdə qafiyə təşkil edən sözlərdən sonra işlənir, yəni misranın sonunda gəlir.
Dünya ölüm-itimdi, bil,
Amma bizsiz yetimdi, bil!
İnsan ondan qədimdi, bil,
Gəl bunu da bilək bir az. [5, 61]
Nümunədə “bil” sözü rədifdir, şeirdə ahəngi qüvvətləndirməklə bərabər, şeirin təsir gücünü də artırmışdır. “Ölüm-itimdi”, “yetimdi”, “qədimdi” sözləri qafiyədilər, “bil” sözü isə onlardan sonra işlənilmiş rədifdir.
Şair yaradıcılığında rədifə tez-tez müraciət edir. Məsələn, “Nə istəyir?” şeirində də rədifdən istifadə edilmişdir:
Vardan çıxıb, yoxdan çıxıb,
Ömrün çərxi oxdan çıxıb;
Bir canım var - çoxdan çıxıb,
Fələk məndən nə istəyir? [5, 63]
Şeir nümunəsində “yoxdan”, “oxdan”, “çoxdan” qafiyə, “çıxıb” sözü isə rədifdir. Bu şeir nümunəsində də “çıxıb” rədifinin işlənilməsi şeirin təsir gücünü artırmışdır.


Eyvaz Borçalı yaradıcılığında böyük nəzm formaları

Eyvaz Borçalının qələmə aldığı “Anama layla”, “Ovqat poeması”, “Nağıl qayalar”, “Budaq əmi”, “Köklü qaya”, “Xoş macal” və s. kimi poemaları mövzu rəngarəngliyi ilə diqqəti cəlb edirlər. Bu poemaların maraq kəsb edən məqamlarından biri də həcmlərinin kiçik olmalarıdır.
Eyvaz Borçalının “Anama layla” poeması 7 bölümdən ibarətdir: 1) “Övlad sevgisi”, 2) “Bir qəfil möcüzə gəzir gümanım...”, 3) “Ana yaşı”, 4) “Heç nədən”, 5) “Qorxuram”, 6) “Yuxu”, 7) “Analar ölmür”. Poema anasını itirmiş şairin daxili iztirablarını əks etdirir. Şair məni poemada qabarıq şəkildə üzə çıxarılmışdır.
“Budaq əmi” poeması II Vətən müharibsənin ağrı-acılarını əks etdirir. Poemada müharibə iştirakçısı Budaq əminin müharibədə ayağını itirməsi faktına toxunulmuş, müharibənin insanların canlarına edilmiş qəsd kimi göstərilmişdir.
“Köklü qaya” poemasını “Budaq əmi” poemasının davamı kimi qəbul etməliyik. Belə ki, “Köklü qaya” poemasında Budaq kişinin məişət problemlərinə nəzər salınır. Bununla bərabər bu poemada da müharibənin buraxdığı izlərə aydınlıq gətirilir. Hər iki poemada Budaq kişinin obrazına rast gəlinir. “Budaq əmi” poemasındakı Budaq kişinin “Köklü qaya” poemasındakı Budaq kişinin eyni adam olmalarını poemanın son misralarında şahid oluruq. Şair bu amili “Köklü qaya” poemasında belə açıqlamışdır:
Keçdiyi yolların bilinib qədri,
Tarix kitabında səs-səda salıb.
Özü dediyitək, bu kənddən ötrü
Ayağı əjdaha ağzında qalıb. [5, 173]
“Budaq əmi” poemasında isə müəllif Budaq kişinin müharibədə ayağının birini itirməsi amilini belə açıqlamışdır:
“Şükür! Şükür!” kəlmələri
Yeri-göyq götürmüşdü
Sən davadan qayıdanda.
Bir qıçını gətirmişdin,
Biri qalıb vuruşurdu”. [5, 159]
Müəllif müharibədə ayağını itirmiş Budaq kişini göstərməklə, şikəst insanı göstərməyə cəhd etməmişdir. Əsas istiqamət müharibənin törətdiyi dəhşətlərin, insana vurduğu zərbələrin açıqlanmasıdır.
Eyvaz Borçalının poemalarının problematikasını xalq arasındakı birlik məsələsi də əhatə etmişdir. Müəllifin “Xoş macal” poemasında xalq arasında milli ədavəti törədənlər tənqid edilmişdir:
Taxt uğrunda növbədə,
Tərəflənib tərəflər
Haqqa əngəl kələflər...
İqtidar, müxalifət
Gah aşkar, gah da xəlvət
Aralanır, birləşir,
Qalıb arada millət,
Öz canıyla əlləşir. [5, 179]
Eyvaz Borçalının “Xoş macal” poemasında ədəbiyyatı düşündürən problemlərə də nəzər salınmışdır. Şairləri müxtəlif yerə ayıran ədib, onları adlandıra da bilmişdir: yaxşı şairlər, şəxsi şairlər, müxalifət şairi, iqtidar şairi:
İcazə ver, ay ustad,
Ayna tutum görkəzim
İndiki şairləri,
Arxadakı, öndəki,
Gündəki şairləri.
Yaxşı şairlər də var,
Şəxsi şairlər də var.
Fələknən oynayan kim,
Mələknən oynayan kim,
Özgəsinə qıy baxıb,
Özündən doymayan kim!
Müxalifət şairi,
İqtidar şairi var. [5, 180]
“Şair” məsələsi bütün dövrlərdə mövcud olmuşdur. Məsələn, ədəbiyyatımızda işlənən bir termin də var “saray şairi”.
Eyvaz Borçalı şair qarşısında duran məsuliyyəti qələmə aldığı şeirlərdə bildirməyə nail ola bilmişdir. Məsələn, şairin “Ayrıdır” şeirində şair işinin məsuliyyətli olması, hər cızma-qara edənin də şair adlandırılmasına etirazı əksini tapmışdır:
Ayağı yalın gəz daşda-kəsəkdə,
Buz başmaq ayrıdı, köz başmaq ayrı;
Hər qələm tutana şair desək də,
Söz demək ayrıdı, söz qoşmaq ayrı. [5, 66]
E. Borçalı poemalarında ideyalarını obrazlar vasitəsilə də açıqlamağa nail ola bilmişdir. Obrazlar müxtəlifliyi ilə, konkret desək, iki mənada işlənməsi ilə diqqəti cəlb edir. Məhdud və geniş mənada işlədilən obrazlar maraq doğurur. Şairin məhdud mənada işlətdiyi obraz konkret bir şəxsi əks etdirmişdir: Rəsul Rza (“Xoş macal”), Budaq əmi (“Köklü qaya”, “Budaq əmi”) və s. Şair yaradıcılığında geniş mənada işlətdiyi obrazlar isə özünü əşya surətinin, heyvan surətinin və s. təsvirində göstərə bilmişdir.
Şairin yaradıcılığında şifahi xalq ədəbiyyatı nümunələrində, xüsusilə də nağıllarda rast gəldiyimiz Sim -Sim, Qara qoç surətlərinin adlarının çəkilməsinin şahidi oluruq. “Nağıl qayalar” (Qobustan təəssüratı) poemasında Qoç obrazına epizodik də olsa toxunulmuşdur:
Qoç sivişib əkildi,
Bilmədim hansı səmtə.
Sanki heç olmayıbmış
Zamanla mübahisəm də. [5, 150]
Eyvaz Borçalının “Nağıl qayalar” (Qobustan təəssüratı) poemasında Qobustan bir obraz kimi gözümüzdə canlandırılmışdır:
Əslərdən əsrlərə
nəsillərdən nəsillərə
keçib gələn
köçüb gələn
Bir nağıldı Qobustan!
Bir ağıldı Qobustan! [5, 158]
Eyvaz Borçalının “Budaq əmi” poeması “nağıl” kimi təqdim edilmişdir. Ədib poemada təsvir etdiyi Budaq əminin obrazının portretini maraqlı bədii priyomla verməyə nail ola bilmişdir. Yad insanın timsalında paralel oxşarlıqlar apararaq, Budaq əminin portretini yaratmışdır:
Sən durumda,
Sən qırımda
Qoca gördüm mən Krımda
Göy gözləri, ağ saçları
Bir də qoltuq ağacları. [5, 159]
Portret əsərdə obrazın xarici görünüşünün sözlə ifadəsidir ki, Budaq əminin xarici görünüşünün təsviri bizə onu vurğulamağı əsas verir ki, şair Budaq əminin portretini yarada bilmişdir.
Eyvaz Borçalının poemalarında tarixi şəxsiyyətlərin obrazlarına rast gəlmək mümkündür. Məsələn, şairin “Xoş macal” poemasında Xalq şairi Rəsul Rzanın kamil obrazına rast gəlinir. Ədib həmkarının yaddaşlarda yaşamasını poetik dillə qələmə ala bilmişdir:
Nə qədər ki, haqq gəzilir,
Ölməmisən heç hələ sən.
Dünya adlı bir gəmidə
Bərqərarsan, Rəsul Rza. [5, 174]
Şair bununla kifayətlənməmiş, Rəsul Rzanın xeyirxah əməllərini açıqlayan obrazını da yaratmağa nail ola bilmişdir:
Bir oğul ki, fikri oyaq,
Yaşlılara arxa, dayaq,
Cavanlara qanad Rəsul,
Haqq yolunda inad Rəsul,
Ustad Rəsul! [5, 175]
Bu nümunədə Rəsul Rzanın müsbət keyfiyyətlərinin təsviri əksini tapmışdır.
Eyvaz Borçalı 20 Yanvar hadisələrini də obraz səviyyəsinə yüksəldərək, yaddaşlarda yaşadığını vurğulamışdı:
Doxsanın ilk çağında
Zalım zülüm yoğurdu,
Zülüm zalım doğurdu.
Bakının qucağında
Açıldı tərs güllələr.
Qan qırmızı boyanıb
Yerə sərildi güllələr. [5, 178]
Eyvaz Borçalının “Anama layla” poemasında anaların ümumiləşdirilmiş obrazı yaradılmışdır. Şair Ana ilə Vətəni eyniləşdirməyə, ananın Vətənə çevrildiyini vurğulamağa nail olmuşdur:
Ana müqəddəsdir, analar ölmür,
Nur olub ürəyə, gözə dolurlar.
Ölüm yalan sözdür, analar ölmür,
Torpağa qovuşub Vətən olurlar! [5, 141]
Ana sevgisindən övladın, övlad sevgisindən isə ananın doğulmasını vurğulayan müəllif bunu qarşılıqlı təsir kimi göstərməyə nail olur:
Ana sevgisindən biz doğulantək,
Övlad sevgisindən Ana doğulsun. [5, 136]
Poemada ananın neçə yaşda olmasının, neçə yaşda vəfat etməsinin əhəmiyyət daşımadığı, əsas anaların yaşaması, övladlarının yanında olması istəyi qabardılmışdır. Poemada anasını itirmiş insana ürək-dirək verilməsinin əhəmiyyət kəsb etməməsi də şair tərəfindən vurğulanmışdır:
Anamın yaşını soruşub hərdən
Təsəlli verirlər, təsəlliyə bax:
“Rəhmətlik kam alıb, döyüb ömürdən,
Təki yetmişəcən biz də yaşayaq...” [5, 137]


Eyvaz Borçalı nəzmində xalq yaradıcılığına müraciət

Eyvaz Borçalı nəzmində xalq yaradıcılığına müraciət etməsi özünü göstərmişdir. Buna müəllifin lirik növün xalq ədəbiyyatındakı janrları olan bayatılara, nəğmələrə, mahnılara və s. janrlara müraciət etməsində rast gəlirik. Həmçinin, şifahi xalq ədəbiyyatının epik növünə daxil olan atalar sözlərindən, nağılların sabit forma əlamətlərindən və s. istifadə etməsini də müşahidə edirik.
Xalq təcrübəsinin ümumiləşmiş ifadəsinə çevrilmiş epik növün həcmcə kiçik janrlarından biri olan atalar sözlərindən Eyvaz Borçalının nəzmində geniş şəkildə istifadə etməsi diqqətdən yayınmır. Məsələn, müəllif “Çox gözlədik” adlı şeirində “Səbr ilə halva bişər, ey qora səndən, Bəsləsən atlas olar, tut yarpağından” atalar sözünü “çox gözlədik halva bişə qoradan” kimi istifadə etmişdir:
Çox gözlədik halva bişə qoradan,
Heç olmasa ağıllanaq sonradan:
Şükür, hələ xali deyil bu Vətən
İgidlərin qolundakı qüvvədən. [5, 26]
Şair “Vərdiş” şeirində də atalar sözünə müraciət etmişdir. Şairin istifadə etdiyi “cücəni payızda sayarlar” atalar sözü müəllif fikrini anlaşıqlı çatdırılmasına xidmət edir:
Aparıb ağlımı barsız xəyallar,
Niyə gözlərimdən qaçıb reallar?
Bəs niyə “cücəni payızda sayarlar?”
Mənim ki, bu günə hesabatım var. [5, 25]
Şifahi xalq ədəbiyyatında epik növün həcmcə ən böyük, həmçinin də geniş yayılmış nağıllara müraciət etməsi Eyvaz Borçalı yaradıcılığında özünü göstərmişdir. Bu istər qələmə aldığı əsərdə, istərsə də, əsər daxilində istifadə etdiyi nağılların sabit forma əlamətlərində özünü göstərə bilmişdir. Məsələn, “Budaq əmi” poemasını “nağıl” kimi təqdim etməsində görmək olur. Nağılların sabit forma əlamətlərinə müraciət isə qələmə aldığı əsərlər daxilində özünü bürüzə vermişdir. Nağıllarda işlənən sözləri yaradıcılığında istifadə edən Eyvaz Borçalı milli kökə bağlılığını qabarda bilmişdir. Şair “Nağıl qayalar” poemasında nağılların sabit forma əlamətlərindən olan giriş sözlərindən istifadə edilməsidir:
Az getdik,
Düz getdik,
Dərə-təpə,
Düz getdik. [5, 146]
Eyvaz Borçalının yaradıcılığında oxşamalara müraciət etməsi də maraq doğurur. Müəllifin istifadə etdiyi oxşamalar şən, ritmik olması ilə də diqqəti cəlb edir. Şairin “Nağıl qayalar” (Qobustan təəssüratı) poemasında da buna müşahidə etmək olur:
Körpə doğular.
Oxuyar anası:
“Balama qurban inəklər...”
Körpə gülər,
iməklər.
Oxuyar anası:
“Balama qurban alçalar...
Körpə qalxar,
əl çalar... [5, 157]
Xalq mahnılarından istifadə edən müəllif qələmə aldığı əsərə xələl gətirmir. əksinə, bu istifadə etmə ilə qələmə aldığı əsərdə xoş-əhval ruhiyyə yaradır. Məsələn, “Xoş macal” poemasında xalq mahnısına müraciət əsərdə xoş əhval-ruhiyyə yarada bilir:
“Könlüm nəğməli neydi,
Dilim dolu gileydi,
Öldürdü nazın məni,
İnsaf da yaxşı şeydi...” [5, 186]
Mahnıda ülvi hisslərin metaforalarla təqdim edilməsi qaçılmazdır.
Eyvaz Borçalı yaradıcılığında Azərbaycanın lirik xalq şeir janrı olan bayatıya da rast gəlinir. Yeddi hecalı dörd misradan ibarət olan bayatıların qafiyələnməsi aaba şəklində olur. Yəni, birinci, ikinci, dördüncü misralar qafiyələnir, üçüncü misrası sərbəst qalır:
Göz yaşı gözdən axar, - a
Süzülüb üzdən axar; - a
Canda qalanan ocaq - b
Köz olub Sözdən axar. - a [5, 133]
Bayatılarda əsas fikir son iki misrada ifadə edilir, mövzu baxımından da rəngarəngdir. Bayatılarda kədər, ictimai quruluşa etiraz, düşmənə nifrət, azadlıq və xoşbəxtlik arzuları kimi hisslər ifadə edilir:
Qıxmığı köz yandırar, - a
Əyrini düz yandırar; - a
Heç nədə yanmazı da - b
Tikanlı söz yandırar. - a [5, 133]


Eyvaz Borçalı nəzmində Orta əsr Azərbaycan ədəbiyyatında formalaşan janrlara müraciət

Eyvaz Borçalı dördlüklərə daha çox müraciət etmişdir. Dördlüklər bir bənddən ibarət olduqda tuyuq, rübai və s. şeir formalarında, çox bəndli olduqda isə qoşma, gəraylı, təcnis, mürəbbe və s. şeir formalarında olur.
E. Borçalının yaradıcılığında Qazi Bürahəddin, İmadəddin Nəsimi və digər söz ustadların ənənəsinin müasir dövrdə həyata keçirilməsini müşahidə edirik. Türkdilli xalqların milli şeir forması olan tuyuq Eyvaz Borçalı yaradıcılığından yan keçməmişdir.
Tülkünü dərədən yola çıxarsan, - a
Sən özün varılmaz yola çıxarsan; - a
Yediyin, içdiyin burnundan gələr - b
Əkdiyin yaxşıdan bəla yığarsan! - a [5, 131]
Tuyuğun hər misrası omonimik bitir. Omonimik bitmə qafiyələrin eyni cür səsləşib, müxtəlif anlam verməsidir. Omonimik bitmə zamanı qafiyələşmə “təcnis” adlanır. Təcnis adlanan bu cür qafiyə özünü iki şəkildə büruzə verir: tam təcnis və mürəkkəb təcnis. Tuyuqda heca on birli hecadır. Məhəbbət və ictimai mövzularda olması ilə diqqəti cəlb edir. Qafiyə sistemi rübainin qafiyə sistemi ilə eynidir.
Rübai dörd misralı, birbəndli şeir şəklidir. Rübai on bir və bəzən daha çox heca sayına mənsubdur. Həm heca, həm də əruz vəznində qələmə alina bilən rübai aaba şəklində qafiyələnir. Rübaidə birinci, ikinci, dördüncü misralar qafiyə, üçüncü misra isə sərbəst şəkildə olur:
Daha nə kəndçiyəm, nə də şəhərli, - a
Hazırda köhlənim əcəl yəhərli. - a
Əzablar çəkdiyim ömür yolunda, - b
Bir günüm olmayıb bundan qəhərli. - a [5, 131]
Eyvaz Borçalının yaradıcılığında aşıq şeirinin geniş yayılmış növlərindən biri olan gəraylıya da rast gəlmək mümkündür. Gəraylı hər bəndi dörd misradan, hər misrası da səkkiz hecadan ibarətdir. Gəraylı adətən, 3–5 bənddən ibarət olur. Gəraylının qafiyə quruluşu abcb, cccb, dddb və s. şəklində olur. Şairin “Nə istəyir” nəzm nümunəsi gəraylı kimi diqqəti cəlb edir. Üç bənddən, səkkiz hecadan ibarət olan nümunədə birinci bəndin son misrası o biri bəndlərin son misraları ilə qafiyələnir. Birinci bənddə birinci və üçüncü, ikinci və dördüncü misralar qafiyələnir:
Sağdan əsib, soldan kəsir, - a
Külək məndən nə istəyir? - b
Tuş gəlmişəm bir kələyə, - c
Külək məndən nə istəyir? - b

Silkələnir hərdən ürək, - c
Ağrıyır da, kövrək-kövrək; - c
Başım üstə süzür mələk, - c
Mələk məndən nə istəyir? - b

Vardan çıxıb, yoxdan çıxıb, - d
Ömrün çarxı oxdan çıxıb; - d
Bir canım var-çoxdan çıxıb, - d
Fələk məndən nə istəyir? - b [5, 63]
“Nə istəyir” adlı şeirin birinci bəndinin ikinci və dördüncü misralarındakı “külək məndən nə istəyir?” həmqafiyədir, Birinci və üçüncü misralar sərbəst qalmışdır. İkinci bənddə “ürək”, “kövrək”, “mələk” sözləri bir-birilə, “mələk məndən nə istəyir?” isə ilk bəndin son misrası ilə həmqafiyə təşkil etmişdir. Üçüncü bənddə də “yoxdan”, “oxdan”, “çoxdan” sözləri bir-birilə, “fələk məndən nə istəyir?” isə birinci və ikinci bəndlərin sonuncu misraları ilə həmqafiyədir.
Azərbaycan ədəbiyyatında üç misradan ibarət bəndlər şəklində yazılmış şeir nümunələri az qələmə alınmışdır. Üçlükləri S. Rüstəm, M. Müşfiq və digər ədiblərimizin yaradıcılıqlarında müşahidə etmək olmuşdur. Üçlük nümunəsinə Eyvaz Borçalı yaradıcılığında da rast gəlinir. Ədibin “Köç, mənim qəlbimə köç!” şeiri üçlüyə aiddir:
Dağda çağlayan bulaq, - a
Daşlar ağlayan bulaq, - a
Köç, mənim qəlbimə köç! - b

Çay daşı, çaylaq daşı - c
Çaylarımın göz yaşı, - c
Köç, mənim qəlbimə köç! - b [5, 124]


Eyvaz Borçalı yaradıcılığında sərbəst şeir şəkli

Eyvaz Borçalı yaradıcılığında sərbəst şeir şəklindən geniş şəkildə istifadə edilmişdir. Şairin “Hünərinə bax bu qarın”, “Dalandar”, “Qızıma”, “Uşaq olmaq istəyirəm”, “Etüd”, “Yağ, a qar”, “Yaman sakitdir atam”, “İşıq”, “Kənddə bir gecə” və s. şeirləri sərbəst şeir nümunələridir. Sərbəst şeir şəklinin adından göründüyü kimi heca və əruz vəznlərindəki kimi texniki şərtlərə tam riayyət edilmir. Sərbəst şeirdə şeirin ölçüsü, qafiyəsi, bölgüsü, misraların həcmi, hecaların misralardakı sayı sərbəst şəkildə olur. Sərbəst şeir şəklində qafiyələr ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da özünü göstərə bilər. Sərbəst şeir vəznində misraların və hecaların sayı müxtəlif ola bilər. Məsələn, şairin “Hünərinə bax bu qarın” şeiri sərbəst şeir səpkisində yazılması ilə diqqəti cəlb edir. Şair şeirdə,
Sən bir
Hünərinə bax bu qarın,
Sən bir
Hənirinə bax bu qarın!
Hardasa donmuş fikirləri
İsidib yığdı başıma.
Pilə-pilə xatirələr
Yağdı, yağdı yaddaşıma.
Xatirələrin əlindən tutub,
Bu günümü unudub
Bir uşaq heyrətilə
Bir sevinc sürətilə
Qayıtdım
21 yaşımın
Qarlı bir axşamına. [5, 118]
Şairin “Yağ, a qar” şeiri sərbəst şeir şəklində qələmə alınmasına baxmayaraq, şeirdə poetik fikrin mərkəzində işlədilən qafiyələr bir-birini izləyə bilmişdir:
Arzulayıb istəmişik
Biz səni.
Çox demişik,
Yağa qar! [5, 106]


Eyvaz Borçalı yaradıcılığında bədii dilin tərkibi

Eyvaz Borçalının qələmə almış olduğu nəzm nümunələrinin bədii dilinin tərkibi özünəməxsusluğu ilə diqqəti cəlb edir. Arxaizmlərin, neologizmlərin, varvarizmlərin, vulqarizmlərin, terminlərin, dialektizmlərin işlənilməsi şairin yaradıcılığında özünü göstərməkdədir.
Eyvaz Borçalı yaradıcılığında tarixi yaddaşa həkk olunmuş sözlərə can vermişdir. Cəmiyyətin inkişaf və tərəqqisi dilimizdə yeni sözlər yaratmış, dildə işlənən sözlərin bir qismi ya mənasını itirərək başqa mənada işlənilmiş, ya da tarixin yaddaşına həkk olunmuşdur. Belə sözlərdən biri də şairin istifadə etdiyi “nənni” sözüdür:
Oxuduğun o bayatı
Ağaclara kəndir atıb,
Heç bilmirəm nədən, niyə,
Bənzəyirdi bir nənniyə.
Yellənirdi tut bağında,
Xan arxının qırağında.
Hərdən səsin titrədikcə.
Göydə nənni büdrədikcə,
Gözlərimdən axardı yaş. [5, 163]
Nənni körpə uşaqları yatırmaq üçün asılan kiçik yatacağa deyilirdi.
Eyvaz Borçalı yaradıcılığında başqa dilə məxsus olan sözlərə də müraciət etmişdir. Məsələn, ədib “Heyf ki” şeirində “şou” sözündən istifadə etmişdir:
Zaman sürət alır qocalıq kimi,
Əyləncə şouda vaxt yeyin gedir;
Cavanlar zamandan öc alır kimi,
Atılıb-düşürlər, baş-beyin gedir. [5, 56]
“Şou” sözü ingilis sözü olub, mənası “əyləncəli estrada” deməkdir.
Eyvaz Borçalı “Mənzərə” adlı şeirində varvarizmlərə müraciət etmişdir. Şeirdəki “germetik”, “villa”, “oliqarx” kimi sözlər ana dilimizə aid olmayan əcnəbi sözləridir. Müəllif bu əcnəbi sözlərə müraciət etməklə qələmə almış olduğu şeirin dilinə xələl gətirməmişdir. İstifadə edilmiş varvarizmlər müəllif tərəfindən ustalıqla işlədilmiş priyom kimi diqqəti cəlb edir:
Germetik pəncərə, germetik qapı,
Fələyin hökmüylə dövr eləyir çarx;
Möhtəşəm villada əldə şərabı
Qarabağ dərdimi çəkir oliqarx?! [5, 56]
“Budaq əmi” poemasında “ura” (Burda ura dedilər), “sapoqları” (sapoqları girisdir) kimi varvarizmlərin işlənilməsinə rast gəlirik.
Eyvaz Borçalının yaradıcılığında vulqarizmlər aktuallıq kəsb etmir. Az da olsa rast gəlinən vulqar sözlərdən istifadə edilmişdir. Müəllifin vulqarizmlərdən obrazın xarakterini açmaq üçün istifadə etməsi gözdən qaçmır. Məsələn, “Budaq əmi” poemasında Budaq kişinin İkinci Dünya Müharibəsində vuruşmasını qabardan şair düşməni “fris” adlandırmaqla müharibəyə səbəb olmuş alman faşistlərinin obrazını yaratmağa nail ola bilmişdir:
Gördüm gələn frisdi,
Sapoqları girisdi,
Başı yekə filizdi,
Ağzı qana hərisdi… [5, 161]
E. Borçalı şeirlərində fərdilik yaratmaq baxımından, ədəbi dildə işlənməyən, yalnız müəyyən ərazilərdə anlaşıqlı olan sözlərdən də istifadə etmişdir. Ədibin istifadə etmiş olduğu dialektizmlər şeirin dilini fərqli şəkildə təqdim etməyə qadir olur. Məsələn, şairin “Dəli könlüm” adlı şeirdə istifadə etdiyi “abdal” sözü Azərbaycanın müxtəlif yerlərində müxtəlif məna ifadə edə bilmişdir. Məsələn, Kürdəmir, Şahbuzda bilikli, bilici, Xaçmaz, Salyanda isə yetim mənalarını ifadə edir. Lüğətlərimizdə ərəb mənşəli söz olan abdal sözünün çox mənası olduğu baxımından, “abdal” sözünün sərsəri, avara, dərbədər, dərviş, dilənçi, müqəddəs, qul kimi təqdim edilməsini də müşahidə edirik. Müəllifin “abdal könül” frazeoloji birləşməsi şeirin adından göründüyü kimi, sərsəri, dərbədər mənasını verməsini müşahidə edirik:
Bəsdi, abdal könül, belə uçunma,
Nə mən Yeseninəm, nə sən o ürək;
Kürəyə sancılan ağrı ucundan
Yaralı sığırtək bör-bör böyürək. [5, 55]
Şeirdə istifadə edilən “uçunma” isə titrəmə, əsmə, titrəyiş mənasında işlədilmişdir ki, bu söz artıq ədəbi dildə işlənilmir, arxaizm kimi bədii dil tərkibinə keçmişdir.
Eyvaz Borçalının poeziyasında zəngin poetik imkanlardan istifadə edilməsi faktı tədqiqatçılarımızın gözündən qaçmamışdır. Məsələn, Xalq yazıçısı Elçin “Borçalıdan gələn yollar məqaləsində bu amili belə vurğulamışdır: “Eyvazın poeziyası Azərbaycan dilini yaxşı bilən, bu dili sevən və bu dilin zəngin poetik imkanlarından istifadə etmək istəyən bir şairin poeziyasıdır. Onun nəinki sözlərlə işləmək, hətta səslərlə işləmək istəyi və bu zaman əldə etdiyi poetik uğurlar bu mənada bizə prinsipial, əhəmiyyətli görünür... Eyvazın obrazlar aləmində də sözü duyan, hiss edən və həmin duyğudan, hissdən yaranan estetik bir saflıq var”. [4]
Şairin “Dağlar bizi tanımasa...” poetik nümunəsində də dialektə aid “mayıf” sözü işlədilmişdir. Bu sözün Gürcüstan, Naxçıvan və s. yerlərdə yaşayan azərbaycanlıların işlətməsini müşahidə etmək olar. Sözün mənası isə “şikəst, kor, xarab” deməkdir:
Dağlar bizi tanımasa ayıb olar,
Qürurumuz zədələnər mayıf olar.
O dağların hüzurunda mənliyimiz
Yağılardan aldığımız hayıf olar. [5, 29]
“Qürurumuz zədələnər mayıf olar” misrasında müəllif “mayıf” sözünü işlətməklə, qürurun şikəst, xarab ola biləcəyinə işarə edir.
Şairin “Bu dərd məni yandırır” şeirində istifadə etdiyi “sıpıxmaq” sözü də müxtəlif dialektlərdə müxtəlif mənalarda işlənilməsi məlum faktdır: aradan çıxmaq, gizlincə qaçmaq (Basarkeçər, Gəncə, Şəmkir, Ağcabədi, Cəbrayıl, Çənbərək), kökəlmək (Qafan), arıqlamaq (Zərdab). Müəllifin qələmə aldığı şeirdə isə “sıpıxır” sözünü aradan çıxmaq, gizlincə qaçmaq mənasında istifadə etmişdir:
Yeri gəldi, gəlmədi,
Mənəm-mənəm deyənlər,
Kənarda baş girləyib,
Ortalıqda yeyənlər
İş çətinə düşəndə
Tez sıpıxır, yan durur,
Bu dərd məni yandırır! [5, 118]


Eyvaz Borçalı yaradıcılığında istifadə edilmiş bədii təsvir və ifadə vasitələri

Eyvaz Borçalı qələmə almış olduğu nəzm nümunələrində cavabı tələb olunmayan ya da cavabsız qalan suallardan istifadə etməsi ilə diqqəti cəlb edir. Bu ritorik suallar şeir nümunələrinin əvvəlində də, ortasında da, sonunda da işlənilmişdir. “Dünyanın əhvalı” şeirində müəllif bədii sual vasitəsilə ifadə etmək istədiyi fikri qüvvətli şəkildə çatdırmağa nail ola bilmişdir:
Hayana fırlanıram
Sözə tuş gəlir, neynim?!
Ona xoş gələn dünya
Mənə boş gəlir, neynim?! [5, 26]
Müəllif şeirdə cavab almaq məqsədi güdməmişdir. Şairin yaradıcılığında ritorik suallar işlənmə yerinə görə də maraq doğurur. Üç bənddən ibarət olan “Yenə nə olub mənə” şeirində bədii sual şeirin bütün bəndlərində istifadə edilmişdir:
Yenə nə olub mənə,
Bir otaq kədərəmmi?
Layla desəm özümə
Yuxuya gedərəmmi? [5, 38]
Şair “Yenə nə olub mənə” şeirinin sonuncu bəndini elə bədii sualla bitirmişdir:
Heydən düşüb dizlərim,
Nurdan düşüb gözlərim;
Alışmır köz hisslərim,
Elə bu qədərmi? [5, 38]
Şairin “Eyni gəmidəyik”, “Sarısöyünoğlu”, “Mitinq”, “Səni güldürən fələk” və s. şeirlərində bədii suala rast gəlmək mümkündür. Eyvaz Borçalı yaradıcılığında adi sualların verilməsini də müşahidə edirik. Müəllifin “Borçalı” şeirində
Xəbər aldın, necə yerdi diyarım,
O vətənim, o adıma uyarım? [5, 80]
kimi sual cümləsi işlənilib. Müəllif sual cümləsini cavablandırmışdır. Şair diyarının necə yer olmasına aydınlıq gətirərək cavab verir:
Həm atamdı, həm anamdı, həm yarım,
Qaraqaşlım, qaragözlüm Borçalı,
Süd qoxulum, kök nəfəslim Borçalı. [5, 80]
Şairin qələmə aldığı bu nümunədə verilən sualın cavabı olduğundan sual bədii sual deyil.
Eyvaz Borçalı yaradıcılğında məzmunca bir-birinə zidd olan vəziyyəti qarşılaşdırmağı məharətlə həyata keçirə bilmişdir. Ədibin yaradıcılığında bədii təzadın iki yolla yaranmasını müşahidə edirik: antiteza və kontrast.
Müəllifin “Səngərdə duran oğlan” şeirində bədii təzada rast gəlinir. Müəllif şeirdə əks mənalı sözləri, yəni antonimləri qarşılaşdıraraq antiteza yaratmağa nail ola bilmişdir:
Baxma hava istidi,
Baxma hava soyuqdu;
O da orda hirslidi,
O da orda duyuqdu,
Səngər saxlasın səni. [5, 52]
Bədii təzad şairin “İki mən” şeirində də əksini tapa bilmişdir. Özü ilə mübarizə aparan müəllif əhvali-ruhiyyəsini, bir-birinə zidd vəziyyətləri təzadlar şəklində verməyə nail ola bilmişdir:
İki “Mən” yaşayır mənim içimdə -
Biri barışmazlıq, biri mütilik.
İki “Mən” yaşayır mənim içimdə -
Biri inamsızlıq, biri qətilik.

Bir alçaq kürsüyə sinə gərəndə,
Axına qoşulub mən əl çalıram.
Vicdanım önündə hesab verəndə,
O alçaq ucalır, mən alçalıram. [8]
Müəllif “barışmazlıq - mütilik”, “inamsızlıq - qətilik”, “ucalır - alçalır” kimi ifadələri işlətməklə bir-birinə zidd iki vəziyyəti, həmçinin əhvali-ruhiyyəni qarşılaşdıraraq kontrast yaradır.
Eyvaz Borçalı şeirlərində təkrirdən də istifadə etmişdir. Şeirdə eyni söz və ya ifadənin təkrarlanması şeirin dilinə ağırlıq gətirmir, əksinə şeirin dilini daha təsirli etməyə imkan yaradır. Şairin “Atlan, ürəyim!” şeirində təkrirdən istifadə nəzərdən qaçmır. Müəllif şeirdə təkriri misranın əvvəlində işlətməklə anafora nümunəsi yarada bilmişdir:
Atlan ki, yuxuda aydınlıqdı su,
Atlan ki, üzürsən Təpəteydə sən.
Atlan ki, yerdədir gəzdiyin arzu,
Bir də gəzməyəsən anu göydə sən. [5, 85]
Şair yalnız şeirlərinin dilində deyil, həmçinin qələmə aldığı poemalarda da təkrirlərdən istifadə etmişdir. Məsələn, şairin “Ovqat poeması” əsərində təkririn işlənmə məqamına baxaq:
İşlə dərinə
İşlə, kotanım. [5,142]
Bu nümunədə də müəllif təkriri misraların əvvəlində işlətməklə anafora növündən istifadə etmişdir.
Şair qələmə almış olduğu poemalarda da təkrirdən istifadə etməsi ilə diqqəti cəlb edir. Şairin “Budaq əmi” poemasında təkrirdən istifadə edilmişdir:
Sözlər elə göynəyərdi,
Sözlər elə axardı ki,
Sözlər elə yandırardı,
Sözlər elə yaxardı ki. [5, 162]
Eyvaz Borçalının yaradıcılığında misranın sonunda iki sözün yan-yana işlənilməsi şəklində olan təkrirlərə də rast gəlinir. Bu kimi təkrirlər epifora adlanır. Eyvaz Borçalının “Xoş macal” poemasında epiforanın işlənməsini müşahidə etmək olur:
Qoy gəlməsin, gəlməsin
Onların biri bəri. [5, 187]
Eyvaz Borçalı səkkiz hecalı, üç bəndli “Yoxdu” şeirində müəyyən bir fikrini birbaşa mənada deyil, dolayı yolla tənə ilə bildirmişdir:
O yan divar, bu yan divar,
Ha çabala - səsmi çıxar?
Zənginlərin kəlləsi var,
Kasıbların başı yoxdu. [5, 70]
“Zənginlərin kəlləsi var, kasıbların başı yoxdu” ifadəsində fikir obyektin məzmun və xüsusiyyətinə qarşı qoyulmuşdur.
Şairin “Adamcıqlar” adlı şeirinin adında ironiya özünü göstərməkdədir. Müəllif ironiya ilə müəyyən fikrinə dolayı yolla münasibətini açıqlamağa nail ola bilir. Adamcıqlar dedikdə göz önünə yaramaz adamlar, mənfur adamlar, miskin adamlar gəlir. Müəllif şeirdə də bu amili qabartmağa cəhd etmişdir:
Bir cüt gözlə, bir cüt qulaq,
Allah verib, hamıda var;
Bu ölçüyə at ya ulaq,
Fərqi nədi, hamı tapar. [5, 23]
Eyvaz Borçalı yaradıcılığında qələmə alınan bədii nümunələrin nitqinin bədii təsir gücünü artırmaq məqsədilə sözlərin qrammatik ardıcıllığının qəsdən pozulması özünü göstərməkdədir. “Dağlar söz istədi” şeirində inversiya yaradılmasına nəzər salaq:
Dağlar məndən söz istədi,
Dedim belə gözüm üstə!
Qoy oturum bir qayada,
Yazım elə dizim üstə. [5, 53]
Bu şeir nümunəsində şairin sözlərin qrammatik sırasını pozmasını müşahidə edirik. Verilmiş nümunənin misralarındakı sözlər qrammatik qaydaya uyğun deyillər. Bu misralarda xəbərlər (dedim, qoy oturum, yazım) əvvələ keçirilməklə inversiya yaradılmışdır. Əgər həmin misraları qrammatik qaydaya uyğun dəyişsək belə olmalı idi:
Belə gözüm üstə dedim!
Qoy bir qayada oturum,
Elə dizim üstə yazım.
Eyvaz Borçalının “Dağlar söz istədi” şeiri üzərində deyə bilərik ki, sözlərin yerdəyişməsi şeirə xələl gətirmir, əksinə fikrin poetik ifadəsini daha qabarıq çatdırır.
Fikri qüvvətli ifadə etməyə xidmət edən inversiyaya şairin yaradıcılığında tez-tez rast olunur. Məsələn, şairin “Toxumlar, sünbüllər” şeirində inversiyadan məharətlə istifadə özünü göstərir:
Qayıdıb gəlsəydim əllidə, yüzdə,
Belə qınamazdım, bəlkə, dünyanı.
Hərləmə eyvanlı evimiz üstə
Tənəkə daşımız görünmür, hanı? [5, 79]
Eyvaz Borçalının qələmə aldığı şeirlərdə qrammatik normanın pozulması məqsədli pozulmadır. Bu cür pozulma bədii ədəbiyyatda bədii təsiri gücləndirdiyi üçün yol verilə bilən pozulmadır.
Eyvaz Borçalı bədii yaradıcılığında məcazlardan ustalıqla istifadə etməsi təqdirəlayiqdir. Ədib bədii yaradıcılığında istifadə etdiyi söz və ifadələri sözün həqiqi və məcazi mənasında işlətmiş, bədii təsvir vasitələrinin epitet, təşbeh, metafora, metonimiya, simvol kimi növlərindən məharətlə yararlanmışdır.
Eyvaz Borçalı yaradıcılığında istifadə etdiyi sözləri həqiqi mənaları ilə yanaşı məcazi mənada da işlədərək istifadə etmişdir. Bütün yaradıcı insanlarda olduğu kimi, şairin də yaradıcılığında sözlərin dominat yəni müstəqim mənada işlənməsi məcazi sözlərə nisbətdə qat-qat çoxluq təşkil edir. Eyvaz Borçalının “Getdi” şeirində “gülü könlümün”, “əli könlümün”, “dəli könlüm” işlədilməsində sözlərin məcazi mənada işlədilməsinin şahidi oluruq. Belə ki, könlün nə əli, nə də gülü ola bilər, könül nə də dəli ola bilər. Bu ifadələr müəllif tərəfindən sözlərin məcazi mənada işlənilməsidir:
Saraldı çəməndə gülü könlümün,
Heç yana çatmadı əli könlümün...
Tutdu dəliliyi dəli könlümün,
Bir dərin quyuya daş atdı getdi. [5, 30]
Eyvaz Borçalı müəyyən bir əşya və ya hadisənin müəyyən bir əlamətə görə məcazi şəkildə daha qüvvətli bir əşya və ya hadisəyə bənzətməyə cəhdləri də gözdən qaçmır. “Hünərinə bax bu qarın” şeirində istifadə etdiyi “donmuş fikirləri”, “yağdı, yağdı yaddaşıma” təşbehdirlər:
Hardasa donmuş fikirləri
İsidib yığdı başıma.
Pilə-pilə xatirələr
Yağdı, yağdı yaddaşıma. [5, 118]
Bu nümunədə fikirlərin donmaması, yaddaşa da xatirələr yağa bilməməsi baxımından, donmuş fikirlər, yağdı yaddaşıma ifadələrində müəllif fərqlilik deyil, oxşarlıq axtarması ilə təşbeh yaratmışdır.
Şair təşbehlərə tez-tez müraciət etməsi ilə diqqəti cəlb edir. Məsələn, “Pəncərəm önündə...” şeirində də şair təşbeh yaratmışdır:
Pəncərəm önündə bir quş oxudu,
Səsindən alışıb yandı üfüqlər.
Şəfəqlər saçanda xalı toxudu,
Heyrətdən diksinib dondu üfüqlər. [5, 111]
Şair “Getdi” şeirində metafora yaratmağa nail ola bilmişdir. Müəllif təsvir etdiyi əşyanı və ya hadisənin müəyyən bir əlamətini digər bir əşya və hadisənin üzərinə köçürməyə nail ola bilmişdir:
Yağış da pul olub göyə çəkildi,
Quraqlıq böhrantək baş alıb getdi.
Uzaqda qaralan bir tək bulud da
Yükünü dənizə boşaltdı getdi. [5, 30]
Müəllifin istifadə etdiyi istiarədə yağış, quraqlıq, bulud özünə xas olmayan xüsusiyyətlərlə ifadə olunmuşdular. Birinci misrada yağışın pul kimi göyə çəkilməsi, ikinci misrada quraqlığın böhrantək baş alıb getməsi, üçüncü misradakı buludun yükünü boşaltması onlara xas əlamətlər deyil. Müəllif ifadə etmək istədiyi fikri, ideyanı daha qüvvətli və təsirli göstərmək üçün metaforadan istifadə etmişdir.
Eyvaz Borçalı yaradıcılığında müəyyən bir hadisə və ya cisim bildirən sözün əvəzinə, onunla əlaqədar yaranan başqa bir sözü işlətməsi faktı ilə də üzləşirik. Şairin “Adamcıqlar” şeirində metonimiyadan istifadə edilmişdir.
Biri deyir at dərsliyi,
Köhnəlibdi Mirzə Cəlil.
Gətirdiyi, göstərdiyi
Hərzə sübut, hərzə dəlil. [5, 23]
“Köhnəlibdi Mirzə Cəlil” şəklində ifadə olunan fikir Mirzə Cəlil Məmmədquluzadənin əsərlərinin köhnəlməsini qeyd edənlərə münasibətini kinayə ilə bildirmək üçün müəllif metonimiyadan istifadə etmişdir.
Eyvaz Borçalı hər hansı bir fikrini üstüörtülü şəkildə bildirmək üçün həmçinin simvollardan, yəni rəmzlərdən istifadə etmişdir. Şairin “Çağırış” şeirində Vətən torpağına göz dikən düşmənləri ilan kimi verməyə nail ola bilmişdir:
Torpağı qan sızan Vətən övladı,
O yanda qıvrılan ilandı axı;
Təmas xətti boyu uzanan çatı
Gündə bir balanı çalandı axı. [5, 16]
“İlan” bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvandır. Azərbaycan ədəbiyyatında ilanla bağlı bir çox atalar sözləri və məsəllər formalaşmışdır: “İlanın ağına da lənət, qarasına da lənət” (Məsəl).
Azərbaycan ədəbiyyatında ilanı rəmz kimi verdikdə obrazın məkrli, xain, acıdil, kinli adam kimi təsvir etdiyini müşahidə etmək olur. Məsələn, Hüseyn Cavidin “Knyaz”ında “sən də dəf ol ki, hövsələm bitdi; İkiniz bir ilansınız, nankor!”, Səməd Vurğunun “Vaqif”ində “basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz” kimi fikirlər obrazın daxili aləmini ilanla müqayisəli şəkildə verir. Eyvaz Borçalının da “O yanda qıvrılan ilandı axı” deyərək mahiyyəti görüntüdə yox, daxil məzmunda axtarmağa vadar edir.

EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSENARİLƏRİ VƏ TƏRCÜMƏLƏRİ  (I hissə) 2. EYVAZ BORÇALININ SSENARİLƏRİ
3. EYVAZ BORÇALININ TƏRCÜMƏÇİLİK FƏALİYYƏTİ, TƏRCÜMƏLƏRİ


(Davamı BURADA:)

Salidə Şərifova,
professor, filologiya elmləri doktoru


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSEN ...

EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSEN ...

Humanitar elmlər, Elmi Məqalələr, Bədii Tərcümə, Borçalı
Professor Salidə ŞƏRİFOVA:

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Humanitar elmlər, Elmi Məqalələr
Elimizin fəxri - Eyvaz Rəhimov

Elimizin fəxri - Eyvaz Rəhimov

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT  ...

BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT ...

Naxçıvan, Elmi Məqalələr
Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii, tənqidi və elmi fəaliyyəti

Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii, tənqidi və elmi fəaliyyəti

Humanitar elmlər, Elmi Məqalələr
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
İBRAHİM YUSİFOĞLUNUN  “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA  HEYDƏR Ə ...

İBRAHİM YUSİFOĞLUNUN “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA HEYDƏR Ə ...

Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, Poeziya, Müsabiqə
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LEYLA ƏLİYEVA POEZİYASINDA ŞEİR VƏZNLƏRİNİN XÜSÜSİYYƏTLƏ ...

Humanitar elmlər, Elmi Məqalələr
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "TƏFİLƏNİN RİTMİK FUNKSİYASINA NƏZƏRİ BAXIŞ"

Humanitar elmlər, Elmi Məqalələr
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
SABİR RÜSTƏMXANLININ ŞEİRLƏRİNDƏ PEYZAJ

SABİR RÜSTƏMXANLININ ŞEİRLƏRİNDƏ PEYZAJ

Sumqayıt
Salidə Şərifova:

Salidə Şərifova: "Abay Kunanbayevin “Қара сөз” əsərinin janr xüsusiyyətlər ...

Humanitar elmlər, Elmi Məqalələr
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "NİZAMİ RƏMZİ MEYXANALARININ PROBLEMATİKASI, BƏDİİ OBRAZL ...

Humanitar elmlər, Elmi Məqalələr
Bu, necə  tərcümə, bu, nə əş'ardır? Böylə tərcüməyə hacətmi vardır?..

Bu, necə tərcümə, bu, nə əş'ardır? Böylə tərcüməyə hacətmi vardır?..

Bədii Tərcümə, Rusiya
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: