Rauf İlyasoğlu: Cinaslı və cinassız rübailər..

Rauf İlyasoğlu: Cinaslı və cinassız rübailər..
* * *
Kəhrabalar düzülübdü rəngi sarı,
O salxımlar əl eyləyir bizə sarı.
Ayırmayın məni doğma ellərimdən,
Çox incitmə, gəl yaramı asta sarı.

* * *
Möhtac qalmaz tox olarsa göz, ələ,
Könül sevən o gözələ göz elə.
Əsli-kökü bilinməsə gözəlin,
Gəl inanma hər sürməli gözələ.

* * *
Səhvim olsa, unut, etmə biruzə,
Mən düşmüşəm gedər, gəlməz bir izə,
Çox sifətli nadanlardan qaçaram,
Mən mayıləm səndə olan bir üzə.

* * *
İgid gördüm sinə üstə yay asan,
İgidlərin xoş sədasın yayasan.
Öz sevgini sevdiyinə deməyə,
Aşkar etmək ya çətindir, ya asan.

* * *
Gəl utanma, öz eşqini desənə,
Məndən gizli nə söyləsə, desə nə?
Sevgilimə məktubumu yetirsən,
Bir hədiyyə alacağam de, sənə.

* * *
Dəlidağdan enib, qalxaq o dağa,
Nökər idi od püskürür od, ağa.
Yurda həsrət qalan dözə bilərmi?
Körpə uşaq naləsinə, o dağa.

* * *
Mənə canım deyən əhsən, yaşa, yar!
Gördüm sənin gözlərində yaş, a yar.
Çox olsa da bu millətin yazarı,
Nizamilər əsrlərlə yaşayar.

* * *
Məndən uzaq əriyərsən, əri, di,
Comərd gördüm qorxmaz, igid-ər idi.
Vətən dedim qurbətdən xəbər gəldi,
Bir ah çəkdim, dağ, dərələr əridi.

* * *
Dünya görmüş kişi halal qız arar,
Özün satan namussuz o qıza, ar!
Mayasına naxələflik qatanın,
Üzü bil ki, hər cahanda qızarar.

* * *
İstəyirsən top-top oyna, top, ala!
O dünyaya xoş əməllər topala.
Qaçhaqaçda gəl etibar eləmə,
Nə çolağa, nə də ki o, topala.

* * *
Cana dərman, yediyin o bal, adı,
Analara şirin olan baladı,
Öz elindən qaçqın, köçkün düşənə.
Yaşamaq da çox çətindi, bəladı.

* * *
Nəm torpağa çürük taxta döşəmə,
Yaxşı olar körpə cağa döş əmə.
Elə bilmə düşünmürəm heç səni,
Boş sözlərlə qabırğama döşəmə!

* * *
Səbr elə ki, çatasan sən hasilə,
Baxma nankor, göz yaşını ha silə.
Kara gəlməz, tutsan saman çöpündən,
Dözməz kimsə qasırğaya, ha selə.

* * *
Öyüd təsir etməz o kar qulağa,
Sırğa zinət verər qızda, qulağa.
Məmləkətdə hamı xoşbəxt dolana,
Aramızda fərq olmaya qul, ağa.

* * *
Gəl dil vermə boşboğaz o dilə sən,
Adam gördüm yalan sözdən dil əsən.
Eşit məni, sevinərsən bir gün sən,
Gəl qarğıma, dosta xoş gün dilə sən!

* * *
Fürsət düşsə, əzab vermə girova,
Kəklik, turac uçsa, gizli gir ova.
Rüşvət ilə demə ki, iş düzələr,
Çapıb tala, girəvədi, girəvə.

* * *
Əhsən olsun tez mənzilə çatana,
Gir yuxuma muradına çat, ana.
İşin düşsə çox müşkülə, çətinə,
Şükür edək dadımıza çatana.

* * *
Söz desən də ya nadana, ya daşa,
Əhsən olsun səndəki o yaddaşa.
Haram yolla qazandığı kimsənin,
Tamah salma bişirdiyi yad aşa.

* * *
Kimsə bilməz sevdiyim o yar adı,
Qarabağsız canım necə yaradı.
Təpərsiz dost öz dostunu qınadı,
Dost dostuna görən necə yaradı?

* * *
Dərdlərimə gecə-gündüz oyana,
Səndən ayrı dözə bilməm oy, ana.
Yurd yuvama doğma elə dönmədən,
Niyə məni qoyub getdin, oyan, a...

* * *
Qara qaşlı gözəl idi Güluzə,
Qaşqabaqlı dayanma gəl gül, üzə.
Alma yanaq, qaymaqdodaq, buxağa,
Tay tapılmaq qönçə çiçək, gül üzə.

* * *
Ağılsız qız gödək geyər, dar alar?
Bir gün yusan donun necə daralar.
Günahsıza quyu qazan namərdin,
Vaxt gələcək dünya ona dar olar.

* * *
Gəl ürkütmə otlayan o qoyunu,
Göz ol, təmiz yusun qızlar qoy, yunu.
Təndir qala, qoyma köz hədər gedə,
Xəmir ötər, yığ bir yerə qoy, unu.

* * *
Görsən sevin tüstü çıxan bacalar,
Sultanlar da rəiyyətdən bac alar.
Gəlin, deyim qardaşlara çox yanan,
Xoşbəxt olun görüm sizi, bacılar!

* * *
O ceyranın qadasını alasan,
Ağlım kəsmir çətin onu alasan,
Gəl dəyişmə öz ləhcəni, dilini.
Qədeş olma, gəla demə, ala, sən.

* * *
Yurda həsrət qalan gözü yaşarar,
Yalan sözdən çəkirsənmi Yaşar, ar?
Kimsə baxsa ötən ömür yoluma,
Alnımdakı qırışlardan yaş arar.

* * *
Qarşısını alaq güclü alovun,
Sərrast vurdun, sənindir gəl, al ovun.
Gözəl ceyran tumarlasa belini,
Xoşun gəlsə, al qoynuna, al, ovun,

* * *
Hər sirr vermə yoldan ötən kiməsə,
Böhtan sözdən kim qızara, kim əsə.
Öz işini elə tut ki, axırda,
Borclu sayma özgəsini,kimisə.

* * *
Düyü var ki, ad qoyublar tamaşa,
Sovet sədri qadın idi Tamaşa.
Çox duz atma, bişsə yağda tam aşa,
Teatrda göstərirlər tamaşa.

* * *
Öz atımı ötən ata çatana,
Çırpı yığıb topaladım, çat, ana.
Bilikdə biz mərc eyləyək, yarışaq,
Gəl Sabirə oxşa görüm, çat, ona.

* * *
Qədir gəlib oxuyaydı şikəstə,
İgid qanı axar şəhid o kəsdə.
Rəhimli ol, pul gözünü örtməsin,
Bastalama, kömək eylə şikəstə.

* * *
Qıyıq gözsən, gözlərin qıyma-qıyma,
Oxu atma, o ceyrana gəl qıyma.
Qonaq gələr birdən kimsə evinə,
Əti doğra kötükdə qıyma-qıyma.

* * *
Balta vurma yaşıllıqda bitənə,
Çirkli yerə birə düşsə, bitə nə?
Şoran yeri şumlasan da nə fayda?
Seçmə toxum əksən, görən bitə nə?

* * *
Yoxuşa qalx, uzansa da ha dərə,
Meyvə boldur, qızlar bağdan ha dərə.
Gəl mənalı dövran sürək həyatda,
Bax, gec olar , ömür gedər hədərə.

* * *
Bağla sinən üstə açıq düyməni,
Qıyma gülə, qırma qönçə düyməni.
Qəfil öpsəm sənin bal dodağından,
Gəl duy məni, duymasan hə, döy məni.

* * *
Arvadından narazı o incik ər,
İnci sözdən görən kimsə inciyər?
Gəl bu ömrü məna ilə başa vur,
Kişi kimi yaşa, olma ağ ciyər!

* * *
Toxunmayıb sənə yəqin yad əli,
Qovub bizi yurddan nankor yad eli.
Almasaq biz yağıdan yurdu geri,
Qoy desinlər bizə fərsiz, ya dəli.

* * *
Düz sözümdən qanmaz çətin ki qana,
Yırtıcıtək düşmən susayıb qana.
Göyərçinlər dövrə vura havada,
Yuva sala, hər yerə uçub qona.

* * *
Şükür eləyin, dərin deyil yaram, az,
Sürt ehmalca tez sağaldar yara, maz.
Ha yaxşılıq eyləsən də qanmaza,
Qanan deyil, gönü qalın yaramaz.

* * *
Unutmayın nə mizrabı, nə simi,
Yaxınlaşır gözlə əsən nəsimi.
Diri-diri soyub dara çəkilən,
Yaşayacaq qəlbimizdə Nəsimi.

* * *
Ağıllıya yemək verdin, bə dəli?
Yaxın getmə, içib qızıb badəli.
Nisyə alma, o satıcı göygözün,
Gözü doymur, var çox ağır bəd əli.

* * *
Hörmət eylə, müqəddəsdir, atalar,
Günah olar, ahılları atalar?
Uzaq mənzil qət eyləyən kişilər,
Yabı deyil, yorğa gedən at alar.

* * *
Dolaşdırma düyün düşər ilgilər,
Naşükürə ağır olan il gələr.
Əriş-arğac saplarını hörəndə,
Naxışlarda gözəl olar ilmələr.

* * *
At əsanı yaraşmayır əsa, sən,
Sevən gözlə danışanda əsəsən.
Böyük-kiçik yeri bilməyən kəsin,
Əllisini şil-küt edib əzəsən.

* * *
Satqınları dillərindən asasan,
Çətin deyil yuxarıdan as, asan.
Ziyan çəkməz baxan böyük sözünə,
Atan deyən sözə qulaq asasan.

* * *
Tapdığına şükür eləsən, aza sən,
Gedər-gəlməz yolla gedib azasan.
Diqqət ilə bax ləpirə izə sən,
Azmaq üçün ləpirsiz gəl, az, asan.

* * *
Unutma ki, gecikirsən qatara,
Qulaq asaq gəl təsnifə, qatara.
Sən özünə eyləyirsən pisliyi,
Xeyri yoxdur, tülkü kimi qat, ara.

* * *
Məni görmək istəyəndə bəzən gəl,
Hər gün gəlmə gecə vaxtı, bəzən gəl!
Kölgə görsən, öz kölgəmdi, qorxma ha,..
Demirsən ki, bir dəfə də bəs, sən, gəl!

* * *
Öz canımı alsan da, qıyma-qıyma,
Əti doğra xəngələ qıyma-qıyma.
Ana-bala gəzən zərif ceyrana,
Gəl ox atma, yazıqdır, qıyma, qıyma!

* * *
Piston alsan, dənə-dənə qırma al,
Qızıl gülü gəl dibindən qırma, al.
Ara qatan salıb yenə qalmaqal,
Verdiyini al, bu işlər qurma, al.

* * *
Necə olar paltar arıq, ya kökə,
Çuğunduru sıx, qarışdır sən, kökə.
Həsrət qaldım çırpı yanan təndirə,
Bişirərdi anam, ləzzətli kökə.

* * *
O xəstənin tapılarmı əlacı?
Uşaqlıqdan oxuyasan əlaçı.
Hər aşpazı çağırmayın məclisə,
Adam var ki, nə xeyri var, əl, acı.

* * *
Gözəl sözlər deyib bizə atalar,
Günahı yox, o körpəni atalar.
Döyüş vaxtı dostun qəfil qaçarsa,
İgid dostun vəfalısı at olar (atalar).

* * *
Vətənini kişi kimi qoru sən,
Köz keçdisə, gəl dağıtma qoru, sən,
Yazqabağı beçə-balın kəsərik.
Arıları qurddan-quşdan qorusan.

* * *
Eniş olsun, yoxuş olsun, ya dərə,
Bel bağlama bədəsilli yad ərə.
Yetişsə də, üzümün salxım-salxım,
Gəl özün dər, qoyma kimsə, yad dərə.

* * *
Nə deyəsən bicdən olan bicə sən,
Cıdır düzdə yağıları biçəsən,
O kəhrəba sarı salxım, yetişib.
Sünbülləri vaxtında tez biçəsən,
(Mən kəsmərəm səni, körpə beçəsən).

* * *
Canı qoru, yaxın qoyma azarı,
Varmı onun ya həyası, az arı?
Ölər əgər çalsa onu yüz arı,
Onu çalan bir, ya iki, az arı.
(Yalançısan, inanmazlar ha zarı!)

* * *
Mərd deyirsən sözü namərd üzünə,
Mail oldum şirin dilli sözünə.
Nəğmələşən şeirlərin dolaşır,
Qarabağa, Şirvan, Muğan düzünə.

* * *
Pəncən ilə gəl sakitcə, gəl incə,
Ətirli çay hazırdı, sən gəlincə.
Öpsəm əgər buxağından, üzündən,
Gəl incimə sevgilindən, gül, incə!

Yəhya əmi, hamı deyir Yaya sən,
Quzuları çıxart qışdan yaya sən.
(Ot-ələfdən qaldı bina, taya-sən)
Küküdəki xoş simalı üzlərin,
Qonaqpərvər xasiyyətin yayasan.

* * *
Dost qəlbini incitməyib duyasan,
Atı tutdun, tək qalıbdı day, asan.
Külək kəsib, qızmar günəş boylanıb,
Təbiətdən ilham alıb duyasan.
* * *
Kefli söysə, fikir vermə, desə nə?
O gözəldən nə xəbər var, desənə.
Mənə könül bağışlayan gözəlin,
Alacağam nə istəsən de, sənə?

* * *
Özün gülsən oxşayırsan gülə, sən,
Deyib hər an şadlanasan, güləsən.
Gül görmüşəm zəif külək titrədən,
Ləçəkləri tez tökülən gül, əsən.

* * *
Heç görmüsən yalan sözdən düz əsən,
Hər gözələ nəğmə qoşub düzəsən.
Gəl lağ etmə gül-çiçəkli kəndimə,
Bax həsrətlə, dağ-dərəyə, düzə, sən.

* * *
Gəl deyişək, təcnis yazaq, sən də yaz,
Axan çayı yoxla, dərin, ya dayaz,
Hər fəsildə aləm gözəl görünər,
Qonaq gəlin qışda, yayda, ya da yaz!

* * *
Yod, ya duz bas ağrıyan o dişinə,
Aslan üçün erkək nədir, dişi nə?
Söz deyəndə qımışırsan üzümə,
Çox şinəmə, şinəyirsən, di şinə!

* * *
Gəl güvənmə nə nadana, alçağa,
Qalx hündürə, lağ eləmə alçağa,
Körpə gördüm kimsəsizlər evində,
Öz balandır, qucağına al çağa.

* * *
Əhsən olsun atı möhkəm çapana,
Yersiz sözdən gəl alışma çapana.
Qalaq-qalaq yazdıqlarım saralıb,
Kömək eylə, bir kitabın çapına.

* * *
Səsi yoxsa, o adam heç oxumasın,
İstəyirəm mən Qədirin oxumasın.
Niyə yordum o ceyranı yatan yerdə,
Şəklim üstə kamanımla oxum, asın!

* * *
Yersiz sözlər demərəm ki, oxşatsınlar gülüncə,
Görməmişəm, gör nə qədər çiçəyincə-gülüncə.
O gözəlin gecə-gündüz pərvanəsi olaram,
Bircə kəlmə hə-söyləsin gülmərəm, o, gülüncə.

* * *
Zəli iynəsini sancıb üzümə,
Həsrət qaldım o kişmişi üzümə.
Yalan, böhtan, iftiraya inanma,
Hər tənəli sözdən gəl məni üzmə.

* * *
Əyləci bas, vermə gücü sən qaza,
Ova çıxsan, at ördəyə, ya qaza.
Ehtiyatı gəl əlindən vermə sən,
Boğularsan, ayıq yat ha, bax, qaza!

* * *
Öyüd versən ,qanan deyil ,o,kürdü,
Qınamayın ,dürüst,qorxmaz o kürdü,
Əgər hər kəs öz günahın anlasa,
Deməz təqsir sakit axan o Kürdü.

* * *
Çatmaz ona boyum, necə boyludur,
Əl qaldırma, görmürsən ki, boyludur.
Hər şairə öz diyarı gözəldir,
Şairlərin yurdu Qazax, Poyludur.

* * *
İki şəhər bir adlanır Astara,
Uşaq yatır, qışqırma, asta ara.
Çox şişməkdən pencəyin də sökülüb,
Möhtac qaldın köhnə cındır, astara.

* * *
Səy də, gic də, yersiz gülən özünsən,
Hamımızdan uca-boylu uzun, sən.
Gəl etibar etmə yoldan ötənə,
Öz işini özün danış, özün, sən!

* * *
Həkim! Bu qız sağlamdısa, sağ alım,
Deyinməsin, dərd çəkməyim, sağalım.
Göy çəməndə otlayan o inəyin,
İçim südün, yenə sağsan sağ, alım.

* * *
Gəl əyilmə nə bəylərə, nə xana,
O xınadan deyil, gördüyün xına.
Meyxanadır, çayxanadır, nə bilim,
Nə xanədir, mən bilmirəm, o xana?

* * *
Siqaret də, ziyan verər, çox çəkmə,
Bax, kömürsüz şişə kababı çəkmə.
Çox gəzmisən ayaqların şişibdir,
Çust al geyin, olmaz sənə o çəkmə.

* * *
Bir busə ver tez ayılıb sağalım,
Pul gələcək qaşınanda sağ əlim.
Deyirsən ki, bəxtimə dilli çıxıb,
Evlənəndə de, şikəst yox, sağ alım.

* * *
Çox qaşıma, yara olar, az qaşın,
Məftun edir məni, sənin göz, qaşın.
Gəl bir dəfə hə de, qadan canıma,
Barmağında gəzdir yaqut, ləl qaşın.

* * *
Yediyin ət maş, kişmişli aşnandı,
O cür mallar tez pas atıb aşınandı.
Neçə ildir, bilirik, gəl gizlətmə,
Qulluq edən sənə hansı aşnandı?

* * *
Adam gördüm durub necə cərəli,
Qubadlida bir kənd vardi Çərəli.
Bir söz atsan yerindən tez tullanıb,
Oraq kimi kəsər ha bi çər Əli.

* * *
Sən çatanda hava çoxdan qaralar,
Yalan deyən kəsin üzü qaralar.
Gecə gəlsən dağa çıxma kəsə gəl,
Cığırla gəl, dağ-dərəni qar alar.

* * *
Rauf bil ki ömür keçdi yarıdan,
Fərsiz oğul olmur heç də yarıdan.
Səhvin duyan geri dönər yarıdan,
Ayılaydım bu yuxudan yarı dan.

* * *
Tısbağatək düşmən çəkilib qına,
Susayıbdı onlar necə gör qına.
Azad edək Qarabağı gəl bu gün,
Nə özünü, nə də ki, məni qına.

* * *
Məsləhətləş heç olmasa sən bizlə,
İnanmırsan gizli tək gəlib izlə.
Gönü qalın o adama ha desən,
Xeyri yoxdur döy, ya da ki, ha bizlə.

* * *
Yaralasaq ilan bizi çalardı,
Toyda kimlər oxuyardı çalardı.
Yeməsəydin üzlü südün qaymağın,
Nənən dadlı, üzlü qatıq çalardı.

* * *
Anam süzən çayım mənə şirindi,
Fərhad deyil dağı çapan Şirindi.
Ana görsə muma dönər şir indi,
Ana dilim görün necə şirindi.

* * *
Qərib oldum öz elimdə anasız,
Bu dünyanin nə dəyəri anasız.
Istəmərəm olsun kimsə anasız,
Anaları sağlığında anasız.

* * *
Qışda tez-tez bişir xəngəl,ərişdə,
Dedin tez gəl,yeyək,təkəm,ər işdə,
Dolaşdırma arğac sapın, saymışam,
Yəqin düyün düşüb, axtar ərişdə.

* * *
Toy eləsən, desən gələrik biz də,
Xonçaların hazır qalıbdı bizdə.
O qanmazın adamlıqda tayı yox,
Xeyri yoxdur, təsir etməz, ha, bizdə!

* * *
Şairlərin gecə gələr ilhamı,
Qoruyun siz Heydər oğlu İlhamı.
Ağdamda toy-busat ola bu gündən,
Sevinə, şad ola, həmin il, hamı.

* * *
Kimi müftə yedi, kimi qazandı,
Aşı tamlı edən, o mis qazandı.
Mərdimazar o kəslərdən uzaq ol,
Belələri ayaq altı qazandı.

* * *
Xain düşmən pusqudadı,
Möhkəm saxla silahı.
Al şəhidin qanın sonra,
Çıxart qəlbdən sil ahı.

* * *
Qarda yeyəsən qazı.
O yeri dərin qazı.
Gecəni çox üşüdük.
Kəsiblər yenə qazı.

* * *
Göz tox olsa, elə bilmə möhtac qalar göz, ələ,
Yazdığım o qəzəlləri gəl həsr elə gözəllərə.
Elə yazma, yazdıqların qarışmasın xəzəllərə,
Xalq hər zaman qiymət verib Vahid yazan qəzəllərə.

* * *
Əlavə et o şeiri də bu bəndə,
Ziyan verməz sel körpüdə bu bəndə.
Zəlzələ, ya tufan dağıtsa yolu,
Neyləsin, de yazıq, kasıb, bu bəndə.

* * *
«Halal» yazıb, satma bizə haramı,
Öz yurdumdur Ergi düzü, Haramı.
Torpağımı işğal edən alçaqlar,
Alsın azarımı, yesin haramı?

* * *
Cərgə ilə addımlayıb düz yeri,
Quş qripi bürüyübdü düz yeri.
Salam olsun aləmlərin Rəbbinə,
Altı günə yaradıb göyü, yeri.

* * *
Qansız, bu yazığın boğazın üzüb,
Çayın o tayına, o necə üzüb?
Görün neçə ildir Ağdam dardadır?
Ürəyimi qəm, intizar çox üzüb.

* * *
Nadan oğlu dəvə kimi nə qızdı,
Bilirsənmi o gözəl qız, nə qızdı?
Soyuq-soyuq şorbanı verdin mənə,
Zəif qazla çaydan, qazda nə qızdı.

* * *
Dedim gəlsin, qoy işləsin fəhlədi,
Namərd oğlu məni yaman təhlədi.
Arada bir gəzib dolan ölkəmi,
Gəzməli yer Borçalıdı, Təhlədi.

* * *
Qaradır bu qızın kirpiyi, qaşı,
Tez yandır üzərlik, yanını qaşı!
Seyr edib baxasan dağdan, düzlərə,
Hər zaman gözəldir zirvənin qaşı.

* * *
Qədim paytaxt olub bizim Ərdəbil,
Qonşum olub iki dəfə ərdə, bil.
Gəl qəlbindən çıxart nifrəti, kini,
Nankor övlad salar səni dərdə, bil.

* * *
Tonqal üstən tullananda o yandı,
Uşaqlar da qışqırıqdan oyandı.
And içsə də, inanmaram mən ona,
Gəl demə ki yaddan çıxıb oy, andı.

* * *
Çətin olar xalçanı əllə yumaq,
Eşitmədin? Dedim ki saxla, yuma!
Çox bükülüb, qocalmısan, elə bil,
Gəl öyünmə dönüb olarsan yumaq.

* * *
Yoxlasam bilərəm nə var o başda,
Əyləşib yenə də o qanmaz, başda.
Səhərdən lal durub baxırsan mənə,
Şeir deyirsənsə, denən, di başda.

* * *
Qızmar günəş nəm paltarı qurutdu,
Sızan neft yaşıllığı qurutdu.
Nə pendirdir, nə də Şamaxı şoru,
O yediyin qatıq deyil, qurutdu.

* * *
Meyvə boldur, yığın asta, hey dərin!
Ha baş vurdum bu göl elə hey, dərin.
Xatırlayın qəlbinizdə hər zaman,
Unutmayın xidmətini Heydərin.

* * *
Qədir oxuyaydı «A dili-dili»,
Rəhimldir, unutmayın Adili.
Hər deputat oxşayaydı kaş ona,
Yox çoxunun mərd yanında, a dili.

* * *
Udu gözəl ifa etmiş o Məhsəti Gəncəvi,
Bir dövrdə yaşayıblar Şeyx Nizami Gəncəvi.
Rübailər, o «Xəmsə»lər yaradan sənətkarlar,
Xatırlanır hər zaman təxəllüsü Gəncəvi.

* * *
Bil ki ömür keçir, yaş olsa əlli,
Qocalanın əsər vücudu, əli.
Kamil şəxsiyyətlər tanıyıram mən,
Dost olub Raufla Mir Haşım Əli.

* * *
Dərdin tapın, qollarımda şiş vəzin,
Öyrənirəm qafiyə, ölçü, vəzn.
Varmı tayı laçınlı Sultan bəyin,
Qədrin bilin, İdirişoğlu Əvəzin.

* * *
Əriyəcək şorbaya düz sal atın,
Ləzzətlidir, nə dadlıdır salatın.
«Kitab evi» kömək edir çoxuna,
Əhsən olsun yazıçıdır Salatın.

* * *
Əjdaha ilandır, o iki başlı,
Danışırsan yenə də ikibaşlı.
Dərdini de, unutma mərd dostunu,
Əlac edə sənə saf, iki başlı.

* * *
Azadlıq aşiqi mərd Xəlil Rza,
Tükənməz mənbədir o Rəsul Rza.
Rübai karvan eli dolanır,
Çəkməsin ağrı-dərd, dost Oqtay Rza.

* * *
Bordaq kəlin buraxsan vuracaq qıza-qıza,
Söz deyəndə qızarır, həyalı o mərd qıza.
Dəmiri döyəcləsən dediyin tək alınmaz,
Gərək dəmir sobada yumşala, möhkəm qıza.

* * *
Mənsum necə muğan üstə köhləndi,
Çapdığın at yorğa gedən köhləndi.
Arıq-uruq yığılsa da bir yerə,
Kök adamla yarış görüm, köhlən di.

* * *
Namaz qılan gördüm əməli pak, düz,
Dediyi hər sözü edir o sözsüz.
Adam var möhürdən ayrılan kimi,
Yenə şeytanı yol seçir o duzsuz.

* * *
Tapdalasan şahmar ilan çalardı,
O vaxt kimlər oxuyardı, çalardı.
Gecə südün qaymağını yesən də,
Nənəm yenə üzlü qatıq çalardı.

* * *
Yoxlasan, bilərsən nə var o başda,
Əyləşib yenə də o qanmaz başda.
Səhərdən lal durub baxırsan mənə,
Şeir deyirsənsə denən, di başda.

* * *
Çalış hər an sənə yanan dosta yara,
Kələk gəlmə sevdiyin o doğma yara.
Doğulduğum yurda, elə həsrət qaldım,
Qarabağsız ürəyimiz düyün, yara.

* * *
Çox dadlıdı səhər südlü o yarma,
Yaş odunu kor baltayla gəl yarma!
Bu dərmanlar xeyir vermədi cana,
Boş söhbətdi özünü çox da yorma!

* * *
Dağ basdılar ona ucu şiş mili,
Gəz Şirvani, ya Muğanı, ya Mili.
Toxuduğum ipi çox dolaşdırma,
İtirmişəm, tapsan tez qaytar mili.

* * *
Keçi piyi kömək edər, tez ovun!
Gözdən itdi kəklik, qırqovul ovun.
Məndən ayrı gəzmə ceyran balası,
Sevinərsən, gəl sən mənimlə ovun.

* * *
Böyük bəstəkardı Qarayev Qara,
Dost dosta yaxmasın heç zaman qara.
Gözünə çöksə də nə duman, nə çən,
Qara demə yağan ağappaq qara.

* * *
Vokal sənətinin banisi Bülbül,
Cəh-cəh vurar bağda o sarı bülbül.
Sən də get yetimlə qismətini böl,
Bölərdi qismətin kasıbla Bülbül.

* * *
Dost dadına dost yetişə, dost qala,
Pənah xanın qalasıdır o Qala.
İki sevən xoşbəxt ola, şad ola,
Rəvadırmı oğlan ölə, qız qala?

* * *
Abşeronda qoyun cinsiydi Qala,
Yaxşı insan qəlbdə hər zaman qala.
Ad qoyanda qoyma Nata, ya Qala,
Baxıb yanma dalınca qala-qala.

* * *
Nabələd düz yolda yolunu azar,
İnsanın üzündə olsun bir az ar.
Soyuqdan özünü qışda gözləsən,
Səndən uzaq olar dərd, bəla, azar.

* * *
Biz çatsaq da, onlar hələ daldadı,
Tapmaz bizi heç kəs bura daldadı.
Qara ya çil beçə yesən yaxşıdı,
Dadı dəri, boyun, ya da daldadı.

* * *
Ürəyimə bu nisgili o yaxdı,
Analardı gecə-gündüz oyaxdı.
Sil gözünü, qəlbim para-paradı,
Göz yaşların leysan olub oy! Axdı.

* * *
Qurunun oduna o yaş da yandı,
Rüşvət cibin arxa, de ya da yandı?
Ulaq zığa batsa bir dəfə batar,
Döyəcləsən demə niyə dayandı.

* * *
Yaraşıqsan canım, sən bizim elə,
Gələndə de, ya da bircə him elə.
Söz deyəndə yalan demə, düz danış,
Nə qeybət qır, nə belə de, nə elə.

* * *
Çox uzağa getməz itən danalar,
Pis əməli qınayalar, danalar.
Get kəndinə, uzun ömür sürərsən,
Ağlı olan qoyun, ya dana alar.

* * *
Tapdaladın, indi ilan nə çala,
Bu düzlərdə olmaz çaxır, nə çala.
İti kərəntiylə ot çala-çala,
Qulaq asaq Rəmiş bir segah çala.

* * *
Göy çəmənə yağdıqca qar a yağa,
Bəy gələndə gəlin qalxa ayağa.
Nökər oğu indi özün bəy sanır,
Onu görən təzim edir, ay ağa!

* * *
Muğam oxunanda gəl səsin alma,
Fayda verər yesən gündə bir alma.
Gördüyüm, sevdiyim o gözəl qızı,
Bəyəndim, ay ana, onu al maa.

* * *
Acı xəbər bizi yaman çox üzdü,
Dostum burdan o tayadək çox üzdü.
Südün qaymağını almasan əgər,
Qatıq olar dadlı, həm də çox üzdü.

* * *
Çeşmədən gələn su sızqayla axır,
Haqqa gələ dinsiz, imansız, axır.
Maymaq, tənbəl olsa əgər naxırçı,
Pinti olacaqdır hər zaman axur.

* * *
İlyas Qəmgin körpü tikdi dərədə,
Bəndlər durur görən Dəvədərədə?1
O tayda biz qora yığıb yeyərdik,
Deyərdilər gilə-gilə dər, ədə!

* * *
Paxıl, acıdildir qonşum Pirəli,
Qəlbi təmiz, pakdır fağır pir Əli.
Qurban dedi azad ola Qarabağ,
Nəzir verər yenə o Pirə, Əli.

* * *
Yolun üstə qanqal bitsə, o an, qır!
Yersiz yerə bağırırsan, di anqır!
Dam axıtsa, qır əridib tez qırla,
Sən tapmasan, mən taparam o an, qır!

* * *
Görmək üçün gəz Misiri, Yəməni,
Seçirsən seç, bir dost kimi ya, məni.
Şuşa hələ düşmən tapdağındadır,
Axtarıram qaçqın dostum Yəməni.
* * *
Meyl eləmə həll bişməyən aşa sən,
O aş yeyən ad qazanıb Aş əsən.
Yağı kəsib dağlarımı, zirvəmi,
Qartal olub qayaları aşasan.

* * *
Nəfin görər satan, ya xırda alan,
Alver edib öz işində qurdalan.
Tanımazsan, gözəlləşib Xırdalan,
Nə uduzar, nə büdrəyər kürd alan.

* * *
Yeznəsini çox istəyər bu baldız,
Süfrəmizdə bol olsun fətir, bal, duz,
Suallara cavab yazdım dübbədüz,
Yenə çatmır texnikuma bir bal, düz.

* * *
Canım-gözüm, qanımdır, doğma anam Sərəncam,
Heç zaman unutmaraın dərdimə oldun əncam.
Qarabağ azad ola, düşmənləri məhv edək,
Qələbə müjdəsilə gözləyirik "Sərəncam".

* * *
Köhlən ata nalbənd vursa nal əmi,
Çəkdin sitəm, eşidirsən naləmi.
Dolansan da Rauf kimi aləmi,
Möhtac qaldın cıdırda de, nalamı?

* * *
Məhəbbətlə sevən tapa, ya aza,
Məhəbbəti qəlbdə tapa, ya yaza.
Gəl kişi ol, aldatma məsum qızı,
Məhəbbətsiz sevən çıxmaz ha, yaza.

* * *
Ellimizdir, demə ona yad elli,
Ağdamımı zəbt eyləyib yadelli.
Qara olar üzü, qeybət qıranın,
Onlar olur fəndkir, ya bic, ya dilli.

* * *
Gözəlləşib Qazax, Tovuz, Quba, Qusar,
Xain düşmən məkrlidir, səni busar.
Zəli kimi millətinin qanın soran,
Haram yolla pul qazanan bir vaxt qusar.

* * *
Yaxın getmə, bir də gördün dəvə qızar,
Karvan ürkər, səhralarda sarvan azar.
Veyil-veyil çox avara gəzmə daha,
Abrın olsun, heç olmasa bir az qızar!

* * *
Fira yenə öküz təki bir də qızdı,
Xatırladım, elə bil ki, həmin qızdı.
Bir saatdır hələ çayın qaynamayıb?
Süz, yandıq ki, kifayətdi, bir az qızdı.

* * *
Naz eləmə, səsin varsa, di oxu!
Boş-boşuna atma hədəfə oxu.
Dərs başlayıb, iki kitabın çatmır,
Atan alsın bir Rəsmixət, bir Oxu!

* * *
Əsir əlin-qolun, o çatma qaşın,
Elə bil ki, Birə düşüb az qaşın!
Sıldırımlı qayaları adlayıb,
Seçək nişangahı, zirvənin qaşın.

* * *
Sevinib toplaşıb camaat gur, şad,
Xar olsun aranı qatan namərd, yad.
Əsilli dostları unutma, oğul!
Atanla dost olub, qardaşdı Gürşad.

* * *
Şair axtarıram yazıma baxsın,
Yazıma, qışıma, yazıma baxsın.
Şair axtarıram eynəyin taxsın,
Məni sözləriylə yandırıb yaxsın.

* * *
Çatlayıbdı axçilərin dabanı,
Erməni-rus qurtararmı davanı?
Göyçə mənim öz doğmaca gölümdür,
Atır ortalığa Yanlar da, Vanı.

* * *
Əsəbimiz çəkilib tıxaclarda tarıma,
Şikayətə baxan var, əbəs yerə zarıma.
Köhnə o sarı simlə çox da ki, zilə qalxma,
Qiymət verib dövlətim mənim qədim tanma.

* * *
Dözməyəcək nə döşəmə, nə tavan,
Kimlər ilə olacaq görən davan?
Biz Şuşanı geri ala bilməsək,
Birdəfəlik küsər Vaqif, Natəvan.

* * *
Bol yetişib bostanda qarpız, qovun,
O körpənin belin astaca ovun.
Hər sözümə don geydirən kəsləri,
O namərdi aranızdan tez qovun!

* * *
Ermənilər şər-şəbədə yazandı,
Gələn bəlkə xamdı, de ya azandı.
Ay imansız, yeyib-içib yatırsan,
And içmişdin, yenə içdin, yaz, andı!

* * *
Gözüm qalıb o yollarda, dərədə,
Haqsızlığa dönməz dağ da, dərə də.
İlyas körpü tikdi, yarımçıq qaldı,
Bəndlər durur görən Dəvədərədə?

* * *
Saat birdir, görmürsən ki, azandı?
Gələn yəqin xamdı, ya da azandı.
Tövbə edən and içmişdi-içmərəm,
Dinə gələ, qalıbsa da, az andı.

* * *
Dəb düşübdü hər küçədə bir dönər,
Yolun azan, görən düz yola dönər?
Yeyib yatma, idman elə hər səhər,
İnsan qocalanda yumağa dönər.

* * *
Ünvanını de, mən gəlim haraya?
Səbr eyləyin, Allah çatar haraya.
Sevdiyini aşkar edə bilmədin.
Heyfslənmə, ermənidir ha, Raya.

* * *
İdmançıydı Knyazın oğlu Qara,
Ağartıya deməyin heç vaxt qara.
Dubay necə isti olurmuş, Allah,
Onlar yəqin həstət qalıblar qara.

* * *
Oynama gəl o dəhşətli od ilə,
Bal-şəkər qat məlahətli o dilə.
Qurban olum, lay-lay deyən o dilə,
Allahımdan səbr, xoş günlər dilə.

* * *
Dərdlərimə gecə-gündüz oyanan,
Fikrimdən alışıb köztək o yanan.
Nıyə məni qoyub getdin, oyan, a...
Səndən ayrı dözə bilməm, oy! Ana!

* * *
Lay-lay deyən ana dilin şirindi,
Fəryad deyil, dağı çapan Şirindi.
Anam süzən çayım mənə şirindi,
Ana görsə, muma dönər şir, indi!

* * *
Bir bəladı dediyim o Bəybala,
Gəl dinc otur, dinlə məni, ay bala!
Babası da seçilən bəy olubdur,
Yola getmir mənimlə bu bəy, bəla!

* * *
Hər sözünü Rauf gəlib incələr,
Səs salmasan onda atan dincələr.
Üzük necə gör yaraşır Laləyə,
Xəlq eyləyib Allahım incə əllər.

* * *
Hər gün yesə, gümrah edər bal onu,
Geri saldı, çatmadı bir bal onu.
Aparmısan Saraydan süd, qatığı,
Məəttələm, qaytar qardaş, balonu.

* * *
Dost olub atamla Gözəlov Qoca,
Qürurlu xeyirxah dağlardan uca,
Mikayıltək igid böyüdən ata,
Ona hörmət edər həm cavan, qoca.

* * *
İgid, qəhrəmandır, mərd Allahverdi,
Eldar da, Əmir də öz sözün dedi.
Yeddi bacılara qardaş göndərən,
Gözəl müjdə payın tək Allah verdi.

* * *
Kəndin beçə toyuğunun bu dadı,
Bağban bağda ağacları budadı.
Xəstə bilməz ağzındakı o dadı,
Yediyin bud hansı quşun bud adı?

* * *
Sağ-sol çiynimizdə yazır Məleykə,
Kömək olsun bizə Mədinə, Məkkə.
Allaha şükr edən xeyrini görər,
İki bacım hər ikisi Məleykə.

* * *
Kəl oğlandır, çox güclüdür o, kəltək,
İşimizə pəl vuracaq o pəltək.
Nə qaynayıb, nə qarışır dostlara,
Söz deyəndə böyüyür necə mal tək.

* * *
İkıyə bölünmüş o torpağımı,
Qəmli sətirlərlə necə sağaldım?
Vətən qəmi qubar etdi qəlbimi,
Ürəyimdə dağlandıqca dağ aldım.

* * *
Seyr edəndə səhər dağın ətəyin,
Gəl dağıtma görsən arı pətəyin.
Öz elinə, yurda nankor çıxanlar,
Görəcəklər zərbəsini kötəyin.

* * *
Bürün o yun şalı, yorğanı ya da,
Görəsən düşərəm nə vaxtsa yada.
Sən atlı olmusan, mən də piyada.
Ummaram, demərəm nahaq söz yada.

* * *
O, ceyranın qadasını gəl alın,
Möhürə çox dəysə sağalar alın,
Ağdam hələ yağı tapdağındadır,
Gəlin hücum edək, yurdumu alın.

* * *
Görüm meyvələrin hər yaz nübarın,
Almasın, heyvasın, gilasın, narın,
Ləbləri bal dadan, gözəl ceyranın,
Dostu alsın qadasını Nubarın.

* * *
Yolumu bağlayıb cadu eyləyən,
Allah qənim olar sənə bir zaman.
Quranı oxuyub sən dərk eyləsən,
Şeytana uymazsan, onda o zaman.

* * *
Kəndə gələr dincəlməyə adamlar,
Yurdu viran qalan, başsız o damlar.
Qırlamasan damı əgər vaxtında,
Yağış yağsa sızar evə a damlar.

* * *
İşdə kömək edər o güclü vəkil,
Baladaydan qalıb yadigar şəkil.
Müəllimə hörmət edin hər zaman,
İxtisasdan dərs deyib bizim Vəkil.

* * *
Gəl oturma qeybət olan o yerdə,
Yalan sözlər əlac edərmi dərdə?
İçib qızıb hər yetənə söz atan,
Nə satqına bel bağla, nə namərdə.

* * *
Gözəlliyin səs salardı cahana,
Nur camalın, al yanağın solubmu?
Gözəlliyi Xudam veribdir sənə,
Təravətin görən yenə qalıbmı?

* * *
İkiyə bölünmüş o torpağımı,
Qəmli sətirlərlə necə sağaldım?
Vətən qəmi qubar etdi qəlbimi,
Ürəyimdə dağlandıqca dağ aldım.

* * *
Qorxmaz comərd heç vaxt ürkü,
Qışda geyin o yun kürkü.
Unutmayın türk dünyası,
O xilaskar Atatürkü.

* * *
Yandın elin dərdınə,
Bağdan nəyi dərdin, nə?
Mərd qardaşım Namiqin,
Cavan ikən dərdi nə?

* * *
Qəlbdən nifrət silinə,
Yol açıla könülə.
O ecazkar gur səsi,
Allah verib Könülə.

* * *
Kürd gözəli ağ daban,
Dağda gəzir ağ Qaban.
Şairlər oylağıdır,
Kəlbəcərdə Ağdaban.

* * *
Qorxma, dəyməz Div, ana!
Həsrət qaldım divana.
Ağdabanlı Qurbanın,
Bax yazdığı divana.

* * *
Yandım atəşə, nara,
Çox yaraşır gül nara,
Kasıblara hey yanan,
Mərd insandı Gülnarə.

* * *
Mən olum haqqa qurban,
Qoç kəs, Allaha qurban.
Əsilli şair idi,
O Ağdabanlı Qurban.

* * *
Şükr elə güllü yaza,
Mən borcluyam İlyasa.
Nə ola, gələ bir də,
Qəmli bayatı yaza.

* * *
Gəlir gəlsin, neynək o da,
Sirri vermə qonşu yada.
Yanma nahaq, özgə oda,
Bax, gedərsən birdən bada.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: