Səadət Şabanqızı: A T A M (Oçerk)

Səadət Şabanqızı: A T A M (Oçerk) Atam - Şahpələngov Şaban Hasil oglu 1924-ci ildə İmişli şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra, Böyük Vətən müharibəsinin (1941-1945-ci illər) çətin günlərində, Azərbaycandan gedən minlərlə ogullar arasında atam da 1942-ci ildə cəbhəyə yollanır.

Vətənimizə elan olunmamış, qəfil hücuma keçən alman faşistlərinə qarşı müharibədə mərdliklə döyüşür, komandanlığın tapşırıqlarına əməl edir, Vətən uğrunda gedən müharibədə qələbə ruhuyla yaşayır.
O dəfələrlə güllə yarası alsa da hospitalda müalicəsini bitirib yenidən ordu sıralarına yollanır. Sərrast atıcılıq qabiliyyəti olan atam, alman faşistlərinə qarşı müharibədə igidlik göstərir, şərəflə döyüşür və Sovet dövlətinin orden və medallarını, fəxri fərmanlarını, təşəkkürnamələrini alır.

1942-ci ilin avqust ayında almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı başlamışdı.
Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı ordu və 4-cü tank ordusundan istfadə olunmuşdu.
Səadət Şabanqızı: A T A M (Oçerk) Hücum nəticəsində şəhər intensiv şəkildə bombardman edilirdi.
Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra şəhər döyüşləri başlamışdı.

Artıq 1942-ci ilin noyabr ayında Sovet Ordusu çoxsaylı itkilər versə də almanları Volqa çayının Qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdilər.
1942-ci ilin 19 noyabrında Qırmızı Ordu tərəfindən böyük əməliyyat keçirilmiş və nəticədə cinahlarda yerləşən qüvvələr məğlub edilmişdi.

Beləliklə, 6-cı Ordunun bütün əlaqələri kəsilmiş və onlar Stalinqrad ərazisində mühasirəyə düşmüşlər. Baxmayaraq ki, alman faşistlərinə havadan köməkliklər edilmiş, mühasirə həlqəsinin xaricdən yarılması məqsədilə hücum cəhdləri olmuşdu, lakin bütün bunlar bir nəticə verməmişdir. Ağır döyüşlər davam etmiş və nəhayət, 1943-cü ilin fevral ayının əvvəlində 6-cı ordu təslim olmuşdur.

Səadət Şabanqızı: A T A M (Oçerk) Stalinqrad (indiki Volqoqrad) uğrunda gedən qızğın döyüşlərdə atam böyük əzmlə iştirak etmiş, fədakarlıqlar göstərmişdir.

Stalinqrad döyüşü dünyanın ən qəddar və qanlı döyüşü olmuşdur.
Təxmini hesablamalara görə bu döyüşdə 2 milyona yaxın alman və sovet əsgəri, eləcə də dinc əhali həlak olub.

Bu qanlı döyüşlərdə 1943-cü ilin 16 avqustunda atam sağ qolundan güllə yarası alır. Hospitalda müalicə olunub sagalır...
Daha sonralar 1944-cü ilin 15 avqustunda, düz bir il sonra, atam yenidən sol qolundan ağır yaralanır və hospitala düşür, müalicə olunub sağaldıqdan sonra təkrar cəbhəyə qayıdır.

Səadət Şabanqızı: A T A M (Oçerk) Böyük Vətən müharibəsində Stalinqrad uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə atam Sovet dövləti tərəfindən “İgidliyə görə” («За доблестный труд») medalı ilə təltif olunur.

Daha sonra Almaniya üzərində qələbəyə («За победу над Германией») medalı ilə təltif edilir.

Atamın müharibəyə aid çoxlu kitabları var idi. Kitablar rus dilində idi və onları atam həvəslə oxuyurdu.
İkinci dünya müharibəsi dövründə (1943-cü il), ilk Sovet İttifaqı Marşalı adına layiq görülən Jukov haqqında da evimizdə qalın bir kitab var idi. Arada mən də o kitabı götürüb oxuyurdum. Marşal haqqında suallar verirdim atama, o elə gözəl danışırdı ki, böyük Sərkərdə barəsində, qulaq asmaqdan doymurduq..

Səadət Şabanqızı: A T A M (Oçerk) Səadət Şabanqızı: A T A M (Oçerk) Səadət Şabanqızı: A T A M (Oçerk) Səadət Şabanqızı: A T A M (Oçerk) Müharibənin sərt illəri arxada qalmışdı, amma atam o illəri unutmurdu..Müharibəyə aid «Тачанка» mahnısı var idi, onu elə gözəl oxuyurdu ki, biz də əzbərləmişdik:

«Песня о Тачанке»

Эх, тачанка-ростовчанка
Наша гордость и краса
Конармейская тачанка
Все четыре колеса!

Эх, за Волгой и за Доном
Мчался степью золотой.
Загорелый, запылённый
Пулемётчик молодой.

Bundan başqa digər mahnılar da var idi müharibə mövzusunda.

Biz həmişə atamla fəxr etmişik, mən onu böyük ŞƏXSİYYƏT hesab etmişəm.
O bütün qohum-əqrəbanın sayıb seçdiyi insan olub, ona görə ki, hər kəsə diqqət yetirib, maddi-mənəvi dəstəklər göstərib.


Atam qısa, lakin çox ŞƏRƏFLİ ömür yaşadı. Onun rayonun mərkəzində evi var idi, bütün qohumlar rayon mərkəzinə bazara, yaxud başqa iş dalıyca gələndə mütləq bizim evdə dayanacaq edərək, yeyib-içər, dincəldikdən sonra kəndə, Otuzikiyə gedərdilər. Rayon mərkəzi olmasına baxmayaraq böyük həyət-bacamız, bulud bağımız var idi.

Atam da maliyyə idarəsinin məsul işçisi idi. Sonralar mənim 4-5 yaşım olanda atamı Gəncə(o zaman Kirovabad adlanırdı) şəhərinə işə dəvət edirlər, orada 6-7 il işlədikdən sonra, atamı, çox savadlı olduğuna, rus dilini mükəmməl bildiyinə görə Bakı şəhərinə, Qaz Sənaye Nazirliyinə işə dəvət edirlər. Qeyd edim ki, Gəncədə olan şəxsi evimizi, atam içi dolu, evi olmayan, kirayədə qalan bir dostuna verib çıxır. Yaxşı yadımdadır, günlərin bir günü Bakıya köçməli idik, atam dedi hazırlaşın çıxırıq, anam isə, heç olmasa evdən 2 ədəd yorgan götürək, dedi və yorğanı büküb böyük qardaşıma (7-ci sinif şagirdi) verdi ki, atam görməsin. İçərisi dolu evi qoyub çıxdıq..

Atam Bakıda gözəl malikanə almışdı, 2 mərtəbəli, biz evə çatanda çox sevindik, 6 uşaq və ata-anam..Gözəl günlərimiz oldu həmin evdə..Bütün övladlar atamın tərbiyəsi və qayğısı sayəsində oxuduq, ali məktəbə qəbul olduq, oranı bitirdik, işlədik..

Atam 52 il ömür yaşadı, KİŞİ kimi yaşadı, həmişə süfrəsi bol, evi qonaqlı, qaralı oldu. O zaman Səməd dayımdan başqa heç bir qohumun evi yox idi Bakıda, həm də Bakıda hər adam ev ala bilmirdi..Bütün qohum əqrəbalar bizə gələrdilər, elələri ailəli gəlib, aylarla evimizdə qalardı... (Qar yağdı, izlər itdi...)

Mən atam kimi kişi görmədim, agıllı, savadlı, yaraşıqlı, zabitəli, qohumlara əl tutan, ciblərinə pul qoyan, hər kəsin yerini bilən.
Bu gün fikirləşirəm ki, baxmayaraq atam qısa ömür yaşadı, amma çoxlu işlər gördü, özü də yadda qalan, səmərəli işlər.
Onun ana-atasına, bacı-qardaşına olan məhəbbəti, bizə də sirayət etmişdi, örnək olmuşdu.
Sanki atam hər kəsin sevimlisi, eyni zamanda BÖYÜYÜ idi, çünki hər kəsin xırda yox, məhz böyük problemlərini həll edərdi. O rayona gələndə onun görüşünə, tamaşasına çox insanlar axışıb gələrdi.

Rayonda atamın ən yaxın üç dostu olub, onlardan Mehman Babaşov, Mehralı Səmədov, bir də Səftər Cavadov. Bu üç ən yaxın dostlarıyla məxsusi görüşüb söhbətləşərdi atam..Anamın dediyinə görə atam rayona gələndə öncə ən yaxın dostu, Mehralı Səmədov ilə görüşərmiş, saatlarla oturarmışlar..özü də anamın dediyinə görə atam bir günlük yeməkxananı bağlatdırarmış dostlarına görə..
Bir dəfə atamın dostunun qızı Yeksarə xanım mənimlə söhbətində ağızdolusu danışaraq dedi ki, onlar dost yox eyy, doğma qardaşdan da artıq idilər..Baxın, belə dostlar indi varmı???
Yeri gəlmişkən, atam xəstə olarkən (yüksək təzyiqdən beyinə qansızma), həmin üç vəfalı, sadiq dostları Bakıya evimizə, atama dəyməyə gəlmişdilər.
Allah hamısına rəhmət eləsin, ruhları şad olsun!
Bu gün belə insan görə bilmirəm, hər kəs özü üçün yaşayır, illərlə bir stəkan suyunu belə içmirsən, çünki dünya malına o qədər həris olublar ki, 1 stəkan çay dəmləmək gücündə ola bilmirlər, bərkəlli, dar qəlbli, dayaz düşüncəli...
Nə isə... Bu barədə sonralar yazaram...

Atam haqqında nə qədər yazsam da hələ azdır. Bu günkü təfəkkürümə görə atama borcluyam!
Atam bizə çox şey öyrətdi, savadlı olmagı, mütaliəni, geniş qəlbli olmagı, düzlüyü, halallıgı, nizam-intizamı, Vətəni sevməyi, dövlətə sədaqətlə xidmət etməyi..

28.09.2021-ci il


Səadət Şabanqızı: A T A M (Oçerk) 2-ci hissə

Biz Gəncədə yaşadığımız zaman ilk evimiz vağzal tərəfdə idi.
Sonralar alüminium zavodunun yaxınlığındakı böyük bir ərazidə yeni 4-mərtəbəli binalar tikilməyə başlamışdı..

Biz hər yay rayonun mərkəzindəki evimizə gələrdik, üç ay qalıb gedərdik.
Bir dəfə rayondan Gəncəyə qayıdırdıq..Vilis sıra ilə düzülmüş gözəl yeni tikilmiş 4 mərtəbəli binaların birinin qarşısında dayandı, biz düşdük.Atam dedi ki, bu binada təzə mənzil almışam və biz atamın arxasınca bloka daxil olub, pilləkənlərlə yuxarı, dördüncü mərtəbəyə qalxdıq..Atam qapını açdı, yeni mənzilə daxil olduq, çox gözəl idi..

Atam bizə belə sürprizlər çox etdi...
Yeni mənzilimizdə 4 il yaşadıq, mən dördüncü sinfə qədər Gəncədəki 28-nömrəli məktəbdə oxudum, Xalidə müəllimənin sinfində..Həmin ilin yayında Bakıya köçdük..Atamızın yeni sürprizi bizi gözləyirdi... 2-mərtəbəli xüsusi mülk, malikanə..

Bakıdakı evimuzdə qonşuların əksəriyyəti rus idi..Mən ilk olaraq öz həmyaşıdım Tanya Bragintsova ilə həyətimizdə tanış oldum və başladıq oynamağa..Beləcə Tanya Azərbaycan dilini bilmirdi deyə onunla rus dilində ünsiyyət qurdum..Daha sonralar İnna, Lyuba, Taisa, Nadya, İrina, Sveta, Olya adlı dostlarım oldu..beləcə rus dilində mükəmməl danışmağa başladım..

1968-ci il, sentyabrın 1-də 49 saylı orta məktəbə 5-ci sinfə getdim..
Sinif rəhbərim Firəngiz Mustafayeva idi. O çox cavan idi, 27-28 yaşı olardı, İçərişəhərdə yaşayırdı..Bir, iki dəfə sinif yoldaşım Xanım Bağırova ilə onun evinə də getmişdik, 8 martda sinifdə yığılan hədiyyələri bizə verdi ki, aparın mənim evimə qoyun qayıdın, düz 2 reys gedib qayıtdıq..

Firəngiz müəlliməni çox sevirdik, o bizə təkcə sinif rəhbəri yox, həm də gözəl ana idi, ana qayğısı göstərirdi..Dərs vaxtı koridorda gəzirdi və heç bir şagird dərsdən yayına bilməzdi..Sinifdə 32 uşaq var idi, 10-cu sinfi bitirdikdə isə 28 idik, 4-ü 8-ci sinifdən çıxıb texnikuma qəbul olmuşdular, 2-si musiqi texnikomuna, Nailə pianino üzrə, Xuraman isə kamança sinfinə..Hər ikisi də yaxın rəfiqəm idilər..Sonralar Xuraman təhsilini Musiqi akademiyasında davam etdirdi, Azərbaycan Respublikası Xalq Çalğı alətləri Orkestrində kamança çalırdı, bacısı Fəridə Hüseynova (bizdən 2 sinif aşağı, ortancıl qardaşım Rza ilə bir sinifdə oxuyurdu) da piano sinfini bitirmişdi, o da hazırda bir ansamblın solistidir, çox zaman Aybəniz Haşımovanı solo müşayiət edir...

Mənim hərtərəfli dostlarım olub, yetər ki, onlar istedadlı və savadlı olsunlar. Nailə Yaqubova riyaziyyatı çox gözəl bilirdi, 8-ci sinfə qədər getdiyimiz olimpiadalarda birgə olurduq..Lakin musiqi sahəsini seçdi..
Həmişə atam deyərdi ki, ilk növbədə dərslərinizi oxuyun, sonra idmanla, musiqi ilə əlavə məşğul olun..

Atamın xidməti maşını var idi, sürücüsünün adı da Sabir udi. Maşın o dövrün vilisi idi və biz hamımız həmin vilisə rahatca yerləşirdik.
Hələ Gəncədə yaşayarkən, Gəncə-İmişli yolunda müəyyən yerlərdə sürücü Sabir dayı maşını saxlayardı, atam da öz ov tüfəngini əlinə alıb bataqlıqdakı qamışların arasındakı, yaxud göydə uçan quşları nişan alıb dəqiq atəşlə vurub yerə salardı. Biz də durub atamın quşları necə vurmasına tamaşa edərdik. Vurulmuş quşlar gölməçələrin üzərinə düşürdü. Sabir dayının uzunboğaz rezin çəkməsi var idi. Onu geyinib gölməçələrə tökülən quşları yığmaq üçün suya girərdi. Kisəsini doldurub maşının arxasına, baqaja qoyardı. Biz də sevinərdik ku, quş əti yeyəcəyik, lakin evə çatanda həmin kisəni sürücü özü aparardı. Biz atama deyəndə ki, quşları niyə yığıb apardı Sabir dayı, atam cavab verərdi ki, mən o quşları yeməyimiz üçün vurmamışam, qoy aparsın özü satar, yeyər, nə edər özü bilər..Təsəvvür edirsinizmi, 30-40 quşun bircə dənəsi evimizə getməzdi..

Atamın başqa bir maraqlı hobbisi də var idi..Rəhmətlik nənəm həmişə deyərdi ki, atan gənc yaşlarında balığa gedərdi, çox iri balıqlar tutarmış, evə gətirəndə nənəmə deyərmiş ki, bunların hamısını payla qonum qonşuya..Nənəm də o barədə çox zirək qadın idi..Balıqları zəmbilə yığıb əvvəlcə özünün istəkli qohumlarına, sonra da qonşulara paylayarmış..Bir dəfə nənəmə sual verdim ki, nənə bəs o balıqlardan 1-2-ni saxlamırdın heç? Dedi yox! Həm də nənəm çox xoşlayırdı ki, qohum əqrəbasına pay versin və onlar da o payı alıb oğluna dua etsinlər. Mənim atamın quş, balıq, ovçuluq hobbisi çox orijinal idi, o bu işləri həvəskarlıq naminə edərdi..

Biz Gəncədə yaşayan zaman yay vaxtlarında atam bizi Hacıkəndə, Göygölə aparardı. Hacıkənddə ev tutub bizi ora qoyardı və yay mövsümümüz orada keçərdi..Oraları qarış-qarış gəzərdik, gül-çiçək toplayardıq, Göygölün, Hacıkəndin gözəlliklərindən doymaq olmurdu, həmin güllər indi də gözlərimin önündədir, təbiətin qoynunda bitən bu çiçəklər sankı cənnəti xatırladırdı..

Təəssüf ki, bu gün həmin ərazilər bəzi işbaz məmurlar tərəfindən mənimsənilmiş, şəxsi biznes məkanına çevrilmişdir..
Təbiətin bəxş etdiyi- havası, suyu, çiçəyi, böcəyi, quşları, suları, bulaqları xalqa məxsus sərvətdir və bu Tanrı neməti cəmiyyətin mülküdür. Bu gün insanların Göygölə giriş-çıxışını pullu görüb, bu xalqın mülkünü mənimsəyən “iribuynuzluları” qınayıram..Əcəba, bu necə ola bilər?? Necə xalqa məxsus sərvəti xalqa pullu edəsən?!
Belə misalları digər bölgələrimizdə olan səfalı yerlərlə bağlı da söyləmək olar. Nə isə..Bu mövzuda əlavə yazılarım olacaq. Atam haqqında yazıdan yayınmaq istəmirəm..

Atamın Gəncə şəhərində iki ən yaxın dostu var idi: Vəli və Qədim.
Atam onlarla çox yaxın idi. O əmilər alicənab insanlar idilər, bizə qonaq gələndə, yaxşı yadımdadır, o zaman kağız torbalarda yalnız iri şokoladlar alıb gətirərdilər. Şokolad 1-2 deyil, bəlkə 5-6 kq olardı. Həmin şokoladlar çox dadlı olurdu..Bu gün ən bahalı şokolad belə o şokoladın dadını vermir..
Bir də atam mütəmadi olaraq işdən evə gələndə əlində iri tort və çoxlu meyvələr alıb gətirərdi..Atam belə bir adət-ənənə yaratmışdı. Evə çatan kimi 6 ədəd iri boşqablar düzülərdi masanın üstünə və atam meyvələri eyni bərabər boşqablara bölərdi..O bizə İlin bütün fəsillərində meyvə alırdı..Gəncə meyvələri də ki, ən dadlı meyvələr idi..Tortu da 6 bərabər hissəyə bölüb iri nimçələrə düzərdi. Sonra hərəmiz öz payımızı götürərdik..İstəyirsən indi ye, istəyirsən 5 saatdan sonra, heç kəs heç kəsin payına əl vurmazdı..
Baxın bu nizm-intizamı da atamdan öyrəndik..

Daha sonralar Bakı şəhərində yaşayarkən də həmin adət davam etdi..Atamın bərabər bölgü prinsipi, övladlarına qarşı eyni məhəbbətin bariz nümunəsi idi. O uşaqlarını bir birindən fərqləndirməzdi..

Atamın ən çox sevdiyi mügənni Əlibaba Məmmədov, İslam Rzayev və Qaraxan Behbudov idi..Əlibaba Məmmədovun oxuduğu bir təsnifi atam uzaq yola çıxarkən maşında zümzümə edərdi:
Sənin eşqin məni gətirir dilə,
Necə aşiq olur bülbüllər gülə.
Həsrət çəkdim səni sevdim,
Aşiq oldum yar..

Belə bir gözələ, eşqimi təzələ
Şeirə qəzələ, könül verdim mən
Şeirə, qəzələ.

Bu zümzüməsi yadımdan çıxmayıb hələ də..Səsi çox gözəl idi atamın, o yol boyu oxuduqca bizə gözəl anlar bəxş edirdi. Yeri gəlmişkən qeyd edim ki, atam həm də poeziya vurğunu idi, çoxlu qəzəllər yazmışdı, təəssüf ki, həmin qəzəllər itib-batmışdır, mənə bibim dedi ki, atanın qəzəlləri var, amma mən çox axtardım həmin qəzəlləri babamın evindən tapa bilmədim..
Qardaşım Rzanın səsinin olması, onun gözəl səs tembri, həvəskar müğənni tək toylarımızda oxuması, qəzəlləri bilməsi, muğamlarda onlardan məharətlə istifadə etməsi atamdan keçmə bir qabiliyyətdir..

Bakıdakı evimizə atam bir gün pianino almışdı..Səhərisi gün evə baxmağa gəldilər, sən demə qonşulardan hansısa harasa xəbər vermişdi..O zaman evə dəyəri 500-1000 man arası olan əşya almaq olmurdu, dərhal gəlib yoxlayırdılar ki, bu harda işləyir ki, evinə bahalı əşya alır ..Sonra öyrəndilər ki, atam Nazirliyin məsul işçisidir, yüksək əmək haqqı alır, çıxıb getmişdilər..

Mən tezliklə pianinoda çalmağı öyrəndim, sinif yoldaşım Nailə Yaqubovadan (müğənni Eyyub Yaqubovun bacısı)..O musiqi məktəbinə gedirdi və biz yaxın rəfiqə idik, mən onlara, o bizə gəlirdi..
Çalmağı öyrəndikdən sonra artiq bütün mahnıları çala bilirdim. Atam hər gün axşamüstü deyirdi gəl pianinoda çal, mən çalardım qardaşım Rza da oxuyardı...
Amma böyük həvəs yaratsa da özümüz üçün çaldıq pianinoda, lap peşəkar pianoçular kimi..Lakin musiqi sahəsində təhsil almağa atam icazə vermədi, o bizi elm sahəsində görmək istədi və biz onu eşitdik..

Mən 49 saylı orta məktəbi əla qiymətlərlə başa vurub sənədlərimi Bakı Dövlət Universitetinə verdim. O zamankı dekan, proffessor Faiq Sadıqov attestatımdakı bütün “5”-lərimi,“ əla”qiymətlərimi və 16 ədəd qramotamı gördükdə məni avtomatik qəbul etmək istədi, lakin mən etiraz etdim..16 yaşım təzə tamam olmuşdu, hələ pasport da almamışdım, metirka təqdim etmişdim..Faiq müəllim dedi, qızım niyə istəmirsən, axı sən 16 dəfə olimpiadaların qalibi olmusan, qramotaların var, mən isə cavabında söylədim ki, imtahan vermək istəyirəm..Faiq Saqıqov etiraz etmədi və mən imtahanlarımı müvəffəqiyyətlə verib Bakı Dövlət Universitetinə qəbul oldum..

Atam o vaxtı Zaqatala rayonunda yoxlamada idi, (Atam o zamankı Respublika Qaz Sənaye Nazirliyinin məsul işçisi, yoxlama-təftiş komissiyasının Sədri idi) evə qayıdanda anam xəbər verdi ki, Səadət imtahanlarını verdi. Atam elə bildi ki, anam orta məktəb imtahanlarını deyir..Dedi lap yaxşı, məktəbi qurtardı, atestatını aldı onda? Anam isə dedi, nə orta məktəb, qızın Bakı Dövlət Universitetinə imtahan verib, qəbul olub..Atam elə sevindi ki, sözlə ifadə edə bilmirəm..
Biz də atamıza belə sürprizlər edirdik..
İndiki uşaqlar kimi 5-6 müəllim yanına get-gəl yollarda qal, ətək-ətək pullar tök ki, uşağım Ali məktəbə girəcək, xeyr! Biz özümüz hazırlaşıb ali məktəbə girirdik...

Atam çox böyük şəxsiyyət, evimizin Şahı, başımızın tacı idi.
Hər səhər işə gedəndə, işdən qayıdanda qonşular elə baxardılar ki..Məhəlləmizdə rus qadın var idi, ibtidai sinif müəlliməsi, Raisa Sergeyevna, çox savadlı idi, ilk dəfə atam onunla salamlaşdı və kiçik qardaşım Ələddinin 1-ciyə onun sinfinə düşməsini xahiş etdi, o da böyük məmnuniyyətlə öz sinfinə götürəcəyini bildirdi və söylədi ki, uşaq gəlsin yanıma onu bir az danışdırım..Qardaşım onun evinə getdi sorğu-sual etdi, xoşuna gəldi və 4 il 163-Nömrəli orta məktəbdə o müəllimənin sinfində oxudu..Məktəb 5-mərtəbəli rus məktəbi idi və düz evimizin yaxınlığında yerləşirdi..
Qəribə burasıdır ki, Ələddin qardaşım pianino sinfinə də getdi, özü də atam yazdırmışdı musiqi məktəbinə, lakin sonadək getmədi, çünki atam onu həkim kimi görmək istəyirdi və qardaşım da Tibb Universitetini seçdi, ora qəbul oldu və oranı qırmızı diplomla bitirdi. Respublikada tanınmış həkim-cərrahdır..

Atam baxmayaraq ki, 2-ci Dünya müharibəsinin iştirakçısı olmuşdu, dəfələrlə hər iki qolundan, sol ayağından, qaşından güllə yarası almışdı, sağalıb müharibəni qələbə sorağı ilə başa vurmuşdu, biz onu evimizdə heç vaxt xəstələnən görmədik..Yəni atamız çox sağlam insan idi, heç ağzındakı dişlərindən birini belə çəkdirməmişdi..Lakin 52 yaşında onun özü də bilmədən (çünki heç vaxt həkimə getməzdi) yüksək təzyiqi oldu və o bu təzyiqlə işə gedib gəlirdi, beləcə qəfil bir gün ilk və son dəfə xəstələnən gördük atamızı..

Atam, yüksək təzyiqdən dolayı beyninə qansızması nəticəsində, əvvəlcə 4- saylı xəstəxanaya, bir qədər sonra isə Patamdartdakı xəstəxanaya yerləşdirildi. Hər gün övladları onu yoluxar, sanki növbə ilə yanına gedib gələrdik, anam isə yanında qalırdı. O zaman mən BDU-nun 1-ci kursunda oxuyurdum, yay semestrinin imtahanları ərəfəsi idi, hazırlaşa bilmirdim, fikrim atamın yanında qalmışdı. Hər dəfə zaçot, ya imtahanı verdikdən sonra kiçik qardaşım Ələddinlə Patamdarda, atama baş çəkməyə gedirdik. Beləcə ən çətin günlərimiz başlamışdı, atam agır vəziyyətdə xəstəxanada, anam gecə-gündüz onun yanında, biz 6 uşaq da yollarda, evdə..Düzdü böyümüşdük, böyük bacım ali məktəbi qurtarmışdı, aspiranturaya qəbul olmuşdu, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyirdi, böyük qardaşəm Mirzə Baltikyanı Respublikaların birində əsgəri xidmətində idi, mən tələbə, digər 2 qardaş, 1 bacım isə məktəbli idilər..
Belə çətin günlərimizdə bizə demək olar ki, heç kəs tərəfindən maddi dəstək olmadı. Atama dəyməyə dost-tanış gəldilər, qohum-əqrabadan da gələn oldu, lakin maddi dəstək görmədik. Vaxtilə atamın hər cür yardım göstərdiyi insanlar sanki yox imiş..
Bayıldakı evimizdə çətin günlərimizdə Allahın köməyi ilə oxuduq, hamımız ali təhsil aldıq, heç kəsə əl açıb, boyun əymədik, qürurumuz hər zaman bizi müşayiət etdi..

Atamın bir bacısı və bir qardaşı vardı, ata-anası sağ olsa da əmim və bibim sankı atamın övladları idilər. Bibim gəlin köçəndə bir yetim oğlana getmişdi, amma ali təhsilli idi, onu da öz əmisi Suvarağa kişi oxutmuşdu. Azətbaycan Politexnik İnstitutunu(hazırkı Memarlıq və İnşaat Universiteti) bitirmişdi..

Bibimə gözəl cer-cehiz alınmışdı, nənəmin dediyinə görə cehizin pullarını atam vermişdi.Hətta onlara ev almağa da atam kömək etmişdi..Əmimin toyunda isə maraqlı bir məqam olmuşdu, demək toyda neçə qoyun kəsilmişdisə, babam hamısının pulunu atam gələndə tutub almışdı, hərçənd ki, qoyunlar babamın özünün idi..Babamın çoxlu heyvanı vardı-iribuynuzlu mal-qarası, çoxlu sayda qoyunları, atları qapısında böyük var-dövlət idi..Geniş həyəti, əkərə yeri, mal saxlamaq üçün xüsusi qazma tövləsi..Nənəm axşam naxır gələndə inəkləri yerinə bağladıqdan sonra balasını yedirdib, daha sonra inəkləri sağardı, mən də ona tamaşa edərdim..Ümumiyyətlə həmişə kənd həyatını çox sevmişəm, şəhərdə böyüsəm də kəndə daha çox bağlı olmuşam, hər zama nənəm şəhərə gedəndə mütləq məni rayona kəndə gətirməyini təkidlə xahiş edərdim, o da məni özüylə kəndə gətirərdi..Nənə, babamızı, əmimizi və bibimizi çox sevirdik, bəlkə bu istək bizə atamızdan keçmişdi, çünki atam onları hədsiz çox istəyirdi, maddi-mənəvi dəstəkçiləri idi..
Yay mövsümündə rayona tətilə gələrdik, rayon mərkəzindəki evimizə, orada 3 ay qalardıq. Gözəl qonşularımız var idi, Həsən dayı, Mənəf dayı (dəmirçi) , Şollan əmi(atamla əminəvəsi idilər), Şahlar dayı, Seyid Yadulla dayı( neft maşını sürərdi, qapısında da salyarka, ağ neft satardı), Bayram dayı, Bilur müəllim və başqaları..Bunlar yadımda qalanlardı..
Həsən dayıgillə çəpər qonşusu idik, onun 7 qızı, bir oğlu vardı, qızların adı : İfrat, Almaz, Solmaz, Qizbəst, Məleykə, Nara, Aybəniz və oğlu Yusif idi..Bütün günü bir yerdə oynayardıq, həyətimizdə o qədər meyvə ağacları vardı ki, yeyib qurtara bilmirdik. Axşamüstü çöl tərəfdə çayırlıqda oturub qırdığımız gavalıları, alçaları duza batırıb yeyərdik, sonra girib həyətdəki ağacdan ovuc-ovuc yenə qırıb gətirib yeyərdik..
Biz rayona tətilə gələndə atam Gəncədən o qədər gözəl meyvələr alıb gətirərdi ki, biz öz bağımızdakı meyvələri elə də yeməzdik..
Böyük xalamın oğlu Mehriban yay uzunu bizə gələr, ərikləri, almaları və digər meyvələri vedrələrə yığıb bazara satmağa aparırdı və təbii ki, pulunu özünə götürərdi..Anam yalnız gilənarları bizə yığdırardı və həyətdə ocaqda böyük teşt qoyub mürəbbə bişirərdi..Gilənar ağacları
çəpərin döşü boyu sıra ilə əkilmişdi,hündür ağacların başı dolu olardı meyvə ilə, gilənarlar o qədər gətirirdi ki, əl atanda qırmağa topası birdən əlimizə gəlirdi və iri, dadlı meyvələr idi, mürəbbəsi çox gözəl çıxırdı. O zaman anam mürəbbə bişib hazır olduqdan sonra onu çuğun vedrələrə tökərdi..

Baxmayaraq ki,evimiz rayonun mərkəzində idi (Darvin küçəsi, ev 63), həyətimiz böyük idi, babam kənddən bizə at belində gələrdi, atı həyətdə evimizin arxasında hörükləyərdi, yəni orda bağlayardı yerə, at açılıb heç yerə qaçmasın deyə, sonra atın üstündəki dolu xurcundan bizə gətirdiyi payları, qarpız, yemişləri bir- bir yerə qoyardı və biz hərəmiz əlimizə birini alıb gətirib açıq aynabəndə yığardıq..Həmin qarpız yemişləri babam öz bostanından yığıb gətirirdi, təbii, dərmansız bu məhsullar can dərmanı idi..
Babamı çox sevirdik, çünki o zəhmətkeş, qeyrətli, qorxmaz bir kişi idi..Bir dəfə ortancıl qardaşım Rza onun həyətindəki ot tayalarından birini yandırmışdı və qorxusundan qonşuları Aydın əmigilə qaçmışdı ki, babam onu tapmasın..Ot tayasının yandığını görən babam qışqırmışdı ki, “Ay həzərat, bu nədir, yanır, uşaq hanı, birdən ona nəsə olar, tez axtarın tapın!” Nənəm qonşuya gedib qardaşımı yanına salıb gətirdi və babam dərhal onu qucaqlayıb necə hönkür-hönkür ağlamışdı..Yüz elə tayalar sənin dırnağına qurban, demişdi, mənim sevimli babam..Ruhu şad olsun!..
Babam çox sağlam kişi idi. O, 110 il yaşadı, bir qədər təzyiqi olardı, onu da özü tənzimləməyi bacarırdı, hər axşam qatıq yeyərdi..

Babamın əyin-başını Atam alıb gətirərdi, həmişə babamı kostyum geyinən gördüm, qara pencək, qara şalvar, ağ köynək..Başında Buxara papagı olardı. Həmin papağı atam məxsusi babam üçün gətizdirmişdi..
Babam bəy nəslindən olduğu üçün o papağ taxırdı..
Babamın həyətində həmişə atları qoşa-qoşa olurdu, o at belində o qədər görkəmli görünürdü ki, sanki süvari alayın komandiri idi...
Babamla bağlı çoxlu xatirələrim var..
Nənəm isə çox gözəl qadın olub, həm savadlı, həm qorxmaz, həm mehriban, həm də təmizkar. O adi bir qaşığı yuyanda da ona salavat verərdi, həmişə üstü başı tərtəmiz olardı..Paltarlarını özü əl maşınında tikirdi, ipəkdən, ya atlazdan qat-qat ətək, üstdən də köynək, amma bir qədər nazik çit ya sətin qara rəngdə olan parçadan isə ətəyin altından geyinmək üçün digər bir yığcam büzməli ətək tikib geyinərdi, sanki ətəyin astarı əvəzi bir şey idi..Həmişə ətək ütülü olurdu, qatlamalar eyni bərabər bölgüdə çox zövqlə tikilərdi...
Nənəm danışanda saatlarda qulaq asmaqdan doymaq olmurdu, elə gözəl, aydın, rəvan, mənalı və məntiqli danışardı ki, bilməyən zənn edərdi ki, bu xanım jurnalıstdir...
Bizi həddən artıq çox sevirdi, onun bişirdiyi (çaldığı) halvanın dadı hələ də damağımızdan getməyib...
Ruhu şad olsun!.
Səadət Şabanqızı: A T A M (Oçerk)
28.10.2021-ci il

(Ardı var)

Səadət Şabanqızı,
Azərbaycan Jurnalistlər Birliynin üzvü,
ZiM.Az-ın, "Şərqin səsi"
və "Elm və təhsil" qəzetlərinin
bölgə müxbiri,
"Abdulla Şaiq", "Zirvə"
və "Qızıl qələm" mükafatları laureatı,
"Xarıbülbül" medallı şair-pedaqoq


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: