TELMAN BUDAQLInın 70 yaşı tamam olur

TELMAN BUDAQLInın 70 yaşı tamam olur
TƏBRİK EDİRİK!..

Fevralın 9-u dəyərli ziyalımız,
istedadlı qələm sahibi,
ADPU-nun xüsusi şöbəsinin müdiri,
istefada olan xüsusi xidmət polkovniki
Telman Budaqlının Ad günüdür.
Daha dəqiq desək, yubileyidir.
Anadan olmasının 70 illik yubileyi!..


Telman Şamil oğlu Budaqlı (Budaqov) - 1954-cü il
fevral ayının 9-da qədim Borçalı mahalının Ağ-bulaq
(indiki Gürcüstanın Tetri-tsxaro) rayonunda,
zümzüməli Ehram çayının zümrüd qaşında
axar-baxarlı qədim Şıxlı kəndində dünyaya göz açmışdır.
Lap uşaq ikən saza-sözə, şeirə-poeziya maraq göstərmişdir.
Telman Şamiloğlu rus dilində təhsil almasına baxmayaraq
Azərbaycan klassiklərinin əsərlərini müntəzəm olaraq
mütaliə etmişdir. Onun ən çox sevdiyi M.P.Vaqifin, M.Ə.Sabirin, S.Vurğunun, M.Müşfiqin ürək oxşayan şeirləri olmuşdur.
Ara-sıra özü də şeirlər yazsa da, daima təvazökarlıq göstərmiş, gözdən uzaq mürəkkəbi qurumamış cızma-qaralarını dərc etdirməyə can atan bir çox bəzi şairciklər kimi çap etməyə tələsməmiş, şeirin qayda-qanunlarını, onun formaca gözəl, məzmunca dolğun olması sirlərini öyrənməyə çalışmışdır.

Onu da qeyd edək ki, Telman Budaqlının şeirləri ilk dəfə 2015-ci ildə Gürcüstanın “Şərəf” ordenli Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-jurnalist Dünyamalı KƏRƏMin təqdimatı ilə ilə birlikdə məhz mənim rəhbərlik etdiyim "Şərqin səsi" qəzetində çap olunmuşdur.

2016-cı ildə şairin "MƏN UNUTSAM" adlı ilk şeirlər kitabı da məhz bizim "Borçalı" nəşriyyatımız tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.
Kitab haqqında tanınmış türkoloq-alim, ADPU-nun sabiq kafedra müdiri,
filologiya üzrə elmlər doktoru, mərhum professor Əzizxan Tanrıverdi geniş bir rəy yazmışdır.

Daha sonra isə onun şeirləri "ZİM.Az""Zirve.info" saytlarında, 5 cildlik "ZİRVƏ" poeziya antologiyasında (2017)çoxcildlik "SAZLI-SÖZLÜ BORÇALI" ədəbi Məcmuəsinidə (2019)
işıqüzü görmüşdür.

Biz də bir daha ZiM.Az-ın yaradıcı heyəti adından
çox hörmətli Telman müəllimin poeziya yollarındakı uğurlarına
inandığımızı bildirməklə yanaşı, onu Ad günü və
anadan olmasının 70 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
əmək fəaliyyətində və poeziya yaradıcılığında yeni-yeni
uğurlar arzulayırıq!..

Aşağıda isə Gürcüstanın “Şərəf” ordenli Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
tanınmış şair-jurnalist Dünyamalı KƏRƏMin yubilyara həsr etdiyi "A Telman" sərlövhəli şeirini
və şairin özünün yaradıcılığından bir neçə nümunəni dəyərli oxucularımıza ərmağan edirik..

Müşfiq BORÇALI,
ZiM.Az


A TELMAN!

(Dostum Telman Budaqovun 65 illiyi münasibətilə)


65 yaş sənin üçün nədir ki...
Gənclərdən də tutarlısan, a Telman!
Xas poladdan möhkəm sağlam bədənin
Qılınc kimi ovxarlıdır, a Telman!

Ağbulaq müqəddəs, doğmadır Şıxlı,
Əbdülrəhman yurdu nurlu, işıqlı.
Şamil, Həcər ruhu cənnət soraqlı,
Sən onlarla vüqarlısan, a Telman!

Babadağı kimi əzəmətlisən,
Baban Budaq kimi kəramətlisən.
Günəş kimi daim hərarətlisən,
Vəfalısan, ilqarlısan, a Telman!

Polkovnik rütbəsi şərəfli addır,
Qohum-əqrəbalar səninlə şaddır.
Acgözlük, nankorluq nəfsinə yaddır,
Paklıq, saflıq meyarlısan, a Telman!

Mahir ustad oldun sən öz işində,
Əsl kişi oldun kişiliyində.
Öz ailəndə, öz ev-eşiyində
Sən mülayim qərarlısan, a Telman!

İradən, Şamilin nurlu bir cahan,
Yolunu gözləyər Leyli, Süleyman.
Qoy qoşa yaşasın Cavidlə Selcan.
Nəvələrlə sən nurlusan, a Telman!

Hər səhərin xoş xəbərlə açılsın,
Yollarına al şəfəqlər saçılsın.
Qollarında qüvvət olsun, güc olsun,
Sən əbədi baharlısan, a Telman!

65 ili vurdun başa sən.
Rəna ilə yaşa yüzü qoşa sən.
Dəvasız, dərmansız gümrah yaşa sən,
Hələ elə yararlısan, a Telman!

Ucalıq, zirvəlik şöhrət postundur,
Namus-qeyrət sənin ürək tostundur.
Dünyamalı Kərəm sadiq dostundur,
Sən dostlarla ciyarlısan, a Telman!
Dünyamalı KƏRƏM,
Gürcüstanın “Şərəf” ordenli Əməkdar jurnalisti,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bakı, 08.02.2019



Telman ŞAMİLOĞLU (BUDAQLI)

QƏLƏBƏ MARŞI


Qarabağın dərdi ağır,
“Marş!”-deməyə ordu gərək.
Azğın, xain düşmənlərdən,
Azad etsin yurdu gərək.

Çox zəngindir bizim torpaq,
Bol sərvəti qalaq-qalaq.
Ona görə lap qədimdir,
Qarabağa olan maraq.

Tarix özü yaxşı bilir,
Bizə qardaş deyənləri.
Qərbin, Şərqin on illərlə,
Müftə rüşvət yeyənləri.

Biz çox yaxşı tanıyırıq,
Bizə yüz vəd verənləri.
Hər il bizə “gözlə” deyir,
O, “yan”ları görənləri.

Qarabağdan gələn səslər,
Anaların gur səsidir.
O, ruhudur babaların,
Şəhidlərin nərəsidir.

Ağdərədən yüksələn səs,
Babəklərin harayıdır.
Kəlbəcərdə hazır duran,
Koroğlular alayıdır.

Şuşa qala dağ başında,
Mayak kimi yol gözləyir.
O, mahir bir hücumçunun,
Vurduğu tək “qol” gözləyir.

Heydər baba göstəribdi,
Bizə düzgün bu yolları:
“Qarabağı qurtaracaq,
Ancaq Vətən oğulları!”

Laçın bizi çağırır, bax,
Gəlib vədə, gəlib o an,
Öz sözünü deyəcəkdir,
Heydər oğlu-baş komandan.

O, qürurla seyr edəcək,
Ceyran, maral oylağını.
Xankəndinə o, taxacaq,
Azərbaycan bayrağını.

Üzünə gün doğacaqdır,
Qədim doğma obamızın.
Onda ruhu şad olacaq,
Ulu Öndər babamızın.
19.12.2014-cü il Bakı.


YURD HƏSRƏTİ

Qocaldıqca kövrəkləşir ürəyim,
Doğulduğum yerlər olur gərəyim.
Qadir Allah, budur səndən diləyim:
O yerləri qismət eylə mənə Sən!

Nənəm bizi oyadardı o başdan,
Doydurardı yaxma ilə lavaşdan.
Qoyun-quzu mələşərdi arxaşdan,
O yerləri qismət eylə mənə Sən!

Ehram çayı-Alabalıq ovlağı,
Üç gölü var, insanların oylağı.
A babamın zümrüd donlu yaylağı,
Gəl özünə bənd-bənd eylə məni Sən!

“Qaynar!”-deyə toplaşardı nənələr
Həmin yerə yığışardı nəvələr.
Lilpəri su...təmiz hava...al səhər...
O yerləri vəhdət eylə mənə Sən!

Bir də görərdin ki, hay salardıq biz,
“Biz açmışıq”-deyə, pay alardıq biz.
Onu körpələrlə paylaşardıq biz,
O çağlara ülfət eylə məni Sən!

“Ortalığa” yığışardı böyüklər,
Özlərindən söz qoşardı böyüklər.
İnciklərin bağışlardı böyüklər,
O yerlərə səmənd eylə məni Sən!

Günlərimiz hay-haraylı keçərdi,
El-obamız yurddan-yurda köçərdi.
Mal-qaramız axar sudan içərdi,
O yerləri sərhəd eylə mənə Sən!

O bizlərdən nənə-baba olan var,
Deməyin ki, sözlərimdə yalan var.
Üz tuturam Sənə, ey Pərvərdigar
O yerləri bir səmt eylə mənə Sən!

Kəndim Şıxlı, nəslim bəlli, - “Budaqlar”
Ulu babam oylağıdır o dağlar.
Ceyran-cüyür oylağıdır yaylaqlar.
O pirlərə züryət eylə məni Sən!

Bu diyarda göz açmışam dünyaya,
İlk olaraq söz açmışam dünyaya,
Böyümüşəm, iz açmışam dünyaya,
O yerləri qismət eylə mənə Sən!

“Döyrüş bulaq”, “Sarı bulaq”...ey Vətən!
Hicrandımı ürəyimi göynədən?
Görən Sizi görəcəmmi bir də mən?
Tanrım, onu qismət eylə mənə Sən!

Çox gözəldir, səfalıdır bu diyar,
Dağ kəməri-Gün vuranda bir kənd var
Yurda vəfalıdır orda cavanlar,
O yerləri qismət eylə mənə Sən!

Dağ ətəyi billur təki çaya bax!
Göz yaşı tək diş göynədən suya bax!
Göy üzündə bədirlənən Aya bax!
O yerləri qismət eylə mənə Sən!

Şıxlı kəndi-igidlərin oylağı,
Əbdülrəhim, Budaq, Əhməd, ocağı
Bu yerlərdə atam Şamil dayağı.
O Pirlərə züryət eylə məni Sən!

O torpaqda hər nəslin öz adı var,
Sinəm üstə ayrılığın odu var.
Babam Ballı Əhməd olub işgüzar,
O yerləri nəsib eylə mənə Sən!

İstəyirəm o yerləri görəm mən,
Çələng kimi ürəyimə hörəm mən.
Gec olsa da gələcəyəm, ey Vətən,
Doğma oğul kimi, gözlə məni Sən!

Mən unutsam, unudacaq el məni,
Çör-çöp kimi aparacaq sel məni.
Eli sevsəm, el sevəcək bil məni,
O ellərə şöhrət eylə məni Sən!


Bizim doğma BORÇALIDA

Zimistanda çiçək açar,
Bizim doğma Borçalıda.
Günəş bol-bol şəfəq saçar,
Bizim doğma Borçalıda.

Vəfalıdır oğulları,
Hikmətlidir nağılları.
Ad qazanıb ahılları,
Bizim doğma Borçalıda.

Mehralı bəy, Səməd ağa,
Bənzəyirlər uca dağa.
Hər dəstək var Qarabağa,
Bizim doğma Borçalıda.

İsaxanı igid qaçaq,
Var-dövləti qucaq-qucaq.
Müqəddəsdir hər bir ocaq,
Bizim doğma Borçalıda.

Zəlimxanı şerin şahı,
Vəsf eyləyib Rəsullahı.
Haqq bilirlər bir Allahı,
Bizim doğma Borçalıda.

Dədə Əmrah, Xan Kamandar,
Aşıq Söyün Böyük sərkər.
Sənətkara çox hörmət var,
Bizim doğma Borçalıda.

Ağbulağı, Başkeçidi,
“Gülüstani-İrəm” idi.
Bir Babəkdir hər igidi,
Bizim doğma Borçalıda.

Pir şairidir Dünyamalı,
Gözündə yox dünya malı.
Söylənilir vəsfi-halı,
Bizim doğma Borçalıda.


GƏLƏRƏM

Quş olub yanına mən də gələrdim..

Dedilər çıxmısan dağ başına sən,
Gül-çiçəkdən yığıb, çələng hörmüsən,
Tənhasan bilirəm çünki mənsizsən,
Çağırsan gələrəm, qaçıb gələrəm,
Quş olub yanına mən də gələrəm.

Necədir vəziyyət, günün gözəlmi?
Görəsən sevən kəs, yarsız gəzərmi?
Sevilib sevənin qəlbi dözərmi?
Çağırsan gələrəm, qaçıb gələrəm,
Quş olub yanına mən də gələrəm.

Kəssələr yolumu fəryad eylərəm,
Nahaqla vuruşub, haqqı heylərəm,
Sevgilim, mən sənə düzü söylərəm,
Zindana alsalar, açıb gələrəm,
Quş olub yanına mən də gələrəm.

Çiçəklər açıbsa, qoyma ki, solsun,
Döyünən qəlbini, qoyma ki sönsün.
Telmanı yada sal, bəxtəvər olsun,
Çağır, qanad açıb qoy sənə gəlsin,
Od olub yansa da səninlə yansın.


TELMAN BUDAQLInın 70 yaşı tamam olur DUR, SƏN DƏ GƏL, ƏZİZXAN!..

ADPU-nun kafedra müdiri,
professor Əzizxan Tanrıverdiyə



Bir zamanlar çəmənlikdə gəzərdik,
Böyüklərlə kərənti də çəkərdik.
Yorulanda saf sulardan içərdik,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Səhər-axşam qoyun quzu mələşər,
Çəmənlikdə ot otlayıb oynaşar.
Axşam çağı mışıl-mışıl göyşəyər,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Bir alim tək tanıyıbdır el səni.
Arzum budur, dağda görüm mən səni,
Gül-çiçəklə qarşılasın kənd səni,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Bil darıxır bizsiz dağlar, o ellər,
Yamacları ot qoxulu o çöllər.
Yol gözləyir Xram boyunca buz göllər,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Döyrüş bulaq kəndimizin açarı,
Axşam olur ora insan axarı,
Gur bulağı biraz ondan yuxarı.
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Gedək qardaş bu yaz gəzək o eli,
Yağış yağsın qoy axıtsın gur seli.
Görsə bizi heç büdrəməz el beli,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Qəlbim yanır Qarabulaq deyəndə,
Kövrəlirəm o el yada düşəndə.
Yaş tökürəm, şehdə yalın gəzəndə,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Getməsək də, bil el bizi izləyir,
Dağ başında o tək armud gözləyir.
Ahılların incə qəlbi sızlayır,
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Biz getməsək, yada salmaz el bizi,
Xöş sözlərlə qarşılamaz el bizi,
Tez-tez getsək, bil, unutmaz el bizi.
Mən gedirəm, dur sən də gəl, Əzizxan!

Telman Şamil oğlu Budaqlı,

ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
VAHİDƏ NİFTALIYEVA (1960)

VAHİDƏ NİFTALIYEVA (1960)

Poeziya, Müsabiqə
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
ASİF OSMAN (1991)

ASİF OSMAN (1991)

Müsabiqə, Qaraçöp
ŞƏHLA BORÇALI (1968)

ŞƏHLA BORÇALI (1968)

Müsabiqə
Dilarə Süleyman Zahidqızı:

Dilarə Süleyman Zahidqızı: "Ana Vətən, gözlə bizi, gəlirik!.."

Müsabiqə
Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib

Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib

Nekroloqlar
Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Təbriklər
ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tə ...

ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tə ...

ADPU, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şindidən əl eylə Ortabulağa...

Şindidən əl eylə Ortabulağa...

Darvaz
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
TELMAN KURQANLARI

TELMAN KURQANLARI

Regionlar, Tarix
Sona ABBASƏLİQIZI:

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

Poeziya, Müsabiqə
Sona Abbasəliqızı:

Sona Abbasəliqızı: "Mənim ruhum bu torpağa bağlıdır..."

---
TƏBRİK EDİRİK, GİLƏ XANIM!..

TƏBRİK EDİRİK, GİLƏ XANIM!..

Qarabağ, Poeziya, Müsabiqə, Təbriklər
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı

"HEYRANAM" - iki dost şairin MƏKTUBLAŞMASI

Poeziya, Başkeçid, Qabal, Diaspora
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." ( ...

Mədəniyyət, Tv, Borçalı, Darvaz
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
Rəy yazın: