ASİF HİLALOĞLU (1970)

ASİF HİLALOĞLU (1970) Asif Hilaloğlu – (Asif Hilal oğlu Əbdüləzimov) - 01.01.1970-ci ildə Basarkeçər rayonunun Zod kəndində anadan olub. Orta təhsilini Zod kənd orta məktəbində aldıqdan sonra, təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya və Azərbaycan Universitetinin hüquqşünaslıq (ikinci ali təhsil) fakültələrində davam etdirib. Uzun müddət dövri mətbuatda jurnalistlik fəaliyyəti ilə məşğul olub,
2000-ci ildən dövlət idarəetmə sistemində çalışır, səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Şeirləri “Canım Azərbaycanım”, "Vətən", “Qarabağ Azərbaycandır!”, "Xarıbülbül", “Turan”, "Ziya", "Zəfər", "Zirvə" və s. ədəbi məcmuələrdə çap olunub.
Biz də Asif Hilaloğluna yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



AZƏRBAYCAN ƏSGƏRİNƏ

Siz ki qalibsiniz, mükafat kimi,
alın, qanlı-qanlı bu torpaq sizin!
Əkin, biçin... halal xoşunuz olsun, -
qılınc haqqınızdır Qarabağ sizin!


***
Sən - ağaran danımızsan,
Sən - alınan qanımızsan,
Sən - çıxmayan canımızsan,
Sən - nəfəssən, sən - həyatsan,
Əziz Şuşa, sən azadsan!

Sən - qürursan, iftixarsan,
İradəsən, ixtiyarsan,
Sən - dövlətsən, iqtidarsan,
Sən - nüfuzsan, sən - urvatsan,
Əziz Şuşa, sən azadsan!

Sən – millətin dik başısan,
Dik başın əhlət daşısan,
Ölüm-dirim savaşısan,
Sən – dirəncsən, sən – inadsan,
Əziz Şuşa, sən azadsan!


GÜNÜN MÜBARƏK, LAÇIN!..

günün mübarək, Laçın, -
azad şəhərsən artıq;
sən sökülən dan yeri,
aydın səhərsən artıq...

o yan - zülmət, sən - işıq,
geciksə də barışıq,
nə əhvalı qarışıq,
nə birtəhərsən artıq...

qala tək tikilmisən,
qayadan tökülmüsən,
qana da çəkilmisən, -
sən təzə-tərsən artıq...

hər yan bağça-bağ olsun,
qan-qada iraq olsun;
zəhmət çəkən sağ olsun, -
barsan, bəhərsən artıq…

ən ucqarda dövlət - sən,
son qala - sən, sərhəd - sən;
sən yaxına şərbətsən,
yada zəhərsən artıq...

günün mübarək, Laçın, -
azad şəhərsən artıq...


***

o qədər istəmişəm yuxuda görmüş olum, -
nə Çuxursədd boşalıb, nə də Zod yağmalanıb...
mən bu töhmətlə necə yaşayım ömrü-günü, -
baba, Göyçə dağılıb, dədə, Zod yağmalanıb...

daha ağban evlər də, qara damlar da yoxdur,
yerin-yurdun bəzəyi mərd adamlar da yoxdur,
xətir-hörmət də, böyük ehtiramlar da yoxdur, -
baba, Göyçə dağılıb, dədə, Zod yağmalanıb...

hansı haqla öyünüm mən ötədə-bəridə,
nə xoş günüm-güzarım vardı, qaldı geridə...
məndən eşitmiş olun bu qara xəbəri də, -
baba, Göyçə dağılıb, dədə, Zod yağmalanıb...

demə, buymuş nədəni vaxtsız ölümlərin də,
günü-gündən çoxalıb-artan zülümlərin də...
ağlı almır hələ də əqli-səlimlərin də, -
baba, Göyçə dağılıb, dədə, Zod yağmalanıb...

tək var olsa nə vardı... varlığımız çalınıb,
tərs damarımız, davakarlığımız çalınıb,
tarixlərdən yadigar yarlığımız çalınıb, -
baba, Göyçə dağılıb, dədə, Zod yağmalanıb...

... bir ömür istəmişəm yuxuda görmüş olum, -
nə Çuxursədd boşalıb, nə də Zod yağmalanıb...

***

Görünən bu ki, könülsüz vaxtlarımda qaralanıb...

nə işə əl atdımsa, qaldı yarı-yarımçıq,
hətta şairliyim də pir vaxtıma dəng gəldi;
bir çırpıda əlimin dalı ilə rədd etdim, -
tərslikdən bu dünya da kür vaxtıma dəng gəldi...

VAXT GƏLƏR...

Vaxt gələr, bir Ərtoğrul da Zoddan çıxar, -
Səməndər tək küldən törər, oddan çıxar.
yenə qalxar at belinə dəlibaşlar, -
qalxar yerdən yurd eşqilə dolu başlar.

yüz il qala, əl götürməz inadından,
ağırlıqlar asılsa da qanadından,
basılmağı qüruruna sığışdırmaz,
havalanar, kimsə yığıb-yığışdırmaz, -

aşıb-daşar babalardan qalan ruhu,
ədalətin qılıncını çalan ruhu
öndə gedər, son döyüşə ruhlandırar, -
böyük köçə, tək dönüşə ruhlandırar.

gavurlara qan uddurar Çuxursəddə, -
dövran açar, dövlət qurar Çuxursəddə.
yurd eləyər boş köyləri birər-birər, -
ağ atını Göyçə göldə çimizdirər...

***
nə bir dağ başıdır dayandığım yer, -
ətəklər görünə ovuc içi tək;
nə dəniz dibidir, yarıqaranlıq, -
kölgələr uzana sahillərədək...

burdan görünən də, görünməyən də,
islaq səhraların ilğımı kimi;
külək daradıqca, yırğalanır, bax,
söyüd ağacının salxımı kimi...

bu yerin bir adı, bir ünvanı yox, -
deyim ki, boşluqdur... boşluq da deyil;
hələ burdayamsa, bu dağ başında,
bu dəniz dibində... xoşluqla deyil...

***
Gecə-gecə arzuya bax...
ya düşüb yollarda qalam,
ya da qayıdam, -
yanımda qadınım, balam,
Zoda qayıdam…

***

bu ağacın gövdəsi, -
yarı dar ağacı, yarı yazı lövhəsi...
şairlər ən gözəl şeirlərini yazar bu ağaca, -
həyatı vəsf eləyər,
cəlladlar şahbudağından asar şairləri, -
sözə qəsd eləyər...

adı nə ilk eşqdir, nə ilk məhəbbət, -
adını doğru-düz qoyan olmayıb;
sanki kəlmə qəhət, sanki söz qəhət, -
eşidən olmayıb, duyan olmayıb.

elə bir duyğu ki, dilə də gəlməz,
gözə də görünməz, ələ də gəlməz;
bir ömür çəkdirər çilə də, gəlməz, -
gəlibsə, aşikar, əyan olmayıb.

bunun yarası var, dərindən dərin,
bunun acısı var, şirindən şirin...
bircə izahı var bu ülvi sirrin, -
dərviş çiləsidir, doyan olmayıb...

***

əvvəl-axır yolum düşəcəkdisə,
niyə sorağına düşdüm axırda, -
ömür günəşinin batan vaxtına,
qaralan çağına düşdüm axırda?!

əfsanə görmədim “Qızıl alma” tək, -
sonu görünmədi... getdim haradək...
nə yollar apardı Altaylaradək,
nə Tanrı dağına düşdüm axırda.

nə qədər düz oldum, düzə sığındım, -
alova sarıldım, közə sığındım;
mən də son çarə tək sözə sığındım, -
sözün ocağına düşdüm axırda...

***

kor-peşman gəzinərik hər gün həndəvərində,
itləri qova-qova yurddan çıxartmadıqca;
gedə bilmədiyimiz yerlər deyib keçməyin, -
Zod da bizim, Göyçə də, yaddan çıxartmadıqca...

***

ASİF HİLALOĞLU (1970) AZƏRBAYCANLILAR GƏLİR

Bilməyənlər üçün deyim ki, Ağ qaya Zod qızıl mədəni – Zod yolunun Ağoyul dağı ilə Zodun Şərq tərəfdən giriş qapısı sayılan “Hasansuyu məhləsi” arasında, tən ortada, yolun üstündə dimdik dayanan sal qaya parçasıdır. Böyük çay dediyimsə, rəsmi sənədlərdə Məzrə çayı adlandırılan, demək olar ki, ilin bütün fə-sillərində gur sulu, yaz aylarında, yağar vaxtı tez-tez selə çevrilən, Basarkeçəri yarıb keçdikdən sonra Arpa çayla birləşərək Göyçə gölünə tökülən dəli-dolu dağ çayıdır…

Özün qarşıla, Ağ qaya, -
Azərbaycanlılar gəlir!
Dağ seli tək Böyük çaya, -
Azərbaycanlılar gəlir!

Yara-yara qalın qarı,
Kəlbəcərdən Zoda sarı,
Qarabağın xilaskarı, -
Azərbaycanlılar gəlir!

Gəlir, yerin sahibləri, -
boş köylərin sahibləri,
boş öylərin sahibləri, -
Azərbaycanlılar gəlir!

Qayıdır özünə Göyçə,
şükr olsun bu günə, Göyçə!
Gün doğur üstünə, Göyçə, -
Azərbaycanlılar gəlir!

Biz ki, haqq yolunda quluq, -
bizi yormaz bu yolçuluq!
Muştuluq, a Zod, muştuluq, -
Azərbaycanlılar gəlir!

***

Mən də yaşamışam, böyük çıxmasın, -
dünyanı görmüşəm özümə görə.
Həyat yollarını keçib getdikcə,
görüb-götürmüşəm özümə görə.

Çox tez ayrılmışam Zod torpağından,-
ömrün ən firavan, xoşbəxt çağından…
Az adam bilməyir, gənclik bağından
nə güllər dərmişəm özümə görə.

Ayrılıq çəkmişəm, həsrət görmüşəm,
dağlar ağırlıqda möhnət görmüşəm.
Kimə dost olmuşam, hörmət görmüşəm, -
qəlbinə girmişəm özümə görə.

Yaxmışam canımı haqqın yolunda, -
olub-qalanımı haqqın yolunda…
Mən öz dövranımı haqqın yolunda
namusla sürmüşəm özümə görə.

Səsim qulağına çata yurdumun, -
nəşim torpağında yata yurdumun...
Nə ki ağrısı var ata yurdumun,
dilə gətirmişəm özümə görə.

***
saysaq heç bir əlin beş barmağını
keçməz gedişatı fikirləşənlər;
dünəndən bu günə yaşananları, -
qaralmış həyatı fikirləşənlər.

pir olmuş elə bir mizan yaratdı, -
hər kəs bazarçı tək hər şeyi satdı;
göyəmi çəkildi, yerəmi batdı
satqını, xoryatı fikirləşənlər.

əzir qürurumu ağır söz kimi,
yaxır ürəyimi qızmar köz kimi;
hamı acgözləşib Təpəgöz kimi, -
tək-təkdi Basatı fikirləşənlər.

harada bəslənib, nə zaman artıb,
çıxıb əndazədən, nə yaman artıb, -
haqlı olanları haqsız çıxardıb,
dəlili, isbatı fikirləşənlər.

bir kəsə faydası toxunmayanlar,
imlası, cümləsi oxunmayanlar;
tərifi, təltifi haqqı sayanlar, -
xalatı-baratı fikirləşənlər.

o qalıb İsrafil suru çalına,
günahlar, savablar yada salına;
hanı göz qoymayan yetim malına, -
siratı, nicatı fikirləşənlər.

yanılmır o məni yalqız sayanlar, -
bir tərki-dünyayam, dərvişliyim var;
tək olur əskisi tək yaşayanlar,
tək olur boyatı fikirləşənlər...

***

bir ürək ki, çatdaq-çatdaq, -
hər çatın öz hekayəsi;
son bir kərə çatdayacaq, -
infarktın öz hekayəsi...

kim atdı, kim yaraladı,
nə fərqi, doğması, yadı;
hər çatın üstündə adı, -
hər adın öz hekayəsi...

hanı bunun ağlayanı,
ağrımayan yanı hanı;
hərəsi bir qəm dastanı, -
həyatın öz hekayəsi...

***

Mən deyim Qarabağ cənnət olacaq, -
ellər bir ağızdan “İnşallah!” - desin.
Gülzara çevrilən, gülşənə dönən
çöllər bir ağızdan “İnşallah!” - desin.

Salınan şəhərlər, kəndlər danışsın,
qurulan bərələr, bəndlər danışsın.
Şuşa kimi möhürbəndlər danışsın, -
dillər bir ağızdan “İnşallah!” - desin.

Sağ olsun xalqımın canı, sağ, deyim, -
abadlaşsın küllü-Qarabağ, deyim.
Açılsın tarixdə Yeni Çağ, deyim, -
illər bir ağızdan “İnşallah!” - desin.


***

çoxundan çox yaman sözlər eşitdim,
özündən bədgüman sözlər eşitdim,
bəzən lap qan daman sözlər eşitdim, -
məni yaralayan dost sözü oldu…

deyilən hər sözü götürməz ürək, -
qürurlu bir qəlbi niyə küsdürək;
sancılıb köksümə iti bıcaq tək,
bölüb-paralayan dost sözü oldu…

arzular, xəyallar qaldı yarıda,
yarımmış həyatın etibarı da;
qədərin yazdığı dostluqları da
pozub-qaralayan dost sözü oldu…

***

gah elə, gah belə ola bilmirəm, -
yolum da, yönüm də bir tərəfədir;
baxma ki, bu yolun ayrıcları var,
döngə də, dönüm də bir tərəfədir...

gör nə həvəsliyəm, nə təbliyəm mən,
dünyadan ədalət tələbliyəm mən;
yalnız bir tərəfə qəzəbliyəm mən, -
hirsim də, kinim də bir tərəfədir...

demə ki, calaq ol, calan bir yana, -
sən özün bir yana, balan bir yana...
hər nə var geridə qalan, bir yana,
hər nə var önümdə, bir tərəfədir...

***
Yarızarafat-yarıciddi...

olan bizə oldu, arada qaldıq, -
gah orada, gah burada yaşadıq;
düşdük elə çıxılmazın içinə,
iki dərə, bir arada yaşadıq.

hər gün gedənlərə sordular bizi,
hər gün neçə yerdən vurdular bizi;
nişan almadılar ürəyimizi, -
öldürmədi hər yara da, yaşadıq.

haram var ki, gedim hara Bakıda, -
nə söz yazım hasarlara Bakıda;
yaşasaq da Zoddan sonra Bakıda,
elə billəm Saxarada yaşadıq...


Ünvanlı...

sən Allahın həm ağıllı,
həm də avam şeytanısan, -
şeytanların çoxbilmişi,
azca da xam şeytanısan.

az aşın duzu deyilsən,
günahsız quzu deyilsən,
elin çulsuzu deyilsən, -
rütbə, məqam şeytanısan.

böhtanın da var, şərin də,
bol-boldur fitnələrin də;
hər şeyi yerli-yerində,
hər şeyi tam şeytanısan.

öz kökünə silah sıxan,
yaxşı nə var yaxıb-yıxan,
hər daşın altından çıxan
quyruqlu Şam şeytanısan.

öz-özünlə az qürrələn,
lap mələk tək nura bələn, -
əlindən hər pislik gələn
bəni-adəm şeytanısan...


***

Tələbəykən "ssenari işi"nə girişmişdim, qaralamalarım qalır... Dəftərlərin birində küçə musiqiçisi - gənc gitaraçı üçün yazılmış xeyli bədbin və paradoksal "mahnı sözləri"nə rast gəldim...

yaxşı gətirmədisə
sonumuz, müqəddərat, -
daha çətin açıla
donumuz, müqəddərat…

əlimizi isitməz, -
qoynumuz məzar yeri;
ev-eşik də elə bil
dünyanın ən dar yeri…

qürubadır yolumuz,
yönümüz, müqəddərat, -
boş görünür arxamız,
önümüz, müqəddərat…

dinib-danışmarıq heç, -
lal-dinməzcə baxarıq;
hər yerə tək gedərik,
təklikdə darıxarıq…

asta çıxar səsimiz,
ünümüz, müqəddərat, -
qara gələn ömrümüz,
günümüz müqəddərat…


***
Şəhid Natiq Əliyevin xatirəsinə

yeddi oğuldan biri, -
deməyin ki, yorulmuş;
öz köyünə gedərkən,
Zod yolunda vurulmuş...

ruhu yüksəlmiş göyə, -
Peyğəmbəri görməyə;
yeri hazırmı deyə,
mələklərə sorulmuş...

uzun çəkdi qara qış, -
yaz havası nağılmış;
nə buludlar dağılmış,
nə də sular durulmuş...


***

hər bir azərbaycanlı
öz qardaşım, öz bacım, -
bir hay salsam, hay verər
yüz qardaşım, yüz bacım...

bilirəm, fikrində var,
bir ölkə - bir iqtidar;
hələ ki, meydanın dar, -
döz, qardaşım, döz, bacım...

keçilməz sədd görəcək,
yeni sərhəd görəcək;
dünya DÖVLƏT görəcək, -
söz, qardaşım, söz, bacım...


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: