ŞABAN ABDULLA (1958)

ŞABAN ABDULLA  (1958) Şaban Abdulla oğlu Daşdəmirov 1958-ci il mart ayının 3-də Balakən rayonu Hənifə kəndində anadan olub. 6 yaşında Qazma 1 saylı orta məktəbin 1-ci sinfinə gedib. Həmin məktəbin 8-ci sinfini bitirdikdən sonra təhsili Bakıda davam etdirib, Fizika-Riyaziyyat təmayülü məktəbi bitirib. Universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsinin 4-cü kursundan könüllü olaraq Ukraynaya, hərbi kafedraya göndərilib. 1 ildən sonra leytenant rüt-bəsi ilə 3 illik müqaviləylə Almanyaya hərbi xidmətə təyin edilib. 1983-cü ildə Azərbaycana qayıtdıqdan sonra Bakı idman təmayüllü orta məktəbdə hərbi müəllim işləyib, 1987-ci ildən Bakı Elmi pedoqoji kitabxanada Tamella xanımın rəhbərliyi ilə direktor müavini işləyib. 1990-cı il 20 Yanvardan sonra Azərbaycanda yaranan milli ordunun ilk zabitlərindən biri olub. Kapitan rütbəsi ilə Tacəddin Mehdiyevin uğursuz ''Daşaltı'' əməliyyatından sağ çıxan bir neçə zabitdən biridir. Sonra general Zaur Rzayevin komandanlığı ilə şərəfli döyüş yolu keçib, Ağdərə istiqamətində ''Sərsənk su anbarı'' , ''Umudlu'' , ''Zəylik'', ''Haterk'' (indiki Həsənis kəndi), ''Verxni Aratok'' ,''Çıldıran'', Kəlbəcər istiqamətində ''Çələkdar'', ''Ağdaban'', ''Narışdar'' kəndlərində, Laçın istiqamətində ''Ərikli'', ''Pircahan'', ''Haqnəzər yüksəkliyi'', ''Seyidlər'', ''Mirlər'' kəndləri uğrunda döyüşlərdə iştirak edib. 1992-ci ildə Laçında sağ ayağımdan qəlpə yarası alıb, Bakıda Qospitalda 2 ay müalicədən sonra, geri Laçına döyüş mövqeyinə qayıdıbr. 1996-cı ildə ordudan mayor rütbəsi ilə təxris olub. Ali Baş komandanımız İlham Əliyev sərəncamı ilə 2021-ci ilin av-qustunda ''Böyük Zəfər'' xatirə medalı ilə, noyabr ayında isə ''Milli ordu - 100'' medalı ilə təltif olunub.
Hazırda Balakən rayonunda yaşayır.
Evlidir, 4 övladı, 8 nəvəsi var.
Xocalı soyqrımını dünyaya tanıtma cəmiyyətinin region üzrə (Qax, Zaqatala, Balakən) sədr müavini və ATXQ İB-nin Balakən rayon üzrə sədridir.

O, həm də gənclik illərindən şeirlər yazır.

Biz də aşağıda Şaban müəllimin bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

ZiM.Az


ŞABAN ABDULLA  (1958) İstəyirəm

Düşüb dumana-çiskinə,
Yol, cığırda itəsiyəm.
Düşüb “cicirtkan” ləkinə
Arasında bitəsiyəm.

Kəsilib anamın laylası
Boşalıb çörək təknəsi,
Sıxır məni dağ havası
Qəm yasında itəsiyəm.

Çəkmə məni imtahana
Səfərindi İsfahana,
Mən ögeyem bu cahana,
Bu məkandan köçəsiyəm.

Daşdı yolum, ayaq yalın,
Düşüb yola haqq-malım,
Yana-yana baxıb qalın,
Lap canımdan keçəsiyəm,
Yol-cığırda itəsiyəm.


Küsüb gedəsiyəm, mən səndən, dünya

Bilirəm səninlə dəyəcək aram
Küsüb gedəcəyəm mən səndən, dünya.
Sükutla yaşayan ömürdə varam
Daha nə istəyim mən səndən, dünya.

Qlaq-qalaq kağız kimə lazımdır?
Sözlər kəlmə olur, kəlmələr nağıl
Bəs bizsiz dünyamız kimə lazımdır?
Küsüb gedəsiyəm mən səndən, dünya.

Baxıb utanıram hərdən boyumdan,
Kim söhbət açacaq mənə toyumdan
Ölüm səndən əvvəl, yoxsa sən ondan,
Küsüb gedəsiyəm mən səndən, dünya.

Hələ yaşayıram sənə qonağam
Demirəm günahkar nə üzü ağam,
Bir də görəcəksən səndən uzağam,
Küsüb gedəsiyəm mən səndən dünya.

Xatirə qalcaq baş daşım yalqız,
Üstündə yazılar gənc yaşım yalqız,
Səninlə, ay dünya-savaşsam yalqız,
Küsüb gedəsiyəm mən səndən dünya.


Umma ümid qoradan

Özüm mənəm, yedəyimdə el yükü
Bir boydadır boynumuzda ağrıdan.
Tutub yolu, cığırları çən, bürkü
Necə dönüm mən bu yolu yarıdan.

İstəmişəm izim qalsın iz olsun
Ürəklərdə sözüm qalsın söz olsun
Namərd əldə şər durulsun düz olsun,
Qismətimi versin ulu yaradan.

Buyruğuna qul olmuşuq Tanrının
Əzabında yorulmuşuq Tanrının
Yer-göyü oda salmış Tanrının,
Üzüm umur yazıq qulu qaradan.

Tala yeri, şum elədim bağ əkdim
Öz şumuma tum əvəzi tağ əkdim
Yazılacaq hər mövzuda gərəkdim,
Qurumuşdum oldum sulu sonradan.

Özüm mənəm, yedəyimdə el yükü
Necə gördüm sağı-solu ağrıdan,
Tutub yolu, cığırımı çən, bürkü,
Necə dönüm mən bu yolu yarıdan.


Mənə inam verin

İtib ürəklərdən inam haçandı,
Mən inam gəzirəm suya, havaya.
İnam yox günəşdə, yoröun oyandı
Mən inam verərdim günəşə-aya.

Təmiz inam gərək saf ürəklərdə
Təbiət özünə inan kimi.
Bu inam əsməsin əsən yellərdə
İnansın özünə inanan kimi.

Mənə inam verin oxşasın mənə
Hər tərli çiçəyə inanan olsun.
Mən inam gəzirəm qoşum şeirimə
Qurana, çörəyə inanan olsun.

İtib ürəklərdən inam haçandı,
Mən inam gəzirəm suya, havaya.
İnam yox günəşdə, yoröun oyandı
Mən inam verərdim günəşə-aya.


ŞABAN ABDULLA  (1958) Mən olaram

Kövrəlsə səsin avazı,
Dinməsə aşığın sazı,
Qış boran olarsa yazı,
Bir ürək qalar narazı,
O ürəkdə mən olaram.

İstərsə din, iman, məslək
Dost-dosta gələcək kələk
İstəsən buludu enmək
Qovar buludları külək
O külək də mən olaram.

Taftalasa haqqı nadan
Gərək çıxasan dünyadan
Haram çıxasan dünyadan
Haram yoğrulan mayadan
Çıxa bilsən tez aradan
Bil orada mən olaram.

Od olsa qaynayar qazan
Uzaq gedər doğru yazan
Çoxalıbdır yolun azan
Bilək olsa şəri pozan
O bilək də mən olaram.


İndi yaşa görüm necə yaşayırsan ?

Əl-əldən üzülüb, ümüd arzudan
Küsülü dolanır qoyun quzudan
Bezmişəm ağrılı yazı-pozudan
İndi yaşa görüm necə yaşayırsan?

Düşünürəm haqq izə yaman yaqlıyır
Güclü gücsüzləri lap ayaqlayır
Şair vətən üçün yanır, ağlayır
İndi yaşa görüm necə yaşayırsan?

Çoxalıb dilindən pay uman, Allah!
Tanrının yolundan çıxıblar, Allah!
Tutan yox kasıbın əlindən, Allah!
İndi yaşa görüm necə yaşayırsan?

Ədalət əmrinə tamarzı ömür
Yox olur mərd, mərdanə gözlərim görmür
Düşür kitabəma kəlmələr kömür
İndi yaşa görüm necə yaşayırsan?

Əl-əldən üzülüb, ümüd arzudan
Küsülü dolanır qoyun quzudan
Bezmişəm ağrılı yazı-pozudan
İndi yaşa görüm necə yaşayırsan?


Keçməliyəm

Qarlı uca zirvələrin
Zirvəsindən keçməliyəm.
Sərin sulu bulaqların
Saf suyundan içməliyəm.

Udam dolu yağışları
Keçəm gərək yarışları
Topa-topa buludları
Həvəsindən kəsməliyəm.

Cığırları tutar izim
Oda dönər gülüm gözüm
Üstələr əyrini düzüm
Öz dizimdən öpəsiyəm.

Yolum zirvə sorağıdır
Başı qarlı el dağıdır
Bu istəyin marağıdır
Zirvələrdən keçəsiyəm.

Yora bilməz qorxu məni
Belə yolun çoxu məni
Tutsa yolda yuxu məni
Öz gözümdən keçəsiyəm.

Zirvələrin qartlıyam
Ucalıqda olasıyam
Zivə harda oralıyam
Zirvələrdən keçəsiyəm.


Deyirdim əlimə alaram səni

Deyirdim əlimə alaram səni,
Sən mənim gözümün yaşısan, qələm.
Mən gəldi gedərəm, kəlməm əbədi
Kəlmə kitabımda yaşa sən, qələm.

Mənə xatirədir barmaq qabarı
Sənin varlığına toxunur əlim.
Ümüd, arzuları sən yaşat barı,
Tale ağacında sönür əməlim.

Mən kiməm hökm edim-sənə ay qələm
Baş barmaq belimi əyər, sındırar.
Elə yalvarırsan mənə, ay qələm
Dilimdə kılmələr cərgəyə durar.

Küsülü qlmağıma səbə nədir ki
Bu qələm mənimdir özüm bilirəm.
Səndən gileylənir sözlər dünənki
Nəğmə beşiyimi özüm bilirəm.

Deyirdim əlimə alaram səni
Qısqanclıq məni də yoldan elədi.
Qorxuram bir daha tapmaram səni
Həsrətin sağımı soldan elədi.

Səndən küsülüdür qabarlı barmaq
Üstündən qəm yolu kəçməyin nədir?!

Düşərəm şaxtaya, buza donaram
Kefimdən “şıdırğı”gedərənm onda.
Ya sənin əlində yenib yanaram
Odlu atəşini görərəm onda.

Deyirdim əlimə alaram səni
Sən mənim gözümün yaşısan, qələm.
Mən gəldi gedərəm, kəlməm əbədi,
Kəlmə kitabımda yaşa sən, qələm.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: