Naibə YUSİFLİ: "Mən səbir daşıyam, məhək daşıyam..."

Naibə YUSİFLİ: "Mən səbir daşıyam, məhək daşıyam..." Naibə Yusifli - Salyan rayonunda doğulub.
ADPU-nun flologiya fakültəsini bitirib.
Hazırda Şirvan şəhərində yaşayıb yaradır.
7 kitab müəllifidir.
AYB-nin üzvüdür.



Özüm özümdən qorxuram

Özüm özümdən qorxuram,
Bu, nə, Allah?!
Özümümü unuduram,
ya dəyirman daşı kimi
başa qapaz dünyanımı?
Yol gedirəm gündüz, gecə,
yollar bitmir.
Ruhum an-an qopur məndən,
ayaqlarım yerə bənddir,
izim itmir.
Haçalanan yollarda Mən
görünürəm.
Param-parça torpağımdan
miras qalan sorğuların
hay-küyünə bürünürəm,
qınağına boyanıram.
Əsrlərin yuxusundan
Millət kimi
silkinirəm, oyanıram...


Gözlə məni

Gözlə məni,
qırçın ləpə, qumlu sahil,
yalçın qaya,
dönəcəyəm bir yaz günü...
Başlayacaq ellərimin
toy-düyünü...
Gözlə məni,
bənd-bərədən bezən külək,
qara, şəvə saçlarımda süzən külək!
Dəli dağdan tər çiçəklər üzəcəyəm,
o qıvırcıq tellərinə
mirvaritək düzəcəyəm.
Günün zərrin şəfəqindən
asılacaq xəyallarım,
addım-addım yürüyəcək,
dalğa-dalğa bürüyəcək
kainatı od-alovum,
amallarım...
Gözlə məni, gözlə, ana!
O bənövşə əllərindən
öpmək üçün al şəfəqlə
hüzuruna enəcəyəm,
dodağında gülüş olub
nəğmələrdə dinəcəyəm...
Ağ Çiçəyim,
gözlə məni!
Baxışından həsrət əkən
boz sürməni siləcəyəm,
kirpiyində sırğalanan damcıları
sevinc dolu
ləl, cavahir biləcəyəm.
Gözlə məni,
gözlə məni!


Kor ərəbin nəğməsi

Kor ərəbin nəğməsidir qəlbim -
məhəbbəti də, nifrəti də
bir zəncirin halqası...
Eşqi də, aşiqi də
torpağın balası...
Gecəsi nurdan, gündüzü zülmətdən,
xilqəti Xaliqdən, Xaliqi xilqətdən bir parça...
Ayrılığı vüslətə,
vüsləti hicrətə bir baca...
Dərmanı dərddən,
dərdi dərmandan,
əsarəti hikmətdən,
hikməti ədalətdən qoca...
Geniş üfüqlərdən yol gəlir həqiqət
dizini quca-quca...


Mən səbir daşıyam, məhək daşıyam

Mən səbir daşıyam, səbir ağacı!
Dözürəm zamanın hər zərbəsinə.
Qar,dolu döysə də,məğrur başımı
Qoymaram zamanın qart sinəsinə...

Oysa məhvərimi quzğun dalğalar,
Didsə üst-başımı soysuz qarğalar,
Vursa da qoluma polad halqalar,
Sığmaram tarixin məngənəsinə.

Yırtar pərdəsini qara günlərim,
Çəkər günahkarı dara günlərim,
Geyinər al-əlvan xara günlərim,
Son verər yadların təntənəsinə.

Mən səbir daşıyam, məhək daşıyam,
Tanrının səbriyəm, səbrin yaşıyam,
Sanmayın, dolanbac yolda naşıyam,
Dönmüşəm bir ömür qəh-qəhəsinə.


Biganəlik

Biganəlik - dünənimin batıq səsi,
Biganəlik - bu günümün çat nəfəsi,
Biganəlik - sabahımın faciəsi...
Günləri hörə-hörə,
illəri dərə-dərə,
dünyanı görə-görə
çapdıq atımızı...
Dərələr keçdik,
təpələr aşdıq...
Mey dolu badələri
qədər bilib içdik,
özümüzdən qaçdıq...
Gözümüzü yumduq,
faniliyə cumduq...
Dərimiz soyuldu, susduq...
Həqiqəti illər boyu
qapılarda pusduq...
Qoymadıq səsini çıxsın,
arabir qəzəblənsin,
dişlərini sıxsın.
Bir atımlıq çay kimi
xərclədik ömrümüzü.
Kim istədi, yoğurdu
sıyılan xəmrimizi...
Küt gedən kündələrə
qəh-qəhəylə gülüşdük
özgələr, yadlar kimi...
Qınımızda büzüşdük
yoluq qanadlar kimi...
Amma heç ayılmadıq,
özümüzə qayıdan
bəndədən sayılmadıq...
Düşünmədik,
biganəlik - dünənimin batıq səsi,
bu günümün çat nəfəsi,
sabahımın faciəsi...



Xoş gəldin, Payızım!!!

Gəlib astanada dayanıb payız,
Xəzəl ömürləri külək uçurur.
Aparır özüylə xatirələri,
Yeni yuvasına gəlin köçürür...

Həzin xatirələr qalxır, dirçəlir,
Gözümün önündə saptək incəlir...
Ömrümün payızı nə yaman gəlir,
Neçə sorğulardan ruhu keçirir?....

Titrəşir gözümdə həsrət yuxusu,
Yatışır telimdə ənbər qoxusu,
Həsrətin çəkdiyim cənnət qapısı
Ruhuma cam dolu şərbət içirir.

Dil açır köksümdə baharım - yazım:
- Xoş gəldin, Payızım!
Asılır telindən neçə min arzum,
Sevincdən don geyir ümidim, yazım:
- Xoş gəldin, Payızım!

* * *

Kəsdim haqq-hesabı, üzdüm əlimi,
Bağladım kitabı, kəsdim dilimi,
Savab axtararkən tapdım külümü,
Təsəlli, kor ümid olmayan yerdə.

Ruhuma tərs şillə vurdurdu zaman,
Əqrəbi yarıda durdurdu güman,
Bəhərsiz bir ömür qupquru saman...
Telli saz, tar, kaman çalmayan yerdə.

Günəş sığal çəkdi türkün boyuna,
Pay düşdü səmadan oğuz soyuna...
Günün gedər vaxtı düşdük oyuna,
Babamın öyüdü qalmayan yerdə.

Laləli bəxtimiz borana düşdü,
Ruzili günümüz şorana düşdü,
Gülüş ömrümüzü yorana düşdü
Nənəm süfrəsini salmayan yerdə.

Gecələr sabaha cığır açmadı,
Mürgülü dünyadan yuxu qaçmadı,
Naibə dilindən ətir saçmadı
Ellər salamını almayan yerdə.

* * *

Udduq səsimizi, dinə bilmədik
Doğan Ay, çıxan gün batandan sonra,
Zamanla böyüyüb, ölə bilmədik
Köləlik iliyə çatandan sonra.

Nazik sırsıradan haqqım asıldı,
Üstünə qara gün damğa basıldı,
Günəş arzulayan boynum qısıldı
Fələk mizrağını atandan sonra.

Fəsillər illərə calandı getdi,
Neçə nəsil - köklər talandı getdi,
Əsillər dərd-qəmə qalandı getdi,
Xəmiri xəmirə qatandan sonra.

Elə ki itirdik türklüyümüzü -
İpə-sapa yatmaz kürlüyümüzü,
Qoruya bilmədik birliyimizi
Qollarda qandallar yatandan sonra.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: