QÜDRƏT MİNHACOĞLU

QÜDRƏT MİNHACOĞLUŞair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub.
Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib.
Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri-I cild” və “ Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə və dövri mətbuatda müntəzəm çap olunur.
O, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir. Dəfələrlə şeir müsabiqələrinin, festivalların iştirakçısı və qalibi olub. “Qızıl qələm”, “Əsrin ziyalısı – İlin alimi”, “Elin nüfuzlu ziyalısı”, “Azərbaycan bayrağı” və “Heydər Əliyev” mükafatları laureatıdır.
Ailəlidir, 4 övladı və 6 nəvəsi var.


Ana

Bədənimə can vermisən,
Sənə qurban canım, ana.
Səndən mənə yadigardır
Damarımda qanım, ana.

Laylaların baldan şirin,
Hər kəlməndə məna dərin,
Qəlbimdədir yurdun, yerin,
Səni qəlbim sanım, ana.

Övlad üçün zəhmətin çox,
Nəfsin, gözün daima tox.
Bir kimsədən təmənnan yox,
Bunu necə qanım, ana?

Dedin, gəzmə veyil-veyil,
Şan-şöhrətə göstər meyil.
Mənə şöhrət lazım deyil,
Sən şöhrətim, şanım, ana.

Sənsiz sındı qol-qanadım,
Arzulara necə çatım?
Ömür deyil bir saatım,
Bir dəqiqəm, anım, ana.

Minhacoğlu, anan getdi,
Dünyamızı o tərk etdi.
Yaşamağın dadı bitdi,
Həqiqəti danım, ana?


Dünya neyləsin

Müğənni “turac”lar bülbülü keçib,
Sürəti yüzdədir, dünya neyləsin?
Olanı, olmazı göz qabağında,
Açıqda, düzdədir, dünya neyləsin?

Çaqqalın yerinə itlər ulayır,
Aslanlar, pələnglər quyruq bulayır.
Konçita kimilər meydan sulayır,
Ətəyi dizdədir, dünya neyləsin?

Göllərdə qarğalar sonalıq edir,
Buğalar çevrilib danalıq edir.
Körpəyə kişilər analıq edir,
Çarəsi sizdədir, dünya neyləsin?

Uca dağ başına sərçələr səkir,
Ərlərin xərcini arvadlar çəkir.
Əkinçi taxıl yox, narkotik əkir,
Görənlər gizlədir, dünya neyləsin?

Kim səhvə yol verir, günaha batır,
Abırı, həyanı, isməti satır.
Təqsiri dünyanın üstünə atır,
Təqsiri bizdədir, dünya neyləsin?

Qeyrətli oğullar məhbəsdə yatır,
Doğduğu körpəni anası atır.
Deyəsən, dünyanın axırı çatır,
Həqiqət üzdədir, dünya neyləsin?

Yaxşı ki, Allaha tapınanlar var,
Yoxsa, bu dünyamız od tutub yanar.
İlahi, dünyanı bəladan qurtar,
Alovda, közdədir, dünya neyləsin?

Əyrilər öndədir, düz düzdə qalır,
Bu hallar çoxunu dərd-qəmə salır.
Qüdrət də həyəcan təbili çalır,
Təbili sözdədir, dünya neyləsin?


Anasız yaşamaq çətindir, çətin

Deyir hər anadan oxuyan, yazan,
Anana qulluq et, cənnəti qazan.
Anan sağ olanda yaşamaq asan,
Anasız başlayır zülmün, zillətin,
Anasız yaşamaq çətindir, çətin.

Səni bu dünyaya gətirib anan,
Odur hər övladın oduna yanan.
Ana zəhmətini olarmı danan?
Sağ ikən ananın çək əziyyətin,
Anasız yaşamaq çətindir, çətin.

Anasız ürəkdən gülə bilməzsən,
Gözünün yaşını silə bilməzsən,
Öləndə də rahat ölə bilməzsən.
Analı dünyada var məziyyətin,
Anasız yaşamaq çətindir, çətin.

Özümü, sözümü anamdan aldım,
Odumu, közümü anamdan aldım,
Dərdlərə dözümü anamdan aldım.
Qüdrət Minhacoğlu, mətin ol, mətin,
Anasız yaşamaq çətindir, çətin.


Anamı əlimdən alma, Allahım

Borcunu qaytara bilməmişəm mən,
Anamı əlimdən alma, Allahım.
Nə qədər ki sağam, ölməmişəm mən,
Anamı əlimdən alma, Allahım.

Ən əziz insanım mənə anadır,
Sanki bir mələkdir, o bir sonadır.
Dünya bir yanadır, o, bir yanadır,
Anamı əlimdən alma, Allahım.

O mənə danışmaq, gülmək öyrədib,
Dostların qədrini bilmək öyrədib,
Vətənin uğrunda ölmək öyrədib,
Anamı əlimdən alma, Allahım.

Anasızlıq məni kimsəsiz qoyar,
Qəlbimi yandırar, gözümü oyar.
Doğma anasından axı kim doyar?
Anamı əlimdən alma, Allahım.

Qüdrətəm, anasız qan ağlar gözüm,
Belə ağır dərdə mən necə dözüm?
Uca Yaradana budur son sözüm,
Anamı əlimdən alma, Allahım.


Mən səni tək qoymaram

Gecə saat dörd idi
Anası zəng vuranda.
Oğul yaman hirsləndi
Zəng səsinə duranda.
Telefonu götürüb
Unudaraq ədəbi,
Anasının zənginə
Cavab verdi əsəbi.
Dedi, ana bu vədə
Adama zəng edərlər?
Şirin yuxu vaxtında
Adama zəng edərlər?
Bu sözləri eşitmək
Çətin idi anaya.
Dedi, otuz il qabaq
Bu vaxt gəldin dünyaya.
Gəlişinlə yuxumu
Sən ömürlük qaçırdın.
Günəş kimi ömrümə,
Günümə nur saçırdın.
Keşiyində duraraq
Mən almadan heç vecə,
Pıçıltını eşidib
Oyanmışam hər gecə.
Rahatlığın həmişə
Mənim arzum olubdur.
İndi xəstə yatıram,
Cana ağrı dolubdur..
Qıvrılaraq ağrıdan
Mən yummayıb gözümü,
Səni təbrik etməyə
Saxlamışam özümü.
Qorxdum, sonra gec olar
Təbrik edə bilmərəm.
Sənin bu şad günündə
Sevinmərəm, gülmərəm.
Təbrikimi qəbul et,
Nə qədər ki sağam mən,
Ölənəcən, can bala,
Arxanda bir dağam mən.
Oğul sakit dinləyir,
Göz yaşları tökürdü.
Gözlərinə durmadan,
Qaranlıqlar çökürdü.
Dedi, ana, can ana,
Dinlə ürək sözümü:
-Qəfil zəngin ömürlük
Açdı mənim gözümü.
Gözlə, indi gəlirəm,
Mən səni tək qoymaram.
Kainatım, dünyamsan,
Səndən heç vaxt doymaram.

Zim.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: