Georgi Mazniaşvili: MƏN GÜRCÜ GENERALIYAM..

Georgi Mazniaşvili: MƏN GÜRCÜ GENERALIYAM.. General Georgi Mazniaşvili 1870-ci ildə Kaspi rayonunun Sasireti kəndində anadan olmuşdur. Müvafiq hərbi təhsilini alandan sonra Rusiya ordusunda general rütbəsinə kimi yüksəlmişdir. Rus mənbələrində Mazniyev kimi tanınır. O, 1904-1905-ci illər yaralandığı rus-yapon müharibəsində özünü göstərmişdir. Peterburq Hərbi Qospitalında ona imperatorun qızları qulluq edirdilər. Lazaretdə generala imperator II Nikolay baş çəkmiş, onu imperiyanın ali mükafatı ilə- Müqəddəs Georgi xaçı» ordeni ilə təltifləmiş və saraya dəvət etmişdir.
Dünya müharibəsində də iştirak edən general Georgi Mazniaşvili Polşa cəbhəsində ağır yaralanmışdır. 1917-ci ilin dekabrında o, vətənə qayıdır və iki milli diviziya yaradır. 1918-ci ildə Qafqaz komissarlığı ona mənəvi cəhətdən pozulan və Türkiyə cəbhəsindən xaos şəklində geri çəkilən rus hissələrindən Tiflisin müdafiəsni həvalə edir. «Bu geri çəkilən Rusiya qoşunlarının yolu Tiflisdə idi. Tiflisə qədər çatacaqdılar və düşmən kimi şəhəri mühasirəyə alaraq bizə qarşı cürbəcür tələblər irəli sürəcəkdilər. Bir dəfə Zaqafqaziya hökumətinin istefa etməsini və hakimiyyətin ordunun diyar qurultayına təhvil verilməsini də irəli sürdülər» (Mazniaşvilinin xatirələrindən). Aydındır ki, bolşeviklər Gürcüstanı ələ keçirmək üçün bu qüvvələrdən istifadə edirdilər. Mazniaşvili zirehli qatarla və müsəlman gürcü süvariləri alayı ilə bu təhlükəni başdan rədd edə bildi.
1918-ci il Brest sazişinin şərtlərinə görə Acarıstan Türkiyəyə verildi. Halbuki, onları bu qane etmədi - Quriyaya soxuldular və Ozurqetiyə yaxınlaşdılar. Xalq ordusunun, partizanların və qoşun hissələrinin səfərbərliyi əsasında Mazniaşvili türklərin əlindən nəinki Quriyanıqopartdı, Çolox döyüşündə zəfər çalaraq Batumini də azad etdi. Həmin il iyunun 18-də o, Abxaziyanın general-qubernatoru və Gürcüstan Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı təyin edilmişdir. 300 nəfər abxazın da daxil olduğu gürcü qoşunu ilə, xalq qvardiyası ilə və süvari dəstə ilə bolşevik təmayüllü üsyanı yatırmışdır. Sonra Soçi münaqişəsinin ilk mərhələsində Ciketi ərazisinə soxulmuş və ağqvardiyaçı general Moiseyevin hissələrindən bir-birinin ardınca iyunun 22-də, iyulun 2, 6 və 26-da Qaqranı, Adleri, Soçini və Tuapseni azad etmişdir. 1918-ci ilin oktyabr-dekabr aylarında Tiflisin general-qubernatoru idi. Elə həmin ilin dekabrında Ermənistan-Gürcüstan müharibəsi zamanı Şulaver-Sadaxlı cəbhəsinin komandanı (tarla qərargahının rəisi G .Kvinitadze idi) və cənub sərhədi general Dronun (Drastamat Kananyan-M.M.) hissələrindən müdafiə etmişdir. Dekabrın 28-də isə 3500 nəfərlik bölmə ilə axşam düşən kimi tam miqyaslı hücum ilə Şulaveri və bir neçə kəndi almışdır. 1918-ci ildə Axalsixe-Axalkalakın general-qubernatoru idi. 1920-ci ilin oktyabrında Tiflis qarnizonunun rəisi təyin edilmişdir. 1921-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı fevralın 18-24 –də Soğanlıq-Şavnabad isliqamətində Tiflis mühafizəsi mərkəzinin komandanı idi. Ordunun 9-cu rotası (başçısı polkovnik Nikoloz Vaçnadze), keşik legionu (başçısı David Vaçnadze), Qori və Xaşur qvadiya batalyonları, sahil rotasının bir dəstəsi, bir neçə zirehli maşın və zirehli qatar onun tabeliyində idi. Fevralın 18-19-da gecə 11-ci Qızıl Ordunun hissələri məhz elə Mazniaşvilinin mövqelərinə hücum etmişdir. Mazniaşvilinin bölmələri hücumu dəf etmiş, düşməni geri oturtmuş və 1600 nəfər Qızıl ordu əsgərini əsir götürmüşdür. Fevralın 24-dən ayın sonuna kimi Mazniaşvili mövqeləri uğurla müdafiə edirdi və onlar yalnız baş komandan G. Kvinitadzenin əmrini alandan sonra mövqeləri tərk etmişdir. Həmin ilin mart ayında türklər yenə Batumu tutmuşlar. Gürcü bolşevikləri ondan yardım diləmişlər. Halbuki, Orconikidze birbaşa ona bildirmişdir ki, «Bir menşevik generalı kimi, qanundan kənar olaraq bəyan edilmişsən və istənilən adam səni güllələyə bilər. Buna görə də bolşeviklərin tərəfinə keç». Mazniaşvili ona cavab vermişdir: «Mən nə menşevik, nə də bolşevik generalıyam. Mən gürcü generalıyam». O, təcili plan işləyib hazırladı, gürcü ordusunun qalıqlarının səfərbərliyini elan etdi və türkləri Acarıstandan Jlobanın süvari dəstəsinin yetişdiyi Batuma kimi təqib etdi.
Xidmətlərinə baxmayaraq 1923-cü ildə o, Qırmızı terror zamanı həbs edilmişdir. İki ildən sonra general ölümə məhkum olunmuş, kameradan çıxarılaraq İrana sürgün edilmişdir. O, buradan da Fransaya keçmişdir. Orada onu əsassız olaraq təqsirləndirirdilər ki, guya o, Sovet hökumətinə 1924-cü il üsyanı barəsində məlumat vermişdir. O, Noye Jordaniyaya yazırdı: Georgi Mazniaşvili ölər, amma vətənə xəyanət etməz». Lakin o, xaricdə uzun yaşamadı. Vətənə qayıtmaq barədə icazə istədi və bir neçə ildən sonra Sovet hökuməti ilə uzun çəkən danışıqlar nəticəsində ona geri qayıtmaq icazəsi verildi. General vətəndə bir çox xoşa gəlməz hallarla qarşılaşdı. Onu işlə təmin etmədilər, pensyia təyin etmədilər. Pulsuz-parasız qalmış Georgi Mazniaşvili öz doğma kəndinə gedərək siyasi aləmdən uzaqlaşmış və kənd təsərrüfatı ili ilə məşğul olmağa başlamışdır.
1937-ci ildə kütləvi terror zamanı general Georgi Mazniaşvili həbs edilir və heç bir məhkəmə olmadan güllələnir. Onun qəbrinin yeri məlum deyildir.
X X X
Georgi Mazniaşvili: MƏN GÜRCÜ GENERALIYAM..General Georgi Mazniaşvili gürcü xalqının 1917-1925-ci illər yaşadığı ağır, böhranlı illəri xatirələrə çevirərək kitab yazmışdır. Onun xatirələri ilk dəfə 1926-cı ildə nəşr olunmuşdur.
Üç fəsildən ibarət bu kitabda fəsilin biri Ermənistan ilə Gürcüstanın müharibəsinə həsr olunmuşdur.
Həmin fəsli tərcümə edərək «ZiM.Az» saytının oxucularına çatdırmağı məqsədyönlü hesab edirik.
General Georgi Mazniaşvilinin xatriələrinin oxucuların böyük marağına səbəb olacağına əminik.

ERMƏNİSTAN İLƏ MÜHARİBƏ VƏ MƏNİM GÜRCÜ QOŞUNUNUN BAŞÇISI TƏYİN OLUNMAĞIM

Soçidən qayıdanda eşitdim ki, mənim evimdə axtarış aparıblar. Hökumətin sədri N. Jordaniyanın yanına getdim və işdən tamamilə azad olunmağımı xahiş etdim.
Hökumətin başçısı mənim xahişimi qəbul etmədi və hökumət adından mənim ilə Daxili İşlər Nazirliyi arasında baş verən insident ilə əlaqədar narahat olduğunu bildirdi və elə oradaca Tiflis və onun ətrafyanı ərazilərinin general-qubernatoru olmağımı təklif etdi. Eyni zamanda vurğuladı ki, Ermənistan ilə ixtilafın mürəkkəbləşməsi gözlənildiyindən mənim Tiflisə yaxın olmağım vacib idi.
Diqqət üçün ona minnətdarlığımı bildirdim, lakin onu da əlavə etdim ki, baş verənlərdən sonra N. Ramişvili ilə şəxsi münasibətlərim onun mənə təklif etdiyi məsuliyyətli işə var qüvvəm ilə çalışmağıma maneçilik törədir.
Jordaniya cavab verdi ki, N. Ramişvili ilə gözlənilən anlaşılmazlığı başdan rədd etmək üçün mənim təyin olunmağım barəsində o, şəxsən əmr verəcək və gündəlik hesabatları bilavasitə ona verməli olacağam.
Bundan sonra bir daha ona minnətdarlığımı bildirib general-qubernator vəzifəsini almağımdan başqa daha deməyə heç bir şeyim qalmadı. Yalnız N. Jordaniyadan Fövqəladə dəstə orada, kənddə axtarış aparandan sonra alınan 18 girvənkə vermişel, 23 girvənkə makaron, 2 həlqə məftil və çadırın dönmədən mənə qaytarılması barəsində sərəncam və eyni zamanda qəzetdə axtarış zamanı evimdə heç bir xəzinə əmlakının aşkar edilməməsi barəsində məlumat verilməsini xahiş etdim.
Hökumətin sədri bu xahişimi yerinə yetirməyə söz verdi. Doğrudan da çox vaxt keçmədi ki, Fövqəladə dəstənin əməkdaşlarından biri kəndimə getdi və kənd komissarının əmri ilə bayaq sadaladığım əşyaları və ərzağı ailəmə təhvil verdi.
Qəzetdə də Daxili İşlər Nazirliyinin qəsdən eybəcərləşdirilmiş arayşı getmişdi ki, orada da guya axtarışı hökumət mənim istəyim və razılığım əsasında həyata keçirmişdir. Məgər, hökumətə razılığımı Yekaterinodardan göndərəcəkdim?
Oktabrın birinci yarısında hökumətin sərəncamı ilə mən Tiflis və onun ətrafyanı ərazilərinin general-qubernatoru, hərbi nazirin sərəncamı ilə isə 1-ci diviziyanın başçısı təyin olundum.
General-qubernator vəzifəsində mən yalnız 1918-ci il dekabrın 16-dək oldum.
Bu qısa müddət ərzində diqqətə layiq hal odur ki, mən şəhər polisini yenidən təşkil etdim. Belə ki, bu da öz yaxşı nəticələrini verdi və şəhər administrasiyasını yaxşılaşdırdı.
Gürcüstan ilə Ermənistan hökumətləri arasında əlaqələr həmin dövrdə elə mürəkkəbləşdi ki, bizim hökumət Ermənistan ilə sərhədlərə xüsusi diqqət yetirməyə məcbr oldu.
Burada xatırlamağı lazım bilirəm ki, osmanlıların Ermənistan üzərinə yürüşlə hücum etdiyi bir vaxtda, gürcü qoşunları almanların köməkliyi ilə osmanlıları sonralar bizim dövlətin sərhədinin çəkildiyi Sanain rayonunda saxlamışlar.
Ermənistan ordusunun birinci və 4-cü legionları gözlənilmədən dövlət sərhədlərində Kober stansiyasına və elə orada yaxınlıqda yerləşən körpünün ortasına gəlib çatanda və Sanain həndəvərlərini ələ keçirəndə 1918-ci il oktyabrın 18-dən bu iki hökumət arasında ixtilaf əmələ gəldi.
Gürcüstan hökuməti general G. Sulukidzeni Borçalı qəzasının general-qubernatoru təyin etdi və bütün orada yerləşən qoşun hissələrini onun tabeliyinə keçirdi və eyni zamanda 2-ci diviziyanın bəzi hissələrini onun sərəncamına göndərdi.
Bu münaqişənin həll edilməsi üçün diplomatik danışıqlar dekabrın 9-dək davam etdirildi. Bu müddət ərzində ermənilər müharibəyə diqqətlə hazırlaşırdılar ki, bu da polkovnik Ter-Nikoğosovun praporşik Ter-Petrosyana 1918-ci il noyabrın 1-də Gerger kəndində verdiyi əmrdən görünür. Bu sənədi sonralar müharibə zamanı əsir düşənlərin birindən əldə etdik.
Həmin sənədi tam şəkilə sizin nəzərinizə çatdırıram:
«Praporşik Ter-Petroyana.
Ermənilərin 5-ci piyada legionunun başçısına, nizama düzülmüş hissəsi, 1 noyabr 1918-ci il, Gerger kəndi. Sizə əmr edirik ki, dönmədən Vartablut kəndinə gedin, komissarı çağırtdırın, verilən əmri ona bəyan edin. Yerli əhali arasından 20 yaşından 32 yaşınadək yeni əsgərlərin toplanılmasına başlayın, «Opolçeniya»nın vzvodunu yaradın və elə səhərisi günü toplanmış əsgərlərin siyahısını mənə göndərin. Onların tədris və təliminə sabahkı gündən başlayın. Tədris 2 saat davam etdirilməlidir: yarım saat idman, yarım saat şifahi tədris, 1 saat atəş və tarla qaydaları. Toplanmış əsgərləri 4 dəstəyə bölün, hər bir dəstəyə unterzabit və yeftetor təyin edin. Həftədə iki dəfə: çərşənbə və şənbə günləri mənim yanıma gəlin və işin vəziyyəti barəsində mənə məlumat verin. O kənddə komendant siz olacaqsınız. Polkovnik Nikoğosov».
Elə bu zaman Qeqeçkori 9 dekabr tarixi ilə məlumat verirdi ki, Sanain həndəvərlərində elə Ter-Nikoğosovun başçılığı ilə 5-ci erməni atıcı legionu hissələri, Axalkalak qəzasının Qorelovski kəndi həndəvərlərində isə erməni süvari dəstəsi göründü.
Bizim sərhədlərimizdə Ermənistanın qoşun hissələrinin cəmləşməsi, sərhəd körpüsünə çıxması, 12 ilin növbətçilərinin səfərbərliyi, bütün bunların hamısı, göründüyü kimi, bizim hökumətin və qoşun başçılarının buna bənzər olan tədbirləri görməyə- sərhədə kifayət qədər qoşun göndərməyə, hər halda qismən səfərbərliyi elan etməyə məcbur etməli idi. Lakin bizim hökumət, bilmirəm nədən, əmin idi ki, ermənilər müharibəyə ərk edə bilməzdilər və hər gün onlara diplomatik notalar göndərirdilər, müdafiə üçün isə heç bir tədbir görmürdü.
Onlar güman ki, müdrik bir kəlamı unutmuşdu: Əgər əmin-amanlıq istəyirsənsə, döyüşə hazırlaş!
Bizim hökumətin ermənilər ilə əlaqələri sülh yolu ilə nizama salınmasının mümkün olması fikri, buna görə də müharibənin baş verdiyi zaman tədbirlərin görülməməsi- bizim əsgərlər üçün baha başa gəldi.
Dekabrın 9-da Sanain kəndi yaxınlığında ermənilərin qoşunu qəflətən azsaylı qoşunlarımıza hücum etdi. General Sulukidzenin ordusunun zəif hissəsi ermənilərin lap əvvəlcədən yaxşı hazırlaşmış qoşunlarının hücumuna tab gətirə bilmədi və ehtiyat qüvvələri olmadığından geri çəkilməyə məcbur oldu. Heç bir yerdə möhkəmlənə bilmədi və yalnız onun kiçik bir hissəsi Sanain dərəsində qərar tutdu.
Dekabrın 12-də onlara yardım üçün göndərilən keşik legionunun iki vzvodu, adi səbəbə görə, Sadaxlı stansiyasında onlara Sanaində nəyin baş verdiyini heç kim demədiyindən qatarla bir tədbir görmədən dərəyə soxuldu və Ayrum stansiyasında bütün tərkiblə 250 nəfər düşmənə əsir düşdü.
Dekabrın 13-də ermənilər Vorontsovka, Kamenka və Privolnoye kəndləri yaxınlığında bizim sağ cinahımıza qarşı mübarizəyə başladılar.
Ermənistan qoşunları başçısının aşağıda tam şəkildə göstərdiyimiz əmrlərindən görünür ki, ermənilər artıq xəbərdarlıq etmədən döyüş əməliyyatına başlamışdır. Bizdə isə nəinki səfərbərlik elan edilmiş, qoşunun bir hissəsi də döyüş meydanına göndərilmişdi, əksinə, Vorontsovka kəndindən general Sisişvilinin azsaylı qoşunundan qvardiya diviziyasının 150 nəfər qvardiyaçısını ümumxalq bayramında iştirak etmək üçün təcili Tiflisə geri çağırmışlar.
Dekabrın 11-də eskadronun Tiflisə doğru gəlməsinə general Sisişvilinin nə xahişi, nə də yalvarışları kömək etdi. Sisişviliyə quberniya rotasının bir vzvodu və sahil dəstəsi, 4 pulimyot ilə cəmisi 200 nəfər qalmışdı və bununla da o, ermənilərin qoşunu ilə mübarizə aparmalı idi.
Budur, bayaq sözügedən əmrdə nə deyilir:
«Loru rayonunun dəstəsinə əmr.
Cəlaloğlu qəsəbəsi. 13 dekabr, 1918-ci il, №603. Xəritə 5 verst dyumda.
1
Gürcü qoşunu Vorontsovka və Privolnoye kəndlərini tutur.
Hökumətin qərarına uyğun olaraq hərbi nazir Loru və Borçalı qəzasını Xram çayına qədər tutmağımızı əmr etdi.
Mənə təhkim olunmuş edilmiş dəstə dönmədən hücum etmək, Vorontsovka və Privolnoye kəndlərini tutmaq əmrini almışdır.
Bunun yerinə yetirilməsi üçün əmr edirəm:
Döyüş rayonunun kapitanı Stepanyants.
Ermənilərin piyada legionunun 6 vzvodu, o cümlədən 4-cü, 5-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci.
Artileriya cərgəsi- 4-cü dağ batareyasının 2 topu.
1 «Maksim» pulimyot dəstəsi, 8 ədəd pulemyot, 6 ədəd «Kolt» pulemyotu, 5-ci piyada legionu süvari kəşfiyyat dəstəsi -20 nəfər. Cəmisi 6 vzvod, 2 ədəd top, 14 ədəd pulemyot və 20 süvari.
Cəlaloğlu kəndindən 22 saatdan gec olmayaraq Vorontsovka və Privolnoye istiqamətində hücuma keçin, elə bir hesabla ki, dan yeri sökülənədək bu kəndlərə hücum etməli olasınız.
4-cü vzvod pulemyotsu dəstə ilə öndə, 9-cu və 10-cu vzvod isə- cinahlarda 40 addımlıqda 4-cü vzvoddan şahmat qaydası ilə irəliləsin, mübarizə qaydası ilə dağılana kimi dəstənin cərgəsi ilə irəliləsin.

2
11-ci vzvod, dərədən keçəndə Aleksandrovkaya tərəf dönsün, Urutda və Aydarbekdə Privolnoye istiqamətində o hesabla ki, səhər açılana kimi hücuma keçə bilsin, 11-ci vzvod cərgənin arxasında 300 addımdan artıq olmayaraq ehtiyatda olsun.
Artileriya Cəlaloğlu-Vorontsovka magistral yolu ilə ehtiyatda olan 12-ci vzvodun yarım vzvodu arasında irəliləsin.
Pulemyotçular dəstəsi bilavasitə 12-ci vzvodun arxasınca hərəkət etsin.
Kəşfiyyat atlı ordusu önə və cinahlara üç dəstə göndərsin.
5-ci vzvod saat 22 radələrində Piterbulaqdan keçsin və Vorontsovkaya doğru istiqamət götürsün, eyni zamanda magistral yol ilə irəliləyən kapitan Stepyants ilə əlaqə saxlayın, eyni zamanda qərb tərəfindən vorontsovka kəndinə hücum etsin.
Əgər əks tərəf Anakli dağlarını tutarsa, oradan sıxışdırıb çıxardın və Vorontsovkaya tərəf üz tutun.
Vorontsovka və Privolnoyeni tutandan sonra onları əsir düşənə kimi təqib edin.
Ümumi ehtiyat. Poruçik Zurabyants (5-ci piyada legionunun 5 vzvodu): o cümlədən 1, 2, 3,7 və 8 «Kolt» dəstəsi, 4 pulemyot, 4-cü dağ batareyasının1 topu.
Cəmisi 5 vzvod, 1 top. 4 pulemyot.
Cəlaloğlu qəsəbəsinə çatanda, mənim fövqəladə sərəncamıma kimi magistral ilə Vorontsovka kəndinə doğru tədbir görə-görə istiqamət götürün.

3

5-ci piyada legionun birləşdirici dəstəsinin rəisi mənim qərargahım ilə döyüş aparan rayon və ümumi ehtiyat rəisi arasında telefon xəttini bağlasın.
4
Dörd yüz-dörd yüz patronlar verilsin.

5
Döyüş sursatı ilə Cəlaloğlu qəsəbəsini doldurun.

6
Vorontsovkanın girişində həkim Pilosyants yaralıları sarıma məntəqəsini açsın və əgər bu sonuncunu ələ keçirsək dava-dərman və yaralıların sarıq materiallarıin miqdarı kifayət qədər olmalıdır.
7

Hərbi karvan bizim yeni sərəncamımıza qədər Cəlaloğlu qəsəbəsində qalsın. Karvanın rəisi olaraq praporşik Mnatsakanovu təyin edirəm. Karvanın müdafiəsi 5-ci legionun 7-ci vzvodunun bir dəstəsinə həvalə olunsun.

8

Ordunun qərargahı ilk dəfə 12-ci vzvodda olacaqdır ki, burdan da hesabatlar göndərilməlidir. Əgər qərargah öz yerini dəyişərsə, əlavə sizə məlumat veriləcək.
Mənim müavinlərim: kapitan Stepanyants və poruçik Zurabyants.
Əslinə imza atır: Ordunun rəisi polkovnik Ter-Nikoğosov.
Əsli ilə uyğun gəlir: Qərargahın rəis vəzifəsinin müvəqqəti icraçısı polkovnik Donosyans».
( Bu sənəd müharibə zamanı əsir düşmüş bir ermənidən alınmışdır).
Bizim döyüş rayonunun sol, daha doğrusu, Sadaxlı rayonunda, ermənilər Sadaxlı, Aşağı Saral və Şulaveri ələ keçirdilər, onların ön orduları dekabrın 17-də Xram çayında, sol tərəfdə isə Vorontsovka-Privolnoye rayonunda göründülər.
Dekabırn 17-də axşamüstü məni saraya çağırdılar. Orada da hökumətin sədri N. Jordaniya mənə bildirdi ki, hökumət məni Ermənistana qarşı fəaliyyət göstərən qoşun komandanı təyin etmişdir.
Elə həmin gün səfərbərlik də elan edildi.
Elə həmin axşam mənim sərəncamımda olan 2-ci diviziyanın bir eskadronu ilə Sandar stansiyasına doğru yola düşdüm, 2-ci diviziyanın qərargahını da özümlə apardım.
Qərargahımın rəisi polkovnik Cicixiya mənim təyin olunmağımdan bir neçə gün əvvəl Xalq qvardiyası baş qərargahının sərəncamına ezam olundu.
Mən gedən gün general Kvinitadze yanıma gəldi və işdə ondan istifadə etməyimi məndən xahiş etdi. Mən onun boş olan qərargah rəisi vəzifəsini tutması üçün təklif verdim. Dekabrın 18-də səhər saat 4 radələrində bizim qatar Sandara getdi ki, orada da bizi V. Qoqvadzenin zirehli qatarı qarşıladı. O mənə izahat verdi ki, əks tərəf artıq Xram çayına çatmış və Kiçik Şulaveri tutmuşdur. Onların isə, əgər geri çəkiləndən sonra Xram çayında qərar tutan sahil ordunun hissələrini hesaba almasaq, heç bir qüvvəsi yoxdur.
Hələ yenə Tiflisdən diviziyamın legionlarının rəhbərlərinə teleqramlar göndərdim və qəti olaraq dönmədən mənim sərəncamıma artıq hazır olan vzvodlar və pulemyotsular dəstəsinin göndərilməsini tələb etdim.
Tiflisdə düşərgə salmış artileriya hərəkətə gəldi və Sandara doğru hərəkət etdi.
Hər dəqiqə xilasedici qoşunu gözləyirdim.
Bir nömrəli və başlıca vəzifə, mənim açıqladığım kimi bunlar idi: Ehtiyat qüvvələri gələnə kimi düşmənin Xram çayına qədər irəliləməsini dayandırmalı idim.
Bu məqsədlə köməkçim general Sumbataşviliyə bir eskadronu aparmasını və dönmədən Xram çayına tərəf çəkilməsini əmr etdim.
Zirehli qatarın köməkliyi ilə eskadron Xrama çatdı. Səhər saat 4 radələrində və dan yeri söküləndə düşmənə qarşı mübarizə aparmaq üçün. Ermənilər Xram yaxınlığına gürcü qoşunlarının əsas qüvvələrinin gəldiyini fikirləşdilər və geri, Kiçik Şulaverə doğru çəkildilər.
General Sumbataşvili düşmənin səhvindən istifadə edərək dönmədən dəmiryolu xəttinə də yürüş etdi. Ermənilərin nəinki dəmiryolundan uzaqlaşdığını, eləcə də Şulaver dağının yüksəkliklərini də tərk etdiyini görəndə, dönmədən eskadronun yarısını Aşağı Saral stansiyanı tutmağa göndərdi.
Elmənilər öz mövqelərinin yaxşı tərəflərini tutmaq əvəzinə onları boşaldıb Şulaver şəhərində və Kiçik Şulaverdə qruplaşdılar.
Sumbataşvili düşmənin belə heç bir səhvini diqqətsiz qoymamışdır.
Səhər saat 8 radələrində bizim az saylı ordumuz Aşağı Saral stansiyasını və onunla birlikdə dağın Kiçik Şulaverdən başlamış Aşağı Sarala kimi uzanan yüksəkliklərini tutdu.
Səhər saat 10 radələrində zirehli qatar topların sərrast atəşləri ilə düşmən Şulaver bağlarından çıxışdırılıb çıxarıldı və sahil ordusunun hissələri Xrama keçərək Kiçik Şulaveri tutdular.
Günorta saat 12 radələrində bizim qatar Aşağı Saral stansiyasına çatdı, müharibənin sonuna kimi orada qaldı.
Dekabrın 18-də axşam Telavdan 6-cı atıcı legionun bir vzvodu, pulemyotçular dəstəsi və Xalq qvardiyasının ayrıca bir neçə ordusu gəldi ki, onları da elə həmin vaxt Aşağı Saralı Şulaverdən ayıran yüksəklikləri tutmağa göndərdim.
Düşmən Şulaver şəhərinin şərq tərəfindən yerləşən təpəni və elə şəhərin özünü ələ keçirdi.
Aşağı Saraldan Şulaverə qədər uzanan magistral yol bizim əlimizdə idi.
Düşmənə iki yol qalırdı: Bir dar yol dağlarla Yuxarı Sarala, sonra Sadaxlıya, oradan da Sion kəndinə, onların əsas xətlərindən qərbə doğru gedirdi. Belə ki, bu yol onları özlərinin əsas qüvvələrindən uzaqlaşdırırdı.
Bizim qarşımızda təxirə salınmaz bir vəzifə dururdu: Düşmənin əlindən Sadaxlıya geri çəkilmək yolunu qopartmaq. Lakin əlimdə kifayət qədər qüvvə yox idi və bu əməliyyatı iki günlüyə təxirə salmağa məcbur oldum.
Dekabrın 19-dan Aşağı Saral yaxınlığına xilasedici qoşunların axınına başlandı. Qoşunla dolu eşalonlar aravermədən gəlirdi. Lakin stansiyanın yalnız üç qolu var idi və eşalonların boşaldılması vaxtımızı çox aparırdı.
Dekabrın 20-də iki atlı legion gəldi. Onlar da atların olmadığından piyada idilər. Hər iki legiona elə həmin andaca yerləşən kimi Sadaxlıya gedən Şulaver yolunun tutulmasını əmr etdim.
Həmin gün legionlar bu vəzifəni yerinə yetirə bilmədilər və iş dekabrın 21-nin axşamına qaldı.
Tədricən Şulaver şəhərinin ətrafına dövrə vururdum. Dekabrın 24-də hücum etmək qərarına gəldim, lakin Xalq qvardiyasının yiyələndiyi bəd xasiyyətini və şıltaqlığını unutmuşdum.
Ermənilər Şulaverin şimalında yerləşən yüksəklikləri ələ keçirdilər. Dörd pulemyotla iki vzvodu orda yerləşdirib möhkəmlətdilər. Bu qarnizon yksəkliklərdə duraraq Şulaverin həndəvərlərinə göz gəzdirirdi və düşmənə şəhərin bütün girəcəklərini tamamilə məhv etmək imkan verilirdi. Belə bir hal məni bu yüksəklikləri tutmağa və sonra da şəhərə ümumi hücum etməyə məcbur edirdi.
Dekabrın 22-də Şulaverin şimal tərəfində yerləşən Saraclı kəndi yaxınlığına general Çxetianın başçılığı ilə Xalq qvardiyası ordusu gəldi. Həmin orduya dekabrın 23-də bu yüksəkliklərə hücum etmək əmrini verdim ki, bu da dekabrın 24-də gecə Şulaverə hücumu asanlaşdıra idi.
General Sxetiya o birisi gün məni məlumatlandırdı ki, qvardiyaçılar mənim əmrimə əsasən xatırlanan yüksəkliklə hücum etmişlər, əlbəyaxa mübarizə ilə düşməni Şulaverə tərəf teyləmiş və döyüş zamanı iki pulemyot ələ keçirmişlər.
Bu hesabatı alan kimi Şulaverə düz saat 12 radələrinə hücum etmək barəsində qoşuna əmr verdim, lakin... Kiçik Şulaver bağlarında düşərgə salmış 5-ci piyada legionunun başçısı mənə məlumat verdi ki, onların qarşısında olan yüksəkliklərdə erməni qoşunları yenə göründü və xəndəklər qazmağa başladılar, bizim qvardiyaçılar isə Saraclı kəndinə gediblər.
General Çxetiyadan bu barədə soruşdum. Çxetiani mənə cavab verdi ki, doğrudur, qvardiyaçılar gündüz yüksəklikləri tutdular və düşmənin əlindən pulemyotlar aldılar, lakin axşam tutulmuş mövqeləri özbaşına buraxıb geri kəndlərə qayıtmışlar. Öz davranışlarını belə izah edirdilər: Burda soyuqdur, kəndə gedib çay içərik, gecələyəndən sonra səhər tezdən yüksəklikləri yenə tutarıq,- deyirdilər.
General Çxetianiyə yenə təkrar etdim ki, yüksəkliklərin tutulmasına böyük əhəmyyət verirəm və yalnız qvardiyaçıların üzərilərinə düşən vəzifəni yerinə yetirmədiklərinə görə, mən hücum etməyi o biri günün axşamına təxirə salmağa məcburam. Qvardiyaçılara dekabrın 24-də təkrar yüksəkliklərə hücum etmək, orada möhkəmlənmək və Şulaveri almamış əl çəkməmələri barədə təklif verdim.
Dekabrın 24-də qvardiyaçılar yenə də hücuma keçdilər, qısa mübarizədən sonra yüksəklikləri tutdular, lakin... əvvəlki gün olduğu kimi hərəkət etdilər: axşam yenə tutulmuş mövqeləri buraxaraq geri kəndə qayıtdılar.
Köhnə döyüşçü zabit, Avropanın böyük müharibəsində ali mükafat alan General Çxetiani qvardiyaçıların cinayətkarlıqlar törətdiklərini yaxşı başa düşürdü, lakin bu kimə əl verirdi, kim buna inanardı?
Qvardiyaçılar müharibə üçün özlərinin nizamnamələrini işləyib hazırlamışdılar.
Şəhərə hücumu yenə də təxirə saldım və kifayət qədər xilasedici qoşunların gəldiyindən Şulaveri qvardiyalaçılın köməyi olmadan almaq qərarına gəldim.
Hücum dekabrın 25-i axşama təyin olunmuşdu. Legionun rəisi Baluaşvili axşam düşən kimi vzvodu ayırmaq əmri almışdı ki, bu da gecə saat 12-dək qvardiyaçılar tərəfindən buraxılmış yüksəklikləri tutmalı idi.
Artileriya öz işini layiqincə yerinə yetirdikdən sonra gecə saat 2 radələrində istefada olan xüsusi zabitlərdən təşkil olunmuş ordu irəliləyərək magistral yol ilə Şulaverə tərəf istiqamət götürdü.
Birinci diviziya hissələrinin kömək göstərdiyi 6-cı piyada legionu Şulaverin cənub-qərbində yerləşən yüksəkliklərə hücuma keçməyə başladı.
Gecə saat 12 radələrində daha bir məlumat aldım ki, zabitlər ordusu Şulaverə soxulmuş, ermənilər ümumi hücuma tab gətirə bilməyərək, şəhəri tərk edib qaçmışlar.
Bu məqsədlə zabitlər ordusunun başçısına xüsusi təlimatlar verildi.
Bu təlimata uyğun olaraq şəhərin sakinləri bizim qoşunlara müqavimət göstərmədikləri təqdirdə bizimkilər sakinlərin və onların əmlakının qorunması üçün güclü tədbirlər görməli idilər.
Səhər saat 7 radələrində təkcə Şulaver deyil, eləcə də ermənilərin bütün mövqeləri bizim əlimizdə idi.
Şəhəri talandan- soyğunçuluqdan və zorakılıqdan xilas etməyim üçün 5-ci legionun başçısına Şulaverdə qalmamağı və irəli Sion kəndinə doğru çəkilməyi əmr etdim.
Zabitlər ordusuna 2-ci diviziyanın ayrıca eskadronunu əlavə etdim və Şulaver şəhərinin qarnizonu kimi orda saxladım.
Onlara qəti şəkildə şəhərdə nizam-intizamın yaradılması əmri verilmişdi və yerli hakimiyyət üzvlərinin geri qayıtdıqları təqdirdə şəhərin idarə olunmasını tamamilə onlara təhvil verməli idilər.
Yuxarı Saralda duran süvari legionlar Şulaverdən Sadaxlıya çəkilmiş düşmən hissələrinə dərədən çıxan zaman hücuma keçdilər və bir müddət onların arxasınca düşdülər, onların bir hissəsini məhv etdilər, bir hissəsini isə əsir götürdülər və iki saz vəziyyətdə olan topu onların əllərindən aldılar.
Sonra bir vəzifə olaraq Sanain stansiyasının tutulmasını göstərdim ki, bunun üçün də əsas qüvvələriin irəli çəkilməsini, Sadaxlı kəndini tutmağı və Pəmbək dərəsindən gələn yolu kəsməyi əmr etdim.
Sol cinah Mamay ilə Tiriar kəndi arası ilə getməli, Ləmbəli kəndindən gedən yüksəklikləri tutmalı, Noraşen kəndini almaq üçün bütün tədbirləri görməli idi.
Sağ cinaha əlahiddə, çox mühüm tapşırıq verilməli idi. O, Sioni kəndindən Opret kəndinə doğru getməli, Privolnoye kəndi xəttinə çıxmalı və oradan da Sanainə hücum etməli idi.
Elə həmin vaxtlar onlara Bolnis-Xaçin kəndində və Dumanisdə hərəkət edən erməni qoşunlarına diqqət yetirmələri həvalə olunurdu.
Bu tapşırığın təcili surətdə yerinə yetirilməsinə xilasedici qoşunların olmaması maneçilik törədirdi.
Halbuki, səfərbərlik gec elan olundu, iş yaxşı gedirdi. Lakin eşalonların yüklənməsi, ələlxüsus da boşaldılası lazımi avadanlıqların olmadığı stansiyalarda baş verirdi və böyük vaxt aparırdı.
Yaralıların sarındığı məntəqələr və intendant avadanlıqlar məsələsinin həll olunmaması vaxtımızı çox alırdı.
Dekabrın 31-də mənim qoşunlarım artıq təyinat yerində idilər, daha doğrusu, sol cinah kiçik Tiriarın önündə yerləşən yüksəkliyi ələ keçirdi. Mərkəz qısa toqquşmadan sonra Ləmbəli-Sadaxlını tutdu, iki legionu ayırıb taxta-şalban zavoduna tərəf Xocornuya və oradan da Bordavora göndərdi. Sağ cinah Sanainin yaxınlığında yerləşən Opreti tutdu.
Dekabrın 31-də axşam daha 6 eşalonun Yuxarı Saral stanisyasında boşaldılması başa çatdırılmalı idi və yanvarın 1-də səhər tezdən sağ cinah hissələri eyni vaxtda Sanain və Alahverdi stansiyalarını tutmalı idi.
Gündüz saat 4 radələrində sağ cinahın mövqelərini gözdən keçirmək üçün Sadaxlıya getdim. General G. Sulukidzenin yanına gedəndə orada müdafiə nazirinin guya məni axtaran kuryeri rast gəldi.
Kuryer mənim adıma göndərilmiş zərfi təhvil verdi. Zərfdə əmr var idi ki, ona da əsasən mən dekabrın 31-də, gecə saat 12 radələrində ermənilər ilə saziş danışıqlarına başlandığından hərbi əməliyyatları dayandırmalı idim və qoşun hissələrini tutulmuş mövqelərdə saxlamalı idim.
Eyni zamanda məni agah edirdilər ki, bizimlə ermənilər arasında baş verən münaqişəyə iki qonşu millət arasında qan tökməni dayandırmaq istəyən ingilislər qarışmışdılar. Bu məqsədlə ingilislərin öz qoşunları ilə tutduğu neytral zona yaradırlar. Bu əmrin dəqiq yerinə yetirilməsi mənə, ona məsuliyyət daşımağım həvalə olunurdu.
Əmrə, sözsüz ki, tabe oldum və qoşuna lazımi sərəncamlar verdim.
Yanvarın 1-də ingilislər gəldi və Ayrum stansiyasından Şaqala stansiyasınadək öz piketlərini qoydular.
Erməni qoşunları əmrə əsasən əvvəllər durduğu yerə çəkiləndə mən tədricən qoşunları mövqlərdən çıxartmaq və onları evakuasiya etmək əmrini aldım.
Yanvarın 9-da əsas qüvvələrin evakuasiyasını başa çatdırdım və sentyabın 10-da öz qərargahımla Tiflisə qayıtdım.

Gürcü dilindən tərcümə edən: Mirzə Məmmədoğlu



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
General Əbdülhəmid bəy Qaytabaşı

General Əbdülhəmid bəy Qaytabaşı

Tiflis, Borçalı, Tarix
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
QƏLBİMİZDƏ YAŞAYAN ŞƏHİD

QƏLBİMİZDƏ YAŞAYAN ŞƏHİD

UNUTSAQ, UNUDULARIQ!....
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Pakistan prezidenti olan azərbaycanlı

Pakistan prezidenti olan azərbaycanlı

Azərbaycan, Tarix
«QIRMIZI KİTAB»IN MÜƏLLİFİ OLAN QARİBİ KİMDİR ?..

«QIRMIZI KİTAB»IN MÜƏLLİFİ OLAN QARİBİ KİMDİR ?..

Bədii Tərcümə
Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

YAP, Qarabağ
Berlinə ilk dəfə azərbaycanlılar girib - Rusların etirafı

Berlinə ilk dəfə azərbaycanlılar girib - Rusların etirafı

Tarix, Dünya
Şalva Mağlakelidze: «YAXIN KEÇMİŞDƏN – MESXET ƏTRAFINDA  BAŞ VEPƏNLƏRDƏN Bİ ...

Şalva Mağlakelidze: «YAXIN KEÇMİŞDƏN – MESXET ƏTRAFINDA BAŞ VEPƏNLƏRDƏN Bİ ...

Bədii Tərcümə
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Borçalı, Tarix
General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903)

General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
İgid döyüşçü Asif Yunisov

İgid döyüşçü Asif Yunisov

Qarabağ
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Arıxlı Alı Ağa

Arıxlı Alı Ağa

Borçalı, Bolus, Tarix
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Qarabağ, Tiflis
ŞƏKƏR AĞA

ŞƏKƏR AĞA

Borçalı, Bolus, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Qarabağ, Başkeçid
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər
Rəy yazın: