TƏBİBİN POETİK ETÜDLƏRİ

TƏBİBİN POETİK ETÜDLƏRİ
Elşirin (Akif Təbib)
“Anamın laylası bir yaz yağışı” adlı kitabına
ön söz əvəzi

“Anamın laylası bir yaz yağışı” adlı kitabın müəllifi ömrünün müdriklik yaşındadır.
Şeir əhli olan Təbib bu kitabındakı könül pıçıltılarını atasının 100 yaşına, ilk şeirini anasına ithaf edib.
Bu, ibrət götürüləsi müdriklik dərsidir:
Göydə Allahın, Yerdə Ata-Anan.


Elə bu səbəbdən də kitabı əlinə alan hər kəs elə ilk səhifəni açarkən öz valideynlərini göz önünə gətirəcək. Onların isti hənirtisini, doğma nəfəsini duyacaq.
“Anamın laylası bir yaz yağışı” adı məhz bu duyğulardan naxışlanıb.

Bu kitabı Elşirin (Akif Təbib) oxucuları ilə ikinci görüşüdür.
O, şairlik iddiasında olan qələm əhli deyil. Sadəcə bu dünyaya sığışmayanda, onun ağrı-acılarına dözməyəndə, ictimai haqsızlıqlarla barışa bilməyəndə, sabiryana düşüncə-lərə dalanda, gözəlliklər seyrindən doymayanda, se-vincdən göylərin yeddi qatına ucalanda, həyatın gər-dişini dostlarla bölüşəndə, bir körpə nəfəsinə tapınanda ... ağ vərəqlər üstündə poetik etüdlər edir. Realist hadisələr fövqündə romantik çalarlarla ovunmaq istəyən qəlbinin pıçıltılarıdır.

TƏBİBİN POETİK ETÜDLƏRİ Hər halda bu kitaba giriş söz yazarkən oxuduğum - misralar arasından duyduğum nəfəs bu idi. Obrazların bədii-estetik cizgiləri ilə tanış olduqca, narahat qəlbin həyəcanını duymaya bilmirsən. Dünyanın min bir sirrinə nüfuz etmək istəyənlərin yaşam tövrü belə olub. Sətirlər arasında çırpına-çırpına qalır. Elə ki, nəyi axtardığına, niyə axtardığına şahid olursan, müəllif düşüncələri qarşısında hey-rətdə qalırsan.

Lirik “mən”in ana məhəbbəti, ana həsrəti, ana ağısı insanı düşündürür, ürəyinin başına köz salır, tanış həsrət kimi. Fəxrəddin atanın ocağından ağ duvaqda pərvazla-nan gözəl bir qıza xeyir-duası məlhəm olduğu kimi, həm də tərbiyə dərsidir –

Ərinə sədaqət, məhəbbət, dözüm,
Ayağı sayalı bərəkət apar.


–toy-düyünlə ərlər sırasına qatılan oğlun tale sevincini misralarla pıçıldaşır –

Oğul idin, bu gündən oldun ər də,
Əhdi-peymanın, haqq-sayın mübarək!


“Dövlətdə dəvə, övladda nəvə” payının dadından-duzundan doyulmazlığını çiçək kimi sətirlərə səpir.

Bu misraların ardınca “lirik mən”in öz xarakteri, həyata fəlsəfi-estetik baxışları, könlündə qurduğu ərk qalasının seyri-səfası ilə tanış olursan. Hansısa filosofun sözüdür: hər dərdin açarı sevgidir, eşqdir, aşiqlikdir. Elşirin sevdalandığı ünvan Vətəndir, torpaqdır, dağında-daşında bitən otdur, ağacdır, yarpaqlar arasından ürkə-ürkə boylanan çiçəklərdir. Bu eşqin közü uca Allahdan gözünə-könlünə dolan nurdur, evində-ocağında yanan çıraqdır.

İçində gizlətdiyin və elə ona da sığındığın kövrək, pünhan hisslər aşiqlik məqamıdır. Bu dünyaya aşiq olmadan gözəllikləri görmək mümkün deyil. “Eşqdi, məhəbbətdi zinəti bu dünyanın” “dünya malı... ləlin eşqinə” düşməyən şairin eşqi tanrı dərgahından, mənəvi saflıqdan boy atır. Bəli, o, “yüyənindən bərk tutduğu eşq”lə baş-başa qalaraq dünyanın dərkinə dolur.

Elə bu duruluqdur ki, şair cəsarətlə deyə bilir ki, “dönmədim öz əqidəmdən bir quru ad - sana görə”, yoxsa “dolğun mənalı yaşayıb Elşir öz ömür payını”. Yaşadığın ömrü saf-çürük edərkən bu nəticəyə gələ bilirsənsə, nə gözəl! Insan ömründə eşqin başqa bir taxtı da var: qəlbini ovlayıb “səni bəlaya salan” tənhalıq. Dünyanın, təbiətin, yerin-göyün sirr-sehrinə aşiq olub heyrətdə qalmaqla bərabər, insanı özündən alan bir eşq çeşməsi də var –

Bülbül də nəğmə qoşar sevdiyi gülün eşqinə.

Amma bu dünyanın işi sevgiylə, aşiqliklə bitmir ki? Bunları duymaq üçün yaşadığın cəmiyyətə, ətrafda baş verən özbaşınalıqlara, insanlara zülm edənlərə, xə-yanətkarlıqlara, dərəbəyliklərə, insan həyatını alıb-satanlara biganə qala bilməzsən. Ya gərək dərviş olasan, ya cəmiyyət hadisələrinə baş qatıb sözünü deyəsən -

Məğrurluğun dəymir kimsəyə xeyri,
Heç kim insan tapmır özündən qeyri,
Hardan gəldi bizə bəla bilmirəm.
Ya da üsyan edib “mən belə dünyada qala bilmirəm”
– deyərək bayatıya düzəsən –

Dərdimizi yozan olsun,
Dərdə dərman yazan olsun.
Yarəbb, bir möcüzə göstər,
Müşgülümüz asan olsun.


O halda ümid qalır “gələcəyə gedən cığırlara, yollara”.

“Qardaşın necə adamdır?” – sualına müdriklərimiz belə cavab verib: “Yol yoldaşı olmamışam”. Lirik “mən” illərin, yolların sınağında bərkimiş, qranitləşmiş dostlarına münasibətini lirik notlarla ifadə edir: Aşıq Sakit, Niyazi İdrisoy, Nəsib Mirsaleh, Aşıq Ədalət Dəlidağ, şair Siyafər, el sənətkarları – Könül Xasıyeva, Yusif Mustafayev, Ağalar Bayramov... Onlarla ünsiyyətdə olarkən üzündə günəşin gülüşünü sezir. Onlardan birini itirəndə “dünya belə yaranıb” - deyə təsəlli axtaran şair içində göynəyən sözə tapınır, bükülüb yumağa dönür –

Büdrəyər mətinlik, axsayar əzm,
Kövrəklik güc gələr tablaşmaz dözüm,
Donar dodağında gülüş, təbəssüm,
Yaxın dostu itirəndə.


O zaman dərddən ovunmaq üçün sazı sinənə basıb deyəsən ki, qardaş, “gəl, bir söz sən de, birini də mən” –

Aşıq Sakit: Boğan əsrlərcə haqqın səsini,
Kamanı inlədən kaman, buymuş.
Elşir: Itirib ağlını, haqqı nahaqdan
Düz seçə bilməyən divanə, buymuş.


“Camış çox yalvardı bir ğün Allaha” – özündən başqa kimsəni görməyənlərə sabiryana gülüş lövhələridir, həcmcə kiçik, mənaca dərin “Kürzə”, “Milçək yığdı başına”, “Qanadlı camışlar” şeirlərində tənqidi və satirik ruh qabarıqdır.

Psixoloji mənəvi çırpıntılar burulğanında dolaşan nasir müəllif mübarizliyin uca məqamı, mübarizələr fövqündə qazilikdən şəhidliyəcən gedilən yolun yenilməz gücünü epik lövhələrlə ştrixləmişdir. Bir yandan gəncliyin düşüncələr məngəsində sıxılaraq faciəni qələmə alırsa, digər yanda Nəmrudların faciəsindən söz açır.

Nəmrudluğa gedən yolun Mahirin mənəvi saflıq düşüncəsindən keçdiyinə şahid oluruq.

Elşirin (Akif Təbib) “Anamın laylası bir yaz yağışı” adlı kitabında qoşma, təcnis, deyişmə, ağı-bayatı, mahnı, gözəllər vəsfinə qəzəllər, dodaqdəyməz, satira, hekayə, povest var - oxu və bir şair qəlbindən qopan tufana şahid ol!

Bu yazımın ruhu qarşınızdakı kitabdan pöhrə tutdu. Oradakı sözlərin işığından tutub, sətirlər, misralar arası gəzişərək bir yarpaq söz demək istədim, deyə bildimsə, yenə də söz sənindir, istəkli oxucu!

Almaz ÜLVİ
Filologiya elmləri doktoru

Bakı, 27 noyabr 2017


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: