Saf sevgi süzülür onun misralarından...

Saf sevgi süzülür onun misralarından...Sözə dəyər verəni, sözü qədərində, əzizləyə-əzizləyə işlədəni söz də dəyərləndirər deyirlər. Hamı sözlə təmasdadır. Minilliklərdən üzübəri insan oğlu sözlə təmas qurur, fikrini, düşüncəsini məhz sözlə bölüşdürür.Bu missiya ümumbəşəri bir fitrərdir. Amma bir də var ki, İlahinin seçərək əlahəzrət Söz mülkünə təhkim elədiyi insanlar. Sözün seçilməsinə, sonalanmasına cavabdeh olan insanlar-şairlər İlahinin seçdiyi insanlardır deyərdim. Şairlər həm də yer üzündə ilahinin yaratdığı, xəlq etdiyi dünya möcüzələrini-bütün gözəllikləri görən, duyan, eləcə də tərənnüm edən ilahi məxluqlardır. Əbu Turxan deyir ki, Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər.

Gənc yaşlarımda ara-sıra şeirlər yazar, alındı, alınmadı özümü qəhrəman hesab edərdim. Zaman keçdikcə anladım ki, şairlik sadəcə bir qəhrəmanlıq yox, dağdan ağır yükdür insan oğluna. Hamının görə bilmədiyini görmək, çoxunun duya bilmədiyini duymaq nə böyük hünər, məsuliyyət, həm də ağır bir missiya, ağır bir yükdür.

Bu ağır yükə, İlahinin lütf-kərəminə boyun əyərək söz mülkünə şirin ömrünü xəsislik etməyənlərdəndir Aydın Tağızadə. Aydın müəllim Azərbaycanımızın axar-baxarlı guşəsi Ağstafada yaşayıb yaradır.Yaşadığı bölgə neçə-neçə söz sərrafı-şair yetişib. Bu bölgə həm də sazla sözün müqəddəs bilindiyi bir məkandır.Elə bundandır ki, Aydın müəllim də müqəddəs müəllimlik peşəsi ilə bərabər həm də şairlik missiyasını yerinə yetirir, özüdə ləyaqətlə.

Aydın müəllimin poeziyası tələbkar oxucu üçün yenicə tapdığı dəfinəyə bənzəyir.Onun yaradıcılığı ilə tanış olduqca yaxşı mənada "acgözlük" edir, onun şeirlərini birnəfəzə oxumaq istəyirsən.Aydın müəllimin şeirlərindən büllur çeşmələrin, lilpar bulaqların şırıltısı, təmiz dağ havasının, yovşan, yonca, kəkotu, yarpız ətrinin qoxusunu, saf, ülvi məhəbbətin insan ruhuna hakim kəsilməsinin şahidi olursan.Nələr yoxdur onun poeziyasında...

Yol-yola qovuşur, çay-çaydan keçir,
Ürəyim hayqırır-haraydan keçir,
Harayım dağlardan, dolaydan keçir,
Səsimə bir səs ver, qoyma intizar
Axı, mənim Sənə ehytiyacım var.

Sözü labirintə salır, ədəbi priyomlardan ustalıqla istifadə edərək şirinləşdirir sözü Aydın müəllim.İstər-istəməz söz-söz, misra-misra fikirləşir, anlamaq istəyirsən bu poeziyanı.Yaşantılarını yazır Aydın müəllim.Onun poeziyasının şirinliyi də elə bundadır.Rəsul Həmzətov deyirdi ki, şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır.

Aydın Tağızadə yaradıcılığında hər şey vardır. Oxucu istədiyi mövzunu tapır bu lirikada. Amma mənim subyektiv fikrim belədir ki, məhəbbət onun yaradıcılığının ana xəttini təşkil edir. Damla-damla saf sevgi süzülür onun misralarından;

Ömrü gödək olan bəyaz gecədə,
Işıqlar sönsə də, arzular sönmür.
Fikirmə şərikdi bəyaz gecə də,
Amma, xəyallarım gerçəyə dönmür.
yaxud
Ayrılıqdan donaram mən,
Hicr odunda yanaram mən,
Sən qayıtsan, sanaram mən
Bütün dünya təzələnər,
qayıt geri...
Sevgini elə sevgi yaradar.Yaşamalısan ki, yaşadasan.Şamın yaşamağı yanmağındadır."Şair dərdləriylə yenə yol gedir".Bir vətəndaş yanğısi, haray duyulur poeziyasından Aydın müəllimin:
Vətən deyə--dryə vətənsiz qaldıq,
Vətəndaş sözü də adiləşibdir.
Gah “Yeraz”, gah “qraz” adını aldıq
Torpağa məhəbbət sadələşibdir.
Böyük şairimiz Nəriman Həsənzadənin yaradıcılığında daha çox, dönə-dönə oxuduyum ömür-gün yoldaşına yazdığı şeirləridir.Təmiz, ülvi hisslərini qələmə alıb şair.Aydın müəllim yaradıcılığında da rast gəldim bu mövzuya:
Mənim könül dostum, könül sirdaşım,
Ürək dilə gəlib kömək istəyir,
Ay mənim can param, həyat yoldaşım,
Çoxdandır bu sözü demək istəyir: -
Nə vaxt çıxacağam Sənin borcundan
Sənə yalvarıram – keç günahımdan...
Əvvəlin sonu var, sonun əzəli,
Aydınam, mən səndə dünyamı tapdım.
Bütün arzularım, şerim, qəzəlim
Məhv olub gedərdi sən olmasaydın.
Mənə yenidən bax misralarımdan –
Sənə yalvarıram – keç günahımdan...

Sadə, səmimi hisslər, etiraf.Gözəldir deyilmi?Etiraf insanın böyüklüyüdür.Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır.Elə bu mənada da böyükdür Aydın müəllim.

Sözsüz ki, kiçik bir yazıda Aydın müəllim yaradıcılığını bütün aspektlərdən aramaq, hərtərəfli araşdırmaq imkan xaricindədir.Sadəcə daha çox diqqətimi çəkən məqqamları qələmə aldım.Öncə qeyd etdim ki, Aydın Tağızadə yaradıcılığı hərtərəfli, çoxşaxəlidir.Tələbkar oxucunun bütün maraqları var bu şeiriyyətdə.İnsan özünü tapır Aydın müəllim yaradıcılığında. Buyurun tanış olun.

Aydın müəllim, Tanrı Sizi qorusun.Yaradıcılıq uğurları, bitib-tükənməyən ilham, sonsuz oxucu məhəbbəti arzulayıram!

Malik Balaşov
publisist


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: