Eldar İsmayıl: MƏNDƏN ÖTRÜ ERMƏNİSTAN YOXDU, YOX...

Eldar İsmayıl: MƏNDƏN ÖTRÜ ERMƏNİSTAN YOXDU, YOX...
MÜƏLLİFDƏN

Hər bir insan ömür adlı bir yolun yolçusudur. Özü hiss etsə də, etməsə də o, bu yolun aylardan, illərdən bir sap kimi çözələnib ötən dolaylarını, enişini, yoxuşunu keçə-keçə bir məqama, bir məqsədə, nəhayət bir mənzilə yaxınlaşır. Bu mənzilin astanasına çatmağa az qaldığını hiss edəndə dönüb arxada qalanlara boylanır. Yaxşılı-yamanlı, acılı-şirinli günlərin səlnaməsini vərəqləyir. Hər şeydən öncə uşaqlıq günlərinin xatirələri daha tez baş qaldırır.
Bütün Qərbi Azərbaycan övladları kimi mənim də talehimə didərginlik yazılıb. Neçə ildən bəri vətən həsrəti bir saat, ğir gün də olsun məni tərk etməyib. Aqillər deyib ki, əzizini itirən bir müddət ağlar, vətənini itirən ömürü boyu...

Bu mənada gündüzlər xəyalımda, gecələr yuxumda doğma kəndə, doğma oca­ğa qayıdıram. Bir az səksəkəli, bir az qətiiyətli halda "Seyidlər" məhəlləsiнdən "Arxanc"a, ordan "Aşağı məhəlləyə" ötürəm. "Meçidin döşü"ndən gah "Tap"a, gah "Ağdərə"yə gah da "kəndin içinə" boylanıram. Nəhayət ilk dəfə dünyaya göz açdığım ulu babamdan miras qalan ev damı və onun təndir tüstüsündən qaralmış palıd dirəklər, hisli kərənlər, bir də bacadan girib hərmələrdə palçıq yuva qurmuş qaranquşların çiviltisi yadıma düşür. Bu evdə anam Səkinənin, nənəm Bəstinin atası müharibədə olan bir uşağın nazı ilə oynadıqları göz önümə gəlir, eləcə də gəlin anamın sonrakı faciəli taleyindən qopan fəryad ürəyimə yüklənir.

Poetik misraların, qüdrətli sözün ilk şəhdi-şəkərini saysız-hesabsız şeirlər bilənı, bir neçə dastanı başdan ayağa söyləyən babam İsmayıldan öyrənmişəm. Heç yerdə bir sözü iki olmayan, hamının "Dəli İsmayıl" kimi tanıdığı, son dərəcə zəhimli, orta boylу, şahin baxışlı kişi sözün əsil mənasında sinədəftər idi. Üç-dörd yaşımda onun dilindən eşitdiyim bu misralar yaddaşımın əbədiyyət yolçusudur:

XƏSTƏ QASIM:
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı budağında bar olmaz.
TUFARQANLI ABBAS:
Sən zülm eyləmə, ay şahım,
El vurar daşınan məni.
AŞIQ ALI:
Özgələrdən bizə xətər yetişməz,
Eləməsək özümüzə özümüz.
AŞIQ ƏLƏSGƏR:
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.

Bu misalların sayını istənilən qədər artıra bilərəm. Taytuşlarımla "çiling-ağac", "aşıq-aşıq", "tirədöymə" oynaya-oynaya gündə bir buğda boyu bö­yü­yür­dük. Günlər keçdi atam Ələsgər müharibədən qayıtdı. Mən yenə də babamla da­ha çox "dostluq" edirdim.

Həmin günlərdə öyrənmişdim ki, "Ağbulağa gəlmədin" qoşması mənim Ağ­bulağımla bağlıdır. Öyrəndim ki, əmisi oğluna nişannılı olan Həmayıl əslən Tovuz elinin Cırdaxan obasından olub. Ona vədə vermiş nişanlısını Göyçənin Ağbulaq kəndində - yaylaqda gözləyir. Lakin hansı səbəbdənsə oğlan gəlib çıxmır. Bu həsrətdən üzüntü keçirən Həmayil xanım bu şeri Ağbulağın çox hörmətli şəxsiyyətlərindən biri olan Məşədi Molla Həsən kişinin evində qonaq olarkən demişdir.

AĞBULAĞA GƏLMƏDIN

HƏMAYIL


Əmim oğlu, məndən heç utanmadın,
Üç ay keçdi bir yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç elədim mən,
Ordan endim Ağbulağa, gəlmədin.

Demədin: dağdadır bir sərvinazım,
Bir bəyaz sinəlim, bir ağ boğazlım.
Ay qara tərlanım, mənim şahbazım,
Şikar üçün sən ovlağa gəlmədin.

Mən səni istərəm hamıdan əziz,
Sən məni eylədin qul kimi kəniz.
Ətirşah bəslədim güllərdən təmiz,
Bülbül olub qoxlamağa gəlmədin.

Varlılar yarıyla çəkdilər ləzzət,
Sən yada düşdükcə mən çəkdim həsrət.
Niyə belə etdin ay gəda xislət,
Şamama dərməyə tağa gəlmədin.

Mənim adım Həmayıldır, Həmaya,
Sinəm bənzər həm ulduza, həm aya.
Mənə vədə verdin: - gəlləm bir aya,
Bağlandın arana, dağa gəlmədin!
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: