Aydın DADAŞOV: ÇAĞDAŞ PYESLƏR

Aydın DADAŞOV:           ÇAĞDAŞ PYESLƏRMüxtəlif nəsilləri təmsil edən müəlliflərin ərsəyə gətirdikləri, xalq yazıçısı Elçinin "Arılar arasında", yazıçı-dramaturq Aqşin Babayevin "Xilaskar", filosof-dramaturq Firuz Mustafayevin "Su pərisi", şair-dramaturq Ələmdar Quluzadənin "Pənah evi", gənc dramaturq Çingiz Ələsgərlinin "Şahidə çevrilən şəhid", aktyor-dramaturq, teatr təşkilatçısı İftixar Piriyevin "Dan yeri söküləndə", yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Adəm və Həvva" pyeslərini təhlilə cəlb edilməklə ədəbi prosesin tərkib hissəsi olan çağdaş dramaturgiya barədə təsəvvür yaratmaq mümkündür.

* * *

Xalq yazıçısı Elçinin "Arılar arasında" komediyasında bir ailə daxilindəki ziddiyyətlər cəmiyyət müstəvisinə gətirilməklə mənəviyyat problemini önə çəkir. Xasiyyətcə, zövqcə bir-birinin əksi olan personajların bir ailə daxilində cəmləşdirilməsi strukturu zənginləşdirir. Ulduz falına inanan, itləri Nataşanı, pişikləri Gümüşü sevən Qadın, bu ev heyvanlarına nifrət edən Ər, ən böyük arı alimi akademik Qrossheymi tanımaqla fəxr edən Topuş, ən böyük arzusu qadınlar arasında ağırlıq qaldırmaq üzrə dünya çempionu olmaq istəyən əzələli, qüvvətli Zulya artıq ailənin müxtəlif maraqlara malik personajlardan ibarət olduğunu önə çəkir. Daim borcu olan biznesmen Topuşun, dağlar qoynunda olanda şeir yazmaq istəyən nişanlısı Lyalya, Zulyanın nişanlısı Qvineyada qastrolda olmuş, həmişə boğazını qoruyan, səhərlər çiy yumurta içən, xorsuz oxuya bilməyən müğənni Jaba da ailə üzvlərinin maraqlarının gələcəkdə də kəsişməyəcəyindən xəbər verir. Yalnız artıq ailə üzvünə çevrilmiş 63 yaşlı Dayə ilə, Bakıdan 240 kilometr aralı dağlarda, təbiətin qoynunda yaşamağa üstünlük verərək arıçılıqla məşğul olan, haçansa hüquqşünas olmuş 84 yaşlı Babanın maraqlarının üst-üstə düşmək ehtimalı əsərin ideyasının açılışına yönəlir.
Yazqabağı Ərin müqavimətinə baxmayaraq asfaltdan, səs-küydən, telefondan, televizordan, əsəbilikdən, gərginlikdən bezən ailənin dağlara Babanın yanına səfərin müzakirəsi əsas hadisəni nizamlayır. Qadının yaşamaq eşqi, ehtirası güclü olsa da, Dayənin mətbəxdə olduğunu bildirən Ərin ondan qaçması, melodrama üçbucağının sonradan açılacaq gizli mətləblərindən xəbər verir. Təbiətin qoynunda məşq etməyə hazır olan, fiziki cəhətdən güclü Zulyanın daim anasından icazə alan nişanlısı Jabanın zərif ev uşağı olduğu bütün məqamlarda təsdiqlənir. Qaz vurub qazan doldurmaq istəsə də əlindən heç nə gəlməyən Toppuş isə həyatı boyu dağ, meşə görməyib, qurbağa, cırcırama səsi eşitmək istəyən nişanlısı Lyalya ilə qarşılaşdırılır. Qadının itləri Nataşanı qonşudakı Meri Lazarevnanın pişikləri Gümüşü isə Ərin pişikdən zəhləsi gedən xalasının yanında qoyması haqqında söhbət gedən ev heyvanlarınını belə mühitə cəlb edir. Beləliklə qarşıya çıxa biləcək maneəni dəf etməklə, nəhayət ki, Babanın dağların qoynundakı evinə çatan ailənin problemləri yeni məkanda çözülür. Jabanın Gendelin oratoriyasını, Mendelsonun kantatasını xorda məşq etdiklərinə, Zulyanın Azərbaycan çempionu olduğunu bildirməsinə burada qəzet oxumayıb, televizora baxmayıb, akademik Qrossheymi tanımasa da, yalnız arılarla ünsiyyətdə olan babada maraq oyada bilmir. Və beləliklə hər hansı bir məhdudiyyətin insanın daxili qüvvələrini səfərbər etməsi yalnız məqsədyönlü fəaliyyətin səmərələiliyi təsdiqlənir.
Quzu kababı üçün darıxmış Qadından fərqli olaraq gələcək gəlini Lyalyanın heç nə anlamayan, hamıya inanan günahsız heyvana əl qaldırılmasına dözməməsi personaj fərqliliyini gözönü hadisələrdə üzə çıxarır. Jabanın vannada olan Ərin uzun-uzadı zəng çalan mobil telefonundan "Mişulya, salam!.." sözlərini eşitməsi qaynata ilə gələcək kürəkən münasibətləri fonunda ailədəki gizli mətləblərə də işıq salır.
"ƏR. Hə… Mənim dostumdu, bir yerdə işləyirik…
JABA. Anjaq… qadın səsi idi…
ƏR. Qadın səsi?.. Hə… (Gülür.) O bədbəxtin səsi qadın səsinə oxşayır… Hamı elə bilir ki, arvaddı!.. (Gülür. Jaba çiyinlərini çəkir.) Boğazın necədi?
JABA (boğazındakı şarfı düzəldərək). Qoruyuram də…" dialoqu komizmi artırmaqla yanaşı hər personaja xas əlamətlərin bir an belə diqqətdən yayınmasına imkan verməməklə psixologizmi bəyan edir. Qivineyada da kababın yaxşı bişirildiyini deyən Jabanın bu ölkəyə səfəri barədə məlumat yazan "Mədəniyyət" qəzetini də Bakıda anasından alıb hamıya göstərməyi unutmamaq üçün kiçik dəftərçəyə qeyd etməsi, xolestrinini normada saxlamaq üçün ət yeməkdən vaz keçməsi "Mənim üçün Azərbaycanın adını qaldırmaqdan uca heç nə yoxdu!" deməsi xırda təfəkkürlü tipajın psixoloji dağınıqlıq əlamətlərini səciyyələndirir.
Vaxtilə hələ birinci sinifdə oxuyan Topuşu hər gün məktəbə apardığını, beş yaşlı Zulyanı bağçadan götürdüyünü əzabla xatırlayan Qadının tələsə-tələsə hazırladığı xörəyin işdən gələcək Ərin bəyənmədiyinin yada salması, 35 illik birgə həyatda hədiyyə görmədiyini bildirməsi keçmişdən yığılıb qalan psixoloji ziddiyyəti yada salır. Hətta canlı hesab etdiyi meyvələrin də yeyilməsinə heyfislənən, bir az əvvəl ətini yediyi quzunu kəsən Babanı qəddar hesab edən Lyalyanın lotareya ilə maşın udub avtobuslardan canını qurtarmağı, rəfiqələrinin yanında forslanmağı arzulaması, Balı dünya bazarına çıxarmaq istəyən Toppuşun Qvatemaladan başlamağı düşünməsi, telefonla aldığı xəbərdən Zulyanın Tailandlı idmançı Kiyon Suq Pavinanın 256 kiloqram qaldırmasına dözə bilməməsi, anası ilə idman zalında oturub arvadının qələbəsinə azarkeşlik edəcəyi günü gözləyən Jabanın qəni dəyişib nişanlısını ştanqaçı görmək fikrindən daşınması real həyatda köməksiz insanların ümumiləşdirilmiş portretini yaradır.
Gecə hamı yatdıqdan sonra yalnız arılarla ünsiyyəti olduğunu deyən Babanın yağışın damcılamasına sevinən Dayəyə dəyərindən söz açdığı gülləri, çiçəkləri tozlandıran bal arsını yaradanla bərabərləşdirir. Dünyanı gül-çiçəksiz təsəvvür etməyən Dayə ilə dünyaya gətirdiyi gül-çiçəyi rəsmini çəksələr də arının özünün unudulmasını haqsız sayan Babanın şərab içmələri daha sağlam münasibətlərə meydan açır. Arıların sağlığına içildikdən sonra Babanın: "Yer kürəsində arılar məhv olandan sonra, insanların məhvi başlayajaq…" deyən Eynşteyni yada salması, qırx il uşaq baxçasında çalışdığını deyən Dayənin filosofluq edərək dünyanın dərkinin çətinliyini bildirməsi, Kanadada yaşayan qızının, zənci nəvələrinin nə zamansa onu unudacağından söz açması mənəvi problemləri qlobal müstəviyə gətirir.
Mövzu fantaziyada səhnə boyu uçan arılara çevrilən digər personajların tapıb əzab verməklə öldürmək istədikləri, onları dünyaya gətirən Ana Arı-Dayənin rəsmini çəkib gələcəyə ötürməyə çalışan Rəssam-Baba münasibətləri reallıqdan uzaqlaşmaqla tamaşalılığı artırır. Arı Qadının itaətkar Arı Əri xilaskara çevirmək istəməsi epizodu nəsillər qarşıdurmasına çevirməklə ziddiyyətin tərəflərini nizamlayır. Axı "Məndən əvəlki Qoca Ana Arını mən özüm öldürmüşdüm!.." deyən Ana Arı-Dayənin etirafından sonra Rəssam-Babanın portreti pozaraq özünü də məhv etməsi təbiət qarşısındakı gücsüzlüyü səciyyələndirir.
Real hadisədə hamını mehribançılığa çağıran Babaya məhəl qoymayan ailədəki qalmaqalların təzələnməsi, bal paylarını götürməyi belə unudaraq hamı şəhərə qayıtsa da, Dayənin Babanın yanında qalması çıxış yolunun təbiətə qayıtmaq olduğunu önə çəkir. Möcüzə nəticəsində əsməyə başlayan küləyin əl-ələ tutub, bir-birinə sıxılan iki ixtiyarı qabağına salıb, sanki heç vaxt gəlməyəcək gələcəyə doğru aparması dünyanın dərkinə yönələn pyesi tamamlayır.

* * *

Yazıçı-dramaturq Aqşin Babayevin "Xilaskar" sənədli publisistik pyesində ötən əsrin 90-cı illərinin əvəllərində baş verən sosial-siyasi hadisələrdən bəhs olunur. Ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb edən bu hadisələrin cərəyan etdiyi Ali Sovetin iclaslarının protokollarına istinad olunması informasiya gerçəkliyini artırır. Müəllifin uzun illər rəhbərlik etdiyi radionun da sənət estetikasına yaxından bələdçiliyi real hadisələrin səslə bağlı faktlar və sənədlər əsasında dramaturji struktura qoşulmasına imkan yaradır. Pyesin əsas personajlarından biri olan şöbə müdiri Ədalətin dilindən müəllif mətninin səslənməsi əslində bu pyesin avtobioqrafya səciyyəsini üzə çıxarır. Vaxtilə komsomol işində birgə çalışdıqları Ali sovetin Xanım-sədri ilə söhbətində "Adam su içdiyi quyuya tüpürməz" atalar sözünü fırladaraq peşəkar siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini dilə gətirməklə işsiz qalmaq təhlükəsi ilə üzləşən Ədalətin Naxçıvana getmək niyyətindən xəbər tutan digər şöbə müdirinin -yalnız ailəsini, çörəyini düşünən Saqqal Həmzənin gözlənilən digər variantlardan söz açaraq, Mixail Bulqakovun "Qaçış" əsərində gah ağların, gah qırmızıların paqonlarını taxan personajsayağı başının üzərindən asdığı portretləri vaxtaşırı dəyişdirməsi gülüş doğurur. Müxtəlif mövqeli personajların dialoquna nəzər salmaqla pyesin müəllif yozumunu və ali məqsədini həmən görmək mümkündür.
"Ədalət - Gələcək!, Mütləq gələcək! Mən o günü səbirsizliklə gözləyirəm. Çünki o şəxsiyyət mənim xalqımın ümididir, pənahıdır. Bir də mən özüm o nadir şəxsiyyətin kadrıyam. Xaricdə işləməyə gedəndə də onun xeyir-duası ilə getdim. Qayıdanda da onun xeyir duası ilə vəzifəyə təyin olundum. İnsan gərək çörək itirən olmasın.
Saqqal Həmzə - Yaxşı deyirsən insan gərək çörək itirən olmasın. Onda de görək sən bu xanımın çörəyini niyə itirirsən? Xalq Cəbhəsi səni işdən çıxaranda, bura səni bu xanım gətirmədi?
Ədalət - Mən bunu unutmuram ki.
Saqqal Həmzə - Unutmursansa bəs onda Heydər Əliyevi niyə müdafiə edirsən?
Ədalət - Mənim Xanıma hörmətim var. Amma indiki vəziyyətdə onlar Azərbaycanı xilas edə bilməyəcəklər. Xalq Cəbhəsi istəyir ki, bugünkü hakimiyyət istefa versin. Onlar hakimiyyət başına gəlsinlər. Amma onlar da, Azərbaycanı bu fəlakətdən qurtara bilməyəcəklər. Hamı gedib o Kişini hakimiyyətə dəvət etməlidir (Aqşin Babayev, Səhnə, ekran. efir. B.2008. səh 10.).
Beləliklə peşəkar siyasətçinin hakimiyyətə gəlməsi üçün ölümə də hazır olan Ədalət bütöv bir zümrənin ideya daşıyıcısına çevrilir. Heydər Əliyevin dilindən danışmaqla əsas personaja çevrilən Səsin mətnindəki: "Əvvəlki illərdə özünə müəyyən qədər yol açmış demokratiya, aşkarlıq, siyasi plüralizm artıq məhdudlaşdırılır, ölkədə diktatura üsul-idarəsi tətbiq olunur" cümlələri peşəkar siyasətçiyə rəğbət hissini artırır. "1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kvadrat kilometr idi. İndii isə 86 min kvadrat kilometrdir" (s.11) faktını dilə gətirməklə torpaq azadlığı mövzusunu qabardan peşəkar siyasətçinin çıxışını, ayaqlarını döşəməyə vuraraq hay-küy salmaqla durdurmaq istəyən deputatlar şər qüvvələrin təzahürünə çevrilir. Adları anonim saxlanmaqla bir çox deputatların çıxışlarının səs vasitəsilə təqdimatı əsəri radiopyesə çevirsə də bu epizodların dramaturji struktura qoşulması bütövlükdə bədii həllini tapır. Nəhayət şair Bəxtiyar Vahabzadə olduğu hamıya bəlli olan dördüncü Deputatın həlli vacib məsələni bir kənara qoyub keçmişin intiqamını almaq istəyən parlament üzvlərinii sakitləşdirməsi, düşmən sevindirməməyi məsləhət görməsi, Sabirin "Fəxriyyə" şerindən bir parçanı söyləməsi və Məmmədəmin Rəsulzadənin: "İstiqlaliyyəti olmayan xalqın xırda çəkişmələrlə məşğul olmağa ixtiyarı yoxdur" (s.14) kimi müdrik kəlmələrinə istinad etməsi vəziyyətə aydınlıq gətirir.
Səsin mətnində SSRİ-nin zorla qorunub saxlanılması üçün keçiriləcək referenduma qarşı çıxan, bir neçə respublikada demokratiyanın boğulmasında qan tökülməsindən söz açan Heydər Əliyevin yeni ittifaqa girməyi məsləhət görməməsi peşəkar siyasətçinin mövqeyini səciyyələndirir. "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər" (s.16) cümləsindən sonra bu yolun çətinliyini də bildirməklə xalqı yalnız bu yola dəvət etməklə Leninin büstünün də iclas salonundan götürülməsinin təklifi ilə pyesin əsas hadisəsi nizamlanır. Bu təkliflə razılaşmayan Xanım sədrin xalqa müraciət üçün qrup deputatla televiziyada veriliş aparmağı buyurduğu Ədalətdən: "Heydər Əliyevin əlehinə olan verilişdə mən iştirak etməyəcəyəm. Lazımdır, ərizəmi yazım, gedim" (s.18) cavabını eşitməsindən sonra aparıcı personajın çıxılmaz növbəti epizodda çözülür.
Neftçi Deputat: - Sən mənə qulaq as. Özü səni işdən çıxarmasa, ərizəni yazma. Naxçıvana gedim gəlim, yenə görüşərik.
Ədalət: - Yaxın günlərdə mən də Naxçıvana gedəcəyəm. Yoldaşım deyir ki, gəl plov bişirim gedək Naxçıvana. Gedək Kişini görək.
Neftçi Deputat: - Gedin. Camaat axışıb gəlir ora. Xalq sərrafdır. Yaxşını pisdən elə seçir ki…" (s.19) dialoqunda xatirat janrı insani münasibətlər zəminində üzə çıxır.
Ədalətin Naxçıvana getmək istədiyini bilən Saqqal Həmzənin telefonla prokrorluğa məlumat verməsi, hətta onun xanımının çalışdığı Pedaqoji instituta da anonim zəng edib bu barədə tədbir görülməsini tələb etməsi süjeti gərginləşdirir. Gəncədəki qanlı hadisələrdən sonra Xanım sədrin vəzifədən getməsi, 91 nəfərin Naxçıvana səfəri və nəhayət 9 iyun 1993-cü ildə Heydər Əliyevin Bakıya qayıtmasını mübarizənin başlanığıcı sayan Ədalətin mətni hadisələri irəliyə aparır.
Pyesin ikinci pərdəsində bir çox deputatın tələbi ilə Ali Sovetin sədri əvəzinin söz vediyi Heydər Əliyevin Gəncəyə getməyə dəvət etdiyi jurnalistlərə qoşulan Ədalətin Sədr əvəzi ilə münaqişəsi pərdəarxası münasibətləri diqqətə çatdırır. Gəncədən qayıtdıqdan sonra oradakı vəziyyəti tribunadan açıqlayan Heydər Əliyevin: "Əgər siz Ali Sovetin sədri vəzifəsini, sədr məsələsini həll etmək istəmirsinizsə, başqa məsələləri müzakirə etmək istəyirsinizsə, mən iştirak etməyəcəyəm" deməklə problemlərin həlli üçün rəsmi status qazanmaq cəhdi məqsədə gedən yola işıq salır. Sədr seçildikdən sonra Səsin dililə çıxışını: "Biz istəyirik ki, respublikamızda insan hüquqları qorunsun, demokratiya tamamilə bərqərar olsun, hər kəs öz sözünü deyə bilsin, hər kəs öz hüququnu müdafiə etməyi bacarsın, heç kəsin hüququ tapdanmasın və heç kəs heç kəsi istismar etməsin. Biz bu yolla gedirik və bu yolla da gedəcəyik. İnanın ki, tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır" cümlələri dövlət siyasətini səciyyələndirir. Həyatda ən böyük arzusuna çatdığını deyən Ədalətin sevinci, prokrorluğa zəng edən Saqqal Həmzənin çuğulluğunun qəbul edilməməsi və nəhayət finalda ümummilli liderin: "Biz düz yolla - haqq yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik!" fikirləri dövlət siyasətinin istiqamətini göstərir.

* * *

Firuz Mustafayevin elə ilk epizoddan tamaşalılığa rəvac verən "Su pərisi" pyesinin mövzusu ümümən insan azadlığı problemi üzərində qurulsa da, əsərdə qadın hüququ-gender problemi ön plana çəkilir. Tilovla balıq tutan Aslanın qarmağına düşmüş yosun saçlı qızın "Su pərisi" zənn edilməsi, "ovu" atmağı məsləhət görən dostu Çərkəzin: "Bəlkə o boğulub ölüb?... Sonra gəlib bizim boğazımızdan yapışacaqlar. Mən tanıyıram də, bizimkiləri. Deyəcəklər özünüz öldürüb suya atmısınız… Niyə ağrımaz başımıza buz bağlayırıq…" (Firuz Mustafa. Su pərisi. B. 2008. s. 116) cümlələri cəmiyyətdə kök salmış düşüncə tərzini əks etdirir. Lakin rel həyatda həllini tapmamış sosial problemə gülə bilməmək komediya janrının imkanlarının üzə çıxmasına mane olur. "Eybi yoxdu! Qoy bir az sahildə yaşasın!... Bizim nə çəkdiyimizi öz gözüylə görsün!.." (s. 117) deməklə ümumi dərdi bəyan edən Aslanın təklifini qeyri-sağlam bazar iqtisadiyyatına yönəldən Çərkəzin "Su pərisi"ni hovuza buraxmaqla bilet satıb pul qazanmaq eşqinə düşməsi isə nəhayət pyesin komediya janrını nizamlayır.
Aslanın arvadı Sonanın "Su pərisi"ni dənizə qaytarmağı məsləhət görməsinə baxmayaraq gələn demaqoq kimi tanınmış alim Qonşunun "ovu" öz bağındakı laboratoriyasına aparıb müayinədən keçirmək, lazım gəlsə simpozium çağırmaq niyyəti çürük təfəkkürlü ziyalının da iç üzünü açır. Hasardan aşıb gələn, müdir, məmur olduğu həmən üzə çıxan Kişinin cinin, şeytanın, "Su pərisi"nin mövcudluğunu dilinə gətirdiyinə görə bir vaxtlar onu institutdan qovmaq istəyən Qonşunun rüşvətlə ram edildiyini bildirməsi cəmiyyətdə həllini tapmadığından hələlik gülə bilmədiyimiz yeni bir broblemi ortaya atmaqla komediya janrını yenidən uzaqlaşdırır. Qızın "Su pərisi" olduğuna şübhələnərək ələ salındığını düşünən Polisə: "Əşi yekə kişisən, kimdir səni dolayan? Su polisi ola bilər, su pərisi ola bilməz bəyəm?" (s.145) deyən Qonşunun: "Polisdə mərifət nə gəzir? Yəqin ki, məhv edəcəklər onu" (s.146) cümlələri mövzuya dair problemi dilə gətirir. Bağında zoopark açıb "Su pərisi"ni də heyvanlara qatmaq fikrinə düşən Qonşu ilə, qıza sertifikat düzəldib baha qiymətə xaricilərə satmağı düşünməklə cibini güdən Polis bazar mövzusunu daha da genişləndirdikləri məqamda gələn Oğlanın "Su pərisi"nin əri olduğunun sezilməsi hadisələri real müstəviyə gətirir. Dəniz küçəsində qeydiyyatda olan Pəri adlı bu qızın ərinin təhqirlərinə, zorakılıqlarına dözməyərək evdən getməsinin bəlli olması əsas hadisəni nizamlayır. Ürəyində şutlama əməliyyatı aparılmış qızın sinəsinə qəlsəmə gəzdirməsi ehtimalı "Amfibiya Adam" filminin qəhrəmanını xatırlatsa da, sosial baxımdan mövzu daha dərin qatlara işləyir. Təkcə Oğlanın deyil, Qonşunun və hətta Polisin də, arvadlarına zülm etmələri, Sonanın da hər dəfə Aslanla dalaşandan sonra özünü dənizə atmağı ürəyindən keçirdiyini bildirməsi problemə ictimai status qazandırmaqla əsas dramaturji hadisəni durmadan irəliyə apara bilir.
İllərdən bəri Su pərisi barədə sənədli film çəkən rejissorun gəlişi ilə yaranan süjetdə qoyulan "Dəniz sənin üçün nədir?" kimi sualın yerli-yersiz təkrarlanması ilə mətbuatda baş alıb gedən qeyri peşəkarlıq probleminə də toxunulur. Su pərisi girəvə tapıb Kişinin avtomaşınını götürüb aradan çıxdıqdan, hamı dağılışdıqdan sonra Aslanın günahkar saydığı arvadını kəndirlə döyməsi, Sonanın dənizə sarı qaçması fabulanı davam etdirir. "Kabinetdə otura bilmirəm ki,.. Gah qəzetdən gəlirlər, gah da ki, televiziyadan… Hamı Su pərisi ilə maraqlanır… Hətta Amerika prezidentinin özü bu işlərə qatılıb.. Mənə də yuxarıdan göstəriş verilib ki, Su pərisini tapmalıyam…" (s. 169) mətni problemin miqyasını genişləndirə bilir. Finalda, Oğlanın Sonanı tutub gətirməsi, Rejissorun çəkilişləri və rəsmi geyimdə, müstəntiq kimi səhnəyə qayıdan Su pərisinin: "Mən dənizi istəyirəm" cümləsi, tələsik də olsa pyesi insan azadlığı ideyası ilə bitirir.


* * *

Şair-dramaturq Ələmdar Quluzadənin "Pənah evi" mənzum pyesi 1992-ci ilin mayında Şuşada Zaman babanın dilindən səslənən: "Daş qədər sevsəydik ana vətəni, başa çıxarmazdıq yoldan ötəni" (Ələmdar Quluzadə. Qadan mənə Qarabağ. B.,2006. s.362) mətni, "Mənim Zaman babam, elə hər zaman, sən də səhv etmisən, sənin baban da" (s.363) deyən gənc Turanın hissiyyat gerçəkliyi üzərində qurulan romantizmi önə çəkən: "Bu qədim qalanı top-tüfənglə yox, elə muğamatla qorumaq olar" (s.365) fikri ilə torpaq azadlığı probleminə toxunulsa da, əsər boyu görünməyən düşmənin işğalına məruz qalan qədim qala divarlarının tikintisi ilə bağlı mövzu-xatirələr əsasən sevgi motivi üzərində qurulur. Beləliklə, XVlll əsrlə bağlı hadisələrdə Bənna usta Ərdaşın qalanı hörə-hörə: "Göylərə ucalan bu daş qalalar, yurdu qoruyacaq yağıdan, yaddan" (s.366) inamı, Dəli Cəbişi ələ salan uşaqların oxuduğu nəğmədəki: "Kor qoyubdur Turanı, Cəbiş sevir Siranı" (s.373) məzhəkəsi, papaqçı Məşədi Vəlinin "Hara buraxım əldən, gül kimi Vartanuşu" (s.380) kimi özünü ifşa edən daxili səsi əsərin ideyasının açılışına yönələn müəllif mətninə çevrilir.
Lakin bənna Usta Ərdaşın əslən təbrizli şagirdi Türkelin bulaq başında görüb vurulduğu Sona ilə birgə "Cıdır düzü"ndə keçirilən yarışın mükafatını da qazanması ilə epizod, vətənpərvərlikdən daha çox məhəbbət mövzusunu önə çəkən süjet kontekstində həllini tapır. Səsi qayalarda əks-səda verməklə, gülə-çiçəyə üz tutmaqla romantik qəhrəman göstəricilərini yaşadan Türkelin Sona ilə sevgi xətti də, süjetin poetik həllini yaradır. İctimai motivdə isə Usta Ərdaşın: "Çəkiclə qurulan hər ev, hər qala, həmişə qılıncla qorunub bala", Türkelin: "Qüdrətli orduyam, basılmaz ərəm, canımı vətəndən əsirgəmərəm" (s.407) mətni özlüyündə yerinə düşsə də, xeyir-şər qarşıdurmasını səciyyələndirən hadisədə digər tərəfin struktura qoşulmaması ziddiyyətin üzə çıxmasının qarşısını almaqla dramaturji prosesə dağıdıcı təsir göstərir.
"Müqəddəs xan deyil, bu xanimandır" deyə əlini öpmək istəyən Türkelə mane olmaqla nəhayət ki, dramaturji struktura qoşulan Pənahəli xanın: "Götür bu qılıncı qurşağına tax, adınla öyünsün bütün Qarabağ" deməsi ictimai motivi önə çəksə də, qarışıq səslərin: "Xan bizim dayağımız, şamımız, çırağımız" (s.419) kimi kəlmələr cəmiyyət kontekstindən əvvəlki dekadentlik dövrünün mühitini yaradır. Və Pənahəli xanın da Sonaya müraciətlə: "Məhəbbət giribsə əgər qəlbinə, qızım çiçəkləri ver sahibinə" (s.420) mətni bu tarixi personajı da məhəbbət motivinə qoşur. Xanın süfrəsindəki Hindistan düyüsündən dəmlənən qırx qazan aşdan, Bağdad xurmasından, İran kişmişindən hazırlanmış aş-qaradan, Gürcüstandan gətirilmiş qırx tuluq şərabdan, Şırlanın qaymağından, Sarıbabanın balından, kababdan söz açaraq: "Çadırlara buyurun, özünüzü doyurun" deyən carçıya: "Bu gün qarın bayramı" (s.423) cavabını verən Dəli Cəbiş tədbirin müsbət mahiyyətini dəyişir. Xanəndə oğlanın Usta Ərdaşın qızı Sunazla sevgi xətti poetik həllini tapan növbəti süjeti ortaya atmaqla məhəbbət mövzusunun keyfiyyət deyil, kəmiyyət həllini gerçəkləşdirir. Paralel sevgi motivində Türkelin: "Eşqimə ev tiksəm adi daşyonan, eşqimi qorusam əsgərəm demək" (s.446) kəlmələri isə torpaq azadlığı mövzusunu istər-istəməz uzaqlaşdırır. Finalda "Salam Zaman baba bağışla bizi, azad etməmişik vətənimizi" deyən Turanın sızıltıları romantizmi real hadisənin qapanan bədii çərçivəsində həll etsə də, onun: "Millətin sahibi tapıldı baba, yurdun sərkərdəsi öz yerindədikəlmələri" (s.448) kəlmələri, Zaman babanın ruhunun:

Böyük sərkərdənin qızıl heykəli,
Başında tac olsun Qızıl qayanın!
Bu nahaq qanları yerdə qoymayın,
Vuran əlləriniz, oğul, var olsun!
Bizim qalaları darda qoymayın,
Bizim igidlərə uğurlar olsun! (s.449)- xitabı və sonda səslənən əsgər şərqisi müəllifin optimizmini bəyan edir.

* * *

Gənc dramaturq Çingiz Ələsgərlinin torpaq azadlığı mövzusuna həsr olunmuş "Şahidə çevrilən şəhid" pyesinin birinci hissəsi sadə Mehmandarovlar ailəsinin timsalında cəmiyyətin modelini verə bilir. Qarabağ mövzusundakı radio və televiziya verilişlərinin davamlı olaraq dramaturji strukturda qalması problemin daim diqqət mərkəzində saxlanılmasına imkan yaradır. "Dövlət qurmaq işi sizin öhdənizə düşüb, qurun da, necə dövlət istəyirsiniz, eləsini də qurun" deyən Ataya "Yaxşı tapmısınız, qurun. Bəs nəyin üstündə quraq. Yenə sizin kimi, özülü olmayan bina tikək ki, sabah zamanə küləyi onu vurub yerlə yeksan eləsin" (Çingiz Ələsgərli. Pyeslər. B.,2006. s.160) deməklə siyasi savadını nümayiş etdirən, tələbə kimi qətiyyətli olub müəllimə rüşvət verməyən, ailənin kiçik oğlu Səidin qaz vurub qazan dolduran biznes adamı, Zöhrab dayısına rəğbəti olsa da Ata və Ananın halallığı üstün tutmaları mühitin sağlamlığından xəbər verir. Məhz belə mühitdə böyümüş böyük oğul Fəridin toyuna bir həftə qalmış cəbhəyə yollanmasına razılıq verən nişanlısı Fidan da, yeni nəslin vətənpərvərliyinin təcəssümünə çevrilir.
İkinci hissədə dərdli ailənin divara asdığı qara lentli portretin Fəridin şəhidliyindən xəbər verməsi, bacısı Fəridənin mətnindəki: "Fidanı tanıya bilmirəm. Allah eləməmiş qız elə bil havalanıb, mənə baxıb deyir ki, "Hamı elə bilir ki, Fərid ölüb, amma heç Kim bilmir ki, Fərid sağdır, o elə bir yerdədir ki, gələ bilmir. Ancaq yerini deyə bilmirəm, bircə onu deyə bilərəm ki, məni yanına çağırır. Deyir ki, nə var orda boş-boşuna oturmusan, gəl burda həyat quraq, oğul-uşaq sahibi olaq" (s.179) cümlələri dərdin təzahürünə çevrilir. Minaya düşdüyü söylənilən, cəsədi də tapılmayan qardaşının, ailənin, vətənin intiqamını almaq üçün könüllü cəbhəyə yollanmağa qərar verən Səidin: "Mən dövlət başçısının yerinə olsaydım indi bütün işləri dayandırıb, müharibə dəhşətini bütün qabarıqlığı ilə 8 milyonluq millətin qarşısına qoyardım. Müharibə bir nəfərin, 100 nəfərin müharibəsi deyil, müharibə millətin, xalqın müharibəsi olmalıdır" (s.185) cümlələri cəmiyyətdəki müəyyən bir zümrənin fikrini səciyyələndirir. Rotadakı 96 nəfərdən yeganə sağ qalan Fəridin erməni əsirliyindən qaçmasının finalda məlum olmasının Fidanın və Səidin fantasmaqorik yuxularını reallaşdırması informasiya gerçəkliyinə kölgə salaraq hadisələrin idarəsinin sxematikliyinə səbəb olmaqla ideyanın bədii həllini də tam şəkildə verə bilmir.

* * *

İftixar Piriyevin "Dan yeri söküləndə" pyesi tarixən Borçalı mahalında yaşayan azərbaycanlıların problemlərini, bir gün ərzində baş verənlərin timsalında, klassik zaman-məkan birliyi çərçivəsində önə çəkir. Dan yeri söküldükcə orada yaşayan soydaşlarımızın sosial-siyasi problemlərinin üzərinə işıq seli düşür və istedadlı səhnə ustası Vaqif İbrahimoğlunun dediyi kimi "Zaman-zaman televizyondan aldığımız çaxnaşmalar haqqında məlumatlardan savayı qardaşlarımızın var olmaları barədə "dürlü xəbərləri", ordakıların dərdini, ümidlərini, səhvlərini və gileylərini aləmə bəyan edən müəllifdən alırıq." (Şəhər adamıyıq. Nəbz q. 15 aprel 2006) Pyesin əvvəlində Molla Qasımın dilindən səslənən: "Bu Baduladze əvvəl-axır bu kəndi burdan köçürdəcək!"(səh.4) sözləri itirə-itirə gəldiyimiz babalarımızın yaşadıqları torpaqlarımızın əldən getməsi prosesinin qarşısının alınması üçün ciddi bir xəbərdarlığa çevrilir. Avtaritet Abının həbsxanadan çıxması xəbəri Dul Alının dilindən səslənməklə əsas dramaturji hadisə bəyan edilsə də, epizodun estetik təqdimatının uzanması fəaliyyət mexanizmini ləngidir. Belə ki, növbəti səhnədə şəhərə gedən avtobusun gəlib çıxmaması və buraya yığışan personajların təfsilatlı təqdimatı ekspozisiyanı uzatmaqla yalnız Avtoritet Abının bu kəndlə ziddiyyətini aydınlaşdırır. Və belə məlum olur ki, bu adam qızını onun qoşulub qaçdığı oğlanla birgə qətlə yetirmişdir. İndi isə oğlanın atası Yaradanqulunun nəslini yer üzündən silməyə və bu kənd ilə haqq-hesab çəkməyə söz vermişdir.
Yenə də Molla Qasımın dilindən səslənən: "Bir yannan Baduladze, bir yannan Barbaryan, bir yannan da Abı" (səh.5) sözləri problemi əks mövzuya tabe etdirən şər qüvvələrin siyahısını müəyyən edir. Obolo Bəşir kimi mal-heyvan oğrusunu kəndin canına daraşdırmaqla dözülməz vəziyyət yaradan, günahsızları dama basan, millətçi mövqeyini gizlətməyən kənd icra nümayəndəsi, gürcü Givi Babuladze, azərbaycanlılara pataloji nifrəti olan sahə müvəkkili, erməni Rafik Barbaryanla birgə rüşvət yolu ilə ətraf torpaqları özəlləşdirmiş Abının da adı hallansa da, sonuncu personaja kənd əhlinin fərqli münasibəti dramaturji strukturda çaşqınlıq yaradır. Xeyir-şər məclislərində Aşıq Əhsənin və Molla Qasımın səhvlərini tutmaqla onların qeyri peşəkarlığına qarşı çıxan Abının əslində savadlı bir ziyalı olduğu qənaəti də yaranır. Dul Alının dediyi kimi qorxaqlara qənim kəsilən Abının comərdliyi də üzə çıxır və onun öz həmkəndlilərinə qəbristanlıq yeri qıymaması inandırıcı görünmür. Belə bir məqamda yemək-içmək səhnəsinin uzanması ilə fabula mexanizminin süjet istiqamətinə yönəlməsi hadisələri ləngidir. Sadəcə səbəb nəticə əlaqəsini ayırd edən süjet daxilində öz məhsulundan çaxır hazırlasa da, bu prosesi kənardan izlədiyini, şərabı isə dilinə vurmadığını iddia etməklə gülüş hədəfinə çevrilən Molla Qasım, səsinin və sənətinin arxasında şəxsiyyət dayanmayan, gürcü adətincə "cərimələnib" sərxoş olan Aşıq Əhsən, general rütbəsinə yüksəlsə də, ictimai əhəmiyyət daşımayan Muncuqlu Mahmud kimi personajlara tamaşaçı münasibəti dəqiqləşə bilmir. İncidilən həmkəndlilərinə gözönü hadisələrdə passiv də olsa qahmar çıxan, heç olmasa onların dərdini Cəlil Əfəndiyə çatdıran, sazı-sözü ilə tamaşanın estetik həllini təmin edən Aşıq Əhsəndən fərqli olaraq, əsasən rusca danışan Muncuqlu Mahmudun mətni ikili standart yaratmaqla tamaşaçını çaşdırır. Və beləliklə uzun illər rusiyada təhsil alıb sürgündə, həbsxanada olsa da, bu kənddə böyüyüb başa çatmış Muncuqlu Mahmudun və onun Sibirdən özüylə gətirdiyi, rus dili müəlliməsi olan xanımı Lyudmilanın mətnlərinin rusca olması lüzumsuz görünür.
Pyesdə əsas ideya daşıyıcısı olan Cəlil Əfəndinin haqq-ədalət mövqeyində durması, fağırlara təqaüd düzəltməsi digər personajların və onun özünün dilindən sadalansa da, gözönü hadisələrdə onun yeni qəbristanlıq üçün torpaq axtarışında olması əsəri nekrofiliyaya yuvarlandırır. Belə ki, köhnə qəbristanlığın dolması səbəbindən kənddə dünyasını dəyişəcək kəsin dəfni üçün torpağın olmaması təklif olunan vəziyyəti bəyan edir. Və digər tərəfdən doğma kənddə ölüsünün dəfni üçün torpaq tapa bilməyən əhalinin problemi simvollaşır. İctimai mövqedə dursa da, qubernatorun qəbuluna düşə biləcəyinə tam əmin olmayan Cəlil Əfndini şəhərə çatdırmaqdan müxtəlif bəhanələrlə boyun qaçıran, Dambat Dursunun şər qüvvələr tərəfindən cəzalandırılması fabula mexanizmini işə salsa da, epizodların mexaniki montajında problemin həllinə yönəlmiş hadisələr toplusunun dağınıqlığı süjet xəttinin önə keçməsinə səbəb olur. Və beləliklə klassik dramaturgiyanın təməli üzərindəki tağlar tamamlanmamış onun üzərində naxışlar vurulur.
Professor İlham Rəhimli "Dramaturq İftixar Piriyevin koloritli bədii tipləri səhnədə yüksək bədii -estetik səciyyə daşıyan maraqlı səhnə surətləridir. Canlı yapışıqlı, ifadəli və tipik bədii personajlardır. (İ. Rəhimli. Sökülmüş mənəviyyatların müsibəti. 525-ci qəzet. 20 may 2006.) yazmaqla səriştəli mütəxəssis kimi pyesdəki iştirakçıları fabula mexanizmindən doğaraq mihitə üsyan edən xarakter, faktın və hadisənin mahiyyət daşıyıcısı olan obraz deyil, süjet kontekstində mövcud olan tipaj və personaj xislətlərini dəqiqliklə dəyərləndirir. Şübhəsiz ki, müəyyən sosial zümrəni səciyyələndirən tipik bədii personajların yaranması da mükəmməl səhnə ömrü yaşamış müəllifin zəngin müşahidə qabiliyyətinin təzahürüdür. Ancaq unutmaq olmaz ki, yalnız fabula mexanizmi tamaşaçını səhnəyə bağlamaqla yanaşı, aktyorun də sənət həzzi duymasına şərait yaradır. İnəyi oğurlanan yetim Bayramın günahsız yerə həbs olunması, və Cəlil Əfəndinin təkidi ilə azad olduqdan sonra öz zalımlarına indi ağartısız da qalmış uşaqlarının boğazından kəsdiyi cücəni bişirtdirib aldığı içkilərlə gətirməsi, personajı mikro fabula daxilində bədbəxtlikdən-xoşbəxtliyə və əksinə sürükləməklə yaratmaqla epizodu mükəmməlləşdirir. Lakin bütövlükdə dramaturji strukturun fabula üzərində qurulmaması dialoq və replikaların hadisələri irəli, finala doğru itələməsinə mane olur.
Tarixdən gələn mənəvi dəyərləri yaşatmaqla milli etnosun posionar enerjisinin tənzimlənməsi missiyasını yerinə yetirən Dul Alı və onun sevgilisi Nanı Kişi kimi havalı, Ağ Mələkdən ismarıc gətirən yarımmifik personajların aparıcı mövqedə durmaları iki aləm arasındakı əlaqələri önə çəksə də, onların folklora dərindən bələd olmalarının gen-boluna nümayişi real və irreal hadisələr zəncirini qırır. Və beləliklə prozaik personaja çevrilən bu surətlərə münasibət neytrallaşdığından finalda onların qeyb olmaları dramaturji hadisə yarada bilmir.
Abının ölüm hadisəsində əlinin olmadığının məhkəmədə olmuş yeganə adam, Cəlil Əfəndi tərəfindən: "Abı tutulanda məndən basqa heç kim onun mənkəməsinə getmədi. Hamı Abını qınadı. Bu Abıya çox yer eylədi. Mən onunla məhkəmədə görüş alanda, o mənə bu barədə dedi ki, o bu işi kəndə bağışlamayacaq. Bir də onu dedi ki, uşaqları öldürməyib…" (səh. 33-34) deyə bəyan edilməsi dolaşıq ziddiyyət yaratmaqla bu personaja da münasibəti neytrallaşdırır.
Rusiyaya qazanc dalınca getsə də, ailəsinə, qoca anası Qızdarbəyimə yardım edə bilməyən Xıdırdan aldığı savadsız teleqramı oxuyub, səhv anlayaraq şivən qoparan arvadı Günəşin hərəkətlərinə Molla Qasımın: "Buna nə oldu ə… Qızdarbəyi qarı çezdimi nədi?"-(səh.36) deyə özünəməxsus reaksiya verməsi birinci hissəni mexaniki olaraq şirin sonluqla bitirsə də, yeni və digər bir problemi meydana atır.
İkinci hissədə qadın kimi hörük saxlayan Xıdırın yeni arvadı Nataşa və bir yaşlı qızı Daşa ilə gəlişi onun arvadı Günəş tərəfindən hay-küylə qarşılansa da, koloritli tipaj olan Sülə Süleymanın Muncuqlu Mahmudu şərab dolu stəkanı başı üzərinə qoyub, kətilin üzərində "Ruhani" havası üstündə rəqsə təhrik ketməsinə və tövbə deyib tərgitdiyi içkiyə daxili tələbatının nümayişi qonaqlıq epizodunun uzanması üçün şərait yaradır. Məclisə gəlib çıxan və buradakı himayədarlarına güvənən mal-heyvan oğrusu Obolo Bəşirin əməllərini üzünə çırpan Muncuqlu Mahmuda dediyi: "Qurban olasan Urusiyyətə, qurban olasan Lyuda müəlliməyə, yoxsa çoşqaların çoxdan xorullamışdı."(səh.51) sözləri bölgədəki geosiyasi vəziyyətin mənzərəsini uğurla yaradır. Özünün şəhər sərgüzəştini danışan Obolo Bəşirin pullu ayaqyoluna daxili etirazını "sana qurban olum a dağlar, görəsən bu gedişatnan, bu hesabatnan mənim sizə nə qədər borcum olar?" (səh.52)sözləri uğurlu lətifə kimi səslənsə də son nəticədə ona da lüzumsuz tamaşaçı rəğbəti yaratmaqla əks mövzuya xidmət edir. Xıdırın gətirdiyi külfətinə üz tutub: " Deysən dalı lafetlidi, belarusdandı. Ayə gətirirdin gətirirdin, birciyini də bizə niyə gətirmirdin?"(səh.53) -deyən Sülə Süleymanın dilindən digər lətifəyə dramaturji status vermək cəhdi ikinci cümlədə onun məhdudluğunun təzahürünə çevrilir. Nataşanın belarus deyil, rus olduğunu və monqolla qarışığını vurğulayan Xıdırın onun yekə biznesmen olduğunu, kəndin bulaqlarının suyunu butulkalara doldurub aparmaq fikrini önə çəkməsi bazar iqtisadiyyatının fəsadları kimi daha yeni bir problemi üzə çıxarır. Babuladze və Barbaryanın təhriki və Xıdırın razılığı ilə gürcü qaydasınca cərimələnən sərxoş Nataşanın iki il yarım ərinin yolunu gözləyən Günəş ilə saçyolmaya çıxmaları məişət qovğasının natural təzahürünə çevrilir. Qadın xronotiplərinin azlığı ilə itirən dramaturji strukturda bu naturalizm daha qabarıq görsənir.
Günəşin dərdini dinləyən Cəlil Əfəndinin daha vacib məsələ olan dolmuş qəbristanlıq problemini və Abı kəndə gəlməmiş kiminsə dəfn olunmasının vacibliyini xatırlatması gecikmiş fabula mexanizmini dirçəldir. Kimin ölümə daha çox layiq olduğunu sübut edən personajların çıxışlarından sonra, zülmətdən sökülən dan yerinin işığında büstü dağılmış bünövrə üzərindəki Dul Alı ilə, Nanı kişinin simvolik ölümü keçmiş və gələcək arasındakı əlaqənin sonu kimi səslənir. Və bu məqamda Yetim Bayramın Dul Alı sayağı çubuq atını səyirdərək Ağ Mələkdən ismarıc gətirməsi əlaqənin davamı kimi səciyyələnir.
Əbədi, qlobal, dünyəvi deyil, dövrü, lokal, regional problemləri önə çəkməklə klassik dramaturgiyadan qaçaraq tənqid-təbliğ estetikasına meyillənən pyesin, janrının qeyri-dəqiqliyinin gerçəkliyin obrazlı modelinə xələl gətirməsi nəzərdən qaçmasa da, əsərdə təbii insani münasibətlərin, hakimiyyət qurumlarının saxtalığı ucbatından məhv edilməsi prosesi, qlobal ziddiyyət kimi dramatizmin alt qatında gizlənərək həyəcan təbilini qətiyyətlə səsləndirir.

* * *

Elçin Hüseynbəylinin əfsanə ilə reallığı birləşdirən "Adəm və Həvva" pyesində dünyanın ilk sakinlərinin hər ikisi cinsi mənsubiyyəti şübhəli görünən iki Vəkilin hüquqi yardımı ilə, emansipasiya tərəfdarı olan dul qadının - Prokurorun ittihamına qarşı iddiaçı rolunda çıxış edirlər. Belə ki, Adəmin onun Həvva nənəsini yoldan çıxartmaqda günahlandıran Prokurordan əlavə dramaturji strukturdakı qətiyyətsiz Hakimdən, sevgilisini itirdiyinə görə yanıb-yaxılan, daim sərxoş Məhkəmə katibindən başqa şahid qismində çıxış edən İblisin də iştirakı irreallığın göstəricisinə çevrilir. Adəm baba ilə Həvva nənənin gen daşıyıjıları kimi, min illər keçəndən sonra belə bu ittihamın puçluğunu sübut etməli olan gənclərin ilk ulu əcdadların bir-birilərini ürəkdən sevdiklərini gözönü sübut edən Adəmlə Həvvanın cinayətkar olmadıqlarını deyib müttəhimlər kürsüsünə keçməmələri müqavimətin ilkin mərhələsini səciyyələndirir.
Məhkəmə prosesində alma əhvalatının da uydurma olduğunun üzə çıxması bir-birini indi də sevməkdə davam edən Adəmlə Həvvanın əlaqələrini rəsmiləşdirmək barədə ərizələri problemi ortaya qoyur. Şahid kimi çıxış edən İblisin mətninin açıq-saçıqlığı müəllifin daxili azadlığının təzahürünə çevrilir. Alma ağacının başında oturmuş İblisin meyvəyə tamah salan Həvvaya göz-qaş etməsindən xəbər tutan Adəmin qısqanclığı melodrama üçbucağını yeni kontekstdə üzə çıxarır. Palçıqdan yoğrulmuş bəni-adəmə səcdə etmədiyinə görə taxt-tac sahibinin sevimli mələyi İblisi dərgahından qovması səmavi həyatla bağlı əfsanəni postmodernist kontekstə gətirir. "Onda mən ona dedim:-Ya bizi yaradan, ya taxt-tac sahibi, bütün kainatın hakimi, onda icazə ver, mən istədiyim vaxt insanların qəlbinə girib onları yoldan çıxarım. Onda baxıb görərik güclü kimdir, mən, yoxsa o!? O isə cavab verdi: (Xüsusi tonla). İcazə verirəm, amma bir şərtlə: əgər həmin adam tamahına sahib deyilsə. Bu da mənə bəs idi. Çünki bilirdim ki, zatı palçıqdan yoğrulanın, tamahı burnunun ucundadır. Bax bunun kimi (Həvvanı göstərir), həm də bunun kimi (Adəmi göstərir). Həvvanın burnu almanın iyini tutmuşdu. Məndən olsaydı, birinci onun burnunu kəsərdim, sonra isə Adəmin… orasını…" (Elçin Hüseynbəyli Adəm və Həvva. səh.14) cümlələrindən göründüyü kimi postmodernist təfəkkür müqəddəs sayıla biləcək mətni belə dramaturgiya üçün tikinti materialına çevirir. İblisin verdiyi almanı yeməyib yoldan çıxarmaq istədiyi Adəmə saxlayan Həvvanın iki cinayətdə günahlandırılması dramatizmi artırır. Adəmlə Həvvanın cənnətdən yerə qovulması sayəsində zaman-zaman törəyib artan bəşəriyyətin yaranmasında öz rolunu vurğulayan İblisin mülahizələrinə qarşı çıxaraq özünün bakirəliyini vurğulayan Həvva mövzunu yeniləşdirir. Beləliklə nəvələri yer üzündə törəyib ardığı güman edilən mifik personajın tibbi ekspertizaya cəlb olunması gözlənilməz dönüş nöqtəsinə çevrilir.
İkinci hissədə Həvvanın bakirəliyinin ekspert rəyi ilə təsdiqində Hakim dilindən səslənən: "Keçdi köhnə zamanlar! İndi məhkəmə müstəqildir. Ya gərək haqlı olasan, ya da o qədər pulun olsun ki, haqqını pulla alasan!" cümləsi müəllif mətni kimi publisistik dəyər qazanır. Prokurorun: "Mən buna heç cür inana bilmərəm ki, Həvva bakirədir. Bəs onda bu qədər insan hardan törəyib artıb?" sualına Həvvanın: "Nə olsun ki, Müqəddəs Məryəm də bakirəydi, amma İsa peyğəmbər kimi müqəddəsi dünyaya gətirdi!" (səh.18) cavabı, Vəkillərin Adəmdən, yoxsa meymundan əmələ gəlmələri barədəki mübahisələri hadisələri fikir qarşıdurması halına gətirməklə psixologizmi artırır. Dini və metofizik fikir qarşıdurmasından sonra Hakimin Adəmlə Həvvanın bir-birini sevdiklərini və ya onlardan hansısa digərini yoldan çıxardığını araşdırması fabulanı diqqət mərkəzində saxlamaqla mövzunu nizamlayır. Qabırğasından yarandığı kəsə məhəbbətini təbii sayan Həvvaya qarlı dağların başından edelveys gülü gətirmiş sevgilisi Adəm poetik münasibəti əfsanələrə dramaturji status verir. Cənnətdə qarlı dağların olmadığını vurğulayan İblisin Adəmə gülü özünün verdiyini bildirməsi bu dramatizmi artırır. Taxt-tac sahibinin dərgahına gedib, bir-birlərini sevdiklərini etiraf etsələr də, nəfslərinə tam sahib olmayana qədər evlənmələri qadağan olunan Adəmlə Həvvanın İblisin uydurmasının qurbanı olmaları xeyir-şər qarşıdurmasını dəqiqləşdirir. Özünün bakirəliyini sübut edərək Həvva nənənin adını daşıdığını bildirən qızın Adəm babanın həmadlısı ilə bir-birlərini sevdiklərini və indii əlaqələrini rəsmiləşdirmək istəmələri zaman məkan parametrlərini şəffaflaşdırır. Özlərinin cənnətdən qovulmadıqlarını, nəfislərinə sahib olana qədər günah işlətmədiklərini bildirən Həvvanın: "Əgər o bizi lənətləsəydi, Adəm və Həvvanın nəsli yer üzündə olmazdı, onlar sonsuz qalardılar. Amma biz inanırıq ki, bizim övladlarımız hələ yer üzündə çox yaşayacaq və daim artıb törəyəcək" cümləsinə şübhə ilə yanaşan Prokurorun diqtəsi ilə insanların günahdan deyil sevgidən yarandığının sübutuna çevrilən iddia ərizəsinin puça çıxarılması, Həvvanın: "Belə məhkəmədənsə, daim şaiyələr və günahlar içində yaşamaq yaxşıdır!" (səh.29) qənaəti ədalətsizlik problemini qabartmaqla hadisələri cəmiyyət müstəvisində bitirir.

* * *

Çağdaş pyeslərə nəzər salmaqla dramaturgiyada mövzu-problem əlaqələrinin yalnız sözdə deyil, gözönü əməli fəaliyyətdə, hadisəlilik prinsipində açılışında, strukturdakı fabulanın süjeti sıxışdırmasında, personaj, tipaj, obraz, xarakter fərqlərinin gözlənilməsində üzə çıxdı. Əsasən müəllifi səciyyələndirən üslubiyyətdə peşəkarlığın cilalanması, azad fikrin formalaşması ilə fərdi üslubun tədricən üzə çıxmasında, ictimai üslub baxımından modernizmin psixoloji dram janrına meyldə yadda qaldı. Əlbəttə ki, teatrlarımıza kapital qoyuluşu ilə əsaslı təmirin həyata keçirilməsi texniki təminatı artırdığından digər sənətkarlar kimi dramaturqların da yaradıcılıq imkanlarını səfərbər etməsi dövrün tələbidir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İftixar:

İftixar: "Tənqidçi" - Şeyx Nəsrullah

Dramaturgiya, Köşə yazılar
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Əli Rzazadənin əsərlərinə bir baxış

Əli Rzazadənin əsərlərinə bir baxış

Sumqayıt, Ədəbi tənqid
Nailə Mirzəyeva: Adəm övladlarına  “ilahi nida”...

Nailə Mirzəyeva: Adəm övladlarına “ilahi nida”...

AzTU, Ədəbiyyatşunaslıq, Ədəbiyyat
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
ƏDALƏT  MƏDƏDOĞLU (1968)

ƏDALƏT MƏDƏDOĞLU (1968)

Başkeçid
“Məndə sığar ikən cahan”

“Məndə sığar ikən cahan”

Ədəbi tənqid
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "S.C.PİŞƏVƏRİNİN “NADİRƏ” ROMANININ JANR XÜSUSİYYƏTİ, PRO ...

Humanitar elmlər, Elmi Məqalələr, Cənubi Azərbaycan
Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Mircəfər Bağırovun namus üstündə güllələdiyi nazir...

Azərbaycan
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Azərbaycan
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

AYTƏN RÜSTƏMZADƏ: XX ƏSR AZƏRBAYCAN HEKAYƏSİNDƏ MİLLİ XARAKTER

Ədəbiyyatşunaslıq, "Ümid"
Azərbaycan poeziyasında koronavirus mövzusu

Azərbaycan poeziyasında koronavirus mövzusu

Humanitar elmlər, Elmi Məqalələr
Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Köşə yazılar
BABA OCAĞININ İŞIĞI

BABA OCAĞININ İŞIĞI

BDU, "Şərqin səsi", Ədəbi tənqid, Bolus
Rəy yazın: