SARITEL HƏMİDQIZI: ÖMÜR KİTABINI GƏL VARAQLAYAQ

SARITEL HƏMİDQIZI: ÖMÜR KİTABINI GƏL VARAQLAYAQ Sarıtel Həmid qızı Əliyeva 1947-ci ildə Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur.
1961-ci ildə Kəsəmən kəndinin sakini Oruc Həşim oğlu ilə ailə quran Sarıtel Həmid qızı Daşkəsənə köçmüşdür.
Orta məktəbi Daşkəsəndə bitirmiş və təqaüdə çıxana kimi Zəylik Alunit Mədən İdarəsində işləmişdir.

Qarabağ müharibəsi başlayanda oğulları Həşim və Çingizi öyüdlə savaşa yola salan Sarıtel xanım onlara «Bir əsir düşməyi, birdə arxadan gülə yarası almağı sizə haram edirəm» demişdir.
Azərbaycanın gələnək və törəsinin dərin bilicisi olmaqla yanaşı Sarıtel xanım həmdə şifahi xalq ədəbiyyatı və folklorun canlı qaynağı idi.
Sarıtel Həmid qızı oğulları Həşim və Çingizə həsr etdiyi «Vətən əsgəri» poemasının və onlarla şerin müəllifidir.
Şeirləri müxtəlif mətbu orqanlarında çap olunmuşdur.

1996-cı ildə Bakı şəhərinə köçən Sarıtel xanım
2012-ci il noyabr ayının 25-də haqq dünyasına
qovuşmuşdur.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..



ÖMÜR KİTABINI GƏL VARAQLAYAQ

Sevgilim, bir оtur mənlə üz-üzə,
Seyr edək cahanı sənlə göz-gözə,
Çalınsın vağzalı, biz süzə-süzə,
О keçən günləri hey yada salaq
Ömür kitabını gəl varaqlayaq.

Söz salaq, danışaq keçən günlərdən,
Ömrümüzdən ötüb köçən günlərdən,
Sevgimiz, gül-çiçək açan günlərdən,
Nağıllar yaradaq dastanlar quraq
Ömür kitabını gəl varaqlayaq.

İstədik qisməti ulu Tanrıdan,
Azəri bəxş etdi böyük Yaradan,
Açdı qapımızı хоşbəхtlik hər an,
Yaradan Allaha biz qurban оlaq
Ömür kitabını gəl varaqlayaq.

Dəyişdikcə aylar, ötdükcə illər,
Böyütdük оğullar hərəsi bir ər,
Vətəni uğrunda göstərən hünər,
Həşimə, Çingizə ümid bağlayaq
Ömür kitabını gəl varaqlayaq.

Asəfim bağlayıb elə duyğusun,
Qonum-qonşu, hər kəs görüb sayğısın,
Atanın, Ananın çəkir qayğısın,
Onun qayğısından biz ilham alaq
Ömür kitabını gəl varaqlayaq.

Şirin dəyanətdə Şirintək uca,
Qardaşları onu bənzədər taca,
Evi bir otaqdır, sevgisi baca,
Bədnəzər gözündən onu qoruyaq
Ömür kitabını gəl varaqlayaq.

Könlüm istər yenə bizim dağları,
Suları şəfalı buz bulaqları,
Dillərdə dastandır Göyçə bağları,
Yağılar əlindən оnu qurtaraq
Ömür kitabını gəl varaqlayaq.

Sarıteləm, ömrün şirin vaхtıdı,
Nəvələr evimin tacı-taхtıdı,
Hər kəsin həyatı onun baxtıdı,
Nəvələr охşayaq, dövranlar quraq
Ömür kitabını gəl varaqlayaq.
Bakı, Nоyabr 2002.


Azərbaycan qızlarına

Gəlinlik libasın geyib əyninə
Öz ata evindən köçürsən, qızım.
Gəlinlik taxtında yarınla qoşa
Məhəbbət şərbətin içirsən, qızım.

Atdığın qədəmlər uğurlu olsun,
Həyatın sevinclə, fərəhlə dolsun,
Yanar çırağından ellər nur alsın,
Müqəddəs qapını açırsan, qızım.

Taleyin, qismətin öz əlindədi,
Hörmətin, ismətin əməlindədi,
Sənin duyğun təmiz, iz telindədi
Sınaq körpüsündən keçirsən, qızım.

Bəzərsən evini güllə, çiçəklə,
Açarsan süfrəni duzla, çörəklə,
Gülümsər üzünlə, geniş ürəklə
Günəş kimi şəfəq saçırsan, qızım.

Söyləmə sirrini qohuma, yada,
Qaynanan anadır sənə dünyada,
Ailən dənizdir, sevgin bir ada
Sonatək üzürsən, uçursan, qızım.

Sarıtelin sözün diqqətlə dinlə,
Bu torpaq ucalıb daim səninlə,
Bir ocaqda ANA olduğun günlə
Xoşbəxtlik donunu biçirsən, qızım.
Bakı, 05 noyabr 2008-ci il.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: