Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir

Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Bakı, 18 noyabr (AZƏRTAC). 18.11.2011 [13:15]

Noyabrın 18-də
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA)
Rəyasət Heyətində
tanınmış alimlər
Sosialist Əməyi
Qəhrəmanı
Ziyad Məmmədov və
Atlıxan Xanməmmədov
əkiz qardaşlarının
100 illik yubileyi
qeyd edilmişdir.


AZƏRTAC xəbər verir ki, AMEA-nın biologiya bölməsi, Genetik Ehtiyatlar və Zoologiya institutlarının birgə təşkil etdiyi tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və başqaları alimlərin mənalı ömür yollarından, elmə verdikləri töhfələrdən danışmışlar.

Bildirilmişdir ki, əkiz qardaşlar 1911-ci ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olmuşlar.
Zəngilan kənd məktəbinin V sinfini bitirən qardaşlar təhsillərini Zaqatala şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda davam etdirmişlər.

1935-ci ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitirən Z.Məmmədov 1939-cu ildə AMEA-nın Botanika İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. Sonralar elmə böyük marağı onu Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq İnstitutuna gətirir. İnstitutda elmi-tədqiqat işləri aparan alim 1954-cü ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi, sonra isə baş elmi işçi adına layiq görülür. 1967-ci ildə elmi fəaliyyətini Genetika və Seleksiya İnstitutunda davam etdirmiş, geniş tədqiqat işləri aparmışdır. Z.Məmmədov xalq təsərrüfatının inkişafında xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilmiş, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Z.Məmmədov 1995-ci ildə vəfat etmişdir.

Atlıxan Xanməmmədov isə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra doğma Zəngilana qayıdaraq, orta məktəbdə kimya-biologiya müəllimi, sonralar isə direktor vəzifəsində çalışmışdır. Respublika Elmlər Akademiyasının Zoologiya İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdirən alim biologiya elmləri namizədi adı almış, laboratoriya müdiri və muzeyin direktoru vəzifələrində fəaliyyət göstərmişdir. O, qısa müddətdə respublikanın məməli heyvanlarının 1000-dək müqəvvasını hazırlayaraq muzeyin eksponatlarını zənginləşdirmişdir. Zoologiya İnstitutunda çoxşaxəli fəaliyyətinə görə o, fəxri fərman və medallara layiq görülmüşdür. A.Xanməmmədov qardaşından bir neçə gün sonra 1995-ci ildə vəfat etmişdir. Azərbaycanın flora və faunasının öyrənilməsinə töhfələr verən alimlər 60-dan çox elmi əsər və 5 monoqrafiya müəllifləridir.

Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abasova
ailələri adından atasının və əmisinin xatirəsinə həsr olunmuş yubiley mərasiminin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Tədbirdə alimlərin xatirəsinə həsr olunmuş “Əkiz alim qardaşlar” kitabı təqdim olunmuşdur.

Kitabın nəşrə hazırlayanı, tərtibçisi və redaktoru olan Müşfiq Borçalı həm də kitaba geniş "Söz önü""Söz ardı" yazmışdır.


My Webpage




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: