Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Səmimi və təvazökar insan - ADİL ÖMƏROV Aramızda xeyli yaş fərqi vardı. O, orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya gələndə mən hələ ikinci sinifdə oxuyurdum. Yəni qonşu olsaq da, kənddə olanda aramızda yaxınlıq, ünsiyyət olmamışdı. O vaxtlar Bakıda və digər yerlərdə ali təhsil alanlara qarşı Darvazda böyük diqqət və hörmət var idi. Tətildə kəndə gələn tələbələr daim diqqət mərkəzində olardı.

Hər kəs onlara böyük ehtiram göstərər, qohum-əqraba evlərinə qonaq çağırardı. Kiçikyaşlı məktəblilər isə onlara həsədlə baxar, fürsət düşdükcə söhbətlərinə qulaq kəsilər, gələcəkdə onlar kimi ali təhsil almaq barədə arzularla yaşayardılar. Uşaq fəhmi ilə mən də Adilə diqqət kəsilərdim. Sonralar mən də böyüdüm, orta məktəbi bitirib ali məktəbə daxil oldum. Mən tələbə olanda o, artıq Bakıdakı böyük sənaye müəssisələrindən birində çalışırdı. Böyük hörmət-izzət sahibi idi. Aramızda artıq elə bir isti münasibət yaranmışdı ki, sanki eyni yaşıd idik. Təbii ki, bu, onun böyüklüyündən irəli gəlirdi. Olduqca sadə, səmimi və təvazökar, həlim xasiyyətli insan idi. Kimsənin qəlbinə dəyməzdi.

“Qabusnamə”
də deyilir ki, “bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük izzət, həyatdan daha qəşəng zinət ola bilməz”. Bu kəlmələr sanki onun həyat meyarı idi. Nəyə nail olmuşdusa, öz biliyi və qabiliyyəti hesabına əldə etmişdi.

Haqqında söhbət açdığım Adil Osman oğlu Ömərov - 1950-ci il iyulun 1-də Borçalının ağır ellərindən olan Darvaz kəndində anadan olub. Orta təhsilini də burada alıb – 1967-ci ildə Darvaz kənd orta məktədini fərqlənmə ilə bitirib və elə həmin ildə də Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinə (Radio aparatların konstruksiyası və istehsalı) daxil olub. 1973-cü ildə ali təhsilini başa vuran Adil Osman oğlu əmək fəaliyyətinə 1970-ci ildə təhsil aldığı universitetdə başlayıb və 1973-cü ilədək burada elektromexanik, texnik və mühəndis vəzifələrində çalışıb.

1973-1974-cü illərdə Moldovanın Kişinyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra yenidən Bakı şəhərinə qayıdıb və əmək fəaliyyətini "AZON" zavodunda davam etdirib. 1975-ci ildən həmin zavodda mühəndis, mexanik, büro rəisi və avadanlıqlar şödəsinin rəisi vəzifələrində çalışıb.

1984-cü ildə isə "AZON" zavodunun direktor müavini vəzifəsinə irəli çəkilib və ömrünün sonunadək bu vəzifədə şərəflə çalışıb.

Təəssüflər olsun ki, yüksək ixtisaslı bir mütəxəssis, bacarıqlı təşkilatçı, səmimi insan, sadiq dost olan Adil Osman oğlu ömrünün ən məhsuldar vaxtında – 2007-ci ildə 57 yaşında dünyasını dəyişib.

Çingiz Aytmatov yazır: “İnsanın başqaları üçün görə biləcək ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir”. A.Ömərovun cəmiyyət üçün gördüyü ən dəyərli işlərdən biri də ailəsində böyütdüyü ləyaqətli övladlarıdır. O övladlar ki, həm atalarının, həm də mənsub olduqları elin-obanın adına layiqdirlər.

Artıq on ildən çoxdur ki, Adil Ömərov aramızda yoxdur. Ancaq bu, sadəcə cismani yoxluqdur.
Onun əziz xatirəsi doğmalarının, yaxınlarının və dostlarının qəlbində daim yaşaycaq.


Musa NƏBİOĞLU
Darvaz.com


ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: