BSU-nun yeni rektoru təqdim edildi

BSU-nun yeni rektoru təqdim edildi 2014-cü il Martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

ZiM.Az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Asif Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir universitetin Elmi Şurasının üzvlərini salamlayıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. BSU-nun rektorunun təyin olunması ilə bağlı ölkə Prezidentinin sərəncamını nəzərə çatdıran nazir dövlət rəhbəri tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş tələblərin milli şüurun və vətəndaşlıq mövqeyinin inkişafından, peşəkar biliklərin verilməsi və rəqabətədavamlı kadr hazırlığı məsələsindən ibarət olduğunu bildirib. Bu baxımdan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın mühüm rolunu vurğulayan təhsil naziri BSU-nun zəngin ənənələrə malik olduğunu qeyd edib. Sevindirici haldır ki, Təhsil Nazirliyinin pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetlərin tələbələri arasında keçirdiyi müsabiqədə bu ali məktəbin təmsilçiləri dördüncü yerdə qərarlaşıb. Statistik məlumata görə, BSU məzunlarının 51 faizi müəllim kimi çalışır.

Nazir bildirib ki, ali məktəblərin ən böyük uğur faktorlarından biri də onu idarəedənlərin tədris prosesinə yanaşmasından asılıdır. Bu baxımdan BSU-da yaxşı idarəetmə ənənəsi təşəkkül tapıb.

BSU-nun rektoru Asif Hacıyev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib. A.Hacıyev BSU-da formalaşmış sağlam ənənələri davam etdirəcəyini nəzərə çatdırıb.

BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilk növbədə ölkə Prezidentinə təşəkkürünü bildirərək yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından seçilməsinin, ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul edildiyini söyləyib. K.Abdullayev ali məktəbdə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu nəzərə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin və dünyanın bir sıra digər nüfuzlu dövlət xadimlərinin BSU-ya gəlişinin hər zaman sevinclə xatırlandığını bildirib.

Universitetin prorektoru, millət vəkili Sahibə Qafarova, kafedra müdiri, millət vəkili Sevinc Fətəliyevə, kafedra müdiri Rəhilə Qeybullayeva, ali məktəbin Kölgə Kabinetinin rəhbəri Aydan Süleymanova BSU-nun inkişaf yolunun bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Təqdimat mərasiminə yekun vuran təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, ali məktəblərin maliyyə resurslarının optimallaşdırılması, dövlət tərəfindən sistemili və məqsədyönlü mexanizmlərin hazırlanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xüsusilə də pedaqoji ixtisasları seçmiş tələbələrin təşviq olunması ali təshildə yeni yanaşmaların əsas tərkib hissələrindən biridir.

Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib.

1986-cı ildən keçmiş M.F.Axundov adına indiki BSU-da (keçmiş Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur.

2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

REDAKSİYADAN:

Biz də hörmətli professor Asif Hacıyevi BSU-nun rektoru vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: