AYSƏBA (Poema)

AYSƏBA (Poema) Aysəba

(poema)

Borçalının ziyalı xanımı,
gözəl insan, Azərbaycan
İqtisad Universiretinin
fəxri professoru,
iqtisad elmləri namizədi,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü,
istedadlı şair-jurnalist
Aysəda Şəmşi qızı
Əlizadənin
anadan olmasının
75 illik Yubileyinə
həsr olunur.


Proloq


Ay ilə səhər yeli birləşibdi adında,
Bu vəhtəd yaranıbdı bəxtinin muradında.

Birisi parıldayar başın üstə hər zaman,
Biri ahəstə əsər, gətirər sənə əfşan.

Hər əsən səba yeli, səndən verir xəbəri,
Yaşadığın illəri verməyibsən hədəri.

Taleyin bəhrələnib al günəşin nurundan,
Amalın ilham alıb, dağ selinin gurundan.

Məhsəti, Nətəvana bənzərin vardı sənin,
Sara Xatun qeyrəti qəlbinə yardı sənin.

Od alıbsan, şölə saçan, adı bəlli ocaqdan,
Borçalıya maarif yayan bir sönməyən çıraqdan.

Kökü dərində olan bir ağacda budaqsan,
Dünənindən sabahına mətin gedən soraqsan.

Oxu əziz oxucu, bu gözəl dastanımı,
Tanış edim səninlə cəsur qəhrəmanımı.

***

Körpəcə uşağın əlindən tutub,
Məktəbə apardı bir səhər çağı.
Onu qarşıladı burada Yusif,
Içəri apardı körpə uşağı.

Tapşırdı müəllimə anası Həcər,
Qoy olsun gözünüz üstündə dedi.
Sonra müəlliminə eylədi xəbər, . .
Özüm gələcəyəm hər gündə dedi.

Ilk gündən çalışqan oldu qızcığaz,
Verdi öz meylini kitab-dəftərə.
Yaxşı oxumağı eyləyib taraz,
Bir sevinc gətirdi hər gün Həcərə.

Seçildi hər zaman tay-tuşlarından,
Şərəf lövhəsinə vuruldu şəkli.
Qalmırdı heç zaman şah vüqarından,
Gəlirdi məktəbə güllü-çiçəkli.

Fikri atasının yoliylə getmək,
Körpə balalara dərs demək idi.
Bacardığı işi hər zaman etmək
Məqsədi, anaya bir kömək idi.

Bacı qardaşıyla hər səhər erkən,
Qoşa gedərdilər məktəb yoliylə.
Arxalarınca baxıb gülər ürəkdən,
Fəxr edib qızları, bir oğlu ilə.

***
Ocağın alovu, yurdun şöləsi,
Atanın yoliylə gedən nurdu bu.
Bir qeyrət simvolu olub hər zaman,
Atanın yerində hər an durdu bu.

Yurdunda heç kimdən qalmadı dalda,
Gördü gələcəyi bu qeyli-qalda,
Borçalı elində ulu mahalda,
Əzamət-vüqarlı bir qürurdu bu.

Elmin yollarında olsa da çovğun,
Olmadı əsiri o hissin-duyğun,
Özüylə ziyalı, özünə uyğun,
Əsəd müəllimlə ailə qurdu.

Bəlli nəsildəndir, ucadır adı,
Görür qayğısını doğması, yadı,
Özü haqqın qızı, yolu haqqadı,
Ocağa pay olan iman- surdu bu.

Istər hər arzuya çata yurdunda,
Çalışır olmaya xəta yurdunda,
Səmsi ocağında, ata yurdunda,
Bir oğul əvəzi coşqun- gurdu bu.

Fəxr edib hər zaman ata adıyla,
Ucaldı göylərə öz muradıyla,
Səmsi davamçısı üç övladıyla,
Ocaqda səslənən seygah-şurdu bu.

***
Tanrımız çox gördü ona bu anı,
Əri qayıtmadı qanlı savaşdan.
Çox əzab-əziyyətlə sürdü dövranı,
Kömək də ummadı qohum qardaşdan.

Böyütdü sərəflə üç balasını,
Gül kimi bəzəyib yola salardı.
Soyuna bilmirdi qəm libasını,
Onlara baxdıqca ilham alardı.

Məktəbdə qayğısız qalmadı onlar,
Öz kömək əlini uzatdı müəllim.
Körpələr məktəbə gəldiyi anlar,
Onlara hər şeyi yaratdı müəllim.

Onlara ata tək qayğı göstərən,
Səmsi müəllimin şagirdi idi.
Tarix təkrar olur deyərlər bəzən,
Onlara dərs deyən Musa oğluydu.

Mənə söyləyirdi Yusif Yusifli,
Səmsi övladları əlaçıydılar.
Olurdu hər zaman onlar tərifli,
Baxırdın divarda şəkilləri var.

Məktəbdə biliyi, tərbiyəsiylə,
Aysəba hamıdan öndə gedərdi.
Yaxşı oxumağı, incə səsiylə,
Bütün dostlarını ötüb keçərdi...

Gün getdi, ay keçdi dolandı illər,
Əlaçı bitirdi orta məktəbi.
Şəmsi arzusuydu söylədi Həcər,
Ali məktəbəydi onun mətləbi.

Bakıya üz tutdu Aysəba xanım,
Qardaş bacısının yanına getdi.
Dedi oxumaqdı yalnlz gümanım,
Qəlbində tutduğu arzuya yetdi.

Bitirdi şərəflə ali məktəbi,
Elə buradaca işlədi müəllim.
Hərdən də coşanda ilhamı, təbi,
Şeirlər yazırdı keçsə də təlim.

Qələmi heç zaman qoymadı yerə,
Yazdı namizətlik desertasiyanı.
Iqtisad elmində döndü liderə,
Neçə məqaləsi gəzdi dünyanı.

Sonra elmi işi vuraraq başa,
Kiyev şəhərində müdafiyə etdi.
Baxmadı bu yolda ağrı-təlaşa,
Qəlbində tutduğu arzuya yetdi.

Burada rast gəldi bəxt ulduzuna,
Tələbə dostuyla ailə qurdu.
Ana razı oldu ürəkdən buna,
Bu sevda ocağı şölədi, nurdu.

Qoşa yaşatdılar bu məhəbbəti,
Sevginin sevimli anları varmış.
Sevən sevilənə etsə hörməti,
Bu cütlük həmişə xoşbəxt olarmış.

Ailə bir yana, elm bir yana,
Qalmışdı cəbhələr arasında o.
Düşürdü yadına müqəddəs ana,
Olsa da dünyanın harasında o.

Möhkəm qurulmuşdu ailə təməli,
Əsəd müəllim ilə çox xoşbəxt idi.
Həyatda gözəldi eşqi-əməli,
Fikri aydın idi, amalı ciddi.

Ilk oğul balası doğulan zaman,
Sevinci kükrəyib dağları aşdı.
Əsədlə arzumuz bir qoşalaşdı,
Tanrımız bizlərə verdi ərməğan.

Alimlər ailəsi öz muradını,
Ikinci övladı olanda tapdı.
Oğlunda yaşatdı qardaş adını,
Təsəlli hisləri bir onda tapdı.

Qürurlu doğuldu ikinci oğlu,
Gətirdi ailəyə əzamət, vüqar.
Çəkdi bəy nəslinə, uludan ulu,
Elə adını da qoydular Vüqar.

Günbə-gün qayğısı artdı çoxaldı,
Ürəklə baxırdı övladlarına.
Işinin çoxluğu vaxtını aldı,
Qayğı göstərdikcə “qanadlarına”.

Insan xoşbəxtliyi hardan başlayır-
Qurduğu ailənin təməl daşından.
Özünü həmişə bəxtəvər sayır,
Öyrənir hər şeyi can sirdaşından.

Büllur tək saf idi ilk gündən bəri,
Onlar arasında olan məhəbbət.
Birgə çəkərdilər hər dərdi-səri,
Doğdu üzlərinə hər vaxt səadət.

Həyata gəldikcə gül balaları,
Onlar arasında körpü saldılar.
Borçalı bənzədir bir ixtiyarı,
Onun sifətində qoşa xalıdır.

Hər kəs arzulayır gözəl günləri,
Bu hisslər hamıya qismət olmayır.
Yadına saldıqca əzəl günləri,
O, ömür gülləri heç vaxt solmayır...

***
Bakının mühiti gözəl olsa da,
Fikiri-zikiri, yurd yerindədir.
Burda dost-tanışı çoxlu olsa da,
Doğmanın hər biri, yurt yerindədir.

Unutmur ocağı hər kim olsa da,
Qəlbinə mənalı sevinc dolsa da,
Indi adlı-sanlı alim olsa da,
Hər uşaqlıq siri, yurd yerindədir.

Elmin dəryasında düşsə dərinə,
Müraciət eyləyər doğma ərinə,
Getsə də dünyanın hər bir yerinə,
Səcdəgahı, piri, yurd yerindədir.

Şəmşinin ruhudur yoluna təhkim,
Ruhi qida verir ona bu təlim,
Tapsa da hər zaman qəlbinə hakim,
Qəhrəmanı, şiri, yurd yerindədir.

Çoxuna gərəkdi onun qayğısı,
Sadiqdi qızına eli, ulusu,
Ürək çırpıntısı, könül duyğusu,
Yazdığı əsəri “Yurd yeri”ndədir.

***
Iftixarın iftixardı ocağa,
Oxşarı var, bənzəri var çırağa
Ulu tanrı göndəribdi sorağa,
Nur verənin ruhu boyda şamıdır.

Vüqara yaraşır əzamət, qürur,
Beynində kamalı, sifətində nur,
Ürəyi qoruxmaz, diləyi məğrur,
Ocağın müqəddəs arzu-kamıdır.

Ulu baba avazına köklənib,
Ömürlərin xoş yazına köklənib,
Borçalının hər sazına köklənib,
Şəmşi ocağının ehtişamıdır.

Xaliqi xəlq edib özü fələyin,
Keçib sınağından alimlər səyin,
Aysəba xanımla, o Əsəd bəyin,
Ağzının ən şirin dadı-tamıdır.

Görəndə mat edir onlar hər kəsi,
Uca zirvələrdən gəlirlər səsi,
Şəmşinin gəncəvar bu üç nəvəsi
Tanrının verdiyi təb-ilhamıdır.

***
Alimlik, şairlik dursun bir yana,
Publisist yazılar gəldi meydana.
Mətbuat çap etdi yazılarını,
Bildirdi aləmə sərvət-varını.

Publisist yazılar artdı çoxaldı,
Iqtisad elmində yeni ad aldı.
Yüzlərlə tələbə dərs aldı ondan,
Bəxtiyar çağları olduğu zaman.

Yeni bir xoşbəxtlik gəldi bu evə,
Tanrıdan uzanan əldi bu evə.
Etdi toy şənliyi boyük oğula,
Həmkarlar heyrandı belə ağıla...

***
Baharın ilk ayı, dəyişir dünya,
Elə bil təbiət yırğalanıbdı.
Otların üstündə şəbnəmlər yenə,
Boğzda muncuq tək sırğalanıbdı.

Qədəmi xoş olub bu baharmızın,
Kəsilib səbiri intizarmızın,
Bu gün şən günüdür iftixarmızın,
Toyun məclis evi qurğulanıbdı.

Hava çox gözəldi günəş də parlar,
Minib səməndini burda çaparlar.
Uşaqlar tutubdu əlində şarlar,
Oyuncaq fiqurlar fırlağanıbdı.

Hamı sevinclidir görsən də kimi,
Çalır telli saz da aşıq “Kərəmi”,
Yarışdan qayıdan çaparlar kimi,
Xınalı kəhərlər yorğalanıbdı.

Göydə mavi günəş, toyun çadrıdır,
Önun gözəlliyi şeir sətridir,
Baxırsan hər tərəf çiçək ətridir,
Bəyin stoluna gül qalanıbdı.

***
Amalı apardı onu irəli,
Ucaltdı göylərə halal əməli.
Yarandı önündə bir şölə nuru,
Sevimli xalqının milli qüruru.
Gözəl kitab yazdı milli qeyrətə,
Oxuyan gəlirdi hər an heyrətə.
Eylədi tərənnüm milli lideri,
Aradı göyləri, axtardı yeri.
Yazıldı dalbadal elmi əsərlər,
Ondan qidalandı hər zaman bəşər.
Sonra da yazıldı yeni bir kirtab,
Çoxları qazandı bu işdən savab.
Yürduna, elinə bağlı Aysəba,
Bəxti büllur kimi ağlı Aysəba.
Yazdı “Yurd yeri”ni o bir nəfəsə, .
Mənəvi zovq verdi oxuyan kəsə.
“Yurd yeri” yurdunu ucaltdı göyə,
Oxudu gözünü hey döyə-döyə.
Ürəkdən ocağı yurdu sevənlər,
Çoxdu bu insanlar desən nə qədər.
Yazdı Borçalıya müqəddəs xitab,
Əldən-ələ gəzdi bu gözəl kitab.
Bu elə-obaya bağlı olduğu,
Gəlmədi ağlına heç yorulduğu.
Hey yazdı gecəni günüzə qatdı,
Ulu Borçalıda heykəl ucaltdı.
Yazdı bu kitabı o sətir-sətir,
Ey Tanrım bu yurda şəfəqlər gətir.
Qoy nura boyansın Borçal yurdu,
Bu mahal qəlbində enməz qürurdu.
Bağlısan əbədi Borçalımıza,
Bu məkan yoxdursa vay halımıza.
Vətəndi bu torpaq, var adı-sanı,
Tökülüb uğrunda şəhidlər qanı.
“Bağlayıb qoluma bazubəndin,
Yazmışam Borçalı möhrbəndini.
Məkanım, məskənim, sayum-soyköküm,
Sinəndə həmişə güləm Borçalı!
Dar günün olarsa Koroğlu kimi,
Töküb dəliləri gələm Borçalı!
Sevincin qəlbində qoy boğsun qəmi,
Olmasın səninlə ayrılıq dəmi,
Dost ilə kəsdiyim hər bir tikəni,
Səninlə əbədi böləm Borçalı!
Səyavuş Uyğunda olarmı günah,
Arzular yurduna hey nurlu sabah,
Nə qədər ömrüm var deyirəm allah,
Qoynunda yaşayam, öləm Borçalı!”

***
Yurd yeri dediyin ərlər məkanı,
Olubdu həmişə Oğuz məskanı.
Lejbəddin bu yurdun dilbər güşəsi,
Gəlib bu yerlərdən ərənlər səsi.
Keçib körpəliyin bu gözəl yerdə,
Sənə doğma olub bu göy, bu yer də,
Gəzdiyin hər zaman “Damğaçı” düzü,
Burda dostlarının qalıbdı izi.
“Məmmədalıların körpüsü” üstən,
Keçib “Boylu bağ”a gedərdin bəzən.
Xalidlə bərabər meyvə yeyərdiz,
Mavi çiçəklərdən paltar geyərdiz.
“Postun altı” adlı yerdən keçərək,
“Qandor bulağı”ndan su içərdiniz.
“Yanıq meşəsi”ni gəzərək tək-tək,
Bir yerdə yüz ölçüb bir biçərdiniz.
Ehram sahilinə enərək hərdən,
Yemlik, quzuqulağı yığşırardınız,
“İki arxın arası”, çiçəkli çəmən,
Sizi mehman etsə orda vardınız.
Sonra gələrdiniz mərkəzə sarı,
Seyr edib uca boy “Qovaqlıq”ları.
Sizi qarşılardı elatn tacı,
Ömərin oğlunun Çinar ağacı.
Butaqda yazıya diqqət edərdiz,
Orda tapardınız atadan bir iz.
Şəmsiylə Əlyarın müqəddəs adı,
Çinar budağında illər yaşadı.
Iki dost müəllimin ulu ruhunu,
Bu Çinar yaşatdı illər uzunu.
Əsrlər şahidi qoca Çinarda,
Neçə insanların baxışları var.
Dözümlü olsa da, hər etibarda,
Onda əzamətin şah vüqarı var.
Beləcə keçibdi uşaqlıq çağın,
Ürəkdən sevdiyin bu yurd yerində,
Bu doğma yurdunda hər bir sorağın,
Atana əyandı altda torpağın.
Bu yerlər böyütdü səni mətilə.
Ana məşğul oldu məhəbbətinlə,
Burdan şölələnib uçdun uzağa.
Bu nurlu çırağı yandırmaq üçün,
Yeni həyat verdin sönən ocağa,
Şəmşini, Xalidi andırmaq üçün.
Istər oğlan olsun, istər qız olsun,
İstər ədalətli, insafsiz olsun.
Hər övlad şenəltmir ata yurdunu,
Yandıra bilmirsə ocaq-odunu.
Ondan oğul olmaz, vərəsıt olmaz.
Elə övladlarda fərəsət olmaz.
Elə qız da var ki, yüz oğula dəyər,
Yurdun keşiyində sinəsi sipər.
Belə övladlardı alqışa layıq,
Həyatda həmişə olubdu saıq.
Qız var ki, bənzədir Sara Xatunı,
Minibdi hər zaman qeyrət atını.
Olubdu Nəbinin Həcəri kimi,
Qeyrəti Nigarın hünəri kimi.
Arxa-dayaq olub qoç Koroğluya,
Çəkib el qeyrəti o duya-duya.
Bəli, belə olub bizim analar,
İstər suda batıb odda yanalar.
Verdiyi sözlərdən dönməzlər geri,
Olublar hər zaman xalqın lideri.
Unutmaq olarmı, unutsaq eli,
Qırılar o oğlun dibindən beli.
Elatı yaşadan övladlarıdır,
Oğlunun qızının etibarıdır.
Aysəba yurdunda bitən ağacın,
Göylərə ucalan şah budağıdır.
Bu eldə yaşayan neçə möhtacın,
Dayağı Şəmşinin gur çırağıdır.
Sönməyib, heç zaman sönməz bu çıraq,
Şöləsi çox olan bu nurlu ocaq.
Hələ çoxlarına nur verəcəkdi.
Quran ayəsindən sur verəcəkdi.
Ot kökü üstündə bitər deyiblər,
Torpaqdan güc alan yetirər bəhər.
Su içib Şəmşinin dür keşməsindən,
Isinib hər zaman gur nəfəsindən.
Çoxları böyüyüb ərsəyə gəldi,
Həyat yollarında göyə yüksəldi.
Dedilər elə bil sankı oğuldu,
Ocaqda bir yeni günəş doğuldu.
Bu günəş isti bir səba yelidir,
Coşqun dağ çayının gurlu selidir.
Səs salır meşəyə haylı-harayli,
Sahillər qərq olur o tay, bu taylı.
Bu coşqun sulara qoşulub gedir,
Insanlar uzaqdan bunu seyr edir.
Nədir bu gürultu, nədir səs-soraq,
Sular göynən gəlir sanki çaparaq.
Elatda sədalı, ünlüdür bu səs,
Sayıldı hər zaman nurlu müqəddəs,
Tutdu Borçalını şərəfi-şanı,
Bəzədi adıyla bütün hər yanı.
Durmadan hər zaman yazdı, yaratdı,
Sonməz bu ocaqdan addımlar atdı.
Qoymadı bu yanan odu sönməyə,
Şalışdı bu səda geri dönməyə.
Şəmsi ocağının yandı çırağı,
Özü olmasa da güldü növrağı...

***
Iyrimi doqquz mart qırx birinci il,
Bir uşaq doğuldu nurlu ocaqda.
Bu xəbər Şəmşiyə çatdımı qafil,
Ananın qulağı səsdə-soraqda.
Küləklər xəbəri çatdırdı ona,
Sevincdən qüruru yerə sığmadı.
Sevindi övladın qız olduğuna,
Elə cəbhədə də qoyuldu adı.
Oldu səba yeli ulu yerlərin,
Yurduna bir isti nəfəs gətirdi,
Aysəba adında o al səhərin,
Torpağa səpilən nurlu ətirdi.
Ata ayrı düşdü qohum, qardaşdan,
Qayıda bilmədi qanlı savaşdan.
Özü ziya nuru, qəlbi saf Xalid,
Dözmədi zamanın gərdişlərinə.
Təpədən dırnağa o insaf Xalid,
Nainsaf dostların düşdü şərinə.
Ana köçüb getdi fani dünyadan,
Gözlədi şəmşini ölənə kimi.
Aldı ilhamını o, Nadejdadan,
Hər dərdi-sərini bölənə kimi.
Aysəba ananın son ümidiydi,
Bilirdi o gedir ata yoluyla.
Bu son beşik qızı zəkalı idi,
Ucaldı həmişə sağı-soliylə.
Ana qovuşanda haqq dərgahına,
Yalnız Xalid oldu axır kəlməsi.
Güc verdi qəlbinin odlu ahına,
Yadına saldıqca o müqəddəsi.
Tənhalıq ilk gündən sıxıb qəlbini,
Aysəba xanıma ağır gəlirdi.
Unuda bilməyib imanı-dini,
Bu yolda qəlb yükü, hey yüksəlirdi.
Başı qarışdıqca elmi işlərə,
Ömrü girov qoydu bu gərdişlərə.
Oxudu, ad aldı, artdı şöhrəti,
Tərk etdi qəlbini dərdi, möhnəti.
Yalnız irəliyə baxdı Aysəba,
Coşqun çaylar kimi axdı Aysəba.
Tapdı arxa-dayaq-Əsəd müəllimi,
Eylədi bəxtinə bir səd müəllimi.
Elmin yollarıyla qoşa getdilər,
Sevincli arzuya, kama yetdilər.
Tanrımız bəxş etdi üç əskər ona,
Ata əvəzinə üç sərkər ona.
Keçdi qələmindən “Əskər ailəsi”,
Bu oldu ataya gözəl töhvəsi.
Gözəl qeyd olundu yetmiş illiyi,
Ucaltdı göylərə bəy nəsilliyi.
Qəlbində yaranan hiss-duyğularını,
Yazdı ağ bərəqə könül varını.

***
Çap oldu bir neçə kitabı onun,
Dəydi çox köməyi Mədəd oğlunun.
Layiqli oğludur Borçalımızın,
Sayılır balası qartalımızın.
“Sevirlər hər zaman bu mərd oğlunu,
Elinə, yurduna qeyrət oğlunu,
Tanrıdan verilən ömür yolunu,
Yaşayıb, yaşayır mənalı Müşfiq.
Düşüb adı-sanı bütün dillərə,
Özü sipər olub daşqın sellərə,
O qədər yaxındı bütün ellərə,
Bilinmir, bilinməz haralı Müşfiq”.
Belədir söyləsəm bizim bu oğlan,
Yaradıb Bakıda nurlu bir cahan.
Bütün borçalılar dostudur onun,
Əziz sirdaşıdır Mədədoğlunun.
Sevinci bir seldi arzu-diləyə,
Mənzili nurludur xoş gələcəyə.
Ayrılmır dostları onun başınnan,
Sevgisi dünyadır yar-yoldaşınnan.
Yazın ilk ayının son günlərində,
Bu mart tamam oldu yubiley ilin.
Bu göəl günündə al səhəridə,
Sevinir ürəkdən öz oban, elin.
Təbriklər deyirəm mən də ürəkdən,
Heç vaxt ayrı düşmə arzu-diləkdən.
Arzudan arzular doğar deyiblər,
Arzular biçimdə paltar geyiblər.
Ömrün yetmiş beşi gəldi yetişdi,
Insan taleyində bu da gərdişdi.
Ömür vərəqinin bir tarixidir,
Taleyin önəmli sirr tarixidir.
Gərək yaşayasan, yaşayan qədər,
Boşa verməyəsən illəri hədər.

***
Insan ömrü çox qısadır,
Arzulara çatmaq olmur.
Qəlbə günəş doğan zaman,
Gecələr də yatmaq olmur.

Boğub həsrətin özünü,
Kəsib hər zaman sözünü,
Çıxardaraq cüt gözünü,
Uzaqlara atmaq olmur.

Bu həsrətdi bizi boğan,
Qəlbimizdə dərddi hər an,
Bir səhf işi görən zaman,
Insanlığı satmaq olmur.

Gəlib çatdı yetmiş beşin,
Dost yoldaşın sağlıq desin,
Bu günündə içsin yesin,
Qəm-kədərə batmaq olmur.

Şair Uyğun qəlbən deyər,
Yaşadığın ömür qədər,
Sənə həyat arzu edər,
Hər alışan çıraq olmur.

***
Yazıb-yaratdığın qalsın bir yana,
O yazmaq həvəsin təzdən başlana.
Qoy iqtisad elml, etsin inkişaf,
Əməlin müqəddəs, büllur kimi saf.
Ucaltsın göylərə bahar-yazını,
Lejbəddin ünvanlı Şəmsi qızını.
Sönməyib, sönməzdi alovun odun,
Çəmənli, çiçəkli bu ana yurdun.
Borçalı elinin olub meracı,
Yetişdin yurdunda qəhrəman kimi.
Bu kiçik əsəri, ey əziz bacı,
Qəbul et ən əziz ərməğan kimi.
Yurdu vəsf etməyə hər an hazıram.
Sənin ad gününə tərif yazıram
***
Ad günün mübarək olsun deyirəm,
Sevincin, şadlığın yarı, Aysəba!
Ürəyin döyünsün növcavan kimi,
Başının artsa da qarı, Aysəba!

Yetmiş beş il yaşamaq çıx deyil sənə,
Yola salacaqsan neçə qərinə,
Səndən uzaq qaçır qəm sinə-sinə,
Olmasının yurdunun sarı, Aysəba!

Hələ qabaqdadır yaxşı günlərin,
Olasan həmdəmi toy-düyünlərin,
Qoy parlaq açılsın mavi səhərin,
Səslənsin evinin tarı, Aysəba!

Vüqar qanatlansın bir qartal kimi,
Iftixar ucalsın ağsaqqal kimi,
Xalidin arxanda bir mahal kimi,
Qoy artsın başının varı, Aysəba!

Qocalıq yad olsun sitəm-karıyla,
Bir yüzü keçəsən könül yarıyla,
Kimi ad çıxardar namus-arıyla,
Səxavət mülkünün barı, Aysəba!

Artsın günü-gündən duyğun-həvəsin,
Ömrün gül bağından qoy gəlsin səsin,
Şəmsi ocağını unudan kəsin,
Heç olarmı ixtiyarı, Aysəba!
***
Gəlir xatirinə, düşür yadına,
Ağsaqqal kəslərin sözü söhbəti.
Deyilir o sözlər “körpü” adına
Bu iki ailənin birdi vəhtədi...
Bir-bir xatırlayır Aysəba bunu,
Ata dostluğunun nə olduğunu...
***
Saf-çürük eylədim dost ürəyini,
Ordakı duyğular mərhəməd imiş.
Dar günün qəstində dost harayladım,
Sən demə dost əli səltənət imiş.

Ərk etdim dostuma, bəzən qınadım,
Onlarsəz sınıqdı mənim qanadım,
Həyatda nə qədər sındım-sınadım,
Dostun etibarı həqiqət imiş.

Çətin yoxuşlarda dizim yoruldu,
De, sözüm-söhbətim harda soruldu.
Mənliyim, varlığım göyə sovruldu.
Şairin diləyi mərifət imiş.

***
...İstilər düşəndə Şəmsi müəllimin,
Armudlu yaylağı məskəni oldu.
Olmasa köməyi heç bir həkimin,
Bu yaylaq havası dərmanı oldu.
Hər illər olurdu yaylaq səfəri,
Körpə uşaqları, bir də Həcəri,
Götürüb gedərdi sərin yaylağa,
Gəzərdi çəməni çıxardı dağa.
Gələrdi yanına bütün uşaqlar,
Yaylağın ayrı cür təbiəti var.
Hərdən gün çıxardı, yağış yağardı,
Gah çən-duman gələr, gah gün doğardı.
Körpə uşaqlarla tutardı sözü,
Şeir söyləyərdi hərdən də özü.
Nağıl danışardı körpə dostlara,
Onu sevirdilər bütün binələr.
Cürət etmirdilər yanda dinələr.
Baxıb sifətində şəsti-vüqara.
Çoxları qalmadı onun yadında
Bircə dostu vardı Binnət adında,
Onunla lap yaxın sirdaş oldular,
Sözləri bir oldu qardaş oldular.
Ailəvi dost olub şirinləşdilər,
Duyub insanlığı dərinləşdilər.
Qoşa gəzərdilər yaylaq yerini,
Düşəndə bu yerin axşam sərini.
Hərdən enərdilər “Sarf dərə”yə,
Ordan qalxardılar güllü bərəyə.
Axşam düşən zaman gəlib “Şır-şır”a,
Enib “Qanlı göl”ə yanaşardılar.
Sonra “Yavıxlıya”, qarlı sır-sıra,
Ordan “Cacıqlı”ya yol aşardılar.
Beləcə günləri ötüb gedərdi,
Hər arzu kamları yernə yetərdi.
Ged-gedə ucaldı “Dostluq körpüsü”,
Dostlar arasında olmadı küsü.
Sonra Şəmsi müəllim getdi davaya,
Estafet verildi övladlarına.
Uşaqlar gəlirdi indi obaya,
Inanıb dostluğun etibarına.
Dostluq kirvəliyə çevrildi burda,
Şəmsi Binnət ilə kirvə oldular.
Haqdan sevinc gəldi bu gözəl yurda,
Şahvələd Xalidlə mərd oğuldular.
Saldılar körpünü bu yurd yerinə,
Təməli bərk olan qranit kimi.
Bu körpü bağladı biri-birinə,
Arıçı Binnətlə Şəmsi müəllimi.
Keçdi bu körpünün üstən Aysəba,
Körpünün qiyməti artdı, çoxaldı.
Bu dostluq rəmzini sevən Aysəba,
Üstünü nə boran, nə də qış aldı.
Indi Şahvələtlə Xalid dururdu,
Dostluq körpüsünün sütunlarında.
Bu yolda bir yeni təzad quruldu,
Möhtəbər körpünün divarlarında.
Lejbəddin elindən sərin yaylağa,
Ürəklərdən geçən bir yol varıydi.
Abad eyləyərək çevrilən dağa,
Dostların qırılmaz etibarıydı.
Uzun olmur dost evinə gedən yol,
Belə söyləmişdi ata-babalar.
Heç vaxt unudulmur hər gedilən yol,
Adətə sadiqdi ellər-obalar.
Şəmşi cəbhələrə getdi gəlmədi,
O gündən körpünü kol-koslar örtdü.
Elindən, yurdundan xəbər bilmədi,
O vaxtdan Həcərin gözləri dörtdü.
Iyrimi beş il keçdi o vaxtdan,
Bu körpü yenidən pərpa olundu.
Küsmədi Aysəba taledən baxtdan,
Haqdan səda gəldi açıq yolundu.
İlk dəfə körpüdən keçdi Aysəba,
Armudlu yaylağı məskəni oldu.
Dostluq şərbətini içdi Asəba,
O, anlar ürəyi sevinclə doldu
Körpünün kol-kosu yox oldu birdən,
Ürəkdən-ürəyə yollar açıldı.
Ruhun səsi gəldi ocaqdan, pirdən,
Hər iki ocağa şölə saçıldı...

***
Epiloq

Mən sizdə görmuşəm saf sədaqəti,
Bacı ləyaqəti, ana isməti,
Tərlə qazandığın şanı-şöhrəti,
İtirmə amandı, a Şəmşi qızı!

Canındı, qanındı İftixar sənin,
Qeyrət simvolundu o Vüqar sənin,
Xalidin, könlündə bir nübar sənin,
Unutmaq yamandı, a Şəmsi qızı.

Əzəd Mirzəyevdi könül hakimi,
Sayılır qəlbinin o nazik simi,
Sevib sənin kimi gözəl sənəmi,
Unutmaz, peymandı, a Şəmşi qızı.

Gəlir uzaqlardan səsin- sorağın,
Yanıbdı, yanacaq hər an çırağın,
Səmşiylə odlanan odun-ocağın,
Hər an alışandı, a Şəmşi qızı.

Nikbin insanlarda olmaz dərdi-sər,
Safların yolunu tanrı göstərər,
Ürəkdən yazdığım bu kiçik əsər,
Sizə ərmağandı, a Şəmşi qızı...

***
...Ömrünü maarifə verən insanın,
Məktəbi adına bil olacaqdı,
Lejbəddin elinin dilbər yerində,
Onun abidəsi ucalacaqdı...


Səyavuş UYĞUN,
Şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

15 dekabr 2015-ci il - 31 yanvar 2016-cı il,
Borçalı mahalı.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AYSƏBA  (poema)

AYSƏBA (poema)

Borçalı
Borçalı elinin qartalı, Müşfiq!..

Borçalı elinin qartalı, Müşfiq!..

Poeziya, Borçalı, Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Ömrümün 60- cı akkordu

Ömrümün 60- cı akkordu

"XXI əsrin Ziyalıları", Borçalı
Çoxunu kor etdi şanın-şöhrətin...

Çoxunu kor etdi şanın-şöhrətin...

Poeziya, Borçalı, Darvaz, Təbriklər, Arxiv, Mədəd Çobanov
Milli qürur və milli qeyrət rəmzi  (Borçalıdan məktub)

Milli qürur və milli qeyrət rəmzi (Borçalıdan məktub)

"Şərqin səsi", Borçalı, Təbriklər
Ləyaqətin rəmzi                    (Poema)

Ləyaqətin rəmzi (Poema)

Müsabiqə, Borçalı
Səyavuş UYĞUN (1949): Rübailər...

Səyavuş UYĞUN (1949): Rübailər...

Müsabiqə, RÜBAİLƏR, Borçalı
ŞUŞA HƏSRƏTİ (Poema)

ŞUŞA HƏSRƏTİ (Poema)

Qarabağ, Poeziya
Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
Borçalı elinin İslamı getdi...

Borçalı elinin İslamı getdi...

"Gürcüstan", UNUTSAQ, UNUDULARIQ!....
Səadət Buta:

Səadət Buta: "HÜSEYN DAĞLAR OĞLU" (poema)

Müsabiqə, Başkeçid
Şəhla Xəlilqızı Bayramova

Şəhla Xəlilqızı Bayramova

Müsabiqə
Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Pillə-pillə ucalan insan: ƏLİ YÜZBAŞOV

Poeziya, Borçalı
Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Poeziya, Borçalı, Başkeçid, Müsabiqə
Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Səadət Buta:

Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema)

Müsabiqə, Başkeçid, Turan
Ad Gününüz mübarək, hörmətli Səyavuş  UYĞUN!..

Ad Gününüz mübarək, hörmətli Səyavuş UYĞUN!..

Poeziya, Borçalı
HƏMİD QƏMƏRLİ

HƏMİD QƏMƏRLİ

Başkeçid
Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!..

Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!..

Borçalı, Təbriklər
Rəy yazın: