ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!.. ALLAH RƏHMƏT ELƏSİN!...

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.
Tanınmış ictimai-siyasi xadim, dəyərli eloğlumuz, böyük ziyalı,
böyük şəxsiyyət Məhəbbət Qarabağlı 2017-ci il dekabrın 24-də
76 yaşında vəfat edib, əbədiyyətə qovuşüb.


Məhəbbət İsmayıl oğlu Qarabağlı 1941-ci il mayın 5-də
qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində
anadan olub. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon
orta məktəbini bitirib. Həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə
doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilib və orada
uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olub.

Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilən Məhəbbət hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilib. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslarında dəyərli çıxışları ilə doğma institutunu təmsil edib. 1966-cı ildə ali təhsilini başa vuran Məhəbbət təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilib. Qısa müddət ərzində savadlı müəllim kimi şagirdlərin, valideynlərin və pedaqoji kollektivin hörmətini qazanan Məhəbbət Qarabağlı Mingəçevir şəhər rəhbərliyinin diqqətini cəlb edir. Elə bunun nəticəsidir ki, Məhəbbət müəllim 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilib.1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən M.Qarabağlı intellektuallığı ilə zamanın tələbinə cavab verən ixtisaslı kadr kimi digərlərindən seçilib və yüksək insani keyfiyyətlərinə görə rəhbərlik tərəfindən irəli çəkilərək ona yeni etimad göstərilib. Mingəçevir təhsilinə rəhbər təyin edilib.1977-1978-ci illərdə Məhəbbət müəllimin rəhbərlik etdiyi Mingəçevir Şəhər Xalq Maarif Şöbəsi daha yeni uğurlara imza atıb, səsi-sorağı yüksək tribunalardan gəlib. Belə ki, bu təhsil şöbəsi 1978-1979-cu illərdə əldə etdiyi müvəffəqiyyətlərə görə ardıcıl olaraq iki dəfə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurasının Keçici Qırmızı, 1980-ci ildə isə SSRİ Maarif Nazirliyinin və SSRİ Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Şurasının da Keçici Qırmızı bayraqlarına layiq görülüb.

M.Qarabağlı 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə xeyirxah əməlləri ilə əhalinin məhəbbətini qazandığı üçün alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinin sədri seçilib. Respublikada vəziyyətin gərgin olmasına baxmayaraq, rəhbərlik etdiyi əhalinin mənafeyini qorumaqla 1995-ci ilin sonuna qədər həmin vəzifədə uğurla çalışıb.

1999-cu ilin iyun ayının 28-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə başçı təyin edilən və 2005-ci ilə qədər bu vəzifədə layiqincə işləyən Məhəbbət Qarabağlı ona göstərilən etimadı yüksək səviyyədə doğruldaraq quruculuq işləri və xeyirxah əməlləri ilə Mingəçevir şəhərinin ictimai və siyasi həyatında silinməz izlər qoyub.

2005-ci ildə Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi, 2006-cı ildə isə yeni yaradılmış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilmiş Məhəbbət müəllim həmin vəzifədə də fəaliyyətini uğurla davam etdirmişdir.

Məhəbbət Qarabağlının əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki o, "Şərəf nişanı" ordeni, "Əməkdə fərqlənməyə görə" medalı və digər müxtəlif medallar, diplom və fəxri fərmanlarla təltif edilib. Keçmiş SSRİ-nin "Maarif əlaçısı", Azərbaycan Respublikası Maarif Nazirliyinin "Qabaqcıl maarif xadimi" döş nişanlarına layiq görülüb.

"Qızıl qələm" media mükafatı laureatı idi. Müxtəlif illərdə qurultaylara nümayəndə seçilmişdi.

Ailəli idi, iki oğlu, bir qızı və altı nəvəsi var.

Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətləri olan tanınmış ictimai-siyasi xadim, dəyərli eloğlumuz, böyük ziyalı, böyük şəxsiyyət Məhəbbət Qarabağlının xatirəsi onu tanıyanların qəlbində
hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!..
Ruhu şad, Məkanı cənnət olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: