"Almaniyada oxuyan azərbaycanlı tələbələrə köməyimi əsirgəmirəm"

"Almaniyada oxuyan azərbaycanlı tələbələrə köməyimi əsirgəmirəm" Almaniyada yaşayan həmyerlimiz Pərviz Əmiraslanov rubrikamızın qonağıdır

Ölkəmizin, o cümlədən Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiyi Alman Akademik Mübadilə Xidməti (DAAD) bir çox həmvətənimizin karyerasında mühüm rol oynayıb. Müsahibimiz Pərviz Əmiraslanovun da qismətinə bu təşkilatın köməyindən pay düşüb. Azərbaycan Texniki Universitetində çalışarkən 1998-ci ilin iyul ayında Alman Akademik Mübadilə Xidmətinin elmi təqaüdünə layiq görülüb. Təqaüd proqramına uyğun olaraq 10 aylıq Almaniyanın Braunşvayq Texniki Universitetinə elmi araşdırma üçün gedib. Tale elə gətirib ki, elmi təqaüd müddəti başa çatdıqdan sonra da Almaniyada qalıb. 1999-cu il avqust ayından 2000-ci il yanvar ayının sonuna kimi Alman Akademik Mübadilə Xidmətinin və Almaniya Aşagı Saksoniya əyalətinin dəstəyi ilə Braunşvayq Texniki Universiteti üçün böyük elmi layihədə iştirakçı və sonralar layihə rəhbəri olub. Daha sonra isə Braunşvayq Texniki Universiteti tərəfindən iş müqaviləsi təklifi alıb. Həmin vaxtdan ailəsi ilə birlikdə Almaniyada yaşayır və işləyir.

Tərcümeyi-haldan sətirlər:

Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə gedib və 1988-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Sonra Qovlar qəsəbəsindəki 98 nömrəli Orta Texniki Peşə Məktəbinə daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə bitirib. Oxuduğu müddətdə dəfələrlə fənn olimpiadalarında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub. Tələbəlik illərində də biliyi ilə fərqlənib, dəfələrlə olimpiada qalibi olub. Tələbə ikən 2 elmi məqaləsi çap olunub. 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Texniki Universitetinin Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1996-cı ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub. İşlədiyi müddətdə universitet və respublika konfranslarında iştirak edib, məqalələri çap olunub. "Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi" adlı metodik vəsaitin (1997) və Azərbaycan dilində ilk dəfə olaraq "Maşınqayırmada riyazi modelləşdirmə" adlı kitabın (1998) müəllifidir.

1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover şəhərində Lazer Mərkəzi və digər sənaye profilli elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçik və daha sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində Braunşvayq Texniki Universitetinin maşınqayırma fakültəsində "Avtomobil hissələrində lazerlə pardaxlama prosesinin modelləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci ilin mart ayında Braunşvayq Texniki Universitetinin təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür.

Sənaye profilli elmi-tədqiqat işlərinə Almaniya Dövlət Patent İdarəsi tərəfindən yüksək dəyər verildiyi üçün "Siemens VDO Automotive AG" firmasının təklifi ilə 2005-ci ilin yanvarında firmada ali məktəblərlə elmi iş üzrə şöbənin rəisi vəzifəsinə işə götürülüb. Eyni zamanda Braunşvayq Texniki Universitetində mühazirə oxumaqda davam edib. 2007-ci ilin sentyabr ayından "DaimlerChrysler AG" (Mercedes) firmasında elmi tədqiqat və inkişaf departamentində qrup rəhbəri vəzifəsinə qəbul edilib. Burada üçillik əmək fəaliyyətindən sonra 2010-cu ildən etibarən Almaniyanın digər avtomobil şirkəti olan "Volkswagen AG" şirkətinin elmi-tədqiqat və texniki inkişaf idarəsində mütəxəssislər qrupunun rəhbəri olub. 2012-ci il yanvar ayından bu günə qədər isə həmin idarədə şöbə müdiri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektual və innovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktik sınaqdan keçirilir. Eyni zamanda Braunşvayq, Klausthal Texniki universitetlərində və Wolfenbüttel Ali Texniki Məktəbində saathesablı mühazirələr oxuyur və bu məktəblər üzrə işçi qupunun rəhbəridir.

70-dən çox elmi və metodik işi vardır, 5 patent alıb.

Almaniya avtomobil şirkətləri təhsilə böyük investisiyalar qoyurlar

Almaniya avtomobil şirkətlərinin "Stimulation" üzrə ixtisas komitəsinin üzvü olan Pərviz Əmiraslanov çalışdığı şirkət haqqında məlumat verərək bildirdi ki, "Volkswagen Group" avtomobil şirkəti Avropanın ən böyük avtomobil şirkətidir. "Volkswagen" şirkətlər qrupu 20 Avropa ölkəsində, Amerika, Asiya və Afrikanın 11 ölkəsində 118 avtomobil zavoduna malikdir. Şirkətin 592.586 işçisi gün ərzində 41.000 avtomobil istehsal edir. İstehsal edilmiş avtomobillər 153 ölkəyə satılır. Yeddi Avropa ölkəsində olan 12 avtomobil markası məhz "Volkswagen" şirkətlər qrupuna aiddir. Ölkə iqtisadiyyatının inkişafında böyük rolu olan şirkət Almaniyada texniki peşə məktəblərinə böyük investisiyaların yatırılmasına, ali məktəblərin maddi- texniki bazasının yaxşılaşdırılmasında və digər sahələrdə geniş və əhəmiyyətli bir mövqeyə sahibdir. Şirkət istehsal olunmuş avtomobillərin, xüsusilə də ən yeni texnologiya ilə təchiz edilmiş avtomobillərin dünya bazarlarında satılmasından əldə olunmuş gəlirlər hesabına güclü elmi-texniki bazaya malikdir.

"Volkswagen" şirkəti iki ildə elmi-tədqiqat işlərinə 13,4 milyard dollar xərcləyib

Son 2 il ərzində "Volkswagen" avtomobil şirkəti texnologiya və elmi-tədqiqat işlərinin aparılmasına 13,4 milyard dollar vəsait xərcləmişdir. Şirkət bu göstəriciyə görə dünya avtomobil şirkətləri arasında 1-ci yerdə gedir.

Həmyerlimizin dediyinə görə, Braunşvayq Texniki Universiteti, Wolfenbüttel-Wolfsburg Ali Məktəbi Almaniyada böyük mövqeyə malikdir. Hər iki ali məktəbin maddi bazası qismən Aşağı Saksoniya əyaləti Təhsil Nazirliyi tərəfindən qarşılanır. Ümumiyyətlə, Almaniyada dövlət universitetlərinin əksəriyyətinin maliyyələşməsində müxtəlif layihələr böyük rol oynayır. Yəni, universitetlər maddi cəhətdən özlərini təmin etməyə çalışırlar. Amma, təbiidir ki, həmişə dəstək göstərilərək maaşlar dövlət tərəfindən ödənilir. Özəl universitetlər isə maddi bazalarını yalnız özləri həll edirlər, onlara dövlət tərəfindən heç bir vəsait nəzərdə tutulmur. Ancaq dövlətlə müqaviləsi olarsa maddi baxımdan çətin duruma düşəndə dövlətdən yardım ala bilər.

Tələbələr semestrdə 500 avro ödəyirlər

Müsahibimiz Almaniyada ali təhsil, işlədiyi universitetdə tədrisin təşkili, təhsil haqqı, tələbə qrantları və s. kimi məsələlərlə bağlı ünvanladığımız sualları belə cavablandırdı:

- Almaniya universitetlərində tədris çoxşaxəlidir. Ümumiyyətlə Almaniyada müxtəlif tipli universitetlər var. Məsələn, tədqiqat yönümlü universitetlər, praktik yönümlü olanlar, tətbiqi elmlər universitetləri və s. Almaniyada əyalətlərdən və universitetlərdən asılı olaraq tələbələr semestr müddətinə təxminən 500 avro vəsait ödəyirlər. Bu, ödənişsiz universitetlərdə oxuyanlara şamil olunur. Universitetlərin çoxunu Almaniya dövləti maliyyələşdirir. Tələbələrin çoxu da dövlət universitetlərinə qəbul olur.

Özəl universitetlərdə təhsil haqqı həm universitetin, həm də ixtisasın beynəlxalq göstəricisindən asılıdır. Son illər özəl universitetlərin sayı durmadan artmaqdadır. Belə ki, onların sayı 20-dən artaraq 120-yə çatmışdır. Bu universitetlərin əksəriyyəti tətbiqi elmlər universitetidir. Hazırda statistik göstəricilərə görə, Almaniyada ümumi tələbələrin 8%-ə qədəri özəl universitetlərdə oxuyur. Bu universitetlərdə təhsil haqqı 45 min avroya qədər ola bilər və hətta daha baha olan tibb sahəsində özəl universitetlər də vardır.

Tələbələrin daha az hissəsi təqaüd alır

Almaniyada, adətən, çox az hallarda tələbələr təhsil haqları üçün qrantlar alırlar. Söhbət Almaniyada yaşayan, alman vətəndaşı olan tələbələrdən gedir. Amma tələbələr üçün ayrılan kreditlər tələbənin ailə vəziyyəti və maddi durumu əsas götürülərək ödənilir. Digər Avropa ölkələrində, məsələn, Danimarka, Malta, Finlandiyada tələbələrin, demək olar ki, hamısı, Lüksemburqda, Niderlandda, İsveçdə, Norveçdə isə tələbələrin əksər hissəsi təqaüd qazanırlar.

Dövlətin təhsilə qayğısı üçün Almaniyada geniş bir proqram vardır və tələbatdan asılı olaraq mütəmadi dəyişikliklərə ehtiyac duyulanda universitet rəhbərləri digər cavabdeh şəxslərin iştirakı ilə forum keçirir, tədbirlər görülür. Onu da qeyd edim ki, bu kimi vacib məsələlər çox zaman interaktiv şəkildə aparılır.

Professorlar minimum 4000 avro məvacib alırlar

Xaricdə işləyən həmvətənlərimizə ünvanladığımız suallar arasında orada müəllimlərin seçilməsi, fəaliyyətinin qiymətləndirilməsi, əməkhaqqı, ixtisasının artırılması, bunun onların əməkhaqqına təsiri və s. məsələlər barədə suallarımız da yer alır. Pərviz müəllim də bu suallarımızı cavablandırdı. Qeyd etdi ki, Almaniyada ali təhsil sistemində müəllim seçimi, onun işə götürülməsi aldığı təhsildən, oxuduğu ali təhsil ocağından asılı olur. Bəzi hallarda kriteriyalar minimum hesab edilir və bununla xüsusi komissiya məşğul olur. Müəllimlər bir qayda olaraq fərdi qaydada vaxtaşırı təlim görürlər. Qiymətləndirmə isə birbaşa gördüyü işlərin keyfiyyəti, tələbələrin verdiyi qiymətlə ölçülür. Qiymətləndirmə çox hallarda ekspertlər tərəfindən də baxışdan keçirilir. Burada hər bir müəssisənin strategiyasına uyğun olaraq xüsusi şöbələr tərəfindən və ya kənardan (yəni neytral) yoxlama aparılır ki, obyektivlik qorunub saxlanılsın.

Dövlət universitetlərində çalışan professor-müəllim heyətinin minimum maaş həddi 4000 avrodur. Bu, minimum hesab edilir və adətən junior - professorlara (dərs yükü az olan, gənc və elmdə çox da tanınmayan) verilir. Amma bundan əlavə də il ərzində bir aylıq maaş həcmində (Almaniyada ona 13-cü ayın maaşı deyilir) və bəzi əyalətlərdə məzuniyyət pulu da əlavə edilir. Sənayedə uzun müddət çalışmış və sonradan professor kimi universitetlərə dəvət edilmiş, rəhbər funksiyası olanların maaşı isə ayda 6000 və hətta 10.000 avro ola bilər. Özəl universitetlərdə, fundamental, yüksək texniki elmi-tədqiqat institutlarında və sənayedə isə maaşlar bir qayda olaraq, universitetlərdən daha yüksək olur. Almaniyada sənayedə, məsələn, avtomobil sektorunda mühəndislərə verilən aylıq maaş universitetdə çalışan professorların maaşlarından çox və ya ona bərabər ola bilər. Bütün bunlar müxtəlif faktorlardan, məsələn, mühəndisin daşıdığı idari funksiya, çalışdığı texniki sahə, iş təcrübəsi və s.-dən asılıdır.

Müəllimlərin ixtisasının artırılmasının əməkhaqqına avtomatik olaraq təsiri yoxdur. Əsas meyar qabiliyyətdir. Yəni, birbaşa ixtisasını yüksək səviyyədə bilən və bacarıqlı müəllimlər uyğun olaraq əməkhaqqı ilə təmin olunurlar. Almaniyada müəssisənin strategiyasından, böyüklüyündən, iqtisadi durumundan və s. faktorlardan asılı olaraq müxtəlif əməkhaqqı dərəcələri vardır. Maaşlar əyalətlərə görə də dəyişir. Bunlara baxmayaraq təhsildə və elmdə işçilərə verilən maaşlar demək olar ki, uyğun şəkildə tətbiq edilir.

Almaniya alimləri çox sərbəstdir

Pərviz müəllimlə distant söhbətimizdə işlədiyi universitetin timsalında Almaniyanın ali məktəbləri və elmi-tədqiqat müəssisələrində elmi-tədqiqatların necə aparılması ilə də maraqlandıq. O dedi ki, Almaniyada istər elmi-tədqiqat müəssisələri, istərsə də universitetlərdə olsun, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi birbaşa tədqiqat sahəsindən asılıdır. Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunması da müxtəlif yönlüdür. Məsələn, İmpakt-faktoru kimi qiymətləndirmə mövcuddur ki, bu da ümumiyyətlə müasir elm və texnikada ən optimal qiymətləndirmə sistemi hesab olunur. Bu, birbaşa elmi işin keyfiyyətini ifadə edir. Bundan başqa, "Tomson-Röyters" Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində H-indeksi 30-dan aşağı olan əməkdaşlar elmi-tədqiqat müəssisələrində adətən elmi işçi kimi davam edə bilmirlər. Bu keyfiyyət göstəriciləri yüksək olan alimlər isə ölkə elminin strategiyasını müəyyən edirlər.

Alimlər, elmi işçilər Almaniyada çox sərbəstdirlər. Elmi-tədqiqat müəssisələrindən asılı olaraq hər bir elmi məqaləyə görə müəllifə yaxşı qonorar verirlər. Məsələn, impakt-faktoru 1.00 olan jurnalda məqalə nəşr edilərsə, elmi müəssisə həmin müəllifi 1000 avro (impakt-faktor 2.00 olduqda isə 2000 avro və s.) məbləğində pul ilə mükafatlandırır. Bu həm də müəssisənin iqtisadi durumu ilə bağlıdır və əksər hallarda motivasiya olsun deyə həmişə müəlliflərin dəyərləndirilməsinə ciddi fikir verilir. Ona görə də alimlər maraqları olduğu üçün bütün günü tədqiqatla məşğul olurlar. Bu isə həmin universitetin dünya universitetlərinin reytinq cədvəlindəki yerinə təsir edir.

Söhbətimizin sonunda Pərviz müəllimə ənənəvi sualımızı verdik:

- Xaricdə yaşayıb işləyən hər bir həmvətənimiz üçün ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin yaşadığı ölkə ictimaiyyətinə çatdırılması mühüm şərəf işi və mənəvi borcdur. Pərviz müəllimin bu yöndə fəaliyyəti necədir?

- Çox məşğul olduğumdan ictimai və sosial yöndə fəaliyyətə demək olar ki, vaxtım qalmır. Amma bir azərbaycanlı kimi hər an Azərbaycanda gedən ictimai-siyasi prosesləri izləyir və buna heç zaman biganə qala bilmirəm. Müxtəlif məqamlarda Azərbaycanla bağlı həmişə Almaniyanın elmi dairələri ilə diskussiyalar aparır və ölkəmiz haqqında həqiqəti onlara çatdırmağa çalışıram. Almaniyada oxuyan azərbaycanlı tələbələrlə əlaqə saxlayır, onlara yardım və köməyimi əsirgəmirəm. Əvvəllər Texniki Universitetin böyük auditoriyasında, kitabxanasında, ayrı-ayrı institutlarda Azərbaycanla bağlı görüşlər, tədbirlər, diskussiyalar keçirmişəm. O zamanlar çox çətin idi, diasporumuz indiki kimi fəal deyildi, Avropada Azərbaycanı yaxşı tanımırdılar. Artıq ölkəmiz haqqında almanların kifayət qədər təsəvvürü var. Bir dəfə Braunşvayq Texniki Universitetinin kansleri (prorektor) universitetin elmi işçilər üçün qonaq evində Azərbaycan axşamı keçirməyimə şərait yaratdı. Oraya Braunşvayq Texniki Universitetinin bütün dekanlarını, prorektorlarını, rektoru dəvət etmişdik. Rektor özü gəlməmişdi, amma 40-a yaxın iştirakçı oldu. Bu barədə Azərbaycanda bəzi mətbuat orqanlarında da yazmışdılar. O zamanlar İnternet indiki kimi güclü və sürətli deyildi.

Azərbaycanın son illərdəki iqtisadi inkişafına çox sevinirəm, ailə olaraq Azərbaycan diasporu üçün aktivliyimiz var və əlimizdən gələni edirik. Xanımım, fəal diasporçu Şəfəq Azər bir pedaqoq, yazar kimi çox aktivdir. İstər özünün iş yerində, istərsə də yaşadığımız bölgənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Əksər şəhər tədbirlərinə dəvət alır və Azərbaycanı həmin tədbirdə təmsil edirik. Yaşadığımız ərazinin mədəniyyət mərkəzində geniş çıxışlarımız, tədbirlərimiz olub. Hesab edirəm ki, vətənimizdən kənarda yaşayan hər bir vətəndaş dilimizi, kimliyimizi qorumalı və hər yerdə doğma Azərbaycanımızı öz işi, öz bacarığı ilə layiqincə təmsil etməlidir.

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi",
Almaz HƏSRƏT,
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri


"Azərbaycan müəllimi", 6 İyun 2015 - №20.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ALMANİYADA YAŞAYAN DƏYƏRLİ SOYDAŞIMIZ PƏRVİZ ƏMİRASLAN

ALMANİYADA YAŞAYAN DƏYƏRLİ SOYDAŞIMIZ PƏRVİZ ƏMİRASLAN

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Avropa, Diaspora
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb”

“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb”

AzTU, "Şərqin səsi", Avropa
Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

AzTU, "Şərqin səsi", Avropa
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

"SAZLI-SÖZLÜ BORÇALI", "XXI əsrin Ziyalıları", Avropa
AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU
Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

AzTU
AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU
AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU
AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966)

AzTU-nun dosenti ƏLLƏZ ƏLİYEV (1966)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid
AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU
“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

Əsas xəbər, AzTU
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib

Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib

AzTU
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
Rəy yazın: