Xaqani Abbasəli Öztürk (1965)

Xaqani Abbasəli Öztürk (1965) Xaqani Abbasəli Öztürk
(Xaqani Abbasəli oğlu Qasımov)
-
03 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının
Şərur Rayonunun Püsyan kəndində doğulub.

1991-ci ildə Azərbaycan Politexnik İnsititutunun
(indiki AzTU-nun) Maşınqayırma fakültəsini bitirib.

1982-ci ildən Sumqayıt şəhərində yaşayır.

2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Güneysiz quzeyəm, Vətən deyiləm”, “And yeri” adlı
şeir kitabları nəşr edilib.

Biz də aşağıda Xaqani Abbasəli Öztürkün
bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


ZiM.Az


Xaqani Abbasəli Öztürk (1965)Vaxtsız gəlmisən

Sallana-sallana, sallanıb gələn,
İffətdən yanağı allanıb gələn.
Mələklər yurdunu dolanıb gələn,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.

İçimdə tikmişəm həsrətə heykəl,
De kim gəlişinə olurdu əngəl.
Gəlmədin mən sənə deyəndə hey gəl,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.

Gəlmisən, bu gəliş nəyi dəyişər,
Şeytan baxça salıb,adın qoyub şər.
Bizim sevdamızın yurd yeri məşər,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.

Mən səni əhv etdim, çoxdan a zalım,
Mən səni var etdim yoxdan a zalım.
Xəbərin varmıdı vaxtdan a zalım,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.

Keçdi göz yaşımı gizlədiyim gün,
Səni yaşam kimi özlədiyim gün.
Bu gün deyil səni gözlədiyim gün,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.


Eşqin sözü

Ulduz doğmuş gecələr,
Göy eyzən çilli gözəl.
Sakit, siyah küçələr,
Aşiqlər üçün özəl...

***

Ağacların saçını,
Meh darıyır həfifcə.
Ayrılığın suçunu,
Öpüş çözür təbibcə.

***

Pıçhapıçla dodaqlar,
Birbirinə naz satır.
Yad səsə kar qulaqlar,
Öz hay küyündən batır.

***

Kipriklər çətir kimi,
Gizləyir qara gözü.
Nəfəslər ətir kimi,
Hər nəfəs eşqin sözü...

***

Ürəyin döyüntüsü,
Bəlli olur uzaqdan.
Gecə göyün tüstüsü
Çıxır aşiq ocaqdan.


Ayrılıq vida dini

Könlümdə sevgi yandı,
Gözüm qana boyandı.
Ölüm açıq bəyandı,
Əzəl başdan aşiqə...

***

Yarın kəskin baxışı,
Səpələr sis yağışı.
Həsrət eşqin qarğışı,
Əzəl başdan aşiqə.

***

Sevgi bir özgə ərkan,
Gülü qoruyar tikan.
Yaraşır köçmək nakam,
Əzəl başdan aşiqə...

***

Bu bir qərib qaydadı,
Dünya haydi-haydadı.
Qəmi dağlar boydadı,
Əzəl başdan aşiqə...

***

Sevda yıxar sevəni,
Kim bilmir bu nəğməni.
Ayrılıq vida dini,
Əzəl başdan aşiqə...


Ölüm fərmanı

Könlüm küçələri, sənsiz bomboşdu,
Haydı qalx, geri gəl, a xəyal gözlüm.
Gözlərim sevdandan haləm sərxoşdu,
Yetər bunca çilə a hilal gözlüm.

***

Çevirib könlümü xırman yerinə,
Gözümü ağlayan irmaq etmisən.
Bürüyüb sevdamı, güman tərinə,
Ömrümü həsrətə ortaq etmisən.

***

Çalası çilədən olan baxtımın,
Qapsını qəm döyür, yıllardı sənsiz.
Sən çıxıb gedəndən könül taxtımın.
İçində arzular yatır kəfənsiz.

***

Ağ bayraq qaldırıb, sənsiz kədərə,
Həsrət işğalından üşüyür könlüm.
Mən sevda yaşını verdim hədərə,
İndi sənsizlikdən töşüyür könlüm.

***

Haydi qalx geri gəl, gələcək isən,
Üşüyən sözümün isinsin canı.
Əgər bu həsrətlə öləcək isəm,
Həmən göndər gəlsin ölüm fərmanın.


Səni

Ağlayır içimdə rəsmin,
Yox ümüdü həvəsimin.
Titrəyən yazıq səsimin,
Tutacaq qarğışı səni!...

***

Dündə qalıb, aşiq çağım,
Söz dinləmir əl-ayağım.
A dünyada son durağım,
Tutacaq qarğışım səni!

***

Acıların tarifi yox,
Dərdin qəmin tərəfi yox.
Son ümüdün şərəfi yox,
Tutacaq qarğışım səni!....

***

Yıxıldı o, könül dağım,
İçim fəna dağım-dağım.
Sönən,susan od-ocağım,
Tutacaq qarğışım səni!...


Yaşamaq bu isə...

Təqvim ağacından yarpaq düşdükcə,
Hər gün bir az daha uzaqlaşırsan.
İçimdə xatirən həp üşüdükcə,
Hər gün bir az artan üzdə qırışsan.

***

Səndə duran zaman məni daşıyır,
Köçəri daşıyan qara qatar tək.
Səndə ölən sevda məndə yaşıyır,
Köksüz,təzanəsi itən, o tar tək.

***

Əzəldən, əcəldən payımı aldım,
Gəlin tək süslədim qoşa günləri.
Yoxluğun içindən bir körpü saldım,
Daşıdım bahardan qışa günləri.

***

Dünyanın ən uca zirvəsi bəlkə,
Mənim könlümdəki, həsrət dağıdı.
Sakini ayrılıq olan tək ölkə,
Gözümdü qonağı əzgi-ağıdı.

***

Sənin yoxluğundan o yana gülüm,
Nə varsa, mənimçün yovşan gülüdü.
Sənin xatirənlə yaşayan könlüm,
Yaşamaq bu isə çoxdan ölüdü...

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: