TƏHSİLƏ BAĞLI ÖMÜR

TƏHSİLƏ BAĞLI ÖMÜR
“Yaxşı da yaman da keçər dünyada,
Çalış yaxşılıqla düşəsən yada”

Sədi.


Şirəliyevlər ailəsi bölgədə bir neçə alim və tanınmış ziyalılar yetirmiş nəsillərdən biridir. Ailənin başçısı Ağasadıq Rufulla oğlu Şirəliyev 1924-cü ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. 50 ildən artıq pedaqoji sahədə çalışıb. Ağasadıq müəllimin ağlı kəsəndən əli tor­paqda olub. Amalı halal zəhmətlə dolanmaq, həyatda ən yüksək zirvələri fəth etməyin yeganə yolunu zəhmətdə, oxu­maqda görüb. Ailə başçısı olandan sonra ömür-gün yoldaşı Turə xanım ilə övladlarını da məhz bu ruhda tərbiyə etməyə çalışıb.


Ağasadıq müəllimin ailəsində 7 övlad böyüyüb tərbiyə almışdır: Fikrət, Çingiz, Rasim, Rövşən, Yaqut, Qıztamam, Zümrüd. Ağasadıq müəllimin övladlarından yal­nız Yaqut orta ixtisas tibb təhsillidir. Qalanları isə ali təhsillidirlər. Ailənin ilk övladı Fikrət tarix elimləri, Çingiz isə­ pedaqoji elmləri üzrə fəlsəfə doktorudur.Yuxarıdan görün­düyü kimi Qıztamam müəllimə ailədə 6-cı övladdır. O, 1959-cı il yanvar ayının 27-də Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Orta təhsilini Meyniman kənd orta məktəbində alıb və bu təhsil ocağını 1976-cı ildə bitirib. Qızta­mam müəllimə indi də orta məktəb illərini xoş duyğularla xatırlayır. O, mənimlə söhbət zamanı keçmiş orta məktəb müəllimlərindən rəhmətlik Həsənağa müəllimin, Güloğlan müəllimin, Əziz müəllimin, Atabəy müəllimin, Valya müəllimənin, Atikə müəllimənin adlarını çəkdi və bütün keçmiş orta məktəb müəllimlərinin şagirdləri üçün çəkdiyi zəhməti yüksək qiymətləndirdi, dünyasını dəyişən müəllimlərinə Ulu Tanrıdan rəhmət dilədi. 1982-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakül­tə­sinin qiyabi şöbəsinə qəbul olunan Q.Şirəliyeva 1982-ci ildə ali məktəbdə təhsilini uğurla başa vurmuşdur. Qıztamam müəllimə 1977-ci ildə məzunu olduğu orta məktəbdə peda­qoji fəaliyyətə başlamış 2 il bu təhsil ocağında çalışdıqdan sonra Bakı şəhərindəki Güzdək qəsəbə orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən isə o Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbə biologiya müəllimi təyin olunmuşdur. 2 ilə yaxın isə direktor müavini vəzifəsində işləmişdir.
Qıztamam müəllimə 11 nömrəli tam orta məktəbdə işlə­diyi dövrdə yaxşı işi ilə məktəb rəhbərliyi, şagird və vali­deynlər arasında hörmət və nüfuz qazanmışdır.

Onun dərs dediyi şagirdlər məktəb üzrə keçirilən bilik yarışlarında və digər tədbirlərdə fəal iştirak edirdilər. Bilik və bacarığı, pedaqoji məharəti nəzərə alınaraq 2002-ci ildə o, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə işləməyə dəvət olunmuşdur. 2015-ci ildən isə metod kabinə müdüri işləyir. Qıztamam müəllimə eyni zaman kollecdə biologiya fənnini də tədris edir. İşinə məsuliyyətlə yanaşır, yaxşı işi ilə müəllim yoldaşlarına nümunə olmağa çalışır. Qıztamam müəllimə mənimlə söhbət zamanı metodistlərdən Yeganə Müs­lü­movanın, Elnarə İmanovanın, Günay İmanovanın, Ziyadi Seyidxanımın adlarını çəkdi və onların işlərinə məsuliyyətlə yanaşdıqlarını söylədi.
2017-ci ildə Q.Şirəliyeva uzun illər təhsil sahəsində gənc nəslin inkişafı və təlim-tərbiyənin formalaşmasında göstərdiyi xidmətə görə Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Qıztamam müəllimə Yeni Azərbaycan Partiya­sının kollec üzrə ilk təşkilatının sədri kimi ictimai vəzifəni də layiqincə icra etməyə çalışır. O, həm də mehriban və qayğkeş anadır. Ömür-gün yoldaşı Əlimustafa Mülkəsahib oğlu Mustafayev ilə 3 övlad böyüdüb tərbiyə etmişdir: Aygün, Elmir, Sahib.
Aygün Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Həkim dermotoloqdur. Hazırda Bakı şəhərində “Sağlam ailə” klinikasında işləyir. Elmir Daxili işlər Nazirliyi siste­mində çalışıb. Hazırda İsveç Respublikasında yaşayır. Ailənin sonbeşiyi Sahib isə Azərbaycan Dövlət Texniki Universitetini bitirib. Hazırda Sumqayıt Polimer Zavodunda işləyir. Qızta­mam müəllimənin övladlarının hər üçü ailəlidir. İndi Qızta­mam Şirəliyeva nəvələri Nadirin, Zəhranın, Adnanın, Kəna­nın, Mələyin qayğıları ilə yaşayır.

Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü
“Qızıl qələm” mükafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: