VİLVAN-OSAKÜCƏ KURQANLARI

VİLVAN-OSAKÜCƏ KURQANLARI
İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi


Kurqanlar qəbir abidələrindən biri hesab olunurlar. Torpaq təpələr mənasını verən kurqanlar Erkən Tunc dövründə (e.ə. IV minilliyin ikinci yarısı-III minilliyin sonu) meydana gəlmişdir. Tunc dövründə ölülər yaşayış məskənindən kənarda dəfn edildiyi üçün bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) yaradılmışdır. Kurqanlar əsasən tayfa başçılarının və nüfuzlu şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbirləri üzərində qurulurdu.Arxeoloji abidələrdən sayılan kurqanlara demək olar ki, ölkəmizin hər bir yerində o cümlədən, Lənkəran rayonu ərazisində də təsadüf olunur. Rayon ərazisində olan kurqanlardan biri Vilvan-Osakücə kurqanlarıdır.
Vilvan-Osakücə kurqanları Lənkəran şəhərindən 12-13 km şimal-qərbdə olan Vilvan və Osakücə kəndləri arasında yerləşir. Kurqanların sayı 12-dir. Kurqanlar AMEA-nın Tarix İnistitutunun 1986-1990-cı illərdə Qoşqar Qoşqarlının rəhbərliyi altında fəaliyyət göstərmiş “Talış-Muğan” arxeoloji ekspedisiyası tərəfindən aşkarlanaraq, qeydə alınmış və xəritələşdirilmişdir. Bu kurqanlardan yalnız birində arxeoloqlar, tarix elmləri namizədləri Qoşqar Qoşqarlı və Abuzər Ələkbərov arxeoloji qazıntı və tədqiqat işləri aparmışlar. Hündürlüyü 6 metr, diametri 80 metrə çatan bu kurqanda 20 min kubmetr torpaq işi görülmüşdür. Torpaq işlərinin görülməsində Vilvan və Osakücə kənd sakinləri yaxından köməklik göstərmişlər. Kurqanda arxeoloji tədqiqat işləri başa çatdıqdan sonra Q.Qoşqarlı və A.Ələkbərov yerli “Leninçi” (indiki “Lənkəran”) qəzetinin 13 avqust 1988-ci il tarixli sayında birgə imza ilə “Bir kurqanın sirri” başlıqlı məqalə ilə çıxış etmişlər. O.Qoşqarlı və A.Ələkbərov yazmışdır: “Lənkəran kurqanında (Vilvan-Osakücə kurqanı - İ.Ş.) tayfa başçısı dəfn edilmişdir. Bu günə kimi öz əzəmətini saxlayan kurqan həmin dövrdə burada yaşayan yerli tayfaların hərbi qüdrətinin böyük olduğunu, onların yüksək mədəniyyətə malik olduğunu göstərir. Adətən kurqanların yer səthində müxtəlif ölçülərdə kameraları olur. Alimlərin yekdil fikrinə görə, bu cür kurqanlar köçəri tayfalara mənsub olmuşdur. Bu dəfn adətinə görə dəfn olunan şəxsin bütün var-dövləti, qulları, atları, yaraq-əsləhəsi onunla birlikdə kameraya qoyulur, sonra isə üstündə süni təpə yaradılır. Bundan fərqli olaraq Lənkəran kurqanında tamamilə başqa cür dəfn mərasimi icra olunmuşdur. Burada dəfn olunan tayfa başçısının cınazəsi onun yanına qoyulan bütün avadanlığı ilə birlikdə yandırılmışdır. Bunu qazıntı sahəsində aşkar edilən qalın kül qatı, kömür qalıqları, odda yanmış daş və saxsı parçaları sübut edir. Güclü yanğın olmasına baxmayaraq, dəfn olunan şəxsə mənsub silah və bəzək şeylərinin bir hissəsi xilas olmuşdur.Kurqanda güclü yanğın izinin olması həmin dövrdə bu ərazidə yaşamış tayfaların oda sitayiş etdiklərini göstərir.Sonralar Zərdüşt dininin bu ərazidə geniş yayılması da. Çox güman ki, bununla əlaqədardır”.
Qoşqar Qoşqarlı və Abuzər Ələkbərov təxminən e.ə. II minilliyin axırlarına aid edilən Lənkəran kurqanının (Vilvan-Osakücə kurqanı) yerli tayfalara məxsus olduğunu qeyd etmişlər. Vilvan-Osakücə kurqanları 1525 invertar sayı ilə Tunc dövrünə aid yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.


Ədəbiyyat:
1. E.Əhədov. Lənkəran boğçası. B.,1993
2. M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014
3. S.Kərimov. Lerik rayonunun arxeoloji abidələri. B., 2006
4. Ə.Şəfiyev. Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələri. B., 2007
5. A.Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. B., 2011
6. Q.Qoşqarlı, A.Ələkbərov. Bir kurqanın sirri. “Leninçi” qəzeti, 13.08.1988

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: